• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Səni öldürməsəm, Allah mənə lənət eləsin”

  • Maraqlı
  • 15 Oktyabr 2014 10:22
  • 1 931 Baxış
“Səni öldürməsəm, Allah mənə lənət eləsin”

ABŞ Məxfi Xidmət Agentliyinin başçısı Culiya Pirson bu yaxınlarda istefa verdi.

Səbəb sadədir - Ağ Evə silahlı şəxsin daxil olması ilə bağlı insident olub. Sentyabrın 19-da Texas sakini, 42 yaşlı Omar Qonsales prezident Barak Obamanın rezidensiyasına daxil olmağa cəhd etmişdi. Saxlanılarkən onun üstündə 800 patron, balta və xəncər tapıldı. Omar keçmiş hərbçi idi. Ruhi xəstəlikdən əziyyət çəkirdi. Onu vaxtında zərərsizləşdirdilər, bununla belə, silahlı adamın prezident iqamətgahına bu qədər yaxınlaşması təşviş doğurdu.

Bu, ABŞ prezidentlərinə ruhi xəstələr tərəfindən edilən ilk sui-qəsd deyil. Belə hadisələr dəfələrlə olub.

Publika.az tarix boyu ABŞ prezidentlərinə edilmiş sui-qəsdləri silsilə yazı şəklində təqdim edir.

Karol Riçard

Prezidentə ilk su-qəsd hadisəsini 1835-ci ildə Riçard Lourens törədib. O, XIX əsrin əvvəlində İngiltərədə doğulmuşdu. Ailəsi ABŞ-ın Virciniya ştatına köçəndə onun cəmi 12 yaşı vardı. Adi uşaq idi. Zəhmətkeş, lakin bir az qapalı...

Böyüyəndə rəngsaz oldu. 30 yaşınadək heç kimdən seçilməyən adi amerikalı idi. Lakin 30 yaşdan sonra onun davranışlarında dəyişikliklər baş verdi. Məhz bu dəyişikliklərə görə o, tarix dərsliklərinə düşdü.

Bəzi araşdırmaçılar hesab edir ki, illərlə kimyəvi rənglərin buxarlanmasını iynəyən Lourens ağlını bundan itirdi.

1832-ci ildə o, evdən çıxanda qohumlarına dedi ki, İngiltərəyə gedir. Əslində isə, Vaşinqtona yollandı.

Bir aydan sonra geri qayıtdı və dedi ki, havalar soyuyub, xaricə getmək üçün əlverişli məqam deyil.

Lourensin hərəkətləri artıq hamını çaşdırırdı. Gah deyirdi ki, onu kimlərsə izləyir, sərhəddən kənara çıxmağa qoymur. Gah da söyləyirdi ki, özü üçün ayrıca gəmi tutacaq ki, İngiltərəyə gedə bilsin.

Sonra qəfildən o, özünü ingilis kralı III Riçard elan etdi. İşdən də çıxdı. Axı "kral" rəngsaz işləyə bilməzdi. Lourens iddia edirdi ki, ABŞ hökumətinin onun krallığına xeyli borcu var.

O hesab edirdi ki, Konqres hökumətin ona olan borcunu qaytarmağa razıdır, lakin ABŞ prezidenti Endrü Cekson bu qərara veto qoyur.

Odur ki, yeni "kral" prezidenti öldürmək qərarına gəldi. Həmin vaxt üçün Lourensin zahiri görkəmi də dəyişmişdi. Əvvəllər konservativ geyimləri xoşlayırdı. İndi isə rəngarəng paltarlar geyməyə başladı. Küçədəki uşaqlar onu ələ salırdı. O isə sevinirdi. Elə bilirdi ki, geyimi hamının xoşuna gəlir.

1835-ci il yanvarın 30-da rəngləmə sexində kitab oxuyan Lourens qəfil ayağa qalxdı. Gülümsündü və "bunu etməsəm, Allahın lənəti olsun mənə" deyərək küçəyə çıxdı.

Həmin gün prezident konqresmen Uorren Devisin dəfnində iştirak edirdi.

Endrü Cekson dəfn mərasimini tərk edərkən qarşısına əllərində iki tapança tutmuş Lourens çıxdı. "Kral" tətiyi çəkdi. Lakin tapançalar açılmadı, atəş olmadı. Ola bilsin, güllələr yaş idi.

Prezident Cekson hindularla vuruşmuş sabiq general-mayor idi. Reaksiyası əla idi. Silahın açılmadığını görüb Lourensin üstünə atıldı. Əsası ilə onu vurub yerə uzatdı. Zavallı Lourens həyatının qalan hissəsini dəlixanada keçirdi.

1861-ci ildə elə orada da dünyasını dəyişdi.

Allahın əmri ilə

1881-ci ildə prezident Ceyms Qarfildi güllələmək istəyən Şarl Gito Lourensdən də dəli idi.

Şarlın atası sosioloji sekta yaratmışdı. İddia edirdi ki, İsa Məsihlə danışa bilir. Şarlın 2 qardaşı və xalası oğlanları da ruhi xəstə idi. Özündə də əqli gerilik vardı.

Şarlın fiziki işlə arası yox idi. Dələduzluq edirdi. "Yağlı" işlərə düzəltmək adı ilə insanları aldadıb pul alırdı. Bir nəfərə hətta 200 dollar müqabilində onu ABŞ prezidenti vəzifəsinə təyin etdirəcəyinə söz vermişdi.

Belə işlərin üstündə həbsə düşdü. Azadlığa çıxandan sonra isə bacısının fermasına getdi. Ancaq bacısı ilə də yola getmirdi. Arada az qalmışdı onu balta ilə doğrasın. Bu hadisədən sonra onu ruhi xəstə elan etdilər.

Dəlixanaya düşmədi – yoldaca qaça bildi. Çikaqoya gəldi. Burada özünü ruhani kimi qələmə verdi. Maraqlıdır ki, onun mühazirələrinə xeyli adam yığılırdı.

Məşhurlaşandan sonra siyasətə girişdi. Prezident Qarfildin təbliğatını aparırdı. Qarfild prezident seçiləndən sonra Gito ona məktub yazaraq etdiyi köməyin müqabilində Venada, yaxud da Parisdə səfir vəzifəsinə təyin olunmağını istədi.

Prezidentdən cavab gəlməyəndə Gito onu öldürmək qərarına gəldi.

Şarl deyirdi ki, prezidenti öldürmək Allahdan gələn əmrdir. Qarfild ölsə, xalq ağ günə çıxacaq.

Ancaq sui-qəsd alınmadı. Edama aparılarkən Gitonu günahlarının bağışlanması üçün keşişin yanına gətirdilər. Onun son sözləri belə oldu: "Mən Allahın əmri ilə hərəkət edirdim. Odur ki, heç nəyə heyifsilənmirəm."

(Ardı var).

İlqar Atabəyli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR