• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

MKİ casusları hansı üsullarla dindirir? – ABŞ-ın işgəncə alətləri, psixoloji təsir vasitələri

  • Maraqlı
  • 23 Yanvar 2015 14:33
  • 2 070 Baxış
MKİ casusları hansı üsullarla dindirir? – ABŞ-ın işgəncə alətləri, psixoloji təsir vasitələri

Heç kimə sirr deyil ki, hər bir xüsusi xidmət orqanının məlumat toplamaq, eləcə də əsir götürdüyü şəxsi danışdırmaq üçün özünəməxsus üsulları var. Bunun üçün dinləmə qurğularından, xüsusi cihazlardan, hətta fiziki və psixoloji təzyiqlər istifadə olunur. Bir sözlə, hərə özünə lazım olan informasiyanı bir yolla alır. Bəs görəsən, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hansı üsuldan istifadə edir? Bu suala cavab tapmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin "MK Ultra" və ya "Monarx" adlı məxfi layihəsi haqda xarici mətbuatda yayımlanmış bilgilərə baş vurmaq gərəkdir.

Beləliklə, insanlardan daha çox informasiya almaq üçün hazırlanmış "MK Ultra" proqramının tətbiqi zamanı beyinə müxtəlif maddələrlə təsir edilir. Bu isə son nəticədə yaddaşın iflasına, seksual vərdişlərin dəyişməsinə və insanlarda asılılıq hissinin yaranmasına səbəb olur. Qərb alimlərinin araşdırmaları zamanı bəlli olub ki, ABŞ "MK Ultra" və buna bənzər digər məxfi layihələrin sınaqdan keçirilməsində istifadə olunan insanlara LSD daxil olmaqla, bir çox kimyəvi maddə verib.

Keçmiş sovet imperiyasının bioloji silahları inkişaf etdirməsindən ehtiyatlanan ABŞ 1947-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsini yaratdıqdan sonra "beyin yuma" üsullarını axtarmağa başladı. ABŞ-a gətirilən alman-nasist həkimlər də bu layihədə iştirak etdilər. "Paper clib" adı verilən və nasist Almaniyasında istifadə olunan proqramı ABŞ-a gətirən elm adamlarına dövlət səviyyəsində bütün imkanlar verilmişdi. Manhetten layihəsi adı altında nüvə silahını inkişaf etdirən hökumət gizli layihələr mövzusunda böyük təcrübə qazanmışdı.

Qeyd edək ki, insan beynini tam şəkildə nəzarətə almaq üçün Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən istifadə olunan proqramların kod adları "Chatter", "Bluebird", "Artichoke", "Mkultra", "Mksearch" və "Mkdelta" idi.

Demək olar ki, bütün ölkəni bürümüş olan "beyin yuma" üsulları uzun müddət gizli saxlanılıb. Lakin özləri də fərqinə varmadan azyaşlı uşaqlar, ruhi xəstələr, əqli çatışmazlığı olan şəxslər, eləcə də məhbuslar "MK Ultra" proqramının tətbiqi zamanı təcrübə obyektinə çevriliblər. Yalnız bu gün məlum olub ki, keçirilmiş sınaqlar zamanı bir çox insan özündən gedib, hətta bəziləri intihara belə cəhd göstəriblər.

"Chatter" kod adı ilə tanınan proqrama gəlincə, bu, insanlarda boşboğazlıq yaradır. Sözügedən proqram daha çox sovet casuslarına qarşı tətbiq olunurdu. Çünki sovet çekistləri əsir düşən şəxslərin bədənlərinə yeridilən xüsusi dərmanlara qarşı dözümlü idilər. Elə bu səbəbdən də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi onları uzun müddət "Chatter"lə sınağa çəkib. Həmin proqramın istifadəsinə rəsmən 1953-cü ildə yekun vurulub.

Fəaliyyətini daha çox insan davranışları üzərində istiqamətləndirən Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Allen Dullesin razılığı ilə 1950-ci ildə "söhbət quşu" adı ilə tanınan "Bluebird" proqramından istifadəyə başlanılıb. Bu proqramın hədəfləri belə sıralanırdı:

1) Şəxsi heyətdən icazəsiz məlumat sızdırılmasının qarşısını alacaq bir üsul inkişaf etdirmək;

2) Xüsusi sorğu texnikaları vasitəsilə fərdin idarə edilməsinin mümkün olub-olmadığının araşdırılması;

3) Yaddaş inkişaf etdirmə üsullarının araşdırılması;

4) Mərkəzi Kəşfiyyat İdarəsinin personalının düşmən idarəsinə keçməsini önləmək üçün müdafiə texnikalarını inkişaf etdirmək.

"Bluebird" proqramının kod adı 1951-ci ilin avqust ayında "Artichoke" (ənginar) layihəsi olaraq dəyişdirilib.

Bu layihənin əsas hədəflərindən biri hipnoz və müxtəlif kimyəvi maddələrin istifadəsi yolu ilə sorğulama texnikalarının araşdırılmasıydı. Sözügedən proqramın tətbiqinə 1956-cı ildə son qoyulub.

Qeyd edək ki, "Artichoke" layihəsinin dayandırılmasından 3 il öncə, 13 aprel 1953-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin köməkçisi Riçard Helmsin təklifilə "Mkultra" proqramının istifadəsinə başlanılıb. Layihə çərçivəsində insan davranışlarına nəzarət etmək məqsədilə istifadə edilən üsullar arasında radiasiya, elektroşok, hipnoz, başda LSD olmaqla müxtəlif kimyəvi maddələr, hərbi vəsaitlər, işgəncə alətləri, psixologiya, psixiatriya, sosiologiya, antropologiya kimi ictimai elmlər vardı. "Mkultra" çətiri altında 150-yə qədər layihə tətbiq olunub. Onlardan ən məşhuru isə 1960-cı illərin əvvəllərində ABŞ ordusu tərəfindən istifadə olunan "Monarch" proqramı olub. Adıçəkilən layihə hələ də milli təhlükəsizlik səbəbindən olduqca gizli şəkildə təsnifləndirilib və tətbiq dairəsi barədə çox az məlumat verilir.

Xarici mətbuatın yazdığına görə, bu qorxunc təcrübələrin həyata keçirildiyi yerlər sırasında 44 universitet, 15 elm fondu, 12 xəstəxana, 3 həbsxana və dərman şirkətləri var. Araşdırmalarda dünyaca məşhur psixiatrlar, psixoloqlar və beyin cərrahları iştirak edib. "Beyin yuma" işlərində Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edənlər arasında Amerika Psixologiya Dərnəyinin, Amerika Psixiatriya Birliyinin sabiq rəhbərləri, eləcə də Bioloji Psixiatriya Birliyi və mükafatlı psixiatrlar olub. Qeyd edək ki, "beyin yuma" proqramları yalnız Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən deyil, ABŞ Ordu Xəbər Alma Dairəsi və Ordu Kimyəvi Silahlar Ofisi tərəfindən də icra edilib.

"Mkultra"nın sənədlərinin böyük hissəsi bu proqramın tətbiqinə icazə verən şəxsin - Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin köməkçisi Riçard Helmsin əmri ilə 1972-ci ildə yerli-dibli yox edildiyi üçün layihənin insanlar üzərində zehin idarə təcrübələrinin gerçək ölçüsü bəlkə də əsla bilinməyəcək. Lakin onu demək mümkündür ki, daim bioloji hücum qorxusuyla yaşayan ABŞ-da az qala bütün xəstəliklərə qarşı hər cür qabaqlayıcı tədbirlər görülüb. ABŞ-ın işğal etdiyi ölkələrdə isə uşaqlar da daxil olmaqla çoxlu sayda insan istifadə olunan silahlar üzündən çarəsiz duruma düşüb. Müxtəlif vaxtlarda əldə olunmuş sənədlər, eləcə də tarixçilər, elm adamları və media tərəfindən aparılan araşdırmalar belə deməyə əsas verir ki, Mərkəzi Kəşfiyyat İdarəsi "Mkultra" proqramının tətbiqi zamanı xüsusilə radiasiya və LSD kimi kimyəvi maddələrdən gen-bol istifadə edib. Bu təcrübələr zamanı Mərkəzi Kəşfiyyat İdarəsinin şəxsi heyətinə, əsgərlərə, casuslara, fahişələrə, ruhi xəstələrə və sıravi insanlara, reaksiyalarını ölçmək üçün onların xəbəri olmadan LSD verilib. Təcrübələrdə həmçinin, heroin, meskalin, skopolamin, spirt və natrium pentatol kimi maddələrdən də istifadə olunub.

Məlumat üçün nəzərinizə çatdıraq ki, "Mkultra" proqramının icrasında məsul vəzifə tutan bioloji silah mütəxəssisi Dr. Frank Olson 28 noyabr 1953-ci il tarixdə özündən xəbərsiz içkisinə qarışdırılan LSD-nin təsiri nəticəsində Manhettendə bir otelin 13-cü mərtəbəsindən özünü atıb. Ailəsi Olsonun əsl ölüm səbəbini 22 il sonra "Mkultra" ilə əlaqədar məlumatlar ilk dəfə ictimailəşdiyi vaxt öyrənib. Harold Blauer adlı professional tennis oyunçusunun da gizli bir meskalin təcrübəsi zamanı öldüyü sonradan ortaya çıxıb.

Qeyd edək ki, Kanadada "Mkultra"nın tətbiqi zamanı çox müxtəlif təcrübələrin icra olunduğuna dair müvafiq sənədlər, faktlar var. İnsan psixologiyasının tədqiqi sahəsində mütəxəssis, kanadalı psixiatr Kolin A. Ross günümüzə qədər gələn sənədlər üzərində etdiyi uzun müddətli araşdırmalardan sonra qələmə aldığı "Bluebird: psixiatrları tərəfindən qəsdli olaraq yaradılan bölünmüş kişilik" adlı kitabında belə yazır: "Bluebird" layihəsində Mərkəzi Kəşfiyyat İdarəsi qəsdən şəxsiyyət bölünməsi yaratdığı təcrübələrindən gizli əməliyyatlarda istifadə edib. Sənədlərin araşdırılması nəticəsində bu inanılmaz təcrübələrdə 11 yaşındakı uşaqların beyinlərinə elektrodların yerləşdirildiyi, 7-11 yaş arası uşaqlara həftələrlə, hər gün, gündə 150 mq LSD verildiyi və elektroşok yolu ilə təcrübə obyekti olan şəxslərin yaddaşlarının silindiyi, heyvanların beyinlərinə elektrod yerləşdirərək kimyəvi və ya bioloji hücumlarda istifadə edildiyi bəlli olub".

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR