Ərdoğanın qürur duyduğu rejissor - Həyat hekayəti
Bizi izləyin

Bilgi.az

Ərdoğanın qürur duyduğu rejissor - Həyat hekayəti

"Ağrılı xatirələriniz olanda siz onlardan film çəkmək istəyirsiniz. Xüsusən də rejissorsunuzsa"

N.B.Ceylan

"Ən çətin şey özünü başa düşməkdir"- Nuri Bilgə Ceylan etiraf edir. Buna görə də onun bütün filmləri şəxsi həyatını, özünü, öz hərəkət və arzularını tamaşaçıya çatdırmaq məqsədi güdür. Ceylan daha çox eqoist məqsədlər güdür: əsas şərt öz yaradıcılığı sayəsində şüuraltını ifşa etmək və şəxsi həyatının pərdələrini açmaqdır. Maraqlıdır ki, onun bütün filmlərində öz yaxın qohumları çəkilir. Ceylan həm valideynləri, həm də arvadı ilə arasındakı münasibətləri ekranlaşdırmaqla, hadisələrə kənardan baxmaq və nəticə çıxartmaq istəyir.

"Mən insan qəlbinin dərinliyində nələrin baş verdiyini anlamağa çalışıram. Yalnız öz içindəki qaranlıq dünyanı kəşf etdikdən sonra özünü təkmilləşdirə bilərsən".

"Filmlərdə öz ailəmi çəkməklə bunun ucuz başa gələcəyini və riskin az olacağını düşünürdüm. Lakin aktyor qrupundan istifadə etməklə filmin daha təbii alındığını sezdim. Onlar gözəl dialoqlar qura və dürüst jestlər edə bilir. "Uzaq" filmində ilk dəfə olaraq bir neçə peşəkarla çalışdım, onlar epizodik rollarda oynamışdılar. Baş rollarda isə əvvəllər də olduğu kimi, naşı aktyorlardan istifadə etdim".

Söhbət və müsahibələr zamanı elə təəssürat yaranır ki, rejissor öz filmləri haqda danışmağa və onları yenidən izləməyə çətinlik çəkir.

"İnsanlar həyatda təkdirlər. Və bu daha çox kişi və qadın arasındakı münasibətlərdə hiss olunur. Bu kədər - həyatın ən faciəli tərəfidir. Bu kədəri filmə çəkmək qədər layiqli bir şey ola bilməz. Bəlkə, bununla da, qüvvələrimi toplayıb həyatımı bərpa edə bilərəm".

Film çəkməklə rejissor sanki terapevtik seans keçirir: sözə çevrilməmiş ağrılı yaralardan canını qurtarır. Çəkdiyin filmlərə yenidən baxmaq problem, arzu, fantaziya və qorxuya yenidən qayıtmaq kimi bir şeydir. Bu isə Nuri Bilgəyə lazım deyil. Tamaşaçılar o filmlərə baxıb həzz alacaq, lakin o, növbəti terapevtik seans üçün ssenarilər yazacaq.

Keçmişdə peşəkar fotoqraf olan Ceylan sabit uzun kadrlara üstünlük verir. Bədii planda o, təbiətin tənha insanın daxili aləmini nümayiş etdirən romantik peyzajlarına önəm verir. Ceylan müsahibələrinin birində etiraf edib: "Rəssamlıq mənim üçün ilham mənbəyidir. Mən "İlin fəsilləri" filmini çəkəndə Kaspar David Fridrixin "Duman dənizi üzərində" tablosu haqda çox düşünürdüm. Şəkildə peyzaja tamaşa edən kişi arxadan təsvir olunub".

Fridrixin romantik peyzajları Ceylanın qaranlıq stilistikasını təcəssüm etdirir. "Uzaq" ("Uzak") filmində öz şəhərini tərk edən qəhrəmanlardan biri ayaq saxlayaraq kamera qarşısında dayanır və arxasını tamaşaçılara çevirərək uzun müddət doğma elinə tamaşa edir. Bu, "İqlimlər" filmində də təkrar olunur. Bir kadrı əsla unutmaq olmaz: film qəhrəmanı qarla örtülmüş çay və tutqun səma altındakı körpünün üzərində dayanaraq öz həyatı haqda düşünür. Və ya İsanın və Baharın dəniz kənarında əyləşərək, üzən yelkənlərə tamaşa etməsinə diqqət yetirək. Sakit fon şəkilləri qəhrəmanların daxili aləmi ilə təzad təşkil edir. Axı bu qəhrəmanlar münasibətlərin korlanması üçün bir neçə dəqiqə bundan öncə bağışlanmaz səhvə yol veriblər.

"Sakit kadrlar mənim xoşuma gəlir və bu kadrlar hər zaman filmlərimdə yer alır. Çünki bu kadrlar həqiqətdən təkmilləşib".

Nuri Bilgə Ceylanın "Uzaq" filmi Kann kinofestivalında qiymətləndirildi. Filmlərinin sakit tempinə və refleksiv xarakterinə görə rejissora "Türkiyənin Tarkovskisi" adı verildi. Ceylan özü, əlbəttə, Tarkovskini sevir, Antonioniyə hörmət edir və Zvyaginsevi izləyir.

"Tarkovski ilham aldığım rejissorlardandır. Niyə onu seçmişəm? Çünki uzun səhnələrə üstünlük verirəm, elə Tarkovskidə də belə uzun kadrlar var. Düzdür, sevmək üçün başqa rejissorlar da var, lakin ən düzgün seçim Tarkovskidir".

Lakin onun şəxsi üslubu təqlidçilikdən çox, özünün dediyi kimi, "daxili tarazlıqdan" yaranır.

"Montaj zamanı bəzən filmin ritmini azaltmağa çalışıram. Lakin mən daxili tarazlığıma qarşı da çıxa bilmərəm".

Türk rejissoru kameranı lazımsız yerə tərpətməyə cəhd etmir. Çünki bu halda tamaşaçı daxili tarazlığın olmadığını hiss edə bilər (ya kadrda, ya da kadrarxasında). O isə bildiyimiz kimi ənənəçidir. Ceylan tamaşaçını şəkillərə yönləndirərək qəhrəmanların daxili aləmlərini ekrandan kənara çıxarır.

Onun səssiz və sistemli təsvirləri Nuri Bilgə Ceylanı klassik incəsənətə yönləndirir. Və Ceylanı təsvirlərinə görə mühakimə etmək olmaz. Hər halda, onun filmləri ilə siz art-terapiya keçə bilərsiniz.

Nuri Bilgə Ceylan 1959-cu il yanvarın 26-da İstanbulda dünyaya gəlib. Mühəndis elektrik təhsili alan rejissor özünü tükənmiş və bədbəxt insan kimi hiss edib. O sanki yuvasından perik düşmüş quş idi. O, həyatın mənasını Şərqdə Nepalda axtarmağa gedib. Budda məbədində olarkən Ceylan vətəni üçün nə dərəcədə darıxdığını anlayıb.

"Mən çox tənbəl adamam. Onun üçün də mənim kənar xaosa ehtiyacım vardı. Bunun üçün vətənə qayıdıb, orduya qoşulmaq qərarını verdim. Türkiyə hərbi sistemində xidmət etdiyim dövrdə həyatım tamamilə dəyişdi. Sözsüz ki, yaxşı tərəfə dəyişdi".

"Rejissorlar üçün ən yaxşı məktəb hər hansı bir filmə baxmaq və çəkiliş meydanında iştirak etməkdir. Mən sadə filmlər çəkməklə başladım. İlk tammetrajlı filmim "Qəsəbə" ("Kasaba") oldu. Çəkilişlərdə valideynlərim də olmaqla, bütün qohum-əqrəbam iştirak edirdi. Kamera çox iri, səslər isə iyrənc idi. Biz "canlı mikrofon" prinsipi ilə replikaları bir-birimizə çatdırırdıq. Əvvəl mən cümləni deyirdim, onu aktyora yaxın olan assistent təkrar edirdi, sonra isə aktyorların özü səsləndirirdi".

Berlinal, Kann, Venesiya kimi kinofestivallar rejissor üçün çox önəmlidir. O məhz festivallarda filmlərini satmaqla maliyyə əldə edir. Ceylanın ilk 3 filmi ucuz satılıb, çünki filmlərin çəkilişini özü maliyyələşdirib. Filmlərinin Kann festivalına düşməsi rejissora bir az da ruh yüksəkliyi verərək, keyfiyyətli filmlər çəkməsinə yardım edib. Bundan əlavə, Türkiyə hökuməti cüzi də olsa, ölkənin ən məhsuldar və şöhrətli rejissoruna da pul ayırır.

"Üç meymun" ("Üç maymun") filminin adı montaj zamanı seçilib. Yeri gəlmişkən qeyd edək ki, filmin adı Konfutsinin "Heç nə görmürəm, heç nə eşitmirəm və heç nə bilmirəm" əxlaq hekayəsindən götürülüb. Artıq 10 ildir ki, Türkiyədə siyasi, əxlaqi, dini senzura olmadığından film tənqidlərə məruz qalıb.

"Uzaq" filminə görə Ceylan 2003-cü ildə Kann kinofestivalının Qran-pri mükafatına layiq görülüb. Öz festival həyatını davam etdirən rejissor 23-ü beynəlxalq olmaqla 47 mükafat qazanıb. 2006-cı ildə çəkilmiş "İqlimlər" filminin baş rollarını Nuri Bilgə Ceylan və arvadı Ebru Ceylan canlandırıb.

"Uzaq" filmini avtobioqrafik film adlandırmaq da olar. Lakin bir tərəfdən də, onu avtobioqrafik adlandırmazdım. Əlbəttə, mənim bütün filmlərim kimi "Uzaq" da mənim həyatım əsasında çəkilib. Ancaq çəkməyə başlayarkən hər şeyi unudursan və bəzi səhnələri dəyişməyə başlayırsan".

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm