Kitabdan niyə qaçırıq? - ARAŞDIRMA
Bizi izləyin

Bilgi.az

Kitabdan niyə qaçırıq? - ARAŞDIRMA

Bəzi yazıçılar oxucuların günü-gündən azalmasının başlıca səbəbi kimi internet və yeni texnologiyaların gətirdiyi yenilikləri göstərirlər. Bu inkarolunmaz fakt olsa da, yeganə səbəb də deyil. 9 milyonluq əhalinin yaşadığı bir ölkədə sadəcə 10 kitab mağazası var. Bu da utandırıcı məqamlardandır. Amma mağazaların az olmağı kitab almaq imkanını tam məhdudlaşdırmır. Oxucunun əl-qolunu kitabların qiyməti də bağlayır. Bu gün ölkəmizdə kitabların qiyməti insanları kitabdan uzaq salıb. Mağazaya daxil olub çoxdan axtardığı bir kitabı görən oxucunun sevinci çox da uzun çəkmir. Qiyməti öyrənən kimi, alovlanan sevinc bir anda təəssüf hissi ilə əvəzlənir.

Kitabların qiymətinin bu qədər yüksək olmasının səbəbləri isə müxtəlifdir.

"Çaşıoğlu" Nəşriyyatının direktoru Eldar Əliyev qiymətlərin iki əsas səbəbə görə yüksək olduğunu düşünür:

"Azərbaycanda poliqrafiya sahəsində heç bir məhsul istehsal olunmur. Bütün məhsullar texnika da daxil olmaqla, xarici ölkələrdən idxal edilir. Həmin məhsulların üzərinə qoyulan vergilər də qiymətlərə birbaşa təsir edir. Buna görə də, 5 manatlıq kitab 15 manata nəşr olunur. Biz dəfələrlə bu məsələ bağlı münasibət bildirmişik, təkliflər səsləndirmişik. Poliqrafiya məhsullarının qiymətinin aşağı salınması, kitab satışına da birbaşa təsir edər".

O, ikinci səbəb kimi Əlavə Dəyər Vergisinin (ƏDV) yüksək olmasını göstərdi:

"ƏDV-nin ləğvi də kitabın qiymətinə və oxucu sayına müsbət təsir edərdi. Bu verginin ləğv olunması hər bir kitabın 18% daha ucuz qiymətə satılması deməkdir".

Bu gün dünyanın bir sıra ölkələrində ƏDV ya ləğv olunub, ya da çox azdır. Moldova, Tacikistan və Gürcüstanda kitab satışına ƏDV tətbiq edilmir. Hollandiyada ƏDV 6%, Macarıstan, Litva, İspaniya, İtaliya və Almaniyada isə 4%-dir. Azərbaycanda isə, kitablara 18% ƏDV tətbiq olunur. Bu isə bazardakı qiymətlərə birbaşa təsir edir.

"Əli və Nino" mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli də kitab satışının azlığını qiymətlərlə bağlayır:

"Qiymətlərin yüksək olmasının əsas səbəbi ƏDV ilə bağlıdır. Çünki dünyanın əksər ölkələrində kitablara heç bir vergi tətbiq edilmir. Bizdəki 18% ƏDV isə, satışa mənfi təsir edir. Əksər alıcı qiyməti öyrənəndən sonra kitab almaqdan imtina edib. Oxucu düşünür ki, kitaba 5 manat verməkdənsə, evi, ailəsi üçün nə isə alar. Bu çox acınacaqlı hal olsa da, bir gerçəklikdir. Vəziyyətin dəyişməsi üçün mütləq dövlət tərəfindən yazarlara dəstək olmalıdır, kitab üzərində ƏDV ləğv edilməlidir".

Qiymətin oxucuların seçiminə nə qədər təsir etdiyini də öyrəndik. Paytaxt sakinləri arasında keçirdiyimiz sorğudan məlum oldu ki, qiymət həqiqətən də ciddi problemdir.

Sevinc Əsədova: "Mənim üçün kitabın qiyməti çox önəmlidir. Kitab alanda ilk olaraq qiymətinə baxıram. Uyğun deyilsə, almıram".

Nərgiz Həsənova: "Birinci kitabın qiymətinə baxıram, sonra adına. Bəzən çox axtardığım kitab olur, nə qədər baha olsa da, imkan olan kimi almağa çalışıram".

Aliyə Məmmədova: "Mənim üçün əsas kitabın nə qədər maraqlı olması önəmlidir. Düzdür, qiymətlə də maraqlanıram. Amma sevdiyim kitab olanda çox pul verə bilərəm. Hər kitaba da çox pul vermək mümükün deyil. Ona görə də qiymətlərin ucuzlaşmasının tərəfdarıyam".

Cəmilə Əhmədova: "Qiymət əsasdır. Düşünürəm ki, bir dəfə oxuyacağım kitab üçün bu qədər pul verməyə dəyərmi? Bundan sonra kitabı alıb-almayacağım barədə qərar verirəm".

Kitab bazara gələnə qədər hər bir proses qiyməti bir az da artırır. Kitabın hazırlandığı kağızdan tutmuş, satşının təşkil olunmasına qədər bütün məsələlər yazıçının öz hesabına olduğundan qiymətə də təsir edir. Tanınmış yazıçı, "Pen Klub"un vitse-prezidenti Natiq Rəsulzadə bu məsələnin həlli kimi elektron mağazanın yaradılmasını vacib hesab edir:

"Elə bir vəziyyət yaranıb ki, oxucu 2 manatlıq kitabı, 5 manata almaq məcburiyyətindədir. Bu da oxucu sayına təsir edir. Biz dəfələrlə demişik ki, ƏDV ləğv olunmalıdır. Yazıçılar kitab çap etdirməklə pul qazana bilmirlər".

N.Rəsulzadə bildirdi ki, yaxın zamanda yaradılacaq elektron mağaza kitablarla bağlı problemi nisbətən həll edəcək:

"Elektron mağazada həm yazıçı, həm də oxucu qazanacaq. Burada qiymətlər real mağazadan dəfələrlə ucuz olacaq. Həmçinin yazıçıya ya əsərin oxucu sayına uyğun qonarar, ya da birdəfəlik müəyyən vəsait ödəniləcək".

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm