“Mənə deyirlər ki, görməmiş və çirkinsən” - Fotolar
Bizi izləyin

Bilgi.az

“Mənə deyirlər ki, görməmiş və çirkinsən” - Fotolar

O Türkiyənin ən qalmaqallı müğənnisidir. Hit mahnıları çox olsa da şəxsi həyatı ilə daha çox gündəmə gəlir. Bir neçə dəfə evlənib boşanması, atmacaları, açıq-saçıq geyimləri və dünya ulduzlarını yamsıladığı səhnə şouları onu həmişə mətbuatın gündəminə gətirib. Söhbət Türkiyənin ən məşhur müğənnilərindən olan Demet Akalından gedir. Demetlə bağlı söz-söhbətlər heç vaxt səngimir. Gah əvvəllər kişi olduğu iddia edilir, gah da hermafrodit (yəni, həm kişi, həm də qadın) olduğu deyilirdi. Demetin sonradan əməliyyatla qadın olduğu ilə bağlı şayiələr yayılmışdı.

Ancaq bütün bunlara baxmayaraq o Türkiyədə zirvəyə çıxmağı bacaran tək-tük müğənnilərdən olmağı bacardı. Son vaxtlar həyat yoldaşı Okan Kurt və qızı Hira ilə xoşbəxt ailə pozaları verən Demet Akalının maraqlı açıqlamaları ilə yadda qalan ən yeni müsahibəsini təqdim edirik.

"Şirin söhbət"də bu dəfə Demet Akalının ən məxfi sirlərini oxuyacaqsınız.

- Qızın Hiradan sonra həyatında hansı dəyişikliklər oldu?

- Dünyanın ən qəribə duyğusudur ana olmaqdır. Məsuliyyətli işdir, içində həm qorxu, həm də böyük bir sevgi yaranır. Həmişə deyirdilər ki, ana olmağın mənasını övladını qucağına alanda anlayacaqsan. Həqiqətən də anladım. Əvvəllər qohumlarım deyəndə ki, "Dünyan dəyişiləcək", tez cavab verirdim ki, mən öz dünyamda xoşbəxtəm, heç nəyin dəyişməsini istəmirəm. İndi hər şey dəyişib, məsələn, anamı daha yaxşı başa düşürəm. Amma çox qorxuram. Deyirəm, birdən mənə nəsə olsa, qızıma kim baxacaq. Çox qəribə duyğudur.

- Həmişə uşaq istəmədiyini deyirdin, necə oldu ki, fikrin dəyişdi?

- Sevdiyim insan uşaq istəyirdi. Mən də onun arzusunu gözündə qoymaq istəmədim. Yaxşı ki, sonradan hər şey yaxşı alındı.

- Hira adını kim qoydu?

- Okan seçdi bu adı. "Qurani Kərim"in peyğəmbərimizə nazil olunan mağaranın adıdır.

- Uşaq sahibi olmaq evlilik həyatınıza necə təsir etdi?

- Çox böyük dəyişikliklər olmadı. Okanla bir-birimizi çox sevirik. Sadəcə son vaxtlar Okan Hiraya məndən daha çox vaxt ayırır. Amma düşünürəm ki, bu normaldır.

- Okan uşağa baxmağa kömək edir?

- Bəzən köməkləşirik. Məsələn, o, uşağın qazını çıxarır, mən yedizdirirəm. Gündüz işim olmayan vaxtlarda evdən çıxmıram, vaxtımın çoxunu qızımla keçirməyə çalışıram. Hira Okanı daha çox istəyir. Mən onu yatızdıra bilmirəm, Okanın sinəsində yatmağı xoşlayır.

- Hiranı ilk dəfə qucağına alanda nə hiss etdin?

- Əvvəl bütün bunların həqiqət olduğuna inan bilmədim. Çox xoşbəxt idim. Xəstəxanadan çıxarkən Okan körpəni alıb məndən qabaqda getdi. Onda özümü çox pis hiss etdim. İkinci plana atılmışdım, halbuki o vaxt qayğıya çox ehtiyacım var idi. Mən bu axmaq qısqanclıqla məşğul olduğum vaxt Hira sarılıq keçirdi. Yenidən xəstəxanaya qayıtmalı olduq. Həkimlər Hiranı 12 saat bir işığın altında saxlayacaqlarını dedilər. Çox pis oldum, qorxmağa başladım, ana olduğumu onda başa düşdüm. Ağlamaqdan gözlərim şişmişdi.

- Həmişə ikinci uşaq istəmədiyini deyirdin, hələ də eyni fikirdəsən?

- İndi fikrimdə qəti deyiləm. Hamilə qalsam, peşman olmaram. Amma hamilə qalmaq üçün xüsusi müalicə almaram. Yəni olsa istəyərəm, olmasa da bu, həyatımızda heç nəyi dəyişdirməz.

- Qızın üçün necə bir gələcək planlaşdırırsan?

- Planları Okan qurur. Mən hələ o mərhələyə gələ bilməmişəm. Mənim xəyallarım uşaq bağçasından o tərəfə keçmir. Onu bağçaya tək göndərməyəcəm. Hələlik uzun illər sonranı fikirləşə bilmirəm.

- 34 kiloqram kökəlmişdin, depressiyaya düşmədin ki?

- Depressiyada idim. Mən heç vaxt o qədər kökəlməmişdim. Heç vaxt pəhriz saxlamamışam, təkcə idmanla məşğul olmuşam. Yaşıma görə, bədənim yaxşı idi. Ancaq hamilə olduqdan sonra xəmir yeməklərinə marağım artdı. Elə vaxt olurdu ki, gündə 4-5 çörək yeyirdim. Bir də gördüm ki, 34 kilo almışam.

- Sonra sürətlə arıqladın. Əvvəlki halına qayıtdın. Bunu necə bacardın və indi də pəhriz saxlayırsan?

- Şeyda Coşkun sayəsində arıqladım. Bir ayını hədiyyə elədi, pul almadı. 4 ay işlədik onunla. Heç bir bəhanəni qəbul etmirdi, qonaq gəlib, qarnım ağrayır, yağış yağır onun üçün fərqi yox idi, mütləq hər gün 1 saat sürətli templə yeriyirdim. Şeydanın göndərdiyi yeməkləri yeyirdim. Həftənin 2-3 günü təkcə şorba ilə qidalanırdım. Arıq olduğum vaxtlardakı fotolarıma baxıb iradəmi gücləndirirdim. Düz 32 kiloqram arıqlamışam. 3-4 kilo da getsə, yaxşı olar.

- Yeni albomun "Rekor" çox bəyənildi. Bu uğur səni təmin edir, yoxsa gözün daha yuxarılardadır?

- Əslində Allah hər şeyi verib. Yenə nəsə istəsəm, bəlamı verər (gülür). Həqiqətən bu aralar bütün işlərim uğurlu alınır. Bu yeni albomları, konsertləri sevgi arsızı olduğum üçün təşkil edirəm. İstəyirəm ki, məni daha çox insan sevsin, nifrət etdiyim müğənnilərin də fanatları məni sevsinlər. Qışda verəcəyim konsertimin biletləri indidən satılıb. Düşünürəm ki, bunlar doğru yolda olduğumun işarətidir.

- İstəməsən də, səni sevməyənlər kifayət qədərdir. Bu, səni narahat edir?

- Yox. Ən çox "Instagram"da tənqid edirlər. Məsələn, bu gün bir nəfər belə yazmışdı: "Görməmişsən, çox çirkinsən".

Mən də onlara deyirəm ki, çirkin halımla zirvədəyəm, gör gözəl olsaydım, nələr edərdim. Yəni gülürəm onlara, ciddi qəbul eləmirəm. İnsanların məni qısqanmasını normal qarşılayıram. Belə tənqidlərin çoxu qısqanclığın işarətidir.

Deyirlər ki, "Nə qədər gəzirsən, bu qədər pulu haradan qazanırsan?" Nə deyim, inşallah siz də bu qədər qazanarsınız. Mən çox çətinliklər çəkmişəm. Ona görə də çox pul qazanmağa başlayan vaxtlarda görməmişlik etmişəm. Ancaq kim mənim yerimdə olsaydı, edərdi. Hər gün çiçək satmaqdan 80 lirə pul qazanan qız idim. Oradan buralara yüksəlmişəm. Məncə tənqid olunası deyil, nümunə götürüləsi həyatım var.

- Bu qədər böyük uğurlar əldə edəcəyini bilirdin?

- Yox, heç ağlıma da gəlməzdi. Mən hələ də təklikdə kinoya, alış-verişə getməkdən çəkinən bir insanam. Okan bəzən deyir ki, "sənin kimi ürkək bir insan necə olur ki, minlərlə insanın qarşısına çıxıb mahnı oxuya bilir, anlamıram". Məndə cəsarət modelliyə alt paltarı dəfilələrindən başladığım vaxtlarda yaranıb. O qədər insanın qarşısında çılpaq halda podiuma çıxmaq heç ağlımın ucundan keçməzdi. Ancaq həyat bəzən risk almağa, ağlına gəlməyən addımlar atmağa məcbur edir. Keçmişdə heç xəyalını belə qura bilməyəcəyim həyatı yaşayıram. Bəzən düşünürəm ki, ya keçmişdə çox böyük yaxşılıq eləmişəm, ya da Allahın sevdiyi qullarındanam.

- Türkiyədə zirvədəsən, bəs dünyada tanınmaq üçün planların var?

- Türkiyəli sənətçi xaricdə ulduz ola bilmir. Hadisə, Tarkan xaricdə bəzi uğurlara imza atsalar da, davamlı olmadı. Çünki dünyada Tarkan kimi o qədər ulduz var ki, bizə qeyri-adi gələn səhnə şousu onlar üçün adidir.

Mən dünyada tanınacağımın xəyalını belə qurmamışam. Söz yazmıram, bəstəkarlıq qabiliyyətim yoxdur. Bəlkə belə istedadım olsaydı, onda dünya ulduzu olmaq barədə düşünərdim.

- Çox işləyirsən. Yorulmursan?

- İşləməyi sevirəm. Amma fikrim həmişə tətildə qalır.

- Artıq ana olduğuna görə, karyerana fasilə verməyi düşünürsən?

- Uşaq işləməyimə maneə olmur. Hamilə olanda səhnəyə çıxdığım üçün tənqid edilmişdim. Mən işləməyi sevirəm. Dövlət məmuru olan analar da işləyir. Onlar da ana olanda qısa müddət işləmirlər. Mənim onlardan heç bir fərqim yoxdur.

- Bəs ağlında səhnədən getmək üçün bir tarix müəyyənləşdirmisən?

- Belə bir fikir ağlıma da gəlməyib. 5-10 il işlədikdən sonra qabığıma çəkilib dincəlməyi düşünmürəm. Okan gələcəkdə elə bir həyat planlaşdırır. Ancaq o dəqiqə dava salıram. İşləmədən yaşaya bilmərəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm