Ulduzlar evlilik təklifini necə edir? – Ən romantik hadisələr
Bizi izləyin

Bilgi.az

Ulduzlar evlilik təklifini necə edir? – Ən romantik hadisələr

Ulduzlar arasında da romantik insanlar az deyil.

Hollivudun tanınmış insanlarından bəziləri evlilik təklifini eskimos daxmasında, bəziləri qaçırılma yolu ilə, bəziləri də Eyfel qülləsində edir.

Məşhur aktyorlar Tom Kruz və Keti Holms izdivacı da belə baş tutub: Tom aktirsa Ketiyə Eyfel qülləsinin başında evlilik təklifi edib. Hamı onların izdivacının əbədi olacağını düşünürdü. Cütlük hər müsahibəsində xoşbəxt olduğunu deyərdi. Pərəstişkarları düşünürdü: "Nəhayət ki, Tomun bəxti gətirdi!". Axı bu vaxta qədər Tomun şəxsi həyatı qaydasında deyildi...

Tom iki dəfə evli olub : Mimi Rocerslə və Nikol Kidmanla evliliyi ayrılıqla bitib. Sonra isə qısa bir müddət ərzində Penelopa Kruz ilə sevgili olub. Lakin Keti ilə hər şey başqa cür idi. Münasibətlər daha ciddi idi, desək, yanılmarıq. Onlar 2005-ci ildə tanış oldular, bir ildən sonra isə Holms ilk qızı olan Surini dünyaya gətirdi. Onda Tomun sevinci yerə-göyə sığmırdı. O, qızı Surini onu dəyişdiyini və daha romantik etdiyini qeyd edir. Tom sözünün üstündə durmaq üçün sevgilisi Ketini Parisə apararaq evlilik təklifini ona Eyfel qülləsində etmək qərarı verdi. Keti heç zaman bu sevgililər şəhərində olmamışdı. Qüllənin ən hündür mərtəbəsində şam edərkən Tom qadına evlilik təklifi etdi. Əlbəttə, Keti bu təklifdən heyrətə gəldi. Çünki Tomun gündəlik həyatı romantika ilə zəngin deyildi. Evlilik vaxtı Tomun ana və bacısı tez-tez onların münasibətlərinə müdaxilə edirdi. Tomun üzv olduğu sayentologiya sektası isə Surini necə tərbiyə etmək haqda məsləhətləri ilə Ketini bezdirirdi. Nəticədə, 5 il yarımdan sonra Keti ərindən boşanaraq tənha ana olmağa üstünlük verdi.

Səsyazma studiyasının başçısı Tommi Mottoloy ilə boşanma Meraya Keri üçün ağır zərbə idi. O, jurnalistlərə etiraf edirdi: "Mən istəyirdim ki, kimsə məni öz həyatımdan "oğurlayıb" başqa yerə aparsın. Mən xoşbəxt olmaq istəyirdim". Belə bir oğurluğu isə aktyor Nik Kennon etməyə qərar verdi. O, Meraya ilə mahnı klipi çəkilişi zamanı tanış olmuşdu. Nik ifaçıya evlilik təklifini göydələnlərin birində şam və hava şarları ilə bəzədilmiş meydanda etdi. Bu səhnəcik Merayanın çox xoşuna gəlsə də, o, Nikə dəqiq cavab vermədi. Bu zaman Nik müğənnini oğurlamaq planını həyata keçirərək onu vertolyota mindirir. Romantik Nik vertolyotda diz üstdə çökərək ifaçıya bir daha evlilik təklifi etdi. Bu dəfə Meraya razılıq verdi. Onlar 2008-ci ildə Baham adalarında evləndilər və 2011-ci ildə cütlüyün Monro və Morokkan adlı əkizləri dünyaya gəldi. Lakin ər-arvadın dava-dalaşları səngimək bilmirdi. Nik arvadını ərköyünlükdə və uşaqlarla məşğul olmamaqda günahlandırırdı. Bu ilin avqust ayında Nik və Meraya boşandılar.

Qalmaqal qəhrəmanı, dalaşqan Çarli Şin... O, sevgilisi Bruk Müllerə evlilik təklifini saatın üzərində etdi. Sevgilisinə üzük bağışlamaq əvəzinə 700 min dollarlıq hədiyyə aldı. Saatın isə üzərində belə yazılmışdı: "Bruk, mənə ərə gələrsən?". Sözsüz ki, qadın sevincindən dünyanın yeddinci qatında idi. Şin və Bruk əkiz uşaqların valideynləri olsalar da, onların da izdivacı çox uzun sürmədi. Ailədə qalmaqallar əskik olmurdu. Sonda Şin boşanmaq qərarına gəldi. Onun hesabca üçüncü evliliyi heç 3 il çəkmədi. Bu ili Şin keçmiş pornoulduz Brett Rossi ilə nişan fantaziyalarını qurmaqla başladı. O, qıza evlilik təklifini sevgililər günü ekzotik adaların birində etdi. Ancaq bu münasibətlər də rəsmiləşdirilmədən sona çatdı.

1998-ci ilin avqustu, Dovile kinofestivalı... Maykl Duqlas gözəlçə Ketrin Zeta-Consla elə də tanış deyil. Lakin Maykl gözəlçəni öz etirafı ilə karıxdırdı: "Mən sizin uşaqlarınızın atası olmaq istəyirəm!". Və o, zarafat da etmirdi. Rəqəmlərə önəm verən Maykl 2000-ci ilin başlanğıcında Ketrinə onun arvadı olmağı təklif edir. Onlar düz 15 ildir ki, evlidirlər. Bu illər ərzində cütlüyün həyatında eniş və yoxuşlar olub. Lakin onlar heç bir çətinliyə baxmadan boşanmayıblar və indiyədək də birgə yaşayırlar.

Model Haydi Klum və müğənni Sil... Onların evliliyi də özünəməxsus şəkildə olub. Klum britaniyalı müğənniyə görə milyoner sevgilisi Flavio Briatoreni atıb. Silin evlilik təklifini isə əsl şouya çevrilib. Kanadanın 4000 metr hündürlüyündə donmuş qardan eskimos koması hazırlanıb. Komanın içində isə ikinəfərlik çarpayı quraşdırılıb. Çarpayının üzərini isə qızılgül ləçəkləri örtüb. Sonra isə Sil sevgilisini Kanada dağlarında yerləşən nağıllar aləminə bənzər komaya aparıb. Komaya daxil olan Klumun gözləri heyrətdən bərələ qaldı. Sil isə bu andan istifadə edərək ona evlilik təklif edib... Təəssüf ki, nağıl əbədi davam etməyib. Cütlük 7 il evli qaldıqdan sonra 2012-ci ildə ayrılıb.

İfaçı Pink isə uzun müddət gərgin iş qrafiki üzündən ciddi münasibətlərə önəm verməyib. Ancaq o, 2001-ci ildə motosikl sürücüsü Keri Harta elə aşiq oldu ki, hətta ona görə qrafikində də dəyişikliklər etdi. Pink və Keri arasında roman yaşandı və ifaçı ona görə bir sıra turnelərindən də imtina etməyə başladı. Bu ki, Pinkin karyerası üçün görünməyən bir şey idi... Üstündən 4 il keçsə də, Keri sevgilisinə evlilik təklifi etməyə tələsmirdi. Ona görə də Pink təşəbbüsü öz üzərinə götürməyi qərara alır. Motosikl yarışları zamanı Pink hündür bir yerə çıxaraq əlində böyük bir plakat tutur. Plakatda belə yazılnışdı: "Sən mənim ərim olacaqsan?". Sonra isə əlindəki plakatı digəri ilə əvəzləyir. Orada isə yazılmışdı: "Mən tamamilə ciddiyəm". Hart dözməyərək yarışdan çıxaraq sevgilisinin yanına tələsdi :"Əlbəttə, hə!". Toy yarım ildən sonra Kosta-Rikada baş tutdu. Sıx iş qrafikinə görə cütlük az qala evliliyi dağıdacaqdı. Lakin daimi psixoloq ziyarəti onların ailəsini qoruyub saxladı. Hazırda cütlük 3 yaşlı qızlarını tərbiyə etməklə məşğuldur.

Aktyor Metyu Makkonohi subaylıq həyatı ilə 42 yaşında vidalaşıb. Bu vaxta qədər o , model Kamila Alves və iki uşağı ilə vətəndaş nikahında yaşayırdı. Ancaq bu dəfə Metyu oğlu Levi və qızı Vidunun anasına evlilik təklifi etmək qərarına gəlir. O, bununla yanaşı sevgilisinə Yeni İl hədiyyəsi də etmiş olur. Kamila yeni il ağacının altında gizlənmiş hədiyyə qutusunu götürür. Qutunu açan Kamila onun da içindən qutu tapır. Beləcə, Kamila qutuları bir-bir açır. Nəhayət ki, 8 cəhdən sonra Kamilanın hədiyyəsi çıxır. Qutunun içində nişan üzüyü vardı. Bu zaman Metyu onun dizləri üstünə çökərək evlilik təklifi edir. Əlbəttə, Kamila "Hə!" deyir. Başqa nə deyə bilərdi ki?

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm