• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Sirli məktub – VİDEO

  • Maraqlı
  • 11 Oktyabr 2014 10:28
  • 1 503 Baxış
Sirli məktub – VİDEO

Sovet yazıçısı Yevgeni Petrovun qəribə hobbisi vardı.

O, müxtəlif ölkələrə məktub yazırdı. Amma göndərdiyi ünvanları, şəhər, küçə adlarını uydururdu. Yəni məktubda göstərilən ünvanda yalnız ölkənin adı düz olurdu. Az müddətdən sonra poçt xidməti məktubları yenidən Petrova qaytarırdı. Çünki ünvan düz yazılmayanda məktub yenidən onu göndərən insana qaytarılır. Geri qayıtmış məktubların üzərində müxtəlif ölkələrin poçt möhürləri olurdu ki, Petrov da bunları kolleksiyasına yığırdı.

Avstraliyaya məktub

1939-cu ilin əvvəlində yazıçı yeni məktub yazdı. Bu dəfə uzaq Yeni Zelandiyaya. Uydurduğu şəhər və küçənin, insanların adı da vardı – Haydberdvil şəhəri, Raytbiç küçəsi, ev 7. Petrov həmin "ünvanda" yaşayan Meril Ocin Uesli adlı şəxsə ingiliscə məktub yazmışdı:

"Əziz Meril, Pit dayının dünyasını dəyişməsindən kədərləndim. Möhkəm ol. Bağışla ki, çoxdandı yazmırdım. İnqridə salam de. Qızının üzündən öp. Yəqin, böyüyüb.

Sənin Yevgenin".

Məkubu göndərməsindən iki ay keçdi. Ancaq məktub geri gəlmədi. Yazıçı elə bildi ki, məktub yolda it-bata düşüb. Bir az dilxor oldu. Çünki kolleksiyasında Yeni Zelandiyanın poçt markası yox idi. Sonra bu barədə unutdu.

Cavab

Məktubun cavabı avqustda gəldi. Petrov heyrətlənmişdi. Ona uydurduğu ünvandan – Yeni Zelandiya, Haydberdvil şəhəri, Raytbiç küçəsi, ev 7-dən cavab yazmışdılar. Bəlkə, kimsə zarafat edirdi. Yox, məktubu göndərən şəxsin də adı Merildi. Məktubda yazılmışdı:

"Əziz Yevgeni, başsağlığına görə təşəkkür edirik. Pit dayının ölümü bizə pis təsir etdi. İndi-indi özümüzə gəlirik. Bilirsən, İnqridlə tez-tez səninlə keçirdiyimiz günləri yada salırıq. Qızım Qloriya böyüyüb. Bu il ikinci sinfə gedəcək. Sənin Rusiyadan ona alıb gətirdiyin ayı oyuncağını hələ də saxlayır. Hə, o vaxt bizimlə çəkdirdiyin fotonu da göndərirəm".

Petrov heç vaxt Yeni Zelandiyada olmamışdı. Odur ki, fotoya baxanda heyrətləndi. Şəkildə iri cüssəli kişi onu, yəni Petrovu qucaqlamışdı. Axı bu necə ola bilərdi? Petrov şəkli çevirib arxasına baxdı. Orada fotonun çəkilmə tarixi vardı – 9 oktyabr, 1938-ci il.

Yazıçını sanki elektrik cərəyanı vurdu. Həmin günü yaxşı xatırlayırdı. Yazıçının ağciyəri soyuqlamışdı. Onu ağır halda xəstəxanaya çatdırmışdılar. Orada huşunu itirmişdi. Həkimlər bir neçə gün onun həyatını xilas etmək üçün çalışdılar. Qohumlarına demişdilər ki, yaşamaq şansı çox azdır. Ancaq sonucda yazıçı yaxşılaşdı.

Bəs huşsuz vəziyyətdə olarkən o, Yeni Zelandiyaya necə gedib çıxmışdı? Aydınlaşdırmaq üçün yeni məktub yazdı. Yeni Zelandiyadan cavab məktubunu almağa isə imkanı olmadı. Böyük Vətən müharibəsi başlamışdı. Yazıçı da digərləri kimi cəbhəyə yollandı.

Son

Petrov cəbhəyə hərbi müxbir kimi yollandı. "Pravda" qəzetinin xüsusi müxbiri kimi. Dostları onu tanımırdılar. Yeni Zelandiyadan aldığı məktubdan sonra yazıçı çox dəyişmişdi. Daha zarafat etmirdi, qaraqabaq olmuşdu. 1942-ci ildə isə Sevastopoldan Moskvaya uçarkən almanlar Rostov şəhəri yaxınlığında Petrovun da olduğu təyyarəni vurdular.

Qəribədir ki, yazıçının həlak olduğu gün onun Moskvadakı ev ünvanına Yeni Zelandiyadan daha bir məktub gəldi. Qohumları məktubu oxuyub şoka düşdülər. Məktubda Meril sovet əsgərlərini öyur, Petrova özünü qorumağı tövsiyyə edirdi. Xüsusən bir cümlə maraqlı idi:

"Yevgeni, yadındadır, bizdə olarkən gölə getdik. Su soyuq olsa da, çimdin. Qorxurdum ki, batacaqsan. Sən isə güldün. Dedin ki, ölümün suda olmayacaq. Təyyarədə qəzaya düşəcəksən. Xahiş edirəm, mümkün qədər təyyarədə uçma".

P.S Qeyd edək ki, bu hadisə ilə bağlı Hollivudda film də çəkilib. "Konvert" adlanan filmdə baş rolu məşhur aktyor Kevin Speysi canlandırıb.

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR