Xruşşovun son qərarı: “Əfv olmaz, güllələnsin”
Bizi izləyin

Bilgi.az

Xruşşovun son qərarı: “Əfv olmaz, güllələnsin”

Publika.az istedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə işıq tutan araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

Əvvəli bu linklərdə

http://publika.az/p/30792

http://publika.az/p/44380

http://publika.az/p/44674

http://publika.az/p/44876

http://publika.az/p/45165

http://publika.az/p/45519

http://publika.az/p/45951

РГАСПИ. F. 17. Siy. 171. İŞ. 479. SƏH. 94.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri

K.Y.Vororşilova V.N.Qavrilovdan əfv ərizəsi

26 aprel 1956-cı il

Vəkil Qavrilov Vladimir Nikolayeviç,

Moskva, Kuybışev küçəsi 4, otaq 69, məsləhətçi.

Bağırov Mir Cəfər Abbasoviçin müdafiəçisi

Əfv ərizəsi

Bu il aprelin 26-da SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyası Bakı şəhərində məhkum Bağırovun işinə baxaraq onu müqəssir hesab etmiş və ona ən ağır cəza – güllələnmə hökmü vermişdir.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrindən xahiş edirəm ki, M.C.Abbasiviç Bağırovun güllələnmə hökmü yüngül cəza ilə əvəz olunsun.

Möhür. Vəkil Qavrilov

26 aprel 1956-cı il.

Çap olunub 53 nüsxə.

Surəti. Maşın yazısı.

РГАСПИ. F.17. Siy.171. İş.479. Səh.46-48

SSRİ Ali Soveti Rəyasət Heyətinin

QƏRARI

Bağırov Mir Cəfər Abbasoviçin, təvəllüdü 1896-cı il, Azərbaycan SSR, Quba şəhəri, əfv ərizələri rədd edisin.

SSRİ Ali Soveti Rəyasət Heyətinin sədrı K.Voroşilov

SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Н.N.Peqob

Moskva, Kreml

çap. 53 nüsxə.

İş. № ЛП-2028

M.C.Bağırovun və başqalarının işi barədə

Sov.İKP MK Rəyasət Heyətinin qərarı

7 may 1956-cı il

7 gündən gec olmayaraq geri qaytarılmalıdır

Ciddi məxfi

Sov.İKP MK Rəyasət Heyəti

Bütün ölkələrin proletarları, birləşin!

Sovet İttifaqı Kommunist Partiyası

MƏRKƏZİ KOMİTƏSİ

№ П14/4

Y.y.Volin, Rudenko, Çeptsov

Sov.İKP MK Rəyasət Heyətinin 7 may 1956-cı il tarixli iclasının 14 № li protokolundan çıxarış

Bağırovun işi barədə

SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının hökmü ilə Bağırovun və başqalarının işi razılaşdırılsın.

Keçən proses və çıxarılan hökm barədə yerli mətbuatda dərc olunsun.

MK KATİBİ

Məxfi

Nüsxə № _

MK Rəyasət Heyətinin 14 №-li protokolu p. IV

Sov.İKP MK

Bakıda SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının y. Çeptsovun sədrliyi ilə dövlət ittihamçısı, SSRİ-nin baş prokuroru y.Rudenkonun iştirakı ilə aprelin 12-dən 26-dək açıq müdafiə məhkəmə prosesi keçirilmiş və:

1. Bağırov Mir Cəfər Abbasoviç;

2. Qriqoryan Xoren İvanoviç;

3. Borşov Timofey Mixayloviç;

4. Markaryan Ruben Ambartsumoviç;

5. Atakişiyev Ağa Səlim İbrahim oğlu;

6. Yemelyanov Stepan Fyodoroviçin ittihamları üzrə işə baxılmışdır.

Məhkəmə prosesində gündə 700-dən artıq adam — partiya-sovet fəalı, Bakı müəssisələrinin fəhlələri, dənizçilər, kolxozçular, ziyalılar iştirak etmişlər.

Məhkəmə işə baxma nəticəsində ilkin istintaq materiallarını tam təsdiq etmişdir. İttiham olunanların hamısı onları təqsirləndirən faktları məhkəmədə təsdiq etdilər, şəxsi əksinqilabi niyyətlərindən imtina etdilər.

Müttəhimlərin kütləvi terrorlar keçirməsi, günahsız sovet adamlarına divan tutması - onların içərisində bu cinayətlərdən əziyyət çəkənlər hal-hazırda reabilitasiya olunmuşlar - başqa ağır dövlət cinayətləri, gördükləri işlərin günahları sənədli məlumatlarla və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir.

Cinayətkarları ifşa edən şahid ifadələri, dövlət ittihamçısının nitqi və məhkəmənin hökmü məhkəmə zalında iştirak edənlər tərəfindən yekdilliklə, razılıqla qarşılandı.

Məhkəmənin hökmü ilə məhkum olunanlar: Bağırov, Qriqoryan, Borşov, Markaryan ən ali cinayət cəzasına - güllələnməyə; Atakişiyev və Yemelyanov - hərəsi 25 il müddətinə azadlıqdan məhrum olundular.

SSRİ baş prokurorunun səlahiyyətlərini müvəqqəti icra edən

[möhür.] P. Baranov

SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının sədri [möhür.] A. Çeptsov

4 may 1956-cı il.

№ 84 ls

Nişan:

Sov.İKP MK Rəyasət Heyətinin üzvlərinə göndərmək,

Sov.İKP MK Rəyasət Heyəti üzvlüyünə namizədlərə və Sov.İKP MK katiblərinə göndərmək

P. 1181

7.V.56 [imza oxunmur]

Əsli. Maşın yazısı.

Sonrakı tarixi hadisələr göstərdi ki, Xruşşov L.P.Beriyanı və M.C.Bağırovu fiziki cəhətdən məhv etdikdən sonra, növbə SSRİ Nazirlər Sovetinin sədri Y.Malenkova və onun birinci müavini L.M.Kaqanoviçə gəlib çatır. 1956-cı ildə Tbilisidə Xruşşova qarşı mitinq keçirilsə də, onu silahlanmış ordu ilə dağıtdılar.

Bu hadisədən sonra Malenkov, Kaqanoviç, V.Molotov, N.A.Bulqanin, K.Y.Voroşilov, M.Pervuxin, M.Saburov, L.Şepilov Sov.İKP MK Rəyasət Heyətində Xruşşova qarşı hücum keçirlər. Xruşşov A.Mikoyanın təklifi ilə MK plenumunu çağırırlar və orada yuxarıda adları çəkilənlərdən təşkil olunmuş "antipartiya qrupunu" məğlub edirlər. Xruşşov "üçlüklərin" təşkilində "antipartiya qrupunu" üzvlərini ittiham edirdi ( özünün fəaliyyətinə aid olan bütün sənədləri isə təcili olaraq arxivlərdən çıxararaq məhv etdirmişdi-A.M.).Bulqanin və Voroşilov Molotov-Kaqanoviç-Malenkovun məğlubiyyətini görərək təcili trbunaya çıxdılar və Xruşşovun tərəfini tutdular.

1957-ci il plenumunda "antipartiya qrupunun" üzvlərini Sov.İKP MK Rəyasət Heyətindən və MK üzvlüyündən azad edirlər. Lakin Voroşilov və Bulqanin başa düşmürdülər ki, onları da "antipartiya qrupu" üzvlərinin aqibəti gözləyir.

Beləliklə, 1954-cü ildən 1964-cü ilə qədər Xruşşovun dövrü başlayır.

XX əsrin axırlarında Azərbaycan xalqı müstəqilliyini əldə edəndən sonra sovet rejimində tədqiqatçıların üzünə bağlı olan arxiv sənədlərinin öyrənilməsinə imkan yarandı. Əgər sovet vaxtı Bağırovu xalq düşməni adlandırır, üzərinə çirkab atıb min iftira deyirdilərsə, bu gün biz onun siyasi fəaliyyətində olduqca pis səhifələrlə yanaşı başqa tarixi hadisələrin də şahidi oluruq.

Bildiyimiz kimi 26 aprel 1956-cı ildə M.C.Bağırova ölüm hökmünü oxudular, onun əfvi ilə bağlı bütün ərizələr rədd edildi və 7 may 1956-cı ildə hökm icra edildi.

Mir Cəfər Bağırov Azərbaycana 30 il rəhbərlik etdi. Bu illər ərzində məhkəmədə təsdiqini tapmış cinayətlərlə yanaşı o, azərbaycanlıları deportasiyadan xilas edə bildi. Bağırov öz karyerasını və həyatını təhlükə qarşısında qoyaraq Azərbaycan xalqının onlarla ən yaxşı nümayəndələrini fiziki cəhətdən məhv edilməkdən qoruya bildi.

Beləliklə Azərbaycan SSR-nin görkəmli siyasi və dövlət xadimi 1922-ci və 1940-cı illərdə Azərbaycanın Qırmızı Əmək Bayrağı, 1935, 1942, 1943 və 1946-cı illərdə Lenin ordenləri ilə, 1944-cü ildə "Qafqazın müdafiəsi" medalı ilə, 1945-ci ildə I dərəcəli Vətən müharibəsi ordeni ilə təltif olunmuş M.C.Bağırovun həyatına sonda naməlum cəlladın gülləsi ilə son qoyulur.

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm