Susuz səhradan möcüzələr səltənətinə düşən ərəblər - REPORTAJ
Bizi izləyin

Bilgi.az

Susuz səhradan möcüzələr səltənətinə düşən ərəblər - REPORTAJ

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı

Ərəbistan yarımadasında yerləşən, Avropa ilə Hindistan, Uzaq Şərqlə Afrika arasında mühüm körpü rolunu oynayan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) sözün əsl mənasında, möcüzələr ölkəsidir. BƏƏ-nin hər qarışını gəzib dolaşdıqca, zövq oxşayan füsunkar gözəlliklərini seyr etdikcə, ölkə ərazisinin bir zamanlar ucsuz-bucaqsız səhra olmasına inanmaq çətin olsa da, həqiqət göz qabağındadır.

Uzun müddətdir Birləşmiş Ərəb Əmirliklərində yaşayıb, işlədiyimdən bu ölkədə əhalinin, necə deyərlər susuz səhradan möcüzələr səltənətinə düşən ərəblərin günü-güzəranı haqda geniş təəssüratlarım var. BƏƏ insanı ilə bağlı əsl gerçəklikləri Modern.az saytının oxucuları ilə bölüşmək istərdim.

Qədimlərdə yerli ərəblərin od ələyən qızmar günəş altında, çox zaman səhrada tüğyan edən, səmum yeli adlanan isti küləkli havada bədəvi çadırlarında necə yaşamalarını xəyalən təsəvvür edən insan istər-istəməz heyrətlənməyə bilmir. Lakin hal-hazırda ulu babaları səhra sakinləri olan yerli ərəblər zəngin iş adamlarına, susuz səhralar yamyaşıl vadilərə, daxmalar və çadırlar lüks villalara çevrilmiş, dəvələrin yerini isə son model bahalı avtomobillər tutmuşdur. BƏƏ-dəki qeyri-adi gözəllikləri görən şəxs insan zəkasının və əməyinin nələrə qadir olduğunu bir daha dərindən anlayıb dərk edir.

Bir çox ilklərə imza atan, dünyanın ən məşhur turizm və ticarət mərkəzlərindən biri olan BƏƏ-də şəhərlərin müasirləşməsinə, gözəlləşməsinə, hər cəhətli inkişafına xüsusi önəm verilir. Qeyri-adi üslubda ucaldılan möhtəşəm göydələnlər, böyük ticarət mərkəzləri, öz orijinallığı ilə seçilən məscidlər, saysız-hesabsız VİP otellər, insanların istirahətini təmin edən gözəl parklar, yaşıllıqlar, kilometrlərlə uzanan dəniz sahili dəbdəbəli villalar ilk baxışdan insanı valeh edir. Yollarına gəlincə, ucu-bucağı görünməyən "şüşə" kimi rahat yollar, ən müasir üslubda tikilən nəhəng körpülər göz oxşayır. Yay fəslində havanın temperaturu 50 dərəcədən yüksək olsa da, asfalt-beton örtüklü yollar nə əriyir, nə də ki, çat verir. Gecələr şəhərlərin, qəsəbələrin ən ucqar küçələri belə al-əlvan işıqlarla alışıb-yanır. Hər yerdə hökm sürən qayda-qanun, səliqə-səhman da öz yerində...

Səhradakı cənnətin "baş memarı"

Dünyanın ən zəngin müsəlman dövləti olan BƏƏ güclü iqtisadiyyata malik ölkələrdən biridir. Bu uğurlu inkişafın əsl səbəbkarı ölkəyə 33 il rəhbərlik etmiş, xalqın "millət atası" adlandırdığı Şeyx Zaid bin Sultan əl-Nəhiyandır. BƏƏ dövlətinin qurucusu və "baş memarı" olan Şeyx Zaid neft yataqlarının kəşf edilməsində, işlənilməsində və eləcə də "qara qızıl"dan gələn gəlirin yerli əhalinin maddi-sosial rifahı yolunda xərclənməsində əvəzsiz xidmətlər göstərən tarixi şəxsiyyətdir. Millətini sevən, xalqına sözün əsl mənasında dəyər verən Şeyx Zaidin uzaqgörən siyasəti nəticəsində ölkə həqiqətən sürətli inkişaf yolu keçmiş, xəritədə olmayan yeni və müasir şəhərlər salınmışdır. Neft ixracatından gələn gəlir ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yatırılmaqla yanaşı, vətəndaşlar arasında bərabər bölünmüşdür. Bu səbəbdən BƏƏ vətəndaşları öz xilaskarları, millət atası Şeyx Zaid bin Sultanı ehtiramla və hörmətlə yad edir, xatirəsini daima əziz tuturlar.

Abu Dabi Universitetində təhsil aldığım illərdə mərhum Şeyx Zaidin dəfələrlə tələbələri ziyarətə gəldiyinin şahidi olmuşam. Tələbələrlə keçirdiyi görüşlərdə yaxından iştirak edərək çıxışlarını izləmişəm və onun gənclərə verdiyi məsləhətləri, öyüd-nəsihətləri, eləcə də müdrik kəlamları indiyə qədər xatirimdədir. Şeyx Zaid milli lider, uzaqgörən siyasətçi, dahi şəxsiyyət olmaqla bərabər, həddindən artıq sadə insan idi. Tələbələrin "əl-Valid" (ata) deyə müraciət etdikləri Şeyx Zaid hər kəsə ata nəvazişi göstərir, bayramlarda hədiyyələr, pul mükafatları paylayırdı.

"Nağılları reallığa çevirən" məmləkət

1953-1962-cı illərdə Abu-Dabi, 1966-1972-cı illərdə Dubay əmirliyində böyük ehtiyatlara malik neft yataqlarının kəşfindən və işlənilməsindən sonra BƏƏ tanınmayacaq dərəcədə dəyişdi və dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildi. BƏƏ nəinki günbəgün, hətta saatbasaat yüksək templə inkişaf edir, müasirləşir və insan bəzən ölkədəki bu dinamik inkişafın sürətinə mat-məətəl qalır.

Şərqlə Qərbin misilsiz harmoniyasını özündə təcəssüm etdirən, müasirliyi və gözəlliyi ilə inkişaf etmiş ölkələri geridə qoyan BƏƏ-də ölkə iqtisadiyyatına kifayət qədər gəlir gətirən turizm sektoru, biznes mərkəzləri, azad iqtisadi ticarət zonaları yaradılıb. "Vergidən azad ölkə" adlanan BƏƏ-də xarici banklar və neft şirkətləri istisna olmaqla, istənilən fiziki, hüquqi şəxslər, müəssisələr, firmalar vergidən azaddırlar.

1977-ci ildə Dubay əmirliyi ərazisində, şəhərdən 30 km aralı məsafədə vergi rüsumundan azad "Cəbəl-Əli" Azad İqtisadi Ticarət zonasının yaradılması BƏƏ iqtisadiyyatının daha da sürətlə inkişaf etməsinə səbəb oldu.

Dünyanın ən iri azad ticarət mərkəzi sayılan bu zonada 33 milyard dollara başa gələn Dubay Beynəlxalq Ticarət Mərkəzi, Cəbəl-Əli Beynəlxalq Dəniz Ticarət Limanı, əl-Maktum Beynəlxalq hava limanı, saysız-hesabsız iri fabrik, zavod, şirkətlər fəaliyyət göstərir. Cəbəl-Əli limanının müasir, ən yüksək standartlara cavab verməsi, su və enerji təchizatı kimi xidmətlərdə qiymətlərin ucuz olması və eləcə də, fəhlə qüvvəsinin bolluğu "Azad İqtisadi Zona"nın əsas üstünlüyüdür. BƏƏ-də ticarətdən gələn gəlirin 51 faizi yerli ərəblərin, 49 faizi isə əcnəbi iş adamlarının payına düşür.

BƏƏ-nin neft ixrac edən əmirliklərinin Milli bankları "qara qızıl"dan gələn gəlirləri xarici banklarda yerləşdirmək üzrə ixtisaslaşıb. Tarixən tacirlik ənənəsi ilə məşhur olan Dubay əmirliyinin bankları ixrac və idxal əməliyyatları sahəsində də fəaliyyət göstərirlər.

11 iqtisadi düsturu=1+1

"1+1=2 riyazi qanun olsa da, ağıllı insan odur ki, iqtisadiyyatda 1+1=11 etsin" deyən BƏƏ şeyxlərinin uğurlu iqtisadi siyasəti nəticəsində neft gəlirlərindən məqsədyönlü şəkildə istifadə edilərək, bütün sahələrə iri həcmli investisiyalar yatırılıb. Ölkədə neft sektoru ilə yanaşı, turizm, xarici və daxili ticarət, tikinti, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Son illər BƏƏ-də kənd təsərrüfatı sürətlə inkişaf etmişdir. Yerüstü su mənbələri olmayan, ilboyu yüksək temperaturun, əlverişsiz aqroiqlim şəraitin olmasına baxmayaraq, körfəz suyunun təmizlənməsi və şirinləşdirilməsi, eləcə də müasir suvarma üsullarından geniş şəkildə istifadə olunmaqla səhralıq ərazilərdə əkilən plantasiyalarda müxtəlif növ meyvə-tərəvəz yetişdirilir. Ölkənin kənd təsərrüfatı əhalinin meyvə, tərəvəz, bostan və ağartı məhsullarına olan tələbatını təmin edir.

Təhsil

BƏƏ hökuməti təhsilin inkişafı və müasir standartlara cavab verməsi, elmi kadr potensialının artırılması və yüksək ixtisaslı kadr hazırlığının təmin edilməsi məqsədilə dövlət büdcəsinin 33 faizini təhsilə sərf edir. Ölkə təhsilinin əsas devizi Məhəmməd Peyğəmbərin (s.a.v) nurlu kəlamı olan "Beşikdən qəbr evinə qədər elm öyrən" nəsihətidir.

BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil pilləsindən ali təhsil pilləsinə qədər ölkənin bütün vətəndaşları üçün pulsuz olaraq icbaridir. Məktəbli və idman formaları, kitablar, zəruri avadanlıqlar, ipadlar, əlavə vəsait və nəqliyyat vasitəsi ilə şagirdlərin təminatı daxil olmaqla bütün xərclər dövlət hesabına ödənilir.

Orta məktəblərdə şagirdlərin bilik və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi ilə yanaşı, cəmiyyətin tələblərinə uyğun şəkildə şəxsiyyət kimi formalaşmalarına xüsusi diqqət yetirilir. Son illərdə BƏƏ höküməti ardıcıl olaraq təhsilin inkişafı üçün mühüm əhəmiyyət kəsb edən müvafiq islahatlar, xüsusi dövlət proqramları həyata keçirir. Tətbiq olunan proqramların əsas məqsədi orta məktəb məzunlarının dünya universitetlərində təhsil almalarına tam hazırlıqlı olmaları və ali təhsilli mütəxəssislərin qlobal əmək bazarında rəqabət apara bilmələrini təmin etməkdir. Orta təhsil pilləsində reallaşdırılan bütün islahatlar ölkənin "Vuzarat Tarbiya vu Taalim" adlı Təhsil Nazirliyi tərəfindən həyata keçirilir.

BƏƏ-də ümumi orta təhsil səviyyəsi 4 pilləyə bölünür:

"Roda" - Məktəbəqədər təhsil (KG1- KG2 adlanan 2 illik mərhələ 4-6 yaş)

"İbtidəi" - İbtidai təhsil pilləsi (I-V sinif 7-10 yaş)

"Aedadi" - Əsas təhsil pilləsi (VI -IX sinif 11-14 yaş)

"Sənəviyyə" - Tam orta təhsil pilləsi (X-XII sinif 15-18 yaş)

Təhsil müəssisələrində 5 günlük dərs rejimi tətbiq edilməklə tədris əsasən ərəb və ingilis dillərində aparılır. Həftənin bir günü şagirdlər üçün müxtəlif növ idman yarışları, tarixi məkanlara ekskursiya, ölkə daxili şəhərlərə səyahətlər təşkil olunur. BƏƏ-də məktəbəqədər təhsildən sonra oğlanlar və qızlar ayrı-ayrılıqda təhsil alırlar.

"Aedadi" adlanan təhsili bitirən şagirdlər öz istəklərinə uyğun olaraq "əl-elmi" (texniki) və ya "əl-ədəbi" (humanitar) adlanan xüsusi təmayüllü fənnlər üzrə təhsillərini davam etdirirlər. Onu qeyd edim ki, ölkə mədrəsələrində (məktəblərdə) ümumi fənnlərdən başqa "əl-din" islam dini , "tərbiyə-əl-isləmiyyə" (islam tərbiyəsi), "tərbiyyə əl-vataniyyə" (vətən tərbiyəsi) kimi fənnlər də tədris olunur. Təhsil müddətində şagirdlər 150 dollardan başlayaraq 700 dollara qədər aylıq təqaüdlə təmin olunurlar.

BƏƏ-də ilk universitet 1976-cı ildə Al-Ayen şəhərində təsis edilib. Bu ali təhsil müəssisəsi biznes, media, təhsil və s. bölmələr üzrə 9 kollecdən ibarətdir. Ölkənin ən məşhur və nüfuzlu universitetləri bunlardır:

Şeyx Zaed Universiteti, Abu-Dabi Dövlət Universiteti, Dubay Amerikan Universiteti, Şarca Dövlət Universiteti, Acman Elm və Texnologiya Universiteti, Neft İnstitutu, İttihad Universiteti və s.

Universitetlərdə təhsil alan yerli tələbələrə təqaüdlər verilir. Təqaüdün miqdarı tələbənin təhsildəki müvəffəqiyyət dərəcəsindən asılıdır. Universitetlərin tələbə və müəllim heyəti ildə bir dəfə dövlət hesabına Avropa ölkələrinə və Səudiyyə Ərəbistanına ümrə ziyarətinə göndərilir.

Öz seçimində azad olan və xaricdə təhsil almaq istəyən BƏƏ vətəndaşının təhsil, tibbi, yaşayış və s. xərcləri dövlət tərəfindən ödənilir. Bundan əlavə, BƏƏ dövləti xaricdə təhsil alan tələbəyə hər ay iri məbləğdə təqaüd ayırır. Yerli universitetləri bitirən gənc mütəxəssislər xarici ölkələrə ixtisasartırma kurslarına dövlət hesabına göndərilir.

BƏƏ-də müəllimlərin aylıq məvacibi

Orta və ali təhsil müəssisələrində pedaqoqların maaşı 10 min dollardan başlayır və iş stajı artdıqca aylıq məvacib də artır. Bundan əlavə, hər il məzuniyyət müddətində müəllimin və ailə üzvlərinin dünyanın istənilən ölkəsinə gediş-gəliş xərcləri dövlət tərəfindən ödənilir. Müəllim xaricdə istirahətdən imtina etdikdə isə bu məbləğ onun şəxsi hesabına köçürülür.

Səhiyyə

İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi BƏƏ-də həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ölkədə sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.

BƏƏ-də yerli əhali üçün hər cür müayinə, müalicə, dərmanlar və cərrahi əməliyyatlar pulsuzdur. Dövlət xəstəxanalarında həkimlərin maaşı 10-15000 min dollar, tibb bacılarının aylıq məvacibi isə, 1500-2000 dollar civarındadır. BƏƏ vətəndaşları xaricdə müalicə aldıqda və ya əməliyyat olunduqda bütün xərclər dövlət tərəfindən ödənilir. Xarici ölkədə xəstəni müşaiyət edən ailə üzvlərinin xərclərini də dövlət ödəyir və eyni zamanda, həm xəstənin, həm də onu müşaiyət edənlərin hər birinin aylıq məvaciblərinin ikiqat məbləği şəxsi hesablarına köçürülür. Məsələn, aylıq maaş 10000 dollardısa, vətəndaşa hər ay 20000 dollar ödənilir.

Abu-Dabi əmirliyinin vətəndaşlarına "gold kart" adlı xüsusi tibbi kart və məlumat kitabçası verilir. Bu gold kart vasitəsi ilə əmirlikdəki istənilən özəl klinikalara, xəstəxanalara müraciət edən şəxslərin tibbi xərcləri dövlət tərəfindən ödənilir. Məlumat kitabçasında nəinki ölkə daxili, hətta dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən ən məşhur özəl klinikaların da adları vardır. Xarici ölkədə olarkən qəfildən səhhətində hər hansı bir problem yaranan Abu-Dabi əmirliyindən olan vətəndaş məlumat kitabçasında adı yer alan klinikaya və ya xəstəxanaya müraciət etdikdə bütün tibbi xərclər dövlət tərəfindən ödənilir. Bundan əlavə, əgər xəstə xarici ölkədə əməliyyat olunmaqdan imtina edərsə, o zaman əcnəbi cərrah-həkim müəyyən müddətə ölkəyə gətirilir. Onu da qeyd edim ki, BƏƏ-də tibbi əməliyyat üçün ən çox dəvət olunan həkimlər briqadası Britaniya və ABŞ-dan olan cərrahlardır.

BƏƏ vətəndaşlarına verilən imtiyazlar və müavinətlər

Əhalisinin hər 50 nəfərindən biri milyonçu olan BƏƏ sosial göstəricilərinə görə öndə gedən dövlətlər sırasındadır və ölkədə həyat səviyyəsi ildən-ilə artır. Əldə edilən neft gəlirlərindən il ərzində hər bir vətəndaşa orta hesabla 500 min dollar pul ayrılır.

BƏƏ-də yerli əhali ən azı 8-10-12 otaqlı villa ilə təmin edilir və ev üçün mebel dəsti, lazımı əşyalar almaq üçün vətəndaşa 30-35 min dollar məbləğində pul verilir. Bundan əlavə, torpaq sahəsi və villa tikmək üçün 25 illik faizsiz kreditlər verilir ki, müəyyən müddətdən sonra bu kredit də dövlət tərəfindən ödənilir. Dövlət ehtiyacları üçün vətəndaşın evi və ya torpaq sahəsi alınırsa həmin vətəndaşa daha böyük ərazi və villa verilməklə yanaşı, hətta ailənin hər bir üzvü şəxsi yaşayış sahəsi olan evlə təmin edilir.

BƏƏ-də yerli əhali üçün kommunal xərclərdə böyük güzəştlər vardır. Abu-Dabi əmirliyində şəxsi villalarda, evlərdə istifadə olunan su, bələdiyyə xərcləri pulsuzdur, elektrik, təbii qaz üçün vətəndaşlar aylıq məbləğin yalnız 25 faizini ödəyirlər. Şəxsi evlə təmin olunana qədər kirayədə yaşayan vətəndaşların icarə pulu da dövlət tərəfindən ödənilir.

"Vuzarat əl-Şuun əl-İctimaiyyə" (Sosial İşlər Nazirliyi) tərəfindən işləməyən vətəndaşlara hər ay 1100 dollar məbləğində pul verilir.

BƏƏ-də yeni ailə quran cütlüklərə hədiyyə olaraq "Sanduq əl-Zavac" adlanan Evlilik Fondu tərəfindən 100 min dollar məbləğində pul verilir. Çoxuşaqlı ailələrin kredit borcları dövlət tərəfindən ödənilir. Ailədəki uşaqların sayına görə hər ay valideynlərə ömürlük müavinət verilir.

Əri vəfat etmiş, boşanmış, yaşı ötmüş qadınlara aylıq sosial müavinətlərlə yanaşı dövlət ev, torpaq sahəsi və pul verir. Onu da qeyd edim ki, əlavə müavinətlərdən başqa, dul qadına hər ay vəfat etmiş həyat yoldaşının aylıq məvacibi tam olarar ödənilir.

Ordu, polis və neft sahəsində çalışan BƏƏ vətəndaşlarına yüksək maaşla bərabər, illik mükafatlar, xüsusi imtiyazlar verilir. Banklar yerli əhaliyə krediti cüzi faizlə verirlər. Bayramlarda yerli əhaliyə ev, torpaq sahəsi hədiyyə olunur, vətəndaşların banklara olan borcları bağlanır.

Hər hansı bir problemlə bağlı BƏƏ vətəndaşları şeyxlərin başçılıq etdiyi "Divan"a müraciət edərlərsə, qarşılaşdıqları çətinliklər anında həll olunur. Bundan əlavə, ayda iki dəfə istirahət günlərində şeyxlər qəsrlərində, əyalətlərdəki villalarında vətəndaşları qəbul edirlər. Yerli sakinlərin dediyi kimi: "Şeyxin qapısına gedən, ona ağız açan şəxs heç vaxt əliboş və naümid qayıtmır".

Bələdiyyələr tərəfindən hər ay vətəndaşlara güzəştli qiymətə zəruri ərzaq məhsullarından ibarət "ərzaq səbəti" verilir. "Ərzaq səbəti"nə düyü, un, yağ, şəkər, çay və s. qida məhsulları daxildir.

Şəxsi biznesini qurmaq istəyənlərə biznes fondu tərəfindən iri məbləğdə faizsiz kreditlər verilir. Ümumiyyətlə, BƏƏ-də bir çox dövlət fondları fəaliyyət göstərir ki, bu fondların əsas məqsədi əhalinin maddi-rifah halının yüksəldilməsini təmin etmək, ehtiyacı olan insanlara, aztəminatlı ailələrə yardım etməkdir.

Beləliklə, haqq-ədalətin, qayda-qanunların hökm sürdüyü, bürokratiya, korrupsiya və rüşvətdən uzaq sistem əsasında qurulan BƏƏ dövləti öz vətəndaşlarına sözün həqiqi mənasında xoş güzəran bəxş edib. Həqiqətən, "nağılları reallığa çevirən" ölkə adlandırılan BƏƏ səhradakı cənnət, milli-mənəvi və islami dəyərlərə bağlı olan vətəndaşları isə, bu cənnətin xöşbəxt sakinləridir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm