• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Almandilli rus lideri

  • Maraqlı
  • 26 İyun 2012 15:07
  • 238 Baxış
Almandilli rus lideri

Dövran oyunbaz tək oynar bir müddət,

Çıxarar pərdədən bir təzə surət.

Edib füsunkarlıq bu surət ilə,

Xalqı əyləndirər bir zaman belə...

(Nizami Gəncəvi)

Son üç yüz ildə Rusiya bütün sahələrdə intensiv inkişaf edən ölkələr sırasındadır. Bu ölkə istər mədəni-sosial, istərsə siyasi-iqtisadi sahələrdə dünya səviyyəsində böyük uğurlara imza atıb. Dostoyevskilər, Tolstoylar, Çaykovskilər, Lomonosovlar... rus xalqının bəşəriyyətə bəxş etdiyi misilsiz şəxsiyyətlərdən yalnız bir neçəsidir.

Hazırkı potensialı Rusiyanın həm region, həm də dünya üçün böyük əhəmiyyətə malik ölkə olduğunu göstərir.

Bu ölkənin tanınmış simaları təkcə Rusiyaya yox, həm də regiona və dünyaya təsir göstərən fenomenlər olduğunu bilməliyik. Bu mənada Rusiyanın son illərdə qət elədiyi yolda çabalar sərf eləyən, onu yeni rels üstə qoyan və təkcə ölkəsində yox, həm də dünyada güclü liderlərdən biri kimi qəbul olunan Vladimir Putinə də sadə bir prezident kimi baxmağın yanlış olduğunu düşünürəm.

Kasıb atadan “yaramaz uşaq”

Vladimir Putin 7 oktyabr 1952-ci ildə SSRİ-nin Leninqrad (indiki Sankt-Peterburq) şəhərində kasıb fabrik işçisi ailəsində anadan olub. O, balacalıqda sözə qulaq asmayan, öz təbirincə desək, “yaramaz bir uşaq” imiş. Orta məktəb illərində idmana və casus kinolarına maraq göstərərmiş.

Putin keçmişini bu şəkildə xatırlayır: “Mən uşaqlıq illərimdə tam mənasıyla bir “yaramaz” və sözəbaxmaz biri idim. “Sistemlə” tanış olduqdan sonra yavaş-yavaş ona alışdım və cüdo da buraya əlavə olunduqda həyatıma nizam-intizam və sahman gəldi”.

Vladimir Putinin atası Vladimir Spiridonoviç əqidəli kommunist kimi tanınır və kommunist ideallarına sədaqəti ilə seçilirdi.

İşlədiyi fabrikdə partiya bürosunun üzvüydü, üstəlik də “kamil ateist” düşüncəsi ilə ad çıxarmışdı.

Atasının əksinə, Putinin anası dini inanc sahibiydi, mütəmadi kilsəyə gedirdi. Putinlərin evində heç bir zaman dini ikonlar saxlanmazdı, amma anası gizli şəkildə oğlu Vladimiri “xaç suyuna” çəkdirmiş, vaftiz etdirmiş, sıx-sıx özüylə kilsəyə apararmış.

Atası bunu bilsə də, bu işlərə göz yumduğu iddia olunur. Həm atası, həm də anası 1996-cı ildə 6 ay fərqlə vəfat edib.

KQB məktəbində

Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin Beynəlxalq hüquq fakultəsini bitirdikdən sonra sovet hökumətinin milli təhlükəsizlik orqanı olan KQB-də işləməyə başlayır. O, KQB-də çalışmağı orta məktəb illərindən arzuladığını söyləyir. Putin KQB-də işlədiyini ilk illərdə öz həyat yoldaşından belə gizlədirmiş. Qohumlar onun polis olduğunu düşünürmüş.

O, 1984-cü ildə KQB nəzdində ali məktəbin Alman dilli ölkələr şöbəsinə daxil olur, 1985-ci ildə KQB Putini Şərqi Almaniyanın Drezden şəhərinə ezam edir. Putin 1989-cu ilə qədər Drezdendə fəaliyyət göstərən Sovet-Alman Dostluq Evində işləyir.

Gənc Vladimir burada daha çox siyasi məlumatlar toplayır, çox intizamlı həyat sürür, işini ən yüksək səviyyədə başa çatdıran işçi kimi ad qazanır. 1989-cu ildə məşhur Berlin divarının aradan qaldırılmasına və Almaniyanın birləşməsinə canlı şahid olan Vladimir Putin 1992-ci ildə KQB-dən polkovnik-leytenant rütbəsi ilə istefaya gedir.

Sobçakın müavini

1989-cu ildə Sankt-Peterburqa qayıdan Putinə şəhərin meri Anatoli Sobçakın müşaviri vəzifəsi verilir. Anatoli Sobçak 90-cı illərdə Rusiya demokratik hərəkatının öndərlərindən biri olmaqla yanaşı, ölkə siyasətinin məşhur simalarından idi.

Sobçakın Putinə vəzifə verməsi onunla universitet illərindən başalayan dostluq münasibətləri səbəb göstərilir. 1994-cü ildə Putin Anatoli Sobçakın birinci müavini təyin edilir. 1996-cı ildə Sobçak şəhər meri seçkisində məğlub olduqdan sonra Putin də istefa verərək Moskvaya gedir.

1997-ci ilin mart ayından 1998-ci ilin may ayına qədər Rusiya Prezident Adminstrasiyasının Əsas Nəzarət Departamentinin rəhbəri vəzifəsində çalışır. 1998-ci ilin may ayından etibarən Prezident Adminstrasiyasının Regionlarla İş İdarəsində müdir müavini, 1998-ci ilin avqust ayından Federal Təhlükəsizlik Bürosunun (FSB) rəhbəri təyin edilir.

Həmin ilin oktyabr ayında Rusiya Təhlükəsizlik Şurasına üzv seçilir, 1999-ci ilin mart ayında Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin olunur.

1999-cu ilin avqust ayında prezident Boris Yeltsin onu baş nazir postuna təyin edir, 31 dekabrda isə gözlənilmədən istefa verərək konstitusiyaya uyğun olaraq prezidentlik vəzifəsinin icrasının Putinə keçməsinə şərait yaradır.

Vladimir Putinin Boris Yeltsinə çox sadiq olduğu və Yeltsinin qızı ilə yaxşı əlaqələrə malik olduğu deyilir.

Sirli yüsəliş

Putinin çox qısa zaman ərzində yüksəlişi bir çoxları üçün sirr olsa da, özünəməxsus yüksək bacarığı və istedadı onun karyerasında mühüm rol oynadığını etiraf eləməyə başqalarının da gücü çatır...

Vladimir Putin müvəqqəti prezidentlik vəzifəsini icra etməyə başlayanda əksəriyyət onu yaxşı tanımırdı. Sərt və soyuq xarici görünüşə malik Putin haqqında nəinki dünya, heç Rusiya xalqının da ətraflı məlumatı yox idi. Tanıyanlar uzaqbaşı onun KQB-də çalışdığını və yaxşı cüdo döyüşçüsü olduğunu deyirdi.

Qərb mütəxəssisləri Putini yaxşı tanımadıqları üçün əvvəlcə onun haqqında şərh verməkdən boyun qaçırırdılar. Əslində bir həqiqət göz qabağındaydı: Rusiya üçün yeni era başlayırdı.

Putinin şüarı “Pozulmuş ictimai nizamın yenidən düzəldilməsi” idi. Qulağa xoş gəlirdi, çünki Rusiya, necə deyərlər, yerdə sürünürdü. Ona görə də Kremlə güclü lider lazım idi ki, rusları “xoşbəxt” eləsin.

Ruslar qarşıdan gələn seçkilərdə KQB əməkdaşı Putinə etimad göstərəcək və beləcə “Putin erasının” başlanğıcı qoyulacaqdı. Ruslar arasında keçmiş “xoşbəxt günlərə”in nostaljisi güclüydü, “Böyük və güclü Rusiya”nın yenidən bərqərar olmasının xiffəti ilə yaşayan əhalinin sayı da az deyildi.

Bu arzular çevrəsində Putin rus xalqının bir anda qəhrəmanına çevrildi. Hətta Putin rusların “şanlı” keçmişinin yeni təmsilçisi elan olundu.

Dəfələrlə prezident

26 mart 2000-ci ildə keçirilmiş prezident seçkilərində Vladimir Putin 52.94 faizlə Rusiyanın yeni rəhbəri seçilir. 7 may 2000-ci ildə keçirilən inaqurasiya mərasimi ilə Putin vəzifəsinin icrasına başlayır.

Putin ilk gücünü rus ordusunun Yeltsin dönəmində “bacarmadığı” Çeçenistan problemində göstərir və üsyançı çeçenləri məhv edərək həm də özünün ilk böyük siyasi uğuruna imza atır.

2003-cü ildə Dumaya keçirilmiş seçkilərdə Putinin rəhbərlik etdiyi partiya 38 faizlə qalib gəldikdən sonra o, özünün siyasi rəqiblərini “səhnədən” uzaqlaşdırmağa başlayır və gücünü daha da artırır.

14 mart 2004-cü ildə prezident seçkilərində yenidən namizədliyini irəli sürən Putin bu dəfə 71.31 faizlik qələbə ilə uca kürsüyə yiyələnir. Aradakı Medvedev dönəmindəki fasilədən sonra - 4 mart 2012-ci ildə üçüncü dəfə namizəd olan baş nazir Putin bu dəfə 63.6 faizlə prezident olur – amma bu dəfə 6 illiyə...

Putinin axıcı səviyyədə alman dilində danışdığı və hətta Putinlər ailəsində ən çox alman dilindən istifadə olunduğu iddia edilir. O, prezident olduqdan sonra yüksək səviyyədə ingilis dilinə yiyələnmək üçün dilöyrənmə kursu da keçib.

Vladimir Putin iqtisadiyyat üzrə fəlsəfə doktoru, sambo və cüdo üzrə idman ustasıdır. Putinin asudə vaxtlarda ən sevdiyi fəaliyyəti alpinistlik olduğu deyilir. Məşhur musiqi qrupu “Beatles” qrupunun heyranıdır. Həmçinin məşhur “Time” jurnalına verdiyi müsahibdə Brams, Motsart, Çaykovski, Rahmaninov, Şubert kimi dünya şöhrətli dahi bəstəkarların musiqilərini dinlədiyini bildirib.

Ən sevdiyi mahnı isə “Beatles” qrupunun “Dünən” (“Yesterday”) mahnısıdır. Həmin müsahibədə Putin heç vaxt elektron poçtdan (e-mail) istifadə etmədiyini açıqlayıb.

Qapalı ailə

Vladimir Putin həyat yoldaşı Lyudmila Şkrebneva ilə tələbəlik illərində rastlaşır və münasibətlər onları get-gedə evliliyə doğru aparır. Deyilənə görə, o, son dərəcə gözəl olan Lyudmila ilə Leninqradın məşhur teatrlarından birində dostu vasitəsilə tanış olur, ilk görüşdən qıza vurulur.

Leninqradlı Vladimirlə kalininqradlı Lyudmila Şkrebnevanın evliliyi 28 iyul 1983-cü ildə rəsmiləşir. Bu evlilikdən onların Mariya (Maşa) və Yekaterina (Katya) adlı iki qızı dünyaya gəlir.

Putinlərin böyük qızı 28 aprel 1985, kiçik qızı isə 31 avqust 1986-cı ildə Almaniyanın Drezden şəhərdində anadan olur. Uşaqları ilk təhsillərini alman dilində aldıqlarına görə Moskvaya qayıdandan sonra da Moskvadakı alman orta məktəbində təhsilə davam edirlər.

Təsdiqlənmiş məlumat olmasa da, deyilənə görə, Putinin qızları ali təhsillərini Moskvadakı Maliyyə Akademiyasında alıblar. Başqa bir versiyaya görə, qızlardan biri yaponşünaslıq, digəri isə biologiya fakultəsini bitirib.

Lyudmila Şkrebneva gənclik illərində SSRİ hava yolları - “Aeroflot”-un Kalininqraddakı şöbəsində işləyib. Xanım Putina 1986-cı ildə Leninqrad Dövlət Universitetinin ispan dili və ədəbiyyatı fakultəsini bitirib, 1986-1990-cı illər arasında həyat yoldaşının işi ilə əlaqədar Almaniyada yaşayıb.

1994-cü ildən 1999-cu ilə qədər “JSC Telecominvest” alman şirkətinin Moskva nümayəndəsi vəzifəsində çalışıb.

Xanım Putina Rusiya siyasi arenasındakı zəif profili ilə tanınır. O, adətən mediadan qaçır və dövlət tədbirlərində nadir hallarda iştirak edir.

On ildən artıqdır Rusiya siyasi olimpində olan Vladimir Putinin ailə həyatı haqqında məlumatlar çox azdır. Məsələn, qızlarının mediada bir-iki şəklindən başqa, onların özü və xarici görünüşü haqqında heç bir bilgi yoxdur.

Ailə üzvlərinin nə işlə məşğul olduğu da bəlli deyil. Bəzən Putinin şəxsi həyatı haqqında sensasion məlumat yayılsa da xəbərlər sonradan rəsmi təsdiqini tapmır. Məsələn, onun həyat yoldaşı Lyudmila ilə aralarının soyuduğu və ayrılacaqlarına dair məlumatlar vardı. Hətta iddia olunurdu ki, onlar ayrı-ayrı yerlərdə yaşayırlar. Buna səbəb isə guya Vladimir Putinin milli gimnast Alina Kabayeva və keçmiş casus Anna Çapman ilə aralarında “isti” münasibətlərin olmasıdır.

Ancaq bu xəbərlər təkzib edildi.

Koreya mətbuatı Putinin ailəsi haqqında qısa məlumatında böyük qızın Cənubi Koreya vətəndaşı olan bir admiralın oğlu ilə evləndiyi iddiası irəli sürüldü, digəl bu xəbəri də Rusiya hökuməti yalanladı.

Vladimirin dini hissləri

Vladimir Putin 1993-cü ildə həyat yoldaşının keçirdiyi yol qəzası və 1996-cı ildə bağ evlərinin yandığı zamanı özündə dini hisslərin oyandığını deyir.

Putinin İsrailə rəsmi səfərdən öncə anasının “xaç çəkmə” duasını belə xatırladığını söyləyir: “Mən anamın dediyi kimi etdim və xaçı boynuma asdım. Onu bir daha boynumdan çıxartmadım”.

Köpəyi də var

Putinin ev köpəklərinə gənclik illərindən sevgi bəsləyir və hazırda qara rəngli Labrador Koni adlı köpək saxlayır. Konini Putinə 2000-ci ildə Fövqəladə hallar naziri Sergey Şoyqu hədiyyə edib. Koni Putinin ətrafında tez-tez görünür, mətbuatda da adı vaxtaşırı çəkilir.

Koni 2003-cü ildə 8 küçük dünyaya gətirib və bu küçüklər Rusiya vətəndaşlarına, siyasətçilərinə, xarici səfirlərə hədiyyə olunub. 2004-cü ildə Rusiyanın ən böyük uşaq jurnalı “Detskaya literatura”da “Koninin hekayələri” adlı yazılar dərc olunmağa başladıqdan sonra Koni daha da məşhurlaşdı.

Vurğun Həsənli

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR