Brejnevin həkimi, Andropovun dostu, Qorbaçovun düşməni - Yevgeni Çazov
Bizi izləyin

Bilgi.az

Brejnevin həkimi, Andropovun dostu, Qorbaçovun düşməni - Yevgeni Çazov

Uzun illər Kremlin baş həkimi olmuş məşhur kardioloq, akademik Yevgeni Çazov SSRİ-nin siyasi elitasının səhhəti ilə məşğul olub. Əslində "Kremlin baş həkimi" vəzifəsi mövcud olmayıb. SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsi birbaşa partiya rəhbərlərinin sağlamlığına cavabdeh olduğundan həmin idarənin rəisi Kremlin baş həkimi kimi tanınıb. Elə bu idarəni Brejnevin göstərişi ilə ilk yaradan da Yevgeni Çazov olub.

Modern.az saytı SSRİ-nin tarixini yenidən vərəqləyir.


Bu idarə təkcə dövlət məmurlarına deyil, tanınmış mədəniyyət, incəsənət nümayəndələrinə, elm xadimlərinə, ölkənin inkişafına xüsusi töhfələr verən insanlara da xidmət edib. 1967-ci ildən 1986-cı ilə qədər Çazov bu idarəyə rəhbərlik edib.

Ancaq həmin dövrdə Çazovun üzərinə düşən ən böyük məsuliyyət Brejnevin səhhətinə cavabdehliyi olub. Baş katibin şəxsi həkimi olmaq sözsüz ki, gərgin elmi praktiki fəaliyyətlə yanaşı həm də psixoloji və yeri gəldikcə siyasi manevrlər etmək bacarığı tələb edib. Leonid İliçin səhhətində baş verən ən adi dəyişiklik olduqda belə, Çazovdan hesabat tələb olunub.

Akademikin fəaliyyəti bununla yekunlaşmayıb, o Siyasi Büronun digər üzvlərinin sağlamlıq durumunu da nəzarətdə saxlayıb.

85 yaşlı kardioloq öz xatirələrində həmin illərin gərgin iş rejimindən söhbət açıb:

- O illər olduqca gərgin iş rejimində çalışırdım. Üstəlik kənar təzyiqlər də olurdu. Bəzən mənim hansısa bir xüsusi orqana xidmət etdiyimi də deyirdilər. Bütün bunlar boş şayiələr idi. Mən sadəcə öz həkimlik fəaliyyətimlə məşğul olurdum. Siyasi Büronun üzvlərinin çoxusu yaşlı insanlar idi. Onların səhhətində yaranan problemlər təkcə yaşları ilə bağlı deyildi. Uzun illər partiya işində çalışan bu siyasətçilər pillə-pillə vəzifələrə yüksəlmişdilər. Bir çoxları müharibəni görmüşdü və təbii ki, bu da onların sağlamlıqlarında mənfi izlər buraxmışdı. Səhiyyə Nazirliyində yaratdığımız 4-cü idarə olduqca məhsuldar fəaliyyət göstərirdi. Digər xarici ölkələrdən bu təcrübəmizi götürmək istəyənlər çox idi. Vaxtlı-vaxtında pofilaktik və diaqnostika tədbirləri həyata keçirilirdi. Brejnev idarənin işindən razı idi. Bu razılığa görə də 1975-ci ildə Dövlət mükafatına layiq görülmüşdüm. Leonid İliçin çəxsi həkimi kimi onun səhhətini daima nəzarətdə saxlayırdım. Necə deyərlər, Brejnev harda mən də orda olmalıydım. Bütün vasitələrlə onun sağlamlığında yaranan problemləri aradan qaldırmağa çalışırdıq. Brejnev daha çox stomatoloji problemlərdən əziyyət çəkirdi. Həmin dövrdə səhiyyənin bu sahəsi Almaniyada daha çox inkişaf etmişdi. Buna görə də mən Almaniyadan üç nəfər yüksək ixtisaslı mütəxəssisləri Moskvaya dəvət etmişdim. Onlar yerli həmkarları ilə mütəmadi olaraq Baş katibin bu problemi ilə məşğul olurdular. Brejnev yaşlaşdıqca səhhətində problemlər də artırdı.



Bir gün Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov məni yanına çağırdı. Onunla münasibətlərim dostluq səviyyəsində idi. Mənə qarşı çox isti münasibət bəsləyirdi. Kabinetində görüşdük. Qısa söhbətdən sonra mənə tapşırıq verdi ki, xarici ölkələrdə yeni tibbi texnologiyalar, yeni dərman pereparatları haqqında ona müntəzəm məlumatlar verim. Bu mənim üçün çox da çətin tapşırıq deyildi. Çünki həmin vaxtlar xarici ölkələrdəki həmkarlarımla sıx əlaqələrim var idi. Onlarla tez-tez fikir və təcrübə mübadiləsi aparırdıq. Həmin ərəfədə amerikalı həmkarlarımdan biri mənə məlumat vermişdi ki, öz ölkələrinin institutlarının birində yeni pereparat hazırlanıb. Bu pereparat insanın fəallığını, iş qabiliyyətini artırır. Yəni orqanizmə əlavə enrji verir. Həmkarım onu da mənə demişdi ki, bu pereparatın hazırlanması hələ sirr olaraq saxlanılır və bu haqda heç kimə demək lazım deyil. Ancaq mən bu sirri Andropova açdım. "KQB" rəhbəri həmin andaca öz qərarını verdi və bildirdi ki, Brejnev günü-gündən zəifləyir, həmin dərmanı biz təcili əldə etməliyik. Çox qısa müddətdən sonra biz həmin pereparatın əldə edilməsinə nail olduq. Ən başlıcası isə Leonid İliç həmin dərmanı qəbul etdikdən sonra özünü çox gümrah və enerjili hiss edirdi. İnanın ki, Baş katibin yerişində yeni bir sürət var idi. Andropovla aramızdakı dərman pereparatı söhbəti təkcə Brejnevlə yekunlaşmadı. Andropov dəlicəsinə futbol azarkeşi idi. "Dinamo" komandasına azarkeşlik edirdi. Komanda hər dəfə məğlub olanda ona çox pis təsir edirdi. "Dinamo"nun növbəti məğlubiyyətlərinin birində məni çağırıb dedi: "Yevgeni İvanoviç, mənim bu məğlubiyyətləri seyr etməyə daha gücüm yoxdur. Komandanın məşqçisini göndərəcəm yanınıza, həmin pereparatlardan onlara verin və qəbul qaydalarını başa salın".
Mən onun xahişini yerinə yetirdim. Andropovun səhhətində də hər şey qaydasında deyildi. O, xüsusilə böyrəklərindən əziyyət çəkirdi. Mən öz növbəmdə çalışırdım ki, bu problemlər aradan qalxsın. Həkimlər fərdi şəkildə onun müalicəsi ilə məşğul olurdular. Həftədə ən azı iki dəfə mən onunla görüşürdüm. Onda olan xəstəliklə hələ uzun illər yaşamaq olardı. O ki, qaldı Andropovun ölümü ilə yayılan müxtəlif söz-söhbətlərə mən həkim kimi qeyd edirəm ki, bunlar boş söhbətlərdir. Andropovun ölümünü sürətləndirən öz günahı, sağlamlığına qarşı məsuliyyətsizliyi olub. 1983-cü ildə artıq Baş katib vəzifəsində olarkən Andropov məzuniyyətini Krımda keçirməyi qərara almışdı. Mən onda Almaniyada xidməti ezamiyyətdəydim. Krımda olarkən Andropov dağları gəzməyə çıxıb, bir az iqlim dəyişikliyi, bir az havanın nisbətən soyuq olması, digər tərəfdən də gəzintidən sonra daşların üzərində əyləşmək Andropovun böyrək problemlərini kəskinləşdirib. Təcili onu istirahət evinə gətiriblər və Moskvaya xəbər veriblər. Həmin andaca Ustinov mənə zəng vurdu və bildirdi ki, artıq 40 dəqiqədən sonra təyyarə Almaniyada məni gözləyəcək, təcili gəl. Ustinovla Andropov həmkar olmaqla yanaşı, həm də yaxın dost idilər. Mən birbaşa Krıma uçdum. Andropovun vəziyyəti ağır idi. Biz onu Moskvaya xəstəxanaya çatdırdıq. Ancaq gec idi. O mənim əllərimin arasında öldü, çox sakit və səssiz-küysüz. Yalnız bir cümlə dedi: "Yevgeni İvanoviç, bağışlayın, mən həkimə qulaq asan xəstə olmadım".

Akademik Çazov SSRİ rəhbərlərinin arasında çox hadisələrin şahidi olub. Tanınmış kardioloq öz xatirələrində həmin məqamlara da toxunub:



- Brejnevin sağlamlıq durumu kəskinləşəndə mən bu haqda ilk olaraq Andropova məlumat verdim. Andropov xahiş etdi ki, Suslova təcili məruzə edim. Suslov məni dinlədikdən sonra dedi ki, mən bu məsələlərə qarışmıram. Gələcək Baş katib məsələsini mən tək həll etmirəm. Bu ümumi şəkildə həll olunmalıdır. Təbii ki, mən siyasətçi olmadığıma görə, müdaxilə etmirdim. Məsələ çox tezliklə həll olundu. Brejnevin ölümündən sonra Andropov ölkənin yeni rəhbəri oldu. Andropov Brejnevdən fərqli olaraq çox sadə həyat tərzi sürürdü. Brejnev mükafat, ailəsi isə brilyant həvəskarı idi. Andropovun kabineti isə mənim kabinetimdə bəlkə də üç dəfə kiçik idi. Həmçinin mənzili də. O bütün həyatını işə bağlamışdı. Səhər 9-da gəlirdi, axşam 11-də işdən çıxırdı. Belə iş saatı istirahət günləri də davam edirdi. Çox təsirli lirik şeшrlər yazırdı. Mən deyərdim ki, o Vətəninin əsl əsgəri idi. Andropov hakimiyyəti davam etsəydi siyasi hadisələr istiqamətini başqa səmtə yönəldəcəkdi. Ən əsası isə Qorbaçov Kremlin birinci kürsüsünə sahib olmayacaqdı.

Qorbaçovla mənim aramda vaxtilə hələ o Stavropolda işləyən dövrlərdən dostluq münasibətləri olub. Bu münasibət uzun illər davam edib. Mən onun hakimiyyəti dövründə səhiyyə naziri təyin olunmuşam. Bir dəfə televiziya kanallarının birində kiçik bir tənqidi fikir söyləmişdim. Səhərisi günü Qorbaçov özü mənə zəng vurub incikliyini bildirdi. Mən isə elə telefonda onu hara lazımdırsa, ora göndərdim. Həmin gündən biz düşmən kimiyik. Mən onu çox məsələlərdə günahlandırıram və onun haqqında hər şeyi bilirəm.

Akademik Yevgeni Çazov jurnalistlərlə müsahibələrinin birində bildirib ki, növbəti xatirələr kitabında Mixail Qorbaçov haqqında bildiyi son hərfi də işıqlandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm