“Maloletka”: “borzı”lar, “blatnoy”lar və... - Avtoritetlərin baş aça bilmədiyi MƏKAN
Bizi izləyin

Bilgi.az

“Maloletka”: “borzı”lar, “blatnoy”lar və... - Avtoritetlərin baş aça bilmədiyi MƏKAN

İşgəncə, hədə-qorxu, kobudluq, qəddarlıq və ən nəhayət, zorlama halları uşaq, eləcə də yeniyetmələr üçün nəzərdə tutulmuş islah müəssisələrinə xas olan gündəlik mənzərədir. Məsələn, əmək islah müəssisələrində mənəvi və fiziki cəhətdən "sındırılmışlar"ın – zorlanmış və daim cinsi obyekt kimi istifadə olunanların sayı ümumi məhbusların 20 faizini təşkil edir. "Maloletka"da, yəni azyaşlılar üçün həbsxanada "sındırılmışlar"dan başqa digər bir qrup məhbuslar var ki, onlar da təhqirlərə, işgəncə və kobudluğa məruz qalırlar. Həmin bu qrupun adı isə "pomoyka" və ya "şestyorka"dır. Bir sözlə, həm "sındırılmışlar", həm də "şestyorka"lar "maloletka"da əsas təhqir hədəfləri olurlar.

İddia etmək olar ki, daimi stress, həddindən artıq narahatlıq, ruhi gərginlik məhbus yeniyetmələrin böyük əksəriyyəti üçün xarakterikdir. Təbii ki, bu, "maloletka"nın sakinlərinin qorxu hissi hər an təhlükənin yaxınlaşa biləcəyindən ehtiyatlanmaları ilə bağlıdır. Azyaşlı məhbuslar arasında yalnız qorxu və etibarsızlıq hissini dəf etməyi bacaran şəxs statusunu yüksəldə, xüsusi hörmət qazana bilər.

Ümumiyyətlə, azyaşlılar üçün həbsxanada məhbusların zorlanılması halları sosial-mədəni amillərlə, eləcə də yeniyetməlik dövrünün psixoloji xüsusiyyətlərilə də bağlıdır. Bu yaşda olan şəxs hələ tam inkişaf etmədiyindən, o, asanlıqla təsir altına düşə və iradəsindən kənar işlərə sövq edilə bilər. Təhqirə məruz qalan yeniyetmə bunu çox kəskin şəkildə qəbul edir və yaşadığı hadisə onun beyninə həkk olunur. Digərləri isə bu cür halları ciddi qəbul etsələr də, bir müddət sonra olub-bitənləri unudurlar.

Bir sözlə, "maloletka"da cəza çəkən məhbuslar zaman keçdikcə qəddarlaşır, şəfqət hissini itirir, digərlərinə qarşı münasibətdə daha da amansızlaşır. Onların özlərinin "dəmir qanun"ları var. Həmin "qanun"lar isə yeniyetmələri mərhələli şəkildə vəhşiləşdirir. Bunun da nəticəsində "maloletka"da bir-biri ilə sözü çəp gələn şəxslər asanlıqla bir-birini ən ağır formada cəzalandırır. Azyaşlılar üçün həbsxanada özünü təsdiq etmək, ümumiyyətlə, sağ-salamat çölə çıxmaq üçün əsas bir şüar var: "Əzməsən, əzərlər". Onlar özlərini digərlərindən tamam fərqli aparırlar. Sanki "maloletka"dakılar üçün həbsxanadan kənarda dünya, həyat yoxdur. Onlar türmədə olduqları müddət ərzində həbsxanadan sonrakı həyat barədə, demək olar ki, düşünmürlər. Bu kimi amillər isə yeniyetmənin pisxoloji vəziyyətinin mürəkkəbləşməsinə, digər dustaqlar arasında özünü təsdiq etmək üçün ən ağlagəlməz hərəkətlərə imza atmasına səbəb olur.

Bir çox kriminal avtoritetlər də dəfələrlə qeyd ediblər ki, "maloletka"dan baş çıxarmaq heç də asan məsələ deyil. Çünki orda zəifə yer yoxdur. Azyaşlılar üçün həbsxanada özünə əmin olmayan yeniyetmə daim özünü digər məhbuslarla müqayisə edir. Belələri ehtiyat edir ki, başqaları onun qorxaq olduğunu düşünəcək. Bu səbəbdən də onlar həm özlərinə, həm də digərlərinə necə güclü olduqlarını sübut etməyə çalışırlar. "Maloletka"da yaşanan dava-dalaşlar da məhbuslar arasında status uğrunda gedən mübarizənin nəticəsidir. Beləliklə, dustaqların özlərini təsdiq etməyə çalışmaları və bu istiqamətdə daimi mübarizədə olmaları sonda yeniyetmə məhbuslar arasında gərgin atmosferin yaranmasına səbəb olur.

"Maloletka" elə bir yerdir ki, istəsən belə orda özünü ətrafdan təcrid edə bilməzsən. Bu heç bir halda mümkün deyil. Əgər sən dava-dalaşdan kənarda qalmaq üçün bir küncə çəkilsən, o zaman yeri gəldi-gəlmədi, hamı sənə söz atmağa, ilişməyə başlayacaq. Bu cür hallar sonda özünü digərlərindən ayırmağa çalışan şəxsin təhqir olunmasına, sındırılmasına, hətta cinsi təcavüzə məruz qalmasına səbəb olur.

Digər cəzaçəkmə müəssisələrində olduğu kimi "maloletka"da da iyerarxiya mövcuddur. Məsələn, "borzı"lar azyaşlıların qeyri-rəsmi iyerarxiyasında ən yüksək pilləni tuturlar. "Blatnoy"lar isə həmin pillədə ikinci yerdə qərarlaşıblar. "Aktivist"lər idarə vəzifəsinə təyin olunan məhbuslara deyilir. "Obijennıye" bu pillədə aşağıdan bir pillə yuxarıda yer tutur. Sonuncu yer isə "opuşennıye" qrupuna aiddir. Bu, dustaqların sosial iyerarxiyasında ən aşağı qrupdur. Digər dustaqlara onlarla danışmaq, salamlaşmaq, alver etmək, bir sözlə, ünsiyyət qurmaq qəti qadağandır. Çünki onlar zorlanmış, cinsi təcavüzə məruz qalmış və gələcəkdə də məruz qalma ehtimalı yüksək olan qrupdur. Bu elə bir kastadır ki, onlar digərlərindən ayrı yaşayır və hətta yeməkləri belə ayrı yeyirlər. Məhz buna görədir ki, "maloletka"ya düşən hər kəs elə ilk gündəcə buranın cəhənnəm olduğunu dərk edib ən azından dustaqların iyerarxiyasında ikinci, üçüncü pillədə özünə yer tutmağa can atır.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm