• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Orleanlı bakirə və ya bəraət qazanmış ifritə - ARAŞDIRMA

  • Maraqlı
  • 23 Yanvar 2015 12:30
  • 1 855 Baxış
Orleanlı bakirə və ya bəraət qazanmış ifritə - ARAŞDIRMA

Tarix elminin qəribə bir xüsusiyyəti var. Bəzən dəqiq faktlara yox, mif və əfsanələrə istinad edilir. Amma nəzərə almaq lazımdır ki, əlyazmalar və tarixi sənədlər kifayət qədərdir. Bu zaman ölkənin tarixi yenidən yazılır, yeni faktlar ortaya çıxır, müəyyən hadisə və tarixi şəxsiyyətlər barədə ziddiyyətli məlumatlar yaranır. Haqqında ziddiyyətli məlumatlar, faktlar olan tarixi personajlardan biri də Janna Darkdır.

Bəraət qazanmış ifritə

Orta məktəbdə tədris edilən tarix fənnində Janna Dark barədə məlumat verilir. Janna Fransanın milli qəhrəmanıdır. 1429-cu ildə Fransa və İngiltərə arasında yüzillik müharibənin ən kritik məqamında ingilis işğalçıları ard-arda qələbələr əldə edirdilər. Artıq, ingilis işğalının qarşısını almaq mümkünsüz idi. Bu zaman sadə bir kəndli qızı ortaya çıxdı və fransızları mübarizəyə, işğalçılara qarşı savaşa ruhlandırdı.

Cəbrayılın, müqəddəs Yekaterina və Marqaritanın ruhlarının səsi Jannaya gələcək barədə məlumat verdilər və ona qoşun toplayaraq vətən torpağını yadelli işğalçılardan təmizləməyi tapşırdılar. Janna doğma kəndini tərk edərək Luaredə yerləşən qalaya gəldi. Burada o, taxt-tacın varisinin qəbuluna düşdü. Varis nəinki Jannanı qəbul etdi, eyni zamanda qoşunu ona tapşırdı. Bu qoşun mühasirəyə alınmış Orleana kömək üçün yola düşürdü. Şahzadə eyni zamanda ən yaxşı cəngavərlərdən təşkil edilmiş bir dəstəni də Jannanın ixtiyarına verir. Bütün bu hadisələr sehrbaz Merlinin xalq arasında dolaşan "əlində balta olan qız peyda olacaq və xalqı xilas edəcək" vəhyinə uyğun olaraq baş verirdi.

Həqiqətən də, Orleanlı bakirə qızın qələbəyə dərin inamı fransız ordusunda döyüş ruhunu qaldırdı və ard-arda bir neçə parlaq qələbə əldə edildi. Bu qələbələr yüzillik müharibənin gedişatını dəyişdirdi. Amma bir müddət sonra Janna satqınlıq nəticəsində ingilislərə əsir düşdü. İnkvizisiya məhkəməsi onu ifritə elan edərək tonqalda yandırmaq cəzasına məhkum etdi. 500 il sonra, 1920-ci ildə Katolik kilsəsi Jannaya bəraət qazandıraraq, onu müqəddəslər siyahısına daxil etdi. Qeyd etmək lazımdır ki, o, kilsə məhkəməsi tərəfindən əvvəlcədən məhkum edilmiş, sonradan bəraət alaraq müqəddəs elan edilən yeganə şəxsdir.

Kəndli qılıncdan istifadə edə bilmir

Orleanlı qızın şücaəti barədə bu gün bir çox skeptiklərin iddiası mövcuddur. Görəsən, hər şey, doğrudanmı, rəsmi versiyada səslənən kimi baş verib? Hər şeydən əvvəl sadə kəndli qızı taxt-tacın varisi ilə görüşə bilərdimi? Bu, orta əsr Fransasında mümkün idimi? Hətta əgər bu görüş baş tutmuşdusa da, bir söhbətlə şahzadənin bu boyda etibarını qazanmaq mümkün idimi? Hərb elminin əlifbasına bələd olmayan sadə bir kəndli qızını niyə birdən-birə qoşun başçısı təyin etdilər? Bəli, orta əsrlər Avropasında hakimiyyətdəki insanlar mövhumatçı və xurafatçı idilər. Amma bəzi qadağalar və sərhədlər var idi. Kralın kəndlini sarayında qəbul edib söhbət etməsi və saraya yaxın buraxması ağlasığmazdır. Bəlkə, Janna Dark ekstrasens olub? İnsanları ovsunlayaraq krala yaxınlaşıb? Kim bilir?

Jannanın paranormal qabiliyyətlərinin olması barədə konkret faktlar var. Amma tarixi mənbələrdə Jannanın xəstələrə şəfa verməsi barədə məlumat yoxdur. Bununla belə, Orleanlı qızın fövqəltəbii gücə və istedada malik olması barədə faktlar kifayət qədərdir. Janna hipnozu bacarırdı. Onun səsi döyüşçülərə elə ruh verirdi ki, onlar istənilən savaşda, hətta güclərin bərabər olmadığı döyüşlərdə də qəhrəmancasına, qorxmadan çarpışır, hətta ölümcül yaralansalar da, ağrı hiss etmirdilər. Bundan əlavə, Jannada öncədəngörmə qabiliyyəti də varı. Orleanlı qız hələ uşaq yaşlarından qəribə səslər eşidirdi. Bu səslər ona məsləhət verir, hərəkətlərini idarə edir və gələcəkdən xəbər verirdi. Onların əmr və təlimatlarına əməl edən qız döyüşlərdə ard-arda qələbələr qazanırdı. Məsələn, Pote yaxınlığında baş tutan savaşda 1500 nəfər fransız, 5 min nəfər ingilisə qarşı vuruşurdu. Bununla belə, ingilislər sarsıdıcı məğlubiyyətə uğradılar. Pote savaşında 2500 ingilis məhv edildi. Sağ qalanlar ya əsir düşdülər, ya da qaçmağa başladılar. Bu savaş nəticəsində fransızların itkisi isə cəmi 10 nəfər idi! Rəqəmləri müqayisə etdikdə savaşın nəticəsini möcüzə adlandırmaq olar.

Şahidlər Jannanın başqa qabiliyyətləri barədə də danışırlar. Məsələn, əlində silah tutan qızı görən hansısa atlı söyüş söyür. Bundan əsəbiləşən və qeyzlənən Janna atlının çox qısa zaman ərzində öləcəyini söyləyir. Həqiqətən də, bir müddət sonra o, dünyasını dəyişir.

Bu mövzuda başqa bir misal da çəkmək olar. Döyüşlərin birində Janna silahdaşına kənara çəkilməməyi söyləyir. Çünki əks halda, top qəlpəsi onu məhv edə bilər. Amma silahdaşı onun sözünü qulaqardına vurur və kənara çəkilir. Başqa bir cəngavər dərhal Jannanın yanında öz yerini tutur. Kənara çəkilən cəngavər isə açılan top atəşi ilə parça-tikə olur.

Deməli, Janna Darkın, həqiqətən də, paranormal qabiliyyətə sahib olduğu və bu yolla taxt-tacın vəliəhdinə təsir göstərməsi faktı mümkündür. Amma unutmaq lazım deyil ki, ən güclü ekstrasens də uzun illərin məşqi olmadan silahdan peşəkar döyüşçü kimi istifadə edə bilməzdi. Sadə kəndli qızı Janna isə qılınc və döyüş baltası ilə çox peşəkarcasına davranırdı. İnanmaq çox çətindir ki, Orleanlı qız əvvəllər əlində ancaq yaba və dəryaz tutub. Jannanın cəngavər turnirlərində iştirak edərək qələbə qazandığı barədə faktlar mövcuddur. Eyni zamanda zirehli geyimlə at çapan qız peşəkar cəngavər məharətləri göstərirdi. Qeyd etmək lazımdır ki, Dark hərb sənəti, taktika və strategiya və digər elmlər barədə kifayət qədər məlumata sahib idi. Təbii ki, onun ətrafında dövrün peşəkar sərkərdələri var idi. Məsələn, marşal Jil de Renin adını çəkmək mümkündür. Amma qeyd etmək lazımdır ki, son söz və qərar hər zaman Jannaya məxsus olub. Janna Darkın kəndli qızı olduğu barədə hipotezi rədd edən başqa faktlar da mövcuddur.

Əvəz edilmiş infant (İspaniya və Portuqaliyada monarxiya dövründə şahzadə)

Bir versiyaya görə, Orleanlı bakirənin yerinə tonqalda başqa qadın yandırılıb. Bu səbəbdən də, Janna Darkın Orleanlı hersoq Lüdovik və Fransa kraliçası İzabella Bavariyalının qeyri-qanuni övladı olması barədə səslənən versiyanı nəzərdən keçirmək lazımdır. İzabellanın VI Karl ilə olan nikahı birincinin dəlilik xəstəliyinə düçar olması səbəbindən dağılmaq üzrə idi. Amma Karl adi vaxtlarda da İzabellanı görmək istəmirdi və bu səbəbdən, Sen-Pol sarayında Normandiyalı zadəgan Odett de Şamdiverin qızı ilə yaşayırdı. Kraliça isə Orleanlı Luini məşuquna çevirmişdi. Çox güman ki, Fransa taxtının varisi VII Karlın da atası Orleanlı Lui olub. Əgər VII Karlı Fransa kralının oğlu kimi qələmə vermək mümkün idisə də, Janna ilə bu fırıldaq baş tutmadı. Çünki Karl və İzabella arasında bu müddətdə fiziki yaxınlıq olmamışdı.

Eyni zamanda, nikahdankənar uşağın dünyaya gəlməsini kral bağışlamazdı. Bu səbəbdən, yeni doğulmuş körpə Domremi kəndinə, Jak Dark və onun arvadı İzabellanın ailəsinə göndərildi. Jak heç də kasıb kəndli deyildi. O, qədim cəngavər nəslinin nümayəndəsi idi. XV əsrə qədər ailənin gerbi var idi və gerbin üzərinə bu sözlər yazılmışdı: "Lacivərd sahədə qızıl yay və çarpaz üç ox var. Onlardan ikisi qızıl suyuna çəkilib və gümüş ucluğu var. Biri isə gümüşdən hazırlanıb və ucluğu qızıldır. Eyni zamanda, üçüncü oxun üzərinə şir rəsmi təsvir edilib". Jak Darkın torpaq hissəsi var idi və o, yerli yığma qoşun hissəsində oxçuların rəisi idi. Onun illik gəliri 5 min qızıl frank idi.

Ailə övladlığa götürdüyü qızı oğlan kimi böyütməyə başladı. Atalıq Jannaya, əsasən, hərb sənətinin sirlərini öyrədirdi. Yetkinlik yaşına çatmış Dark peşəkarlar kimi at çapır, əla qılınc oynadırdı. Ümumiyyətlə, dövrünə görə Janna əla təhsil almışdı. Hər halda, müasirləri qızın nitqini və danışığını yüksək qiymətləndirir, bu nitqin qətiyyən cəmiyyətin aşağı təbəqəsinə mənsub insana aid olmadığını bildirirdilər.

Bu səbəbdən, Orelanlı bakirənin birdən-birə qardaşının mülkündə peyda olması və növbəti hadisələrin axarı isə məsələnin diqqətlə düşünülmüş plan olduğundan xəbər verir. İşlənmiş plan məqsədə çatmağa şərait yaratdı. İngilis işğalçıları darmadağın olunmuş, VII Karl isə Fransa taxt-tacına təsdiq edilmişdi. Bundan sonra şahzadə heç kəsə lazım deyildi. Əksinə, onun sağ qalması təhlükəli idi. Çünki kralın düşmənləri həqiqəti ortaya çıxararaq, onun taxt-tac hüququnun qanunsuz olduğunu sübut edə bilərdilər. Bu səbəbdən, VII Karl və onun yaxınları Jannadan qurtulmaq qərarına gəldilər. Beləcə, Orleanlı bakirə ingilislərə və inkvizisiya məhkəməsinə təslim edildi.

Burada da bir versiya ortaya çıxır. İddiaya görə, kilsə məhkəməsi tərəfindən tonqalda yandırılan qadın Janna deyil. Janna xilas olur və məşhur bir ailənin oğlu ilə ailə qurur.

Jannanın taleyi ilə bağlı tarixçilərin fikrinə nəzər salaq:

Janna Dark tonqalda yandırıldıqdan 5 il sonra Lotaringiyada yerləşən Ruanın bazar meydanında naməlum bir qadın peyda oldu. O, adının Klod olduğunu, Orleanlı bakirənin iki qardaşını axtardığını bildirdi. Qardaşlardan biri - cəngavər olanının adı Pyer idi. Digər qardaşın adı isə Kiçik Jan idi. Axtarış uğurla başa çatdı. Amma qardaşlar Klodu görəndə təəccübləndilər. Çünki o, Jannaya həddən artıq bənzəyirdi. Klod isə, əslində Janna Dark olduğunu etiraf etdi. Bu barədə məlumat Mes şəhərinin Sen-Tibo kilsəsinin rahibi tərəfindən 1436-cı ildə qələmə alınıb və əlyazma günümüzə qədər gəlib çatıb.

Tezliklə bu xəbər ətraf bölgələrə də yayıldı. Jannanın keçmiş silahdaşları fırıldaqçını ifşa etmək üçün Mesə yollandılar. Amma Orleanlı bakirə ilə üz-üzə gələn Nikol Lov, Nikol Qruanye, Ober Bule və digər cəngavərlər diz çökərək, onun əlini öpdü

Orleanlı qız Arlona, qüdrətli Lüksemburq hersoqunun sarayına yola düşdü. Burada onu çox böyük sınaq gözləyirdi. Hersoginya, Jannanı qəbul edərək dinlədi və onu öz rəfiqəsi elan etdi.

Bir neçə bölgəyə səfərdən sonra Janna Lüksemburqa qayıtdı. Rober Armuazski ona elçi düşdü. Tezliklə, onların toyu oldu.

Bu nikah barədə iki mənbə var və bu mənbələrin orijinallığı şübhə doğurmur. 1436-cı il noyabrın 7-ə aid qəbalədə, don Kalme tərəfindən qələmə alınmış "Lotaringiya tarixi"ndə bu cümlələr var: "Biz, Rober Armuazski, cəngavər və senyor de Tişimon aşağıda adı sadalananların Fransalı qız, Janna dü Linin tamhüquqlu istifadəsi üçün verildiyinin şahidiyik".

İkinci mənbə isə Mert-i-Mozeldə yerləşən Jolni qəsrinin əsas salonunda divardan asılmış iki gerbdir. 900-cü ildə inşa edilmiş Jolni qəsri 1357-ci ildə qraf Armuazskinin mülkiyyətinə çevrilib. 1436-cı ildə Janna ilə evlənən Rober Armuazski qəsri yenidən tikdirir və genişləndirir. Bu zaman isə Armuazskilərin gerb və tacı Jannanın gerb və tacı ilə birləşdirilir.

Jannanın 1431-ci ildə tonqalda yandırılmadığını sübut edən faktlar bununla bitmir. Orlean qalasının 1436-cı ilə aid siyahıya alınmış hesabatlarında Fler di Li adlı şəxsin şəhərə Jannanın bir neçə məktubunu çatdırdığı üçün avqustun 9-da iki qızıl pul mükafatı aldığı barədə məlumat var. Avqustun 25-də Jannanın məktubunu Blua şəhərinə aparan qasid də Orlean sakinlərindən pul mükafatı alır.

Bir çox fransız Ruan tonqalı məsələsinə inanmamışdı. Artıq 1431-ci ildə Normandiya və onun sərhədlərindən kənarda müxtəlif şayiələr dolaşmaqda idi. Ruanlı Pyer Küskel ingilislərin Jannanın külünü yığaraq, Sena çayına atdıqlarını söyləmişdi. Deyəsən, ingilislər Darkın qaçmasından şübhələnmişdilər. 1503-cü ildə salnaməçi Simforien Şampye yazırdı: "Fransızlar Jannanı ingilislərə təslim etdilər. İngilislər isə, onu Ruanda yandırdılar. Amma fransızlar bu iddianı qəbul etmirlər".

1540-cı ildə bretonlu salnaməçi yazır: "Priçaşenie (xristian dini ayinlərindən biri) bayramı ərəfəsində Janna Darkı Ruanda yandırdılar və ya tonqalda yandırmaq cəzasına məhkum etdilər".

Britaniya muzeyində saxlanılan bir əlyazmada isə deyilir: "Nəhayət, onu camaatın gözü qarşısında yandırmaq qərarına gəldilər. Amma qadının Janna və ya onun bənzəri olması barədə fikirlər müxtəlifdir".

Edam səhər saat 08:00-a təyin edilmişdi. Amma məhkumu xalq saat 09:00-da görə bildi. Onun başına keçirilmiş papaq sifətini burnuna qədər örtürdü. Sifətin qalan hissəsi isə duvağın altında gizlədilmişdi. Bu qəribə maskarad nəyə lazım idi? Əgər qurban Janna idisə, niyə onun sifətini gizlədirdilər? Həqiqətən də, həmin gün Ruanda bir qadını tonqalda yandırdılar. Amma onun həqiqətən də Janna olduğunu sübut edən heç bir fakt yoxdur.

Tarixçi Marsel Ervyenin iddiasına görə, Jannanın saxlanıldığı həbsxanadan yeraltı yol vardı və qız buradan qaçaraq qurtulub. Məhkəmə protokolunda "Bedford məhkum Janna ilə bir neçə dəfə gizli görüşüb" cümləsi də məhz bu faktı sübut edir.

1452-ci ildə özünü Janna Dark adlandıran başqa bir qadın peyda oldu. Bu dəfə də Jannanın əmisi uşaqları onun əsl Janna Dark olduğunu etiraf etdilər. Amma tarixçilərin fikrinə görə, bu məsələdə qaranlıq məqamlar çox idi.

Tarixdə bu səpkidə faktlar kifayət qədər çoxdur. Amma fikrimcə, Jannanın edam materialları, dindirilmə protokolları olsaydı, müəmmanı çözmək daha asan olardı.

Fransa tarixində bir-birinə ziddiyyətli olan faktlar kifayət qədər çoxdur. Bu yazıda bunlardan bəzisini diqqətinizə çatdırdıq. Yəqin ki, oxucuları qrafinya Armuazskinin taleyi maraqlandırır. Tarixçi Lerua de Lamarş Fransa milli arxivində qiymətli bir sənəd tapır. Sənədə əsasən, 1457-ci ildə kral Rene, Somürdə fırıldaqçılıq səbəbindən həbs edilmiş bir qadını əfv edir. Bu qadın uzun müddət özünü Janna Dark kimi qələmə verirmiş. Qadın barədə sənəddə yer alan məlumatlar yuxarıda adı hallanan qrafinya Armuazski ilə üst-üstə düşür. O, Rober Armuazskinin dul arvadı imiş. Beləcə, bu yaxınlarda Fransa milli arxivindən tapılan sənəd Orleanlı bakirə Janna Dark barədə əfsanənin son nöqtəsi olur.

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR