Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI
Bizi izləyin

Bilgi.az

Milli Məclisin ağlamalı gülməcələri - MARAQLI

Sabiq deputat, hazırda AMEA-ın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov millət vəkili olduğu dönəmlərdə parlamentdə yaşanan maraqlı və məzəli hadisələri sonradan kitab halında cəm edib. "Milli Məclisin ağlamalı gülməcələri" adlanan kitabça əslində N.İmanovun zaman zaman-etdiyi qeydlərin nəticəsidir. Müəllif onu Milli Məclisdə qazandığı dostlarına həsr edib.

Modern.az saytı həmin kitabçadan daha bir neçə əhvalatı təqdim edir:

BU BAŞQA MƏSƏLƏ

İclasın qurtarmasına 30 dəqiqə qalmış sədrlik edən Yaşar Əliyevə müraciət etdim:

- Yaşar müəllim, keçən iclasda Milli Məclis qərar qəbul edib ki, hər iş gününün son yarım saatını cari məsələlərin müzakirəsinə həsr etsin. Odur ki, ikinci məsələyə keçməyin. Keçin cari məsələlərə.

- Bax, Siz yenə də aranı qarışdırmaq istəyirsiniz. Amma ağlınız Murtuz müəllimə getməsin, nə qədər ki, sədr mənəm, belə şey olmayacaq. Keçirik ikinci məsələyə.

- Yaşar müəllim, söhbət mənim istəməyimdən getmir, Milli Məclisin qərarından gedir. Sizin bu qərarı pozmağa nə haqqınız var?

- Deməli, indi də şantaja başladınız? Mən heç MM-in qərarını pozaram? Sadəcə olaraq, Milli Məclis belə bir qərar qəbul etməyib. Adətinizdir də, özünüzdən uydurursunuz. Keçirik ikinci məsələyə.

- Yaşar müəllim, bunu mən özümdən necə uydururam ki, əhvalat 100 nəfərin şahidliyi və səsverməsi ilə

olub. İnanmırsınızsa, deputatlardan soruşun.

- Səfa müəllim, bir arayış verin görək, Milli Məclis belə bir qərar qəbul edib?

- Bəli, Yaşar müəllim, edib.

- Bu başqa məsələ. Onda keçirik ikinci məsələyə

Veto

Milli Məclis mütəmadi olaraq yer adlarının dəyişməsi haqqında məsələ müzakirə edirdi. Dəfələrin birində Maksim Musayev təklif etdi ki, Ermənistanda qalan rayon və kəndlərimizin adını buradakı yaşayış məntəqələrimizə verək. Mübahisə düşdü. Ara qarışdı. Heç ondan çıxmayan iş, adətən özü mübahisə salan Mirmahmud Fəttayev bu səfər mübahisələri kəsdi:

- Məsələ belədir,- dedi,- bir adamın ki öz adı Maksim ola, onun Azərbaycan adları barəsində danışması həm etik, həm də hüquqi cəhətdən yolverilməzdir. Ona görə də təklif edirəm ki, Maksim müəllim öz adını dəyişməyincə onun, ümumiyyətlə, ad barəsində danışmasına veto qoyulsun!

"Zontik" əhvalatı

Asəf Hacıyev başına gələn bir əhvalat danışır:

"Türkiyədə işləməyə təzə gəlmişdim. Bir axşam kafedra müdirim beş yaşlı qız nəvəsi ilə bir neçə dəqiqəlik evimə gəldi, mənə bir kitab verib getdi. Yarım saatdan sonra zəng etdi:

- Şəmsiyyə sizdə qalmayıb ki, Asəf bəy?

- Xeyr, -dedim, - Sizinlə getmədimi?

- Xayır, xayır, lütfən odanızı bir daha kontrol edərmisiniz?

- Əvət, -deyib dəstəyi qoydum və fikirləşdim ki, işə bax ha, kişi nəvəsini itirib, taqsırkar da axırda mən olacam. Ora-bura baxdım. Şkafın qapısını açıb, "Şəmsiyyə, harda gizlənmisən?" dedim. Səs gəlmədi.

Dedim bəlkə koridorda qapının dalında-zadda gizlənib. Eşiyə çıxıb "Şəmsiyyə, ay Şəmsiyyə" deyə o baş –bu başa üçcə dəfə var gəl etdim. Yenə bir şey çıxmadı.

Səhərəcən yata bilmədim. İşə çatar-çatmaz özümü hövlnak müdirin otağına yetirdim. Məni görən kimi sevincək bir səslə:

- Şəmsiyyə şuradaymış, Asəf bəy, -dedi və küncdəki çətiri göstərdi. Demə, Türkiyədə buna şəmsiyyə deyirmişlər. Və mən yalnız onda başa düşdüm ki, dünəm koridorda rastlaşdığım adamlar niyə mənə dəliyə baxırlarmış kimi baxırlar".

Həmin adamlara Natiq Rəsulov da haqq qazandırdı:

- Ha bu yazıxlar neynəsinnər? Görüllər ki, salidni bir kişi o baş – bu baş düşüddü qaridorun canına, həblə

"zontix-zontix" diyif duruddı."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm