• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Dinlərin düşməni – satanizm

  • Maraqlı
  • 23 Dekabr 2014 12:45
  • 915 Baxış
Dinlərin düşməni – satanizm

Şeytana inananlar

Bəşəriyyət müxtəlif dinlərə, inanclara sitayiş edir. Kimisi Allaha inanır, ibadət edir, kimisi də Allahı inkar edir. Hələ inəyə sitayiş edənlər də mövcuddur. Ancaq qaranlıq, məxfi saxlanılan inanclar da yaşamaqda və gizli şəkildə təbliğ edilməkdədir.

Satanizm haqqında çox eşitmişik. Satanizm, əsasən xristianlığa, həmçinin bütün dinlərə qarşı çıxan bir hərəkatdır. Terminin mənası "şeytana inanmaq, sitayiş etmək" mənasını verir. Başda xristianlıq olmaqla, bütün dinlərə qarşı üsyanı təbliğ edir. Satanizm öz-özlüyündə fəlsəfi cərəyandır. Onun ardıcıllarının fikrincə, şeytan yeganə müqəddəs varlıqdır. Cəmiyyətdən, sosial mühitdən kənarlaşan adamlar satanist qruplar yaradaraq öz inanclarını təbliğ edirlər.

Satanizm

Qısacası, satanizm – şeytanı və ya şeytan simvolunu təbliğ edən və ona inanmağı əmr edən bir cərəyandır.

Satanizm öz-özlüyündə bir neçə məzhəbə bölünür.

Hər bir məzhəbin fəlsəfəsi də digər məzhəblərə nəzərən fərqlidir. Ancaq ən əsas məzhəb Anton LaVeyin adı ilə bağlıdır. Onun dünyagörüşünə görə, Şeytan – azadlığın, fərdiliyin və ədalətsizliyə qarşı mübarizənin simvoludur.

LaVey hesab edirdi ki, satanist olmurlar, satanist doğulurlar. Satanistlər sosial müxtəliflik, seksual enerjinin açılması və inkişafı, fərdin öz həyatının mənasını tapması və həyati ideyalarına çatması tərəfdarlarıdır.

Şeytan Kilsəsi

Satanizm ifadəsi hərfi mənada "şeytana inanan", "şeytanı rəhbər tutan" mənalarına sahibdir. Bu cərəyanın yaranma səbəbi iudaizmxristianlığa qarşı mübarizə aparmaqdır. Kilsə özünü şərin şüurlu daşıyıcısı və xristianlığın antipodu elan edir.

Şeytan kilsəsi satanist sektaların birincisidir.

Buna "Müasir Etiraz Hərəkatı" demək də mümkündür. Bu hərəkat, başda xristianlıq olmaqla, bütün dinlərə və dinlərin yaratdığı müqəddəs dəyərlərə əksdir.

Bu səbəbdən, başda İngiltərə, FransaAlmaniya olmaq üzrə bəzi Avropa ölkələrində, xüsusilə də ABŞ-da ortaya çıxan, oradan digər ölkələrə yayılan satanizm şeytanın ən əhəmiyyətli xüsusiyyəti olan müxalifliyi və oyanışı əsas tutur, dinin və dini olan hər şeyə qarşıdır və şeytanın, onun təmsil etdiyi düşüncənin yanındadır.

İlk ciddi satanist film

Anton LaVey 1960-cı illərin sonlarında sosial darvinizm ideologiyasını özündə birləşdirən sektanı yaratdı və 1966-cı ildə Kaliforniyada "Şeytan Kilsəsi"ni qurdu.

Satanizmin banisi hesab edilən LaVey cərəyanı inkişaf etdirərək, "Şeytan İncili" kitabını yazdı. Kitabda ən əsas ünsür - şeytan və onun mahiyyətindən bəhs olunurdu. Şeytan, insanın bir növ heyvan olduğu düşüncəsini və dinlərin günah dediyi şeyi təmsil edir. Bu səbəbdən LaVey satanizm, dini və əxlaqi olan hər şeyə qarşı çıxma və bunların əksini etmə əsaslarına söykənir.

Satanizmin təşkilati mənada varlığını ən zirvə nöqtəsinə çatdırdığı dövr 1960-cı illərdir. Xüsusilə bu təlim kino, musiqi və media tərəfindən müxtəlif variantlarda işlənib. Məsələn, Anton Szandor LaVeyin ssenari məsləhətçiliyini etdiyi, ilk ciddi satanizm məzmunlu kinofilmi olan "Rozmarinin Körpəsi" 1968-ci ildə çəkildi.

Pişiyin qurban verilməsi

Satanist mərasimlər, ortaya qoyulan pentaqram işarəsi ətrafında şamların yandırılması, baltaların əldə tutulması, tərs xaç işarəsinin çəkilməsi və ya taxta xaçın yandırılması, şeytana dua edilməsi və pişik qurban kəsilməsi, onun qanının içilməsi ilə keçir. Ümumiyyətlə, bürcləri eyni olan və ya bir-birinə yaxın qız və kişilərin cinsi əlaqəyə girməsi də onların adətlərindəndir. Pişiyin qurban edilməsinin səbəbi isə onun şeytana ən yaxın heyvan olaraq görülməsidir. Bəzən satanist ayinlərdə şeytana bakirə qızlar da qurban verilir.

Satanizmin gündəmə gəldiyi günlərdə bəzi TV kanallarında bir qism satanist ayinlər də nümayiş olunurdu. Bu vaxt bəzi satanistlərin ayinlərində pişiyin qurban kəsilməsi, onun ətini qovrulub yeyiylməsi və qanının içilməsi də görüntülənirdi. Əvvəlcə bunu ifadə etmək lazımdır ki, satanistlər yalnız pişik deyil, xoruz, dovşan kimi heyvanları da qurban edirlər. Çünki satanist ayinində əsas olan hər hansı bir heyvanın qurban edilməsidir. Lakin ölkəmizdəki satanistlər daha çox pişiyi seçməkdədirlər. Bunun da fərqli səbəbləri var:
Bəzi fikirlərə görə, pişik nankor bir heyvandır. Səbəblərdən biri də onun asan ələ keçirilməsidir. İnsanların əksəriyyəti pişiyi sevir və ona dəyər verirlər.

Deməli, pişiyin qurban verilməsi isə ərtafda daha çox qıcıq yaradır, satanistlər də elə bunu istəyirlər. Çünki satanizmin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də daim müxalifəti təmsil etmək, qarşı tərəfdə olmaq və dinin qadağan saydığı şeyləri etməkdir. Bəzi inanclara görə, pişiyin qanını içənə ölümsüzlük verilir. Bunun arxasındakı gerçək səbəb isə şeytanın eyni zamanda "qaniçən" kimi xarakterizə edilməsidir. Başqa sözlə, adam pişiyin qanını içdiyində şeytanın etdiyini etmiş və ya şeytanla qaynaşmış olur.

Satanizm ideologiyası

Adından da məlum olduğu kimi, satanizm Allahın varlığını inkar edir. Bu düşüncə satanizm ideologiyasını azacıq da olsa ateizmə yaxınlaşdırır. Xristian və müsəlman din xadimləri Allahı inkar edən satanistləri ateistlərlə eyniləşdirmək üçün bu fürsəti məqamdan əldə edirlər. Bəli, satanistlər materialistdirlər, yalnız maddənin varlığına inanırlar. Allahın varlığını və bütün metafizik varlıqları (məsələn, mələkləri) də inkar edirlər.

Satanistlər Allaha, müqəddəs kitablara, mələklərə, cənnət və cəhənnəmə, yaxşı ruhların və cinlərin varlığına inanmırlar. Bu baxımdan satanizm konkret olaraq islam inancının batil hesab edə biləcəyi inancdır və ateist dünyagörüşü ilə üst-üstə düşür. Ancaq ateizm din deyil. Yəni satanizm ideologiyasında ən vacib məsələ şeytanın varlığını dərk edib, inanmaqdır.

Ölkəmizdə satanizm

Satanizm Azərbaycanda 2007-ci ildən yayılmaqdadır. Onun tərəfdarları arasında rok musiqisi sevənlər və yeni rok dinləməyə başlıyan gənclər üstünlük təşkil edir. İlk öncə yüngül rok janrlarını dinləyən gənclər sonra ağır rok janrlarına keçirlər. Ən sonda metal-rok janrı – Qara metal (Black M) və Ölüm metal (Death M) gəlir. Bu da bir çox gəncdə sırf satanizmə maraqla nəticələnir. Bu janrı dinləmək Allaha olan inamı günbəgün azalması ilə müşayiət olunur. Və bundan sonra ailədən, cəmiyyətdən uzaqlaşma başlayır. İçinə qapanmalar, pessimizm, rok mahnılar – bütün bunlar gənci satanist olmağa vadar edir. Bununla belə, gəncin həyat tərzi, dünyaya baxışı, zövqü tamamilə dəyişir. Onun üçün tək inanc yeri şeytan olur. Bəzən bu tip adamlar şeytan üçün damarlarını kəsir, intihara meyl göstərirlər. Beləliklə, satanizm ideologiyası mövcudluğunu qoruyur.

Satanizmin təbliğatı

Qonşu dövlətlərimizdə də bu cərəyan var. Qardaş ölkə Türkiyədə satanizm internet yoluyla yayılıb. Daha sonralar isə "heavy metal" qrupları vasitəsiylə əsasən də gənclər arasında genişlənib.

Şeytana inananların çoxunun imkanlı ailələrin uşaqları olduğu, bu uşaqların da dini və bir çox müqəddəs inancları rədd etmələri aşkara çıxıb. Gənclərin bu yola düşməsinin birinci səbəbi bu tip musiqilərə qulaq asmaları ilə başlayır. Sonra isə məsum dost görünüşlü qruplarla əlaqəyə girirlər.

Əhatələrini genişləndirərək inanclarını gücləndirirlər. Əsasən maddi vəziyyətləri yaxşı olan, evlərində kompüterləri və özünə aid otağı olan gənclərin bu cür əlaqələri internetdə çat söhbətləri nəticəsində yaranır. Belə ünsiyyət əsnasında satanistlər maraqlı söhbətə başlayırlar. Bu, ilk addımdır, sonra isə satanistlər bu gəncləri məlumatlandırırlar. Məsələn, satanizmin keçmişi və gələcəyi barədə danışır, gənclərin yaşadıqları yerə yaxın musiqi mağazalarının ünvanlarını verib, bu şəxslərlə əlaqə qurmalarını istəyirlər. Beləliklə də, öz istəklərinə çatırlar.

İzmir polisinin hazırladığı arayışa görə, satanistlərin gerçəkləşdirmək istədikləri əsas aksiyalar bunlardır: "Sultanəhməd məscidinin dağıdılması. Taksimdə məscid tikilməsi nəzərdə tutulan yerin işğalı. Əlyazması olan Quranın murdar yerlərə, yaxud dənizə atılması. Bütün ibadətxanaların dağıdılması".

Buradan yenə görünür ki, satanistlər bütün dinləri özlərinə düşmən bilirlər və onlara qarşı hiyləgərcəsinə savaş açırlar. Təəssüf ki, bu savaşın qurbanları məsum insanlar, gənclər, ana-atalar olur. Satanizmə qarşı dünya təşkilatları ciddi bir tədbir görmürlər.

Hesab edirəm ki, dünyanı idarə edən qüvvələrin bir parçası olan satanistlər hələ uzun müddət insanlara, insanlığa zərbə vuracaqlar.

Son

Bütün bəhs etdiklərimiz öz övladlarımıza, gəncliyimizə, cəmiyyətimizə ötürülən bir informasiyadır. Satanizm bizim ölkədə elə də ciddi şəkildə yayılmayıb. Burada siz nadir hallarda satanist şəxslərlə üzləşə bilərsiniz. Həm də ona görə ki, onlar insanların arasında olmurlar. Təkliyə və ya qaranlığa qapılırlar. Demək istədiyim odur ki, valıideynlər öz övladlarına, dostlar öz dostlarına dəstək olmalı, onun yanında olmalıdırlar. Heş kəsi sevgimizdən, qayğımızdan məhrum etməməliyik.

İnsan tək qalmağa başlayanda hər şeyin dadına baxmaq istəyir. Ona görə çalışaq ki, sevib-sevilək. Həyat sevməyə və zövq almağa dəyər.

Oğuz Ayvaz

Xəbər lenti

DAHA ÇOX XƏBƏR