Kapitan öz matrosunu niyə doğrayıb yedi?
Bizi izləyin

Bilgi.az

Kapitan öz matrosunu niyə doğrayıb yedi?

1884-cü ilin iyununda Britaniyada, Sautqempton limanında "Minonet" yaxtasını yola salırdılar. Yaxta Avstraliyadan olan bir milyonerin sifarişi ilə inşa olunmuşdu. Onun məqsədi "Böyük mərcan rifi"ndə tədqiqat aparmaq idi.

Yaxtanı Avstraliyaya kapitan Tomas Dadli çatdıracaqdı. Milyoner isə vətəninə artıq böyük gəmilərin biri ilə yola düşmüşdü.

Komanda

Tomas Dadlinin ekipajı çox kiçik idi - köməkçisi Edvin Stivent, matros Edmund Bruks və gənc yunqa Riçard Parker. Parkerin cəmi 17 yaşı vardı. Macəra həvəsi ilə evdən qaçmışdı. İyunun 28-də yaxta yola düşdü.

Kapitan öz qeyd dəftərçəsində yazırdı:" Hava pis olsa da, açıq okeana çıxdıq. Hələ ki, pis deyil. Yaxta normal idarə olunur. Təəssüf ki, yunqa (gənc matros – red.) çox cavandır, pis matrosdur".

İki həftədən sonra okeanda tufan başladı. Böyük dalğalar yaxtanı oyuncaq kimi atıb-tuturdu. Nəhayət, dalğalardan biri yaxtanı böyrü üstə aşırdı. O batırdı. Ekipaj yaxtada olan kiçik qayığı suya sallayıb xilas oldu. Amma təşvişə düşən Parker ərzaq dolu yeşiyi və su dolu balonu suya saldı. Yaxtadan yalnız 3-4 konserv qutusu götürmək oldu.

Bu konservlər cəmi 2 günə yeyildi. Bir dəfə kapitan avarın ucuna bıçaq bərkidərək böyük tısbağa ovlaya bildi. Sonra bu üsulla balıq da tutdular.

Lakin axın onları ticarət gəmilərinin keçdiyi istiqamətdən uzaqlaşdırırdı. Susuzluq dənizçiləri əldən salmışdı. Ən birinci - Parker "sındı". O, dəniz suyu içdi və halsız vəziyyətdə qayıqda uzandı.

Komandanın o biri üzvləri də əldən düşmüşdü. Amma yunqaya baxanda yaxşı idilər.

Seçim

16 gün keçdi. Aclıq və susuzluq komandanı əldən saldı. Seçim etmək lazım idi – ya sağ qalmaq, ya da...

Açıq dənizdə belə bədbəxtliklə üzləşən matroslar arasında insan yemək kimi hallar olmuşdu. Dadli və onun komandası bunu bilirdi. Kaptan bu haqda çox düşündü. Qərar vermək çətin idi. Amma başqa çıxış yolu görünmürdü. Bir nəfər qurban getməliydi. Gənc yunqa neçə gün idi ki, huşsuz vəziyyətdə idi. Bu onun taleyini həll etdi.

Dadli və köməkçisi qərar verdilər. Matros Bruks isə buna qarşı çıxdı. Dəhşət içində qayığın kənarına çəkilib oturdu. Dadli və Stivens yunqanın başı üzərində dua oxudular. Sonra kapıtan onun çiynindən tutub silkələdi: "Sənin vaxtın çatdı, oğlum."

Parkerin boğazını bıçaqla kəsdilər. Onun qanını su qabına doldurdular. Bir neçə gün susuz qalan insanlar al-qırmızı qana baxırdılar. Əlac yox idi, isti qanı içdilər. Bruks əvvəlcə kənardan baxırdı. Sonra o da içdi.

Parkerin cəzədi doğrandı. İndi azuqə vardı. Ekipaj Parkerin ətini çiy-çiy yeyirdi.

Məhkəmə

Yaxtanın Britaniyadan yola düşməsindən bir ay keçirdi. İyulun 29-da, nəhayət, qayığı yaxınlıqdan keçən "Montesum" gəmisi gördü. Onları xilas olunarkən Dadli yunqanın parçalanmış cəsədini gizlətməyə cəhd etmədi. "Montesum"un kapitanı cəsədi dənizə atmağı əmr etdi. Tezliklə, gəmi İngiltərənin Falmut limanına yan aldı. "Taymes" qəzetində bu hadisə barədə məqalə yazıldı. Məqalə bütün Britaniyanı bir-birinə vurdu. Dadlinin ekipajının məhkəməsi olacaqdı. Onu günahkar sayan da vardı, kapitana rəğbət bəsləyən də.

Məhkəmə qalmaqallı keçdi. Andlılar qərar verə bilmirdilər. Üç nəfərin xilası üçün birinin yeyilməsi – bunun doğru, yaxud yanlış olduğuna qərar vermək çətin idi.

Nahayət, onlar haqda ölüm hökmü çıxarıldı. Lakin apelyasiya şikayətindən sonra ölüm hökmü 6 aylıq katorqa ilə əvəzləndi.

50 il qabaq yazılmış əsər

Bu hadisəni məşhurlaşdıran digər səbəb vardı. Bu hadisələrdən düz 50 il qabaq Edqar Po "Nantaketdən olan Artur Qardon Pimin hekayəsi" adlı əsər yazmışdı. Hekayədə qəzaya uğramış yaxtadan söhbət gedirdi. Orda da matroslar öz dostlarını yemişdi. Əsərdə öldürülən matrosun adı bilirsiz nə idi? Bəli, Parker!

Bu, təsadüf idi, yoxsa taleyin acı zarafatı, bilinmir.

Qəhrəmanlarımızın sonrakı taleyi fərqli oldu. Edvin Stiven ağlını itirdi. Matros Bruks ömrünü vicdan əzabı ilə başa vurdu. Dadli isə Avstraliyaya köçdü. Ona "Hannibal Tom" ləqəbi vermişdilər. Kapitan ömrünün sonunadək Parkerin ailəsinə yardım göndərdi.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm