• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ən qəribə peyklər – FOTOLAR

  • Maraqlı
  • 1 Oktyabr 2014 18:06
  • 1 531 Baxış
Ən qəribə peyklər – FOTOLAR

Günəş sistemi ətrafında dövr edən planetlərin bir sıra maraqlı peykləri mövcuddur. Məsələn, Avropa peyki tamamilə okeanla əhatə olunub, İo peykində isə əsl vulkanik cəhənnəm hökm sürür, Epitemey və Yanus peykləri isə daim bir-birini qovur, vaxtaşırı yerlərini dəyişir...

Məlum olduğu kimi, Günəş sistemi Günəş və 8 planetdən təşkil olunub. Hər bir planetin ətrafında isə öz peyki dövr edir.

Publika.az bir sıra planetlərin ən maraqlı və qəribə peyklərini təqdim edir.

10. Qanimed – ən böyük peyk

İlk baxışdan, Qanimed bizim Ay peykinə bənzəyir. Lakin hər iki peykin ölçüsünü müqayisə etmək gülünc olardı, çünki Qanimed nəinki Yupiterin, hətta bizim Günəş sisteminin ən böyük peykidir. Onun hətta öz maqnit qütbləri də var. Bu isə planetar peyklər üçün çox nadir haldır. Əgər Qanimed günəşin ətrafında dövr etsəydi, onu planet hesab etmək olardı.

9. Miranda – çirkin ördək balası

Uranın peykləri öz görünüşünə görə heç nə ilə fərqlənmir, lakin Miranda peyki öz yömdəmsizliyinə görə seçilir. Sanki bütün Günəş sisteminin yaradıcısı peyklərin əsasını qoyduqdan sonra yerdə qalan zibil və palçıqdan Uranın peyki Mirandanı yaradıb.

İnsanlar bu peyki öz gözləri ilə görsələr, qarşılarında kosmosa məxsus olmayan bir mənzərə açılacaq. Miranda öz müxtəlif landşaftına görə günəş sistemində yerləşən peyklərdən fərqlənir. Ona çirkinlik verən də elə nəhəng dağ silsilələridir.

8. Kallisto - kraterlər üzrə rekordçu

Yupiterin digər bir peyki olan Kallisto daha çox sızanaq basmış yeniyetmənin sifətini xatırladır. Hazırda Kallistoda heç bir geoloji aktivlik müşahidə edilmir. Bu isə onun fərqləndirici cəhətidir. Ona görə də meteorit yağışı zamanı yaranmış kraterlər bir-birinə doğru sıxılır.

Kalisstonun səthində krater olmayan yer tapmaq çox çətindir. Peyk büsbütün krater şəbəkəsi ilə əhatə olunub və bu, onu Günəş sistemində rekordçuya çevirir.

7. Daktil – asteroidin peyki

Daktil günəş sistemində mövcud olan ən kiçik peykdir. Onun uzunluğu 1,6 kilometrdir. Daktil həmçinin də asteroid ətrafında dövr edən azsaylı peyklərdən biridir. O, İda asteroidi ətrafında dövr edir. Qədim Yunanıstanda daktili (barmaqlar) adlı cırtdanların yaşadığı ölkəyə İda deyərdilər. İda asteroidinin Daktili peyki adını da elə buradan götürüb.

6. Epitemey və Yanus – daimi qaçaqaç

Epitemey və Yanus hər ikisi Saturn planetinin peykidir. Onların ikisi də eyni orbit üzrə hərəkət edir. Onların uzaq keçmişdə vahid bir peyk olması ehtimal edilir. Onlar hər 4 ildən bir yerini dəyişir və hər dəfə də bir-biri ilə toqquşmaqdan yan keçirlər.

5. Enselad – üzükdaşıyan

Enselad – Saturn planetinin ən böyük daxili peyklərindən biridir. Enseladın səthi onun üzərinə düşən Günəş şüasını tamamilə əks etdirir. Ona görə də Saturnun peyki Günəş sistemində ən reflektiv kosmik cisim hesab olunur.

Enselad həmçinin açıq kosmosa püskürən toz və su buxarından ibarət olan qeyzerlərə də malikdir. Tədqiqatçıların fikrincə, elə Saturnun E halqası peykin vulkanik fəaliyyətinə görə formalaşıb. E halqası Enseladın orbitindən keçir.

4. Triton – buzlaşmış vulkandan təşkil edilmiş peyk

Triton Neptun planetinin ən iri peykidir. Triton Günəş sistemində yerləşən yeganə peykdir ki, öz planeti ətrafında Günəşin əks istiqamətində dövr edir.

Triton peyki çoxsaylı vulkanlardan ibarətdir. Lakin lava püskürən vulkandan fərqli olaraq, Neptunun peyki su və ammonyak püskürür. Nəticədə, püskürülmüş maddələr aşağı temperaturda donaraq səthdə qalır. Tritonun buz səthi günəş işıqlarını əks etdirir.

3. Avropa-okean-peyk

Yupiterin digər məşhur peyki də Avropadır. Avropa - Günəş sistemində yerləşən ən hamar səthli peykdir. İş ondadır ki, Avropanın səthini nazik buz qatı olan okean örtür. Halbuki, buz altında nəhəng su kütləsi yerləşir. Buz altda olan su peykin daxili nüvəsi və Yupiterin qravitasiyası nəticəsində yaranan daim hərəkətdə olan cərəyanın sayəsində donmur. Əminliklə demək olar ki, Avropa peyki Yerdə olan bütün okeanlardan 2-3 dəfə çox su kütləsinə malikdir.

Alimlərin hesablamalarına görə, Avropanın okean sularında yüksək temperatur üzündən Yupiterin peykində həyat əlamətləri istisna deyil. Söhbət burada bakteriyalardan yox, daha mürəkkəb və iri canlılardan gedir.

2. İo – vulkanik cəhənnəm

Nəhəng Yupiter planetinin qravitasiya təsiri altında İo peykinin nüvəsini qızdırır, bu isə peykdə geoloji aktivliyi artırır. Nəticədə, İoda arasıkəsilməz vulkanlar fəaliyyət göstərir.

İonun bütün səthi vulkanla əhatə olunub. Hazırda onun üzərində fəaliyyət göstərən təxminən 400 vulkan var. Bununla belə, peykin kraterini görmək olmur, çünki axan lava dərhal kraterlərin üzərini örtür.

  1. Titan - məskunlaşmaq üçün ən yaxşı namizəd

Saturna məxsus olan Titan - Günəş sistemində mövcud olan ən qəribə peykdir. Yer planeti ilə müqayisədə atmosfer sıxlığı daha çoxdur. Titanın atmosferi azot, metan kimi qazlardan ibarətdir.

Titanın sıx buludları altında nə gizləndiyi uzun müddət sirr kimi qalıb. Lakin 2005-ci ildə "Kassini-Hüqens" aparatının çəkdiyi şəkillərdən sonra peykin səthində metan-etan qazından təşkil olunmuş göl və çayların olması məlum olub.

Alimlərin hesablamalarına görə, yeraltı nohur və aşağı qravitasiyanın olması Titanı Günəş sistemində məskunlaşmaq üçün ən yaxşı peykə çevirir.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR