• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Bacımın boğazına kərtənkələ girib, ayaqlarını kəsiblər...”

  • Maraqlı
  • 5 Dekabr 2014 10:28
  • 990 Baxış
“Bacımın boğazına kərtənkələ girib, ayaqlarını kəsiblər...”

"Həbsxana xatirələri" layihəsində

Adı Eldar idi. Soyadını unutmuşam. Unutmuşam? Ya heç... yox unutmuşam, yadıma düşür ki, bir dəfə mənə soyadını və atasının adını demişdi. Əfv komissiyasına ərizə yazmalı idi, latın qrafikasını bilmədi deyə, xahiş etmişdi ki, mən yazım.

Naxçıvandan idi. Yazıq görkəmi vardı. Cəza müəssisəsində hər kəs onun faciəsini bilirdi. Faciəsi isə bir yox, bir neçə idi... Onun yazıq, miskin olmasının səbəbini bilənlər bacardıqca ona yardım edirdi. Siqaret, qənd, çay, yemək və sair... Rejimin rəisi, mayor Rauf deyirdi ki, Eldar şərəfsizin biridir, ona yardım etməyin. Amma "paqonun" sözünə baxan kim idi ki?

Eldar arada tibb məntəqəsində mənim qaldığım otağa da gəlirdi. Dostum və otaq yoldaşım ağdamlı Aqil zəvzək, özünü bilərəkdən yazıq formasına salan adamları sevməz, otağa və ümumiyyətlə bizə yaxın buraxmazdı. Eldara isə mənə görə bir söz deməzdi. Mənim onunla söhbətimə, verdiyim suallara qulaq asıb, "kefsən e" deyərdi. Eldar isə dağı arana, aranı dağa daşıyardı. "Dağdan arana qayıdanda" həmişə "quş buraxardı". Əvvəlki sözü sonrakı ilə düz gəlməzdi. O, yalançı idi.

Onu hörmətdən salan bir xasiyyəti də vardı; nədən söhbət getsəydi, özünü zorla da olsa həmin söhbətə pərçim edirdi. Onun çox yalanlarının üstünü açmışdım. Bəzən üzünə vurmurdum – ona bu xoşdursa, danışsın. Uzun qış gecəsi, dustaq həyatı, gurhagur yanan qaz sobası, isti çay, stolun üstündə şirniyyat və s. Başqa nə işimiz var ki? Eldar "yat" komandasına qədər basıb-bağlayır, biz də qulaq asardıq. Heç olmasa, ayda 2-3 dəfə bu hal təkrar olunardı.

Eldar niyə həbs olunmuşdu? Mən hələ də bilmirəm. Hər soruşanda əlini yelləyib:

- Soruşma, şair, soruşma, - deyir, yazıq sifətinə daha da məzlum bir görünüş verərdi.

Mən isə az keçmiş yenə də soruşardım, o isə dillənməz, günahının nə olduğunu deməzdi. Bu cəhətdən möhkəm adam idi. Naxçıvanlı uşaqlar ondan bəhs edəndə, "boyunu yerə soxaq, başdan ayağa xəcalətdir", - deyərdi.

Mənim əvvəllər ona doğurdan da yazığım gəlirdi. Kimsəsiz idi, yoluxanı, sovqat gətirəni yox idi. Dustaq üçün bunlarsız çox çətindir. O isə başını birtəhər dolandırardı. Cəza evinin yeməkxanasına heç getməzdi - əskiklik bilirdi bunu. Amma səhər, günorta, axşam qarnını haradasa otarırdı və bunu heç də əskiklik kimi qəbul etmirdi.

Bir dəfə qonşu otaqda qalan dustaqlarla bizim otaqda domino oynayırdıq. Bir neçə nəfər azarkeşlik edir və uduzanların əvəzinə oynamaq üçün gözləyirdilər. Eldar təlaş içində otağa girdi. Adamların çox olması, otaqdakı qələbəlik onun ürəyincə olmadı. Oyunu izlədi və çox keçmədi ki, sifətindəki təlaş yox oldu. Laçınlı Ramiz onun bu dəyişməsinə göz qoyurmuş, acıqlı halda kobudluq etdi:

- Nə olub, adə, gözlərin buğa gəzən düyənin gözlərinə oxşadı...

Eldar bir söz demədi. Sakitcə otaqdan çıxdı. Oyunda tərəf müqabilim olan Aqilə dedim:

- Sən öl, yenə də qara xəbərlə gəlib.

Aqil:

- Əşi, fikir vermə, harada olsa, yenə də gələcək, – deyib, stolun üstündəki daşları qarışdırdı.

Axşam yoxlanışından sonra Eldar yenə də təlaşla içəri girdi, ayaqlarını soyunub çarpayının üstündə oturdu. Qanı qara idi. Hər ikimizə altdan-altdan fikir verirdi. Onun gəlişinə fikir belə vermədik, onsuz da çox dayanmayacaq, danışacaqdı. Mən kitab oxuyurdum. Aqil isə sabah çıxacağı görüşə hazırlaşır, evə göndərəcəyi paltarları selafon paketə yığırdı. Eldarın ikinci dəfə dərindən çəkdiyi aha axır ki Aqil dilləndi:

- Nə olub yenə?

Eldarın sifətinə elə bil bir vedrə hüzn tökdülər. Səsi xırıldadı:

- Bacımın ağzına kərtənkələ girib.

- Nəəə?! – Aqil təəccüblə soruşdu, mən kitabı qatlayıb balışımın altına qoydum.

- Nə girib? – bu dəfə mən soruşdum.

Eldarı hönkürtü tutdu. Əlinin dalı ilə göz yaşlarını sildi. Stolun üstündən siqaret götürdü. Yandırıb, dodaqları büzülüb qabağa uzanana qədər sümürdü. Siqaretin tüstüsünü yağ yeyən maşının səsboğucusu kimi burnundan buraxdı. Sifətinin qanı da qaçmışdı. Bizim çaşqınlığımız onun daha da məzlum hala düşməsinə səbəb olurdu. Özünə çay süzdü:

- Dodaqlarım quruyub, boğazımdan hava da keçmir.

Çayı konfetlə içdi. Konfetin kağızını qatlayıb cibinə qoydu:

- Yanıram, qardaşlar. Bacımın ağzına zəhərli kərtənkələ girib. Yazıq bacım, axı biz nə gün gördük ki... Yetim kimi böyüdük, əmi döydü, xala döydü, dayı incitdi... axırımız da belə.

Doğurdanda pis olduq. Axır ki, Eldar özündə güc tapıb hadisənin necə baş verdiyini nəql etdi:

- Bacım çox işləyib yorulubmuş. Həyətdə, göy çəmənlikdə uzanıb ki, dincini alsın. Yazıq bacımı yuxu tutub. Ağzı açıq yatıbmış. Kərtənkələ də gəlib girib ağzına. Boğazından düz aşağı hərəkət edib. Başı aşağı saxlayıblar, silkələyiblər, kərtənkələ düşməyib. Yerli həkimlər əlac edə bilməyib. Qohumlarımız yığışıb keçiriblər İrana. İranlı həkimlər kərtənkələnin ölüsünü çıxarıblar. Amma bacımı zəhərləyə bilib. Nəticədə həkimlər onun ayaqlarını kəsiblər.

Aqil çaşqın gözlərini Eldarın ağzından çəkmirdi. Xəbər onu sarsıtmışdı. Hiss etdim ki, Eldar nə isə yenə də oyun qurur, amma daha bu boyda yox da. Əsəbi halda dedim:

- Adə, yalan niyə deyirsən? Axı indi göy çəmənlik, kərtənkələ nə gəzir? Qışdır e...

Aqilin halı özünə gəldi:

- Eldar, utanmırsan? – deyib, siqaret yandırdı.

Eldar səsinə bir qədər də hüzn qatdı. Güvəndiyi adamların ona inamsızlığını heç gözləmirmiş:

- Bilirdim inanmayacaqsız. Mən demədim ki, indi olub. Yayda olub. Mən indi eşitmişəm.

Eldarın uzun-uzadı danışmasından belə başa düşdüm ki, hər əhl ona 20 manat kömək etsə, o bacısına göndərər və qardaş kimi əzab çəkməzdi. Bizi isə yaxşı adam kimi tanıdığına görə ilk olaraq müraciət edib. Razılaşdıq ki, sabah əhlin uşaqları ilə söhbət edək. Məsləhət gördük ki, "zon"un "smotriyaşi"sinə də özü desin.

- Baxaram,- dedi. Əlavə də etdi ki, heç istəmirəm bunu açıb-ağardaq.

Eldar sağollaşıb çıxdı. Elə bu zaman kəşfiyyatçı olmuş Nizar gəldi. Xeyli söhbət etdik. Mən Nizara Eldarın bacısının başına gələnləri danışdım. Dedim ki, gərək bizim əhl də ona kömək etsin. Aqil dedi ki, əgər əhlləri Eldara kömək üçün pul ayırmasa, 20 manatı özü verəcək. Nizar bizə qulaq asıb, başını buladı. Sonra söhbəti uzaqdan başladı. Axırda da dedi:

- Mən həbs olmağıma çox peşmanam. İndi bəlkə də polkovnik-leytenant idim. Amma burada sizinlə tanış olmağıma görə, birlikdə cəza çəkdiyimizə görə heç də peşman deyiləm. Amma bu qədər sadəlövh olmanız mənim heç xoşuma gəlmədi. A kişi, Eldarın sizə danışdığı həmin hadisə Afrikada olub. Bayaq klubda televizora baxırdıq. Eldar da orda idi. Afrikadan bəhs edilən veriliş idi. Belə bir hadisəni göstərdilər. Özü də arvadın ayağını-zadı kəsmədilər. Kərtənkələnin ölüsünü qadının qarnından çıxardılar. Qadın zəhərlənmişdi, müalicə edirdilər. Bu avara da özündən teatr çıxarır. Tapıb üzünə tüpürəcəm.

Eldar bir-iki həftə gözümüzə görünmədi.

Bir müddətdən sonra Eldar yeni bir ampluada zühur etdi. Əlində yarım litrlik banka və xırda bir lopa bir-bir barakları gəzər, soyuqlayan dustaqları küpələyər, əvəzində qənd, çay alardı. Mən də bir-iki dəfə onun xidmətindən yararlanmışdım.

Arada gödəkcəsinin cibində vərəqləri çevrilməkdən əskiyə dönmüş erotik jurnal çıxarardı. Xəlvətcə dustaqlara göstərərdi və bunun müqabilində az da olsa pul alırdı. Kimdənsə aldığı borc pulu geri qaytarmazdı. Çünki aldığını borc olaraq istəməzdi. Sadəcə, "mənə bir manat pul lazımdır, varınsa ver", - deyərdi.

Eldarı mən azadlığa çıxdıqdan çox illər sonra gördüm. 10 saylı CÇM-dən reportaj hazırlamağa getmişdim. O, bayırda ağacın altında oturub çay içirdi. Mənimlə köhnənin dostu kimi görüşdü.

- Burda nə edirsən, - soruşdum.

- Hara gedim? Evim yox, işim yox. Yenə də burada dustaq yanına gələnlərə yol-yolaq göstərirəm, beş-altı manat çörək pulu qazanıram.

Tanış zabitlərlə görüşdüm, sözarası Eldarı gördüyümü dedim.

- Hə, onun vəziyyəti yaxşıdır. Özünə "Jiquli" də alıb. Burada dəllallıq edir...

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR