• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qanuni oğru”ların qanunsuz biznes imperiyası - Milyonlar uğrunda savaş

  • Maraqlı
  • 8 Dekabr 2014 11:25
  • 4 041 Baxış
“Qanuni oğru”ların qanunsuz biznes imperiyası  - Milyonlar uğrunda savaş

Ay ərzində həbsxanadan "obşak"a on milyonlarla vəsait yığılır

"Qanuni oğru"ların özünəməxsus qayda və qanunları var. Hər şeydən öncə bu adı daşıyan şəxs lider, təşkilatçı və ideya ruhlandırıcısıdır. "Qanuni oğru"nun ailəsi, dostları, yaxınları olmamalıdır. O həmçinin bizneslə məşğul olmamalı və dövlət orqanları ilə əməkdaşlıq etməməlidir. Əvvəllər məhz bu cür idi, bəs indi?

Bu gün artıq "qanuni oğru" ailə qura bilər. Bununla bağlı qərar 1998-ci ildə baş tutmuş "sxodka"da verilib. Yəqin ki bu, "oğru referendumu"nda rəsmən çıxarılmış yeganə yumşaldıcı qərar idi. Və "qanuni oğru"ların əksəriyyətinin artıq ailəsi və uşaqları var.

Keçmişdə "qanuni oğru"nun heç nəyi olmayıb. İndi isə…

Yuxarıda qeyd etdiyimiz məhdudiyyətlər əbəs yerə meydana çıxmayıb. Axı kriminal aləmdə söz sahibi olan şəxs – oğru heç bir halda öz qərarını dəyişməməlidir. Ailə və dostlarının olması isə oğrunu həssas edir. Təbii ki, çox az sayda insan bu cür çıxılmaz vəziyyətdə, yəni ailəsi, yaxınları kimlərsə tərəfindən qaçırıldıqda ədalətli qərar çıxara bilər. "Qanuni oğru" olsa belə, bunun onun üçün çətinlik törətmək ehtimalı böyükdür. Odur ki, kriminal aləmdə ad qazanmaq arzusunda olanlar həyati seçim etməlidirlər. Ya hisslərini açıq şəkildə büruzə verib ailə, biznes və dost sahibi olmalı, ya da gələcəyinlə bağlı mühüm qərar verib bütün ömrünü ideya uğrunda sərf etməlisən. Bu cür həyat sürənlərə bariz nümunə kimi əfsanəvi "qanuni oğru" "Vasya Brilliant" ləqəbli Vladimir Babuşkini, eləcə də digər "qanuni oğru" "Vasya Korj" ləqəbli Aleksandr Koçevi və başqalarını göstərmək olar. Bu cür şəxslər oğru həyatının təmizliyini qorumuş, ideya uğrunda yaşamış, prinsip və qaydalardan kənara çıxmadan ömür sürmüşlər.

Beləliklə, "qanuni oğru"nun əvvəllər nəyi vardı və indi nəyi var? Keçmişdə oğrunun heç nəyi olmayıb. Yəni onun bir cüt çəkmədən, gödəkçə və məhbusların sonsuz hörmətindən başqa heç nəyi olmayıb. Etiraf etmək lazımdır ki, hətta polislər belə onlara hörmətlə yanaşırdılar. Oğrunun evi həbsxana, ailəsi isə layiqli, təmiz adını qorumuş dustaq yoldaşları olub.

İndi isə polislərin hörmət etdikləri "qanuni oğru"ları barmaqla saymaq olar. Çünki hazırda "qanuni oğru" hər şeyə – dəbdəbəli şəhərkənarı evə, bahalı avtomobilə, bank hesabında milyonlara və s. sahibdir. Düzdür, hələ də az da olsa köhnə "qvardiya" üzvlərindən "qanunçular" var. Lakin onların sıraları gün keçdikcə bir qədər də seyrəlir.

Həbsxanalardan oğrulara daha böyük pullar çatır

Bu gün oğrular nə üçün mübarizə aparır? İdeya uğrunda? Xeyr! Onlar müxtəlif maliyyə axınlarına nəzarət üçün bir-birinə düşmən kəsiliblər. Götürək elə Rusiyanı. Hazırda qonşu ölkədə 165 saxlanma təcridxanası mövcuddur. Mərkəzi həbsxanaların doqquzu isə Moskvadadır. Və həmin 9 saxlanma təcridxanasında ümumilikdə təxminən 29 min insan var. Məsələn, "Butırke"də bu gün 3 minə yaxın, "Matrosske"də isə 2 min 5 yüz insan saxlanılır. Deyilənlərə görə, adıçəkilən həbsxanalarda hər məhbus "obşak"a bir ay üçün 500 rubl çatdırmalıdır. Hər "xata"dan 5 min rubl isə oğrulara gedir. Belə çıxır ki, təkcə Moskvada oğrular üçün ay ərzində 13 milyon rubl pul yığılır. Ümumi Rusiya üzrə isə həbsxanalardan oğrulara daha böyük pullar çatır...

Rusiya Federasiyasının penitensiar sisteminin qısa təsvirinə nəzər salsaq, o zaman aydın olur ki, 758 islah koloniyasında 734,7 min nəfər, 225 istintaq təcridxanasında, 7 həbsxanada və 164 saxlama yerlərində, iş rejimli istintaq təcridxanasında ümumilikdə 147,5 min nəfər, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş 62 islah koloniyasında 7,7 min nəfər saxlanılır. Beləliklə, bu gün Rusiya Federasiyasında ümumilikdə 889 900 nəfər müxtəlif cinayət əməlinə görə cəza çəkir. Bu insanlar 100 milyonlarla rubl ödəməklə təxminən 500 "qanuni oğru"nu saxlayır. Bu, məhbusların özünəməxsus bir növ dəstək fondudur. Məsələn, oğrulardan biri azadlığa çıxır. Bu zaman həmkarları "obşak"dan, həmin dəstək fondundan ona pay ayırırlar. Məbləğ isə fərdi müəyyənləşdirilir, 50 min də olar, 300 min də. Başqa bir misal çəkək. Tutaq ki, "qanuni oğru"nu saxlayıblar və problemin həlli üçün 3 milyon lazımdır. Bu zaman da məbləğ həmin "fond" tərəfindən ödənilir. Pulun necə və hara xərclənməsinə oğru özü qərar verir. O, istəsə, pulu ümumi "katyol"a atar, istəsə, şəxsi ehtiyaclarına sərf edər, istəsə də, məhbusların saxlanma şəraitlərini yaxşılaşdırmağa nail olar. Qısacası, oğru aləmində "obşak" müqəddəsdir...

"Bu gün "qanuni oğru"lar arasındakı mübahisələr, fitnə-fəsad, müharibələr hamısı pula görədir..."

Hazırda "qanuni oğru"lar kiçik alverdən tutmuş nəhəng biznesə qədər bütün gəlirli sahələrə "krişa"lıq edir, həbsxanalarda spirtli içkilərin və narkotik maddələrin yayılmasına nəzarət edir, eyni zamanda, müxtəlif mütəşəkkil cinayətkar qruplaşmalardan, dələduzlardan, cibgirlərdən və digərlərindən "dolya" adı ilə gəlir götürürlər. Belə ki, bu gün Rusiyada hər "vicdanlı cinayətkar" öz "gəlir"inin 10 faizini "qanuni oğru"ya verir. Bu isə ümumilikdə on milyonlarla rubl edir. "Obşak"ın hesabına oğru məhkəmə və istintaq vaxtı, eləcə də həbsdə olduğu müddət ərzində köməyə ümid edə, hətta yardım tələb edə bilər. Məlumat üçün bildirək ki, son vaxta qədər ümumrusiya oğru "obşak"ının sahibi ötən ilin yanvar ayında qətlə yetirilmiş "Ded Xasan" ləqəbli Aslan Usoyan olub.

Bu gün oğru ideya uğrunda, prinsipləri üçün, məhbusların xeyrinə deyil, büdcəsi on milyonlarla olan "obşak"ın gəlirlərindən yararlanmaq, müxtəlif biznes strukturlarından gələn gəlirlərə ortaq olmaq naminə oğurluq edir. Hələ sağlığında əfsanə olmuş "Qoqi" ləqəbli "qanuni oğru" Qeorqiy Çikovani bununla bağlı belə deyib: "Mənim yolumla gedənlərə həsəd aparmıram. Bir-biri ilə müharibə oğru üçün çox pisdir. Əvvəllər belə deyildi. Təcrübəsiz oğrular hərdən ac qalırdılar. Əgər oğurlamasan, onda yeməyə heç nə olmayacaq. Oğru acolmalıdır, hansısa biznesə rəhbərlik etməməlidir. Axı bu gün "qanuni oğru"lar arasındakı mübahisələr, fitnə-fəsad, müharibələr hamısı pula görədir..."

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR