Qurana görə milisi öldürən, Stalinin ölümdən qurtardığı Qurd Cəbrayıl – HƏYAT TARİXİ
Bizi izləyin

Bilgi.az

Qurana görə milisi öldürən, Stalinin ölümdən qurtardığı Qurd Cəbrayıl – HƏYAT TARİXİ

Ən gözəl filmlər bir çox hallarda real həyat hadisələri üzərində çəkilir. Bu mənada hər birimizin sevə-sevə izlədiyi "Arxadan vurulan zərbə" filmi də əslində real şəxs, kriminal aləmdə "Əlibaxış oğlu", "Çyornı" və "Paxan" ləqəbləri ilə tanınan Qurd Cəbrayılın həyatını əks etdirir. Üst-üstə 70 ildən çox həbs cəzası alan Cəbrayıl Əlibaxış oğlu – Qurd Cəbrayıl ömrünün 36 ilini həbsdə keçirib. 4 dəfə həbsxanadan, hətta 1 dəfə məhkəmə zalından qaçıb.

İki dəfə ölüm cəzasına məhkum edilsə də, sonradan bu qərar ləğv olunub. Qurd Cəbrayıl 1963-cü ildə sonuncu dəfə həbsxanadan çıxdıqdan sonra kriminal fəaliyyətinə son qoyub. 1976-cı ilin 9 mayında vəfat edib. Qurd Cəbrayılın oğlu Xoşqədəm Cəbrayıloğlu ilə söhbətimizdə atasının həyat hekayəsinə və "Arxadan vurulan zərbə" filminin çəkilişlərinə səyahət etdik:

"9 yaşlı uşaq barkas əvəzinə, çaşıb Həştərxana gedən gəmiyə minir"

Atam Cəbrayıl Baxşıyev 1900-cü ildə Bakıda dünyaya gəlib. Onun bəxti elə anadan olandan gətirməyib. Altıaylıq olarkən anası dünyasını dəyişib. Atasını isə 9 yaşında itirib. Ögey anası onu incitdiyindən babası Kəblə Sonqulu uşağı öz himayəsinə götürüb. Cəbrayıl babasının hazırladığı, bütün Bakıda məşhur olan dovğa satırmış. Xatırlayırsınızsa, "O olmasın, bu olsun" filmində də "Kəblə Sonqulu dovğası" ifadəsi işlədilir. Üzeyir Hacıbəyov de belə bir adamın bişirdiyi dovğanın dadlı olduğunu bildiyindən, onu əsərinə daxil edib. Dovğa satmaqla dolanan atam əlavə bir neçə qəpik qazanmaq, "şirinquş" alıb yemək üçün dovğaya su qatmaq qərarına gəlib. Sözsüz ki, Bakı sakinləri dovğanın dadının dəyişdiyini, ona su qatılmasını başa düşüb Kəblə Sonquluya şikayət ediblər. Nəvəsini cəzalandırmaq qərarına gələn Kəblə Sonqulu Cəbrayılı döymək istəyəndə atam onun əlindən qaçıb. Atam Tağıyev fabrikinin yaxınlığında yaşayan xalasıgilə qaçmaq qərarına gəlib. Həmin vaxt dənizin kənarından ora barkaslar gedərmiş. 9 yaşlı uşaq barkas əvəzinə çaşıb Həştərxana gedən gəmiyə minib. Sonradan yanlış olaraq uzaq məsafəli gəmiyə mindiyini başa düşüb. Gəmidəkilər atamı sakitləşdirərək ona çörək, şirniyyat verib, kapitandan geri qayıdarkən Cəbrayılı Bakıya qaytarmasını xahiş ediblər. Ancaq hava şəraitinin kəskin dəyişməsi səbəbindən gəmi bir neçə gün Həştərxanda qalmalı olub. Bir neçə günü sahildə qalan atam bir gün görüb ki, yoldan keçən arabanın təkəri çıxıb. Yaxınlaşıb milliyyətcə tatar olan arabaçıya kömək edib. Uşağın bu hərəkəti arabaçının xoşuna gəlib. Həştərxanın fabrik sahiblərindən olan, "sonsuz Ravil" kimi tanınan həmin şəxs atamı dilə tutub, onu evinə apararaq övladlığa götürüb. Övlad üzünə həsrət qalan ailə üzvləri atama isinişiblər. Atam danışırdı ki, o, 18-19 yaşına kimi həmin ailənin övladı olub. Ravilin etibarını qazanan Cəbrayıl artıq ailənin bütün maliyyə işlərinə nəzarət etməyə başlayıb və pul daşınması əməliyyatları ona həvalə edilib.

"Yasəmən özündən iki yaş balaca olan atama vurulub"

Bir gün Ravil atama külli miqdarda pul verib ki, bunu uzaq kənddəki bir nəfərə çatdır. Cəbrayıl pulu paltarında gizləyərək yola çıxıb. Gəlib qəbiristanlığın içindən keçəndə arxadan iki atlının gəldiyini görüb, qəbirlərin arxasında gizlənib. Elə bilib ki, həmin adamlar onu öldürüb üstündəki pulları əlindən almaq üçün arxasınca düşüblər. Atamın burda olmasından xəbərsiz olan atlılar özləri ilə gətirdikləri böyük torbanı qəbiristanlıqda basdıraraq çıxıb gediblər. Cəbrayıl qəbri qazaraq əlini torbanın içinə salıb. Kibriti yandıranda torbanın içində boğazına bıçaq saplanmış qızı görüb. O, bıçağı çıxaranda qız ayılıb, atam isə huşunu itirərək özündən gedib. Gözlərini açanda özünü xəstəxanada görüb. Polis isə qız atamın vurduğunu düşünərək, onu həbs edib. Sən demə, boğazına bıçaq saplanmış qız da ölməyib, xəstəxanada müalicə olunurmuş. Bir neçə gün sonra ayılan qızı atamla üzləşdirəndə, o, cinayətkarın Cəbrayıl olmadığını deyib. Polis işçilərinə atamın onu xilas etdiyini bildirib. Qızın ifadəsi alındıqdan sonra şübhəli şəxs qismində saxlanılan atamı həbsdən buraxıblar.

Adı Yasəmən olan qız özündən iki yaş balaca olan atama vurulub. Xahiş edib ki, Cəbrayıl hər gün xəstəxanada ona baş çəksin. Yasəmən sağaldıqdan sonra Ravildən sevdiyi gəncin onun evində qalmasına razılıq verməsini xahiş edib. Atam bir müddət həm Yasəmənin evində, həm də atalığıgildə qalıb. Bir gün Yasəmən evə qonaqların gələcəyini deyərək, atamdan bazarlıq etməsini xahiş edib. Cəbrayıl bazarlıq edib evə qayıdıb. Hər cür tədarük görülüb. Qonaqlar içəri girəndə atam qapının kandarındakı şəxsləri görərək şoka düşüb. Sən demə, onlar Yasəməni vuraraq qəbiristanlıqda basdırmaq istəyən atlılar imiş. Yasəmən atamdan başqa otaqda gözləməsini xahiş edib. Cəbrayıl qonşu otaqda çaxır içərək yatıb. Bir az sonra Yasəmən qonşu otaqdan çıxıb atamdan fayton tapmasını xahiş edib. Fayton gəldikdən sonra o, Cəbrayıla iki bağlı torbanı ona qoymağı tapşırıb. Torbalar lazımi yerdə gizlədildikdən sonra Yasəmən bütün sirləri açıb. Bildirib ki, atası milyonçu olub. Ondan bacısına və özünə böyük sərvət miras qalıb. Həmin gün qonaq çağırdığı adamlar da bacısının həyat yoldaşı və onun qardaşı olub. Onlar Yasəməni öldürüb qəbiristanlıqda basdırmaq, var-dövlətinə yiyələnmək istəyirlərmiş. Lakin Cəbrayıl onun həyatını xilas edib. Torbalarda gizlətdikləri isə onların meyitləri olub. Qız onları zəhərləyib öldürdüyünü və qisası aldığını deyib. Yasəmən atama Həştərxandakı malikanəsini satmağı və birlikdə Bakıya köçüb burada yaşamağı təklif edib. Onlar evi satıb pulu qızıla çeviriblər, qızılları da götürərək qatarla Bakıya doğru istiqamət alıblar. Atam yolda fikirləşib ki, Bakıda ata-anam yoxdur, özüm isə Yasəməni aldatmışam ki, guya hər şeyim var. Bu qızı hara aparıram? Qatar stansiyalardan birində dayandıqda atam papiros almaq bəhanəsilə aradan çıxıb. Yasəməndən uzaqlaşaraq Bakıya başqa qatarla gəlib.

"Cəbrayıl Quranı yerə atıb tapdayan milis rəisini alnından vurub"

Qeyd edim ki, atamla anam xalaqızı-xalaoğlu olublar. Aralarındakı yaş fərqi isə 10 il imiş. Onlar uşaq yaşlarından deyikli, yəni göbəkkəsdi olublar. Anam dünyaya gələndə onu atama göbəkkəsdi ediblər. Bakıya gələn atam xalasıgildə qalmalı olub. Bir gün şəhərdə gəzəndə Rusiyadan gələn və Azərbaycan dilində bilməyən, Bakıya nabələd olan tatarlarla rastlaşıb. Tatarlar Cəbrayıldan onlar üçün bələdçilik etməsini xahiş ediblər. Atam onlara bələdçilik edib. Tatarlar kafelərdən birinə gələrək Cəbrayıldan başqa masada əyləşməsini xahiş ediblər. Bura onlarla görüşə bir nəfər gəlib. Sən demə bu şəxs həmin vaxtlar ən məşhur "avtoritet" sayılan Rəşidoğlu Məhərrəm imiş. O vaxtlar kimsə and içəndə, əslən Cənubi Azərbaycandan olan Rəşidoğlu Məhərrəmin canına and içirmiş. Onun canına yalandan and içəni sağ qoymazlarmış. Onunla görüşənlər isə Rostov oğruları olub. Görüş başa çatandan sonra Rəşidoğlu Məhəmməd qonşu masada əyləşən atamın Kəblə Sonqulunun nəvəsi olduğunu öyrənib və onunla yaxından tanış olub. Həmin gündən etibarən atam oğrulara qoşulub.

- Atanız ilk dəfə necə həbs edilib?

- Ötən əsrin otuzuncu illərində milis tez-tez paytaxtda "oblava" keçirərək, vətəndaşları saxlayıb, onları sorğu-sual edərmiş. Bir gün axşam keçirilən "oblava" zamanı atamı da saxlayıblar. O, boynunda kiçik Quran gəzdirmiş. Atamın üst-başını yoxlayan rus bunun nə olduğunu soruşanda Cəbrayıl "Bu, Qurandır" cavabını verib. Milliyyətcə rus olan milis heç nə deməyib. Lakin rusdan fərqli olaraq, azərbaycanlı milis rəisi atamın boynundakı Quranı dartıb qırıb. Kiçik Quran kitabını yerə atıb tapdayıb. Rusun Qurana belə sayğısızlıq etmədiyini, amma müsəlman olan rəisin müqəddəs kitabımızı yerə atıb tapdamasını görən atam hirslənib və bunu milis rəisinə deyib. Bu sözlərinə görə Cəbrayılla milis rəisi arasında mübahisə yaranıb. Onlar əlbəyaxa olanda atam söyüş qoyub ki, səni harada görsəm, orda öldürəcəm. Atama qısamüddətli həbs cəzası veriblər. Lakin o, həbsdən qaçıb. Cəbrayıl axşam yaşadığı məhəlləyə gələndə gözlənilmədən qarşısına həmin milis rəisi çıxıb. Rəis soruşub ki, Cəbrayıl, biz səni həbs etməmişdik? Burda nə gəzirsən? Atam cavab verib ki, sizdən tutmaq, bizdən qaçmaq. Rəis ateist olduğunu deyərək Quranı təhqir etməsinə bəraət qazandırmağa çalışıb. Atam danışırdı ki, rəis onu dilə tuta-tuta əlini yavaş-yavaş tapançasına doğru uzadırmış. Cəbrayıl başa düşüb ki, milis rəisi ona atəş açmaq istəyir. Buna görə də daha cəld tərpənib və cibindəki tapançayla milisi alnından vurub. Təhqiqat zamanı bu cinayətin Cəbrayıl tərəfindən törədildiyi üzə çıxıb. Onu həbs edərək iş kəsiblər.

"İllər sonra milis rəisinin nəvəsini də ağır yaralayıb"

Atam məhkəmə zalına aparılarkən öldürülən milis rəisinin qardaşları onu yolda aradan götürmək qərarına gəliblər. Amma atama bu barədə xəbər çatıb. Ona görə də tələb edib ki, həbsxanadan məhkəmə zalına aparılanda onu nəzarətçilərlə yanaşı qohumları da müşayiət etsinlər. Cəbrayılın öldürülməsi planının ifşa olunduğunu görən milis rəisinin qohumları onu həbsxanada qətlə yetirmək planını qurublar. Bundan ötrü həbsxanada xüsusi qatil də tutublar. Lakin atamın həbsxanadakı dostları onu zindanda killerin gözləməsi barədə xəbərdar ediblər. Qatillərin hər dəfə həbsxanaya yatab gələndə Cəbrayılı soruşması atamın dostlarını şübhələndirib. Nəhayət, cəzaçəkmə müəssisinə gələn Cəbrayıl ona qarşı plandan xəbərdar olub. Dostları özünü qorumaq üçün ona bıçaq da veriblər. Bir gün səhər atam əl-üzünü yuyanda hündürboylu həbsxana yoldaşının onu güddüyünü hiss edib. Atam danışırdı ki, kimsə çöldən bu naməlum adamı səsləyib: "Alə, nə oldu?" Həmin şəxs dərhal əlindəki bıçaqla atamın üstünə cumub. O, Cəbrayıla bıçaqla zərbə endirəndə, atam qolunu qabağa verib və bıçaq qoluna dəyib. Cavab zərbəsini endirən atam isə bıçağı onun qarnına soxaraq bir neçə dəfə sağa və sola burub. Bıçağı burduğuna görə, atamın düşməninin daxili orqanları zədələnib və o yerindəcə keçinib. Qatilin köməyinə çöldəki dostu da gəlib. Lakin atam onu da yaralayaraq zərərsizləşdirib. Səs-küyə bütün məhkumlar toplaşıb. Beləcə, Cəbrayıla qarşı sui-qəsd planının üstü açılıb. Bu plana görə milis rəisinin qardaşları başda olmaqla bir neçə nəfər həbs edilib.

Ozamankı qaydalara görə, zindan həyatı yaşayıb azadlığa çıxanların və onların ailə üzvlərinin Bakıda məskunlaşmasına icazə verilmirdi. Ona görə də bizi paytaxtdan kənara – Salyana sürgün etdilər. Atam orda MTS-də gözətçi işləməyə başladı. Bir gün MTS-ə yoxlama gəldi. Yoxlama üzvlərindən biri atamın tərcümeyi-halı ilə maraqlanfı. MTS-in müdiri isə atama bu barədə xəbər verdi. Atam həmin müstəntiqin öldürdüyü milis rəisinin qohumu olduğunu bildi. Cəbrayıl müstəntiqin onun işini yoxlayıb həbs edəcəyini düşündüyündən, həmin şəxsi də yaraladı.

- Deməli, atanız eyni nəsildən bir neçə nəfəri – milis rəisini, onun nəvəsini öldürüb. Qohumlarını isə həbs etdirib.

- Bəli.

- Bu cinayətinə görə neçə il iş kəsdilər?

- Növbəti həbsin müddəti təxminən 8 il idi. Atam yenidən qazamata göndərildi. Ümumiyyətlə, o, 4 dəfə həbsxanadan, 1 dəfə isə məhkəmə zalından qaçıb. İki dəfə ölüm cəzasına məhkum edilsə də, sonradan bu qərar ləğv olunub. Biz 1956-cı ildə Bakıya köçdük. Atam isə 1963-cü ildə azadlığa buraxıldı. Onda artıq 63 yaşı vardı. Buna görə də daha kriminal aləmdən əl çəkdi. Çünki gözləri zəifləmişdi.

"Atamın həyatını adamyeyən məhkum xilas etdi"

- Səhv etmirəmsə, həmin vaxtlar Sibirdəki həbsxanadan qaçan məhkumlar bir-birlərinin ətini yeməklə xilas olmuşdular.

- Atam yolda onlardan ayrılıb. Çünki onun həbsxanadan qaçışı birinci dəfə deyildi. Tək gəlib.

- Atanıza niyə "Qurd" ləqəbini veriblər, həmişə tək gəzdiyinə görə?

- Bəli. Yeri gəlmişkən, bu qaçışın maraqlı tarixçəsi var. Həmin məhkumlardan biri hətta qadın olub. Məhbuslar yolda bir-birlərinin ətini yeyə-yeyə uzun müddət yol gəliblər. Atam istisna olmaqla oradan qaçanlardan daha biri sağ qalıb. Vaxtilə həbsxanada "nadzor" işləmiş şəxslərdən biri yeganə sağ qalmış məhkumu bədənindəki döymədən – "tatuirovkadan" tanıyıb. Ona görə də milis bu məhkumu yenidən həbs edib. Məhkum "mən Sibirdən qaçanların hamısını yemişəm" – deyə milisi aldatmaqla atamı xilas edib. Bununla da Cəbrayılın axtarışlarına son qoyulub.

"Stalin atamın ön cəbhəyə göndərilməsinə icazə verməmişdi"

- Cəbrayılın bolşeviklərə yardım göstərməsi, Stalinin göstərişi ilə bank yarması necə baş verib?

- İnqilabdan az əvvəl bolşeviklər maddi sıxıntılar yaşayırdılar. Bu səbəbdən pul ələ keçirmək, bank yarmaq lazım idi. Stalin bunun üçün göstəriş verib. Həmin əməliyyatda atam da iştirak edib. Əməliyyat uğurla başa çatıb. Böyük Vətən Müharibəsi başlayanda atam həbsxana həyatı yaşayırdı. O, Stalinə məktub yazaraq Vətəni qorumağa hazır olduğunu bildirmişdi. Əslində Cəbrayıldan Vətən qoruyan olmazdı (gülür). Stalin məhkumların bir qisminin ön cəbhəyə göndərilməsinə əmr verib. Tarixdən də bildiyiniz kimi, onlar rusların "ştrafbat" adlandırdıqları cərimə batalyonlarında cəbhənin ən gərgin yerində döyüşürdülər. Lakin Stalin atamın ön cəbhəyə göndərilməsinə icazə verməmişdi. Sonradan başa düşdük ki, Stalin atamın sağ qalması üçün belə bir qərar verib. Çünki ön cəbhəyə gedənlərin böyük qismi müharibədə həlak oldu.

"Yusif Vəliyev dedi ki, Cəbrayıl haqqında film çəkilir, mənə Qurd Cəbrayıl obrazını yaratmağı tapşırıblar"

- Bəs atanızın həyatını əks etdirən, yazıçı Elçinin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən məşhur "Arxadan vurulan zərbə" filminin çəkilişləri necə baş verdi?

- Filmdə Qurd Cəbrayıl obrazını canlandıran mərhum aktyorumuz Yusif Vəliyevlə eyni küçədə yaşamışıq. Biz həm də dost idik. Bir gün Yusif mənə dedi ki, Cəbrayıl haqqında film çəkilir, mənə Qurd Cəbrayılın obrazını yaratmağı tapşırıblar. Sənin atan 40 ilə yaxın həbsxana həyatı yaşayıb. İstəyirəm bir müddət atanın yanında gəzim. Onun hərəkətlərini, davranışlarını, danışıqlarını, jestlərini öyrənim. Atan buna icazə verərmi? Dedim əlbəttə icazə verər. "Paxan" (atası-müəllif) bununla razılaşdı. Yusif Vəliyev bir-iki ay atamın yanında gəzib dolandı. Onun davranışlarını, oturuşunu, duruşunu, hətta nərd oynamasını belə, öyrəndi. "Arxadan vurulan zərbə" filmi efirə çıxanda atam artıq rəhmətə getmişdi. O, 1976-cı ilin 9 mayında dünyasını dəyişdi. Filmin çəkilişləri isə 1977-ci ildə başa çatdı. Yusif Vəliyev atamın obrazını necə canlandırmışdısa, hər kəs mənə deyirdi ki, axşam televizorda sənin atanı gördük. Aktyor bu rolun öhdəsindən çox uğurla gəldi. Hər dəfə "Arxadan vurulan zərbə" filminə baxanda elə bil atamı görürəm. Fərq yalnız bu idi ki, filmdəki Qurd mahir ustalıqla bıçaq atır. Halbuki atam tapançadan sərrast atəş açırdı.

- Əsərin müəllifi Elçin atanızı tanıyırdı?

- Bu barədə dəqiq söz söyləyə bilmərəm.

- Yeri gəlmişkən, atanızın niyə ermənilərlə arası yox idi? Axı sovet dövründə xalqların "beynəlmiləl" dostluğu az qala rəsmi dövlət ideologiyası kimi irəli sürülürdü.

- Atam erməniləri sevmirdi. Onlar Cəbrayıldan qorxub çəkinirdilər. Onun qorxusundan "Kirpiçniy" adlanan məhəlləmizdən keçib gedə bilmirdilər. Cəbrayıl onların başına oyun açırdı. Atam heç vaxt kasıblara dəyib dolaşmayıb. Çox səxavətli idi. Öləndə mənə 2000 manat borc pul qoyub getdi.

- Ailənizdə Qurd Cəbrayılın adını daşıyan varmı?

- Bəli, böyük nəvəmə atamın adını qoymuşam. O, Cəbrayıl adını daşıyır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm