• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Şahzadə boz dələlərin soyqırımına fərman verdi

  • Maraqlı
  • 20 Oktyabr 2014 19:00
  • 762 Baxış
Şahzadə boz dələlərin soyqırımına fərman verdi

Böyük Britaniyada son illərdə mühacir insanların axını nə qədər böyük narahatlıq yaradırsa, gəlmə və ya təsadüfən gətirilmə heyvan və bitki növlərinin ölkə təbiətinə müdaxiləsi də bir o qədər narahatlığa səbəb olur.

Mətbuat gəlmə və ya Britaniyaya yad canlı aləm nümayəndələrini bir qayda olaraq, daha dözümlü, daha artımlı, daha aqressiv, bir sözlə, daha sırtıq varlıqlar kimi təsvir edir. Lap elə insan mühacirlər barədə bir sıra millətçi qəzetlərin yazdığı kimi…

Bu canlı növlərindən bəziləri haqqında yazılanlara nəzər yetirmək maraqlı olardı.

Həşərat əhali

Məsələn artıq neçə illərdir ki, təbiətsevərlər, alimlər və mətbuat ölkəni gəlmə parabüzənlərin basmasından bəhs edir, həyəcan təbili çalırlar.

Götürək elə ciddi təşkilat olması şübhə doğurmayan BBC-ni. BBC özünün təbiət saytında yazır: "Parabizənlər indən belə yalnız birrəngli – qırmızı rəngli deyillər. İndi biz qırmızılarla yanaşı narıncı, sarı, qəhvəyi və qara parabüzənləri də görürük. Bu təzə rənglər bağbanların və fermerlərin təşvişinə səbəb olub. Müdaxiləçi gəlmələr doğma növlərlə rəqabətə girirlər"…

Saytda daha sonra oxuyuruq: "Təlxəx parabüzən. Başqa ziyanverici həşəratlarla bioloji mübarizə üçün Avropa və Amerika fermerləri tərəfindən Şərqi Asiyadan gətirilib. Çox müdaxiləçi həşəratdır. Başqa parabüzənləri və onların yumurtalarını yeyir. Britaniyaya gətirilməsi 2004-cü ildə qadağan olunub. 15-21 xalı olur. Böyük Britaniya Parabizən Siyahıyaalmasına görə (lap əhalinin siyahıya alınması kimi) bütün parabizən populyasiyasının (oxu: əhalisinin) 75 faizini təşkil edir".

Beləliklə, ilboyu Britaniya qəzetlərində gəlmə qurbağalar, ördəklər, hörümçəklər və onların təhlükəsi barədə məqalələr oxuyuruq.

Bütün dələlərin şahzadəsi

Məsələ olduqca ciddidir. O qədər ciddidir ki, Britaniya Ətraf Mühit, Ərzaq və Kənd Yerləri Nazirliyinin nəzdində bu işlərlə məşğul olan xüsusi Yad Növlər Katibliyi var.

Lakin hər bir ciddi məsələ aşırı ciddiləşdirləndə gülünc vəziyyət yaradır.

Britaniya blogerlərindən biri bu günlərdə Britaniya taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlzı "bütün dələlərin adamı adlandırıb" və tezcə də düzəliş edib: "Yox, yalnız qırmızı dələlərin adamı"...

Vəliəhd şahzadələr adətən, "bütün insanların adamı" epitetini daşıyırlar və bu isə deməkdir ki, gələcək kral bütün quyruqlu-quyruqsuz təbəələrinin müdafiəçisi olmalıdır.

Blogerin bu sayaq rişxəndinə səbəb isə bu olub ki, şahzadə Çarlz ingilis nağıllarının qəhrəmanı olan gözəl, zərif və tədbirli qırmızı dələlərin müdafiəsi üçün "humanist və qanuni" tədbirlər paketi ilə çıxış edib.

Amma bu "humanist və qanuni" təkliflərin əsasını bir müddəa təşkil edir: Qırmızı dələlərin xilası üçün şahzadənin şəxsi mülkiyyəti olan Kornuol hersoqluğunda bütün boz dələləri qırmaq lazım gələcək.

Britaniyanın Press Association xəbər agentliyi yazır ki, "Meşəçilik Dövlət Komitəsinin məlumatına görə, meşələrimiz üçün son dərəcə dağıdıcı faktora çevrilmiş boz dələləri ilk dəfə 1876-cı ildə Amerikadan gətiriblər".

Qırmızı dələlərin xilası cəmiyyəti

Şahzadə Çarlzın sözçüsü mətbuat üçün belə bir məlumat verib: "Qırmızı dələlər bizim ən çox sevilən, rəmzi milli heyvan növlərimizdən biridir və Qırmızı Dələlərin Xilası Cəmiyyətinin sədri kimi Uels şahzadəsi sayları azalmaqda olan bu dələlərin qorunması uğrunda bütün mümkün səyləri dəstəkləyir".

"Münasib olduqda, – deyib sözçü, – bu tədbirlərə boz dələlərin sayının humanist və qanuni bir şəkildə tənzimlənməsi də daxildir"…

Əgər nəzərə alınsa ki, "tənzimləmə" diplomatik dildə, həm də "təmizləmə" deməkdir və ölkədəki qırmızı dələlərin sayı 140 min, boz dələlərinki isə 2, 5 milyondur, onda axıdılacaq qanın miqyasını təsəvvür etmək o qədər də çətin olmaz.

Təsadüfi deyildir ki, həmin o bloger (naşükür, nadürüst və naxələf təbəə) boz dələlərin sayının tənzimlənməsini "boz dələlərin etnik təmizlənməsi siyasəti" adlandırıb.

"Allah özü saxlasın, Çarlzın gözündə bütün boz dələlər persona non-grata, əslində, persona non-rodentadırlar (rodent - gəmiricilərin elmi adıdır)" – yazır həmin bloger.

Tənha dələnin krallığı

"Tənha boz dələnin krallığı" adlı bloqunda müəllif şahzadəni qeyri-humanistlikdə günahlandırır.

"Çarlz boz dələlərin cinayətini onda görür ki, onlar öz xoşları ilə gəlib çıxmadıqları Britaniya torpağında yaşayır və buranın havasını udurlar", – deyilir məqalədə - tarix kralların milləti qanlı müharibələrdə yadelli işğalçılardan qorumasının dəfələrlə şahidi olub. Lakin axı, boz dələlər əli nizəli düşmən deyil. Onlar da qurban sayılmalıdır".

"Çarlza elan etdiyi bu müharibəyə görə ar olsun!", – yazır bloger.

"Doğmaların qayğısını çəkib, onları qorumaq böyük xeyirxahlıqdır. Lakin qərib ölkədə, gizlənəcək yerləri olmayan gəlmələri qorumaq daha böyük xeyirxahlıqdır", – deyilir bloqda.

Poetik bir çiçək – bir alaqotu…

Nə isə. Heyvanat aləmilə ilə başlanan bu yazı, deyəsən, tamam başqa bir yerə gedib çıxır və bunu tezcə bitirmək lazımdır.

Təkcə heyvanatmı? Elə həmin o Yad Növlər Katibliyinin saytında gəlmə bitkilərin də adları var. Aralarında biri diqqətimi çox cəlb edib.

"Ludwigia grandiflora". Bu, onun latınca adıdır. İngiliscə adı Primrose, Azərbaycanca Novruz çiçəyidir.

Katibliyin saytında oxuyuruq: "Əvvəllər bu Novruz çiçəyini bəzək və bağ bitkisi kimi becəriblər. Lakin çəmən ərazilərə yayılanda o, təhlükə yarada bilər".

Söhbət ondan gedir ki, katiblik "gözəl və zərif sarı ləçəkləri" olan Novruz çiçəyini alaq otu, yəni ziyanverici kateqoriyasına salıb:

"Yerli çiçəklərin yaşayış məskənlərinə dağıdıcı göstərir. Nəzarətdən çıxanda dogma növlərlə rəqabətə girir, su yollarını tutur və daşqınlara səbəb olur. Bu bitki xüsusən də Avropada problemli sayılır. Britaniyada Novruz çiçəyi Çevik Reaksiya Siyahısına salınıb, bu isə o deməkdir ki, həmin bitki aşkar olunduğu yerlərdə hədəflənərək dərhal məhv edilməlidir".

İlahi, lap antiterror leksikonu ilə yazılıb.

Azərbaycanca internetdə google edəndə isə Novruz çiçəyi daha çox poeziya saytlarında tapılır.

Məsələn, bu saytlardan birində oxuyuruq: "Simuzər Baxışlı. "Mənim göz yaşlarım çevrildi daşa". Şairənin qürbətdə - Avropada yaşadığı vaxtlarda qələmə aldığı lirik-fəlsəfi şeirləri, səfərnamələri".

Orda şeirdən bir parça da tapmışam:

Öz qış köynəyini soyunur torpaq,
Canlanır tumurcuq, gül-çiçək, yarpaq,
Duman bənövşəni bükür örpəyə,
Novruz çiçəyi də oxşayır bəyə…

Hmm…

Britaniyada Novruz çiçəyi bəyə-zada oxşamır, qanunsuz mühacirə oxşayır…

Beləcə, dünyanın bir guşəsində çiçək, başqa bir guşəsində isə alaq otu olmaq da taledir.

Zülfüqar Rüfətoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR