Bakı neftinin hesabına varlanan məzlum yarımcan varlıq – Həyat hekayəsi
Bizi izləyin

Bilgi.az

Bakı neftinin hesabına varlanan məzlum yarımcan varlıq – Həyat hekayəsi

Alfred Nobeli tanımayan insan yoxdur. Onun haqqında çox danışılıb, kitablar yazılıb və film çəkilib. Lakin Nobel özü paradokslarla bol insan olub. "Bizim tərcümə" layihəsi nitroqliserinin, dinamitin yaradıcısı, bəşəriyyətin ən nüfuzlu mükafatının əsasını qoyan Alfred Nobelin həyatında baş verən bir sıra ziddiyyətli hadisələri təqdim edir.

"O, məzlum yarımcan varlıqdır". Bu, Alfred ana bətnində olarkən həkimin onunla bağlı dediyi sözlər idi...

Alfred üçün ən böyük günah nəfsə yenilmək idi. O ən çox diri-diri basdırılmaqdan qorxurdu.

Bu dahi alim, istedadlı biznesmen və dünyaşöhrətli mükafatın təsisçisi paradoksal avtobioqrafiyasını qələmə almışdı.

Heç kəsin sevmədiyi insan. Birinci paradoks

1866-cı il. San-Fransisko. Avropadan gələn paroxoddan üzərində "Silkələməyin! Çini qablar! Mərkəzi Sakit Okean dəmiryollarına məxsusdur" yazısı olan yüzlərlə qutu boşaldılır.

- Bunları hara qoyaq, cənab Smit? - gənc fəhlə oğlan rəhbərindən soruşur.

- Onları Syerra-Nevada dağlarına aparacaqlar. Orada tunel tikirlər. İstəyirlər ki, qatarlar dağ silsiləsinin arası ilə getsin.

- Cənab Smit, tikinti üçün bu qədər qab nəyə gərəkdir?

- Qutulardakı heç də qab-qacaq deyil. Partlayıcı yağ ticarəti ilə məşğul olan isveçli Nobel haqda eşitmisiniz? Deyilənlərə görə, o, öz qəlbini iblisə satıb. Əvəzində isə ondan sirri alıb. Nobel partlayıcı maddə hazırlayır, özü maddəyə toxunduqda heç nə baş vermir. Lakin başqa kimsə bu iblis əşyasına toxunan kimi cəhdləri boşa çıxır. Prezident bu zibillərin daşınmasına qadağa qoyub, bununla belə, qutularda nəyin olmasını yoxlamaq istəyirlər? Bəs podratçılara nə gəlib? Partlayıcı yağı alışdır və tunel hazırdır! Əgər bu maddə kimisə, tutalım, səni və məni partlatsa, burada heç kimin günahı olmayacaq. Ona görə sizə tapşırıram ki, qutularla ehtiyatlı olun! Yerə salmayın!..

Cənab Smit səhv etmirdi. Vəhşi Qərbə boşqab qutularında cənab Nobelin ixtirası olan partlayıcı yağ – nitroqliserin daşınırdı. Nobelə qədər də alimlərin nitroqliserin haqda xəbərləri vardı. Amma "iblis əşyasını" işləyərək onu məhsula çevirə bilən məhz Alfred oldu. İlk milyonlarını da o, bununla qazandı...

1864-cü ildə Nobelin nitroqliserin fabrikasında partlayış baş verdi. Həmin gün partlayış baş verən binada Nobelin 20 yaşlı kiçik qardaşı Emil də daxil olmaqla, 8 insan həlak oldu. Xilas edilmiş 9 insan arasında Nobelin özü də vardı. Onun atası dərddən iflic olsa da, Nobel öz partlayıcı sınaqlarını dayandırmırdı. O inanırdı ki, partlayış sadəcə faciəvi hadisədir. Axı onun özü cəzasız qalıb nitroqliserini qaynayan suyun içinə tökərdi, sonra isə alınan məhlulu sınaqdan keçirərdi... Bir dəfə də ərköyün maddə ya titrəyişdən, ya isinmədən, ya da təsadüfdən başqa insanların əlində partladı. Heç bir il keçmədi ki, Nobelin yeni nitroqliserin zavodu göyə sovruldu, sonra partlayıcının istifadə olunduğu mədən dağıldı, Amerikaya yollanan paroxod partladı. Bax elə onda Stokholm sakinləri Nobeli qəlbini iblisə satmaqda günahlandıraraq, onun şəhəri tərk etməsini tələb etdilər. Nobel bir müddət gəmidə yaşadı, sonra isə ölkəni tərk etdi. O gündən etibarən Nobeli "Avropanın ən varlı avarası" adlandırdılar. Nobel getdiyi hər bir ölkəyə alışır və orada özünü evindəki kimi hiss edirdi.

İsveçdə doğulmuşdu, Rusiyada böyümüşdü, ən böyük laboratoriyası Almaniyada, ən böyük zavodu Şotlandiyada, evi Fransada, villası İsveçrədə, bağı İtaliyada idi. Lakin hər bir yerdə insanların onu görməyə gözləri yox idi. Nobel deyərdi: "Həyat paradokslardan ibarətdir. Nitroqliserindən qorxmaq lazım deyil, sadəcə, onunla düzgün davranmaq lazımdır". Bir gün onun ağlına nitroqliserini daşlaşmış yosunlarla qarışdırmaq gəldi. Bununla da, dinamitin əsası qoyuldu.

O vaxtdan etibarən Nobelin ixtirası ilə bağlı heç bir faciə baş vermədi. Çünki fitili yandırmasan, dinamit işə düşmürdi. Bununla belə, laboratoriyanın yerləşdiyi San-Remodakı bağ qonşusu dinamitin təhlükəsizliyinə inanmırdı. Nobel məcbur qalıb qonşusunun da evini almalı oldu.

Ölümsüzlük. İkinci paradoks

XVII əsrdən bəri Nobel nəslinin bütün kişiləri tarixə düşmək istəyirdi. Ailənin ilk izi 1650-ci illərə gedib çıxır: həmin il Peter Olofsson ailəsinin yaşadığı kənddən universitetə qəbul olmaq üçün Stokholma piyada getdi. Bir çox təhsilli insanlar kimi, kəndli Peter də soyadını latınlaşdırıb, Nobelius oldu. Sonralar isə soyad ixtisara məruz qaldı.

Alfredin atası da şöhrətpərəst idi. Emmanuel Nobel də kənddən Stokholma piyada gələrək maşınqayırma kurslarında təhsil almışdı. Halbuki Emmanuel heç orta məktəb də oxumamışdı.

Emmanuel üzən körpünü, çoxqatlı faneri və... letargik yuxudan əziyyət çəkən adamın qəbirdən sərbəst çıxa bilməsi üçün tabutu icad etdi. Məsələ burasında idi ki, diri basdırılma qorxusu Nobel ailəsində irsən keçirdi.

Yəqin, elə ona görə də Nobel vəsiyyətnaməsində belə bir bənd qeyd edib: "Mənim öldüyüm müəyyən edildikdən sonra damarlarımı kəsib meyitimi kremasiya edərsiniz"...

Təsəvvür edin ki, günlərin birində Nobel qəzetdə öz ölümü haqda məqalə oxuyur. Onun keçirdiyi halı təsəvvürünüzə gətirin. Sadəcə, jurnalist Alfredi onun vəfat etmiş qardaşı Lüdviqlə səhv salmışdı. Yazıq neyləsin, bütün Nobel qardaşları bir-birinə çox oxşayırdılar.

Nitroqliserinin faydası. Üçüncü paradoks

Emmanuel və Karolina Nobellərin bütün uşaqları ağıllı, lakin zəif idilər. Əbəs yerə deyildi ki, səkkiz uşaqdan dördü sağ qalmamışdı. Nobel ailəsində kişi xətti ilə stenokardiya - ürək xəstəliyi ötürülürdü. Alfred hələ erkən yaşlarından boğulma, revmatizm, mədə pozuntusu, ürəkdə ağrı və miqrenə görə saatlarla başına bağladığı nəm dəsmala görə məktəbə gedə bilmirdi...

Əslində, o, çox yaraşıqlı kişi olub: ortaboylu, qarabəniz, ağıllı və sakit üz cizgilərinə malik bu adamın tünd-göy gözləri vardı. Hazırcavab həmsöhbət idi. Bununla belə, daimi ağrılarına görə qaradinməz görünürdü. Nobel qidaya qarşı həssas idi. Yemək bir yana, həkimin yazdığı dərmanlardan və üzüm şirəsindən belə ürəkbulanmaları və ürəkgetməsi olardı. Yaş keçdikcə onun ürəyindəki problemlər daha da güclənirdi.

Xəstə tamam əldən düşdükdən sonra həkimlər ona yeni bir dərman yazır: nitroqliserin. Bu vaxta qədər nitroqliserin dərman kimi istifadə olunardı. Nobel sonradan bu barədə belə deyəcəkdi: "Məgər bu, həyatın ironiyası deyilmi? Məni varlı insana çevirən nitroqliserin belə, səhhətimi düzəldə bilmirdi"...

Var-dövlət haqda. Dördüncü paradoks

O, özündə iki uyğunsuzluğu birləşdirirdi: istedadlı alim və eyni zamanda sahibkar idi.

Alfred imkanlı ailədə doğulmuşdu. Lakin elə onun dünyaya gəldiyi ildə evləri içərisində olan qiymətli kağız və nağd pullarla birgə alışıb yanır. Bir çox isveçlilər kimi, Emmanuel ailəsi ilə Rusiyanın Sankt-Peterburq şəhərinə köçür. Emmanuel özünün hazırladığı sualtı minaya görə rus-türk müharibələri zamanı yaxşı pul qazana bilir. Onun sayəsində türklərin müttəfiqi olan ingilislər Sankt-Peterburqa girə bilmirlər. Lakin I Nikolayın vəfatından sonra onun biznesi iflasa doğru getdi. Emmanuel Sankt-Peterburqa gəldiyi kimi də iflas içində də tərk edir. Onun iki oğlu Lüdviq və Robert Rusiyada qalırlar. Tədricən onlar Bakıda "neft kralına" çevrilirlər...

Alfred isə atası ilə birgə vətənə qayıtmalı olur.

Müasirləri ondan xoşlanmır, Nobeli "xaltalı ikiayaqlı meymun" hesab edirdilər...

Nobel qadınların seçki hüququna malik olmasının əleyhinə idi.

Qadını axtarın. Beşinci paradoks

Nobelin dahi tapmacası: nəyə görə onun mükafatları siyahısında fizika və kimya üzrə namizədlər var, riyaziyyat üzrə yox? Belə bir fərziyyə var ki, sevdiyi qız Nobeldən üz döndərərək riyaziyyatçını seçib. Bu versiyanın doğru və ya yalan olması məlum deyil. Lakin fakt fakt olaraq qalır: Nobelin sevgidə bəxti gətirməyib. 30 yaşında ikən o, fransız aktrisası Sara Bernara aşiq olur. Nobel onunla ailə qurmaq haqda düşünüb. Lakin anasının "aktrisa ilə izdivac xoşbəxtlik gətirməyəcək" fikrinə görə bu sevdadan vaz keçib.

Karolina Nobel deyib: "Aktyorların qəlbi olmur, onların yalnız rolu olur! Fransada qadına görə məhv olan kişiləri ürəkağrısı ilə qarşılayırlar. Sənin vətənində isə, oğlum mənim, onları axmaq hesab edirlər. Sən axı isveçlisən".

Alfred Nobel ikinci dəfə ailə qurmaq qərarına 41 yaşında gəlir. Onun 33 yaşlı katibəsi Berta Kinskidən yaxşı arvad çıxardı: təhsilli, gözəl idi, siyasət, elm və incəsənətdən başı çıxırdı... Lakin sən demə, Bertanın artıq əri vardı. Qeyd edək ki, Berta yazdığı "Rədd olsun silah!" romanına görə 1905-ci ildə Nobel mükafatına layiq görülüb...

Deyilənlərə görə, Alfred dünya şöhrətli mükafatı Bertanın istəyinə əsasən yaradıb. Alfred hər bir millətin qadınında bir qüsur görərdi: "Parisli qadınlarla söhbət cansıxıcıdır. Rus qadınları isə sabundan istifadə etmirlər".

Günlərin birində Alfred gül dükanında satıcı işləyən alman qıza aşiq olur. Sofinin 26, Alfredin isə 43 yaşı vardı. Alfred onu Fransaya aparır və fransız dil və davranışlarına yiyələnmək üçün ona müəllim tutur. Lakin Sofi az təhsilli, tənbəl və yelbeyin idi. "Sənin yarımsətirlik məktubunda ağıllı bir cümlə yoxdur", - Nobel əsəbiləşirdi. Sofi isə həyatdan zövq alaraq pulları sağa-sola səpələyərdi. Sofi həmişə borca girər, Nobel isə borcları ödəyərdi.

Bir gün Sofi toydan söhbət salanda Nobel karıxaraq belə dedi: "Əzizim, sən çox gözəl qızsan, lakin mənim əsəblərimə toxunursan."

Sofi qəti qərara gəlmişdi ki, Nobelin xanımı olacaq, ona görə də bütün qohum-əqrəbalarına bu soyadla məktub yollayardı.

Alfred bir gün cana doyub onu Avstriyaya göndərdi. Sofi sonradan məktub yazaraq hamilə olduğunu, tənha və borc içində üzdüyünü yazırdı. Lakin Alfredin göndərdiyi pullar ona azlıq edirdi. Sofi özünü Nobelin arvadı kimi qələmə verirdi. Fırıldaqçı qadın Alfredin ölümündən sonra da ondan əl çəkmirdi. Daim Nobel fondundan pul qoparmağa çalışan qadın onları əlində olan 216 məktubu ictimaiyyətə təqdim edəcəyi ilə hədələyirdi. Ona görə də, Nobel mükafatı fondu qadına külli miqdarda pul ödəməklə məktubları ondan aldı.

İndi isə alimlər zarafatca deyir: "Əgər bir fırıldaqçı gülsatan qadın olmasaydı, elm daha varlı olardı"...

Alfred Nobel 63 yaşında, 1896-cı ilin dekabrın 10-da beyinə qansızmadan vəfat edib.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm