Hakimi, vəkili, miqrantları öldürən rus millətçi təşkilatının sonu – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hakimi, vəkili, miqrantları öldürən rus millətçi təşkilatının sonu – FOTOLAR

Moskva Şəhər Məhkəməsi miqrantları və antifaşistləri qətlə yetirən Millətçilərin Döyüş Təşkilatı adlı dəstə üvlərinə hökm oxuyub.

Ekstremistlər bir sıra hay-küylü qətllərə imza atıblar. Onların qurbanı olmuş şəxslər arasında Moskva Məhkəməsinin hakimi Eduard Çuvaşov, antifaşist hərəkatnın liderləri Fedor Filatov, İlya Çaparidze, İvan Xutorski, həmçinin tanınmış vəkil Stanislav Markelov və jurnalist Anastasiya Baburova da var.

Dəstə üzvləri - cinayətləri törətmiş şəxslər Nikita Tixonov və Yevgeniya Xasis hələ 2009-cu ilin payızında həbs ediliblər.

Stanislav Markelov və Anastasiya Baburovanın məhz onların öldürməsi sübuta yetirilmişdi. Məhkəmə prosesi zamanı hər iki müttəhim susdu. 2011-ci ildə məhkəmə hökm çıxardı – Tixonov ömürlük həbs cəzası aldı. Xasis isə 18 il müddətinə azadlıqdan məhrum edildi.

Sonradan bu cütlüyün digər cinayətlərdə də əli olduğu aşkar edilib. İkinci məhkəmə prosesi məhz bu işlərlə bağlı olub.

İdeoloji qardaşlar

Tixonov və Xasisdən başqa, dəstənin digər üzvləri də həbs olunub. Boyu 1,90 metr olan nəhəng Tixonovdan fərqli olaraq, İlya Qoryaçev adi tələbə təəssüratı bağışlayır. Eynəkli, arıq oğlan. Lakin dəstənin düşünən beyni məhz o idi. Serbiyadakı millətçilərlə əlaqəni yaradan, təşkilatın bütün işlərini koordinasiya edən məhz Qoryaçev olub.

Tixonovun uşaqlığı küçə döyüşlərində keçmişdi. Qoryaçev isə intellektual idi. Buna baxmayaraq, iki dost saatlarla rus millətçiliyi haqda söhbət edə bilərdilər.

Dostlar hətta "Strategiya: 2020" adlı sənədi bir yerdə tərtib etmişdilər. Millətçi dairələrdə bu sənəd çox məşhurdur. Sənəddə küçələrdə miqrantları döyüb-öldürməyin effektsiz olması, əsl silahlı inqilab etməyin vaxtının gəlib çatdığı qeyd olunurdu. Xüsusi olaraq qeyri-ruslara qarşı millətçilərin daha amansız olması tələbi vardı. Maraqlıdır ki, millətçilər bu yolla hakimiyyətə gəlməyi, Rusiyanın siyasi quruluşunu dəyişməyi hədəfləmişdilər.

Bıçaqla və odlu silahla...

2006-2010-cu illər aralığında Millətçilərin Döyüş Təşkilatı ( MDT) təkcə Moskvada 10-dan çox qətl törədib.

Qurbanlar ya miqrantlar olurdu, ya da antifaşistlər. Elə adamları öldürürdülər ki, hay-küy çox olsun. Ölkə görsün ki, millətçilər iş başındadır.

Tixonovun köməkçilərindən biri, təşkilatın killeri Aleksey Korşunov əvvəllər Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı idi. Miqrantları soyuqqanlılıqla öldürürdü. İlya Çaparidzeni öldürəndə ona 26 bıçaq zərbəsi vurmuşdu.

Daha sonra təşkilat qara bazardan odlu silah və partlayıcı maddələr alır.

Aldıqları tapança ilə ilk olaraq antifaşist İvan Xutorskini və taksi sürücüsü, milliyyətcə erməni olan Soso Xaçikyanı öldürürlər.

18 yaşlı Rəsul Xəlilovu isə ailəsi ilə birgə maşında gedərkən partlatmaq istəyirlər. Xəlilov rus millətçiləri ilə küçələrdə savaşan qafqazlıların "Qara şahinlər" dəstəsinin üzvü idi.

Onun maşınla gedib-gəldiyi yola bomba qoyurlar. Lakin Xəlilov maşınla həmin yerə yaxınlaşanda Yevgeniya Xasis bir qədər aralıda, həyətdə oynayan kiçik uşaqları görür. Uşaqlara zərər dəyməsin deyə, uzaqdan idarə edilən partlayıcı maddənin detonatorunu işə salmır.

Səhəri gün Rəsul evlərindən çıxarkən Xasis onu binanın qarşısındaca güllələyir.

Hakimin və vəkilin edamı

Təşkilat hay-küylü qətl istəyirdi. Elə bir qətl ki, ölkə bir-birinə dəysin. Onlar haqda danışsınlar. Bilsinlər ki, millətçilərlə zarafat etmək olmaz. Odur ki, hədəf tanınmış simalar seçildi. Hakim Çuvaşov və və vəkil Markelov.

Eduard Çuvaşov həmin vaxt skinhedlərin işi ilə bağlı məhkəmə prosesini aparırdı. Onların barəsində ittiham qərarı çıxarmış və dəstə üzvlərini uzun müddətə dəmir barmaqlıqlar arxasına göndərmişdi. Hakimi yaşadığı binanın qarşısında güllələdilər.

Markelovsa məhkəmələrdə çeçenləri müdafiə edirdi. Korşunovu vəkili izləməkçün göndərdilər. Markelovun ətrafında həmişə jurnalistlər olurdu. Çünki həmişə qalmaqallı məhkəmə proseslərində çıxış edirdi. Bir dəfə onu izləyərkən Korşunov fotokameralara tuş gəldi. Bundan sonra Korşunov yalvardı ki, vəkilə sui-qəsd olmasın. Çünki istintaq ilk olaraq ondan şübhələnəcəkdi. Korşunovu qorxaqlıqda günahlandırıb dedilər ki, inqilabçısansa, qeyri-leqal vəziyyətdə yaşamağa öyrəncəli olmalısan.

Bir ay sonra Markelovu günün günorda çağı güllələdilər. Vəkilin badına təsadüfən onun yanında olan jurnalist Baburova da getdi. Onu da öldürdülər.

Bəlkə də, qatilllər sosial şəbəkədə digər millətçilərin yanında lovğalanmasıydılar, belə tez ələ keçməzdilər. Amma şöhrətpərəstlik onlara baha başa gəldi. Tixonov onu həbs etməyə gələn xüsusi təyinatlılara odlu silahla müqavimət göstərməyə çalışdı. Nəticəsi olmadı. Tezliklə təşkilatın bütün üzvləri dəmir barmaqlıqlar arasına düşdü.

İndi Tixonov və Xasislə yanaşı İlya Qoryaçev , Vyaçeslav İsaev, Mixail Volkov, Yuri Tixomirov da Moskva məhkəməsində mühakimə olunacaqlar.

Aleksey Korşunov isə Ukraynaya qaça bildi. Lakin o, səhər idmanı ilə məşğul olarkən cibində olan əl qumbarası partladı. Hadisə yerinə gələn polis təşkilat liderinin parçalanmış qalıqlarını tapdı.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm