• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İfritə obrazlarına görə kişilərin ehtiyat etdiyi Hollivud aktrisası - FOTOLAR

  • Maraqlı
  • 27 Yanvar 2015 10:05
  • 490 Baxış
İfritə obrazlarına görə kişilərin ehtiyat etdiyi Hollivud aktrisası - FOTOLAR

Hollivudun ən nüfuzlu aktrisalarından biri olan Qlen Klouz düz altı dəfə "Oskar" mükafatına namizəd seçilib. Lakin şəxsi həyatına gəldikdə isə, heç də ürəkaçan deyil. İfritə obrazı sanki aktrisanın üzərinə yapışıb. "Bizim tərcümə" layihəsi məşhur aktrisanın həyat yolunu təqdim edir.

Gün yavaş-yavaş sona çatır. Qalır azca gözləmək... Vəssalam, burada çətin bir şey də yoxdur. Sadəcə, gözlərini kənara çək, bir qurtum soyuq çay iç, sanki fikirlərini götür-qoy edən insan kimi bir anlıq xəyala dal və gülümsə. Hər şeyi həmişəki kimi etmək. Gənc və yaraşıqlı jurnalist qız bu fikirlərlə "dahi və qorxunc" aktrisa Qlenn Klouza müsahibə üçün yaxınlaşdı. Hər şey qızın düşündüyünün əksi oldu. Çünki aktrisa gerçəkdə çox səmimi və mehriban idi.

Jurnalist və aktrisa kişilər haqda danışmağa da macal tapmışdı. Söhbət kişilərdən düşəndə Qlennin üzünə məyusluq çökdü. Axı onun həyatının ən böyük səhvi karyera və kişilər arasındakı tarazlığı qoruya bilməməsindən irəli gəlib. Dostluqdan söhbət düşdükdə Qlenn, sadəcə, fəxr hissi duyurdu. Çünki onun dahi aktrisa Meril Strip kimi rəfiqəsi vardı.

"101 dalmatin" filmindən tanıdığımız zülmkar Kruella obrazını canlandıran Qlenn Klouz, jurnalistlər tərəfindən verilən standart suallara çoxdan hazır idi.

- Düzdürmü, siz karyeranız ərzində bütün filmlərdən olan kostyumlarınızı qoruyub saxlamısınız?

Qlenn nəfəsini dərindən alıb adəti üzrə qaşlarını qaldırır:

- Düzdür...İlahi, siz bunu haradan bilirsiniz?

Məlum məsələ idi. Onun özü bu haqda müsahibələrində dəfələrlə deyib. Elə bu azmış kimi, bir neçə il bundan qabaq "Vilhelm və Mariya" kollecində onun bəzi kostyumlarından ibarət sərgi təşkil olunmuşdu. Sizcə, sərgidə necə kostyumlar ola bilərdi? Əlbəttə, Qlennin obrazları üzrə qədim və müasir, futuristik və realistik geyimlər...

O, bütün kortyumlarını saxlayıb. Yox, özünün gündəlik geyimləri arasında yox, onun şəxsi muzeyində kostyumların cərgə ilə düzülməsi üçün ayrıca otaq hazırlanıb. Vaxt vardı Qlennin qızı Enni də o kostyumları geyinərdi. O, anasının icazəsi ilə kraliça geyimlərini geyinər və güzgüdə özünə məftun olardı. Balaca Enni altı yeyilmiş hündürdaban ayaqqabıları ayağına keçirib otaqda var-gəl edərdi. Qlenn isə döşəmədə oturaraq o dövrlərdə hər qızın korset geyinməsinin vacibliyindən danışardı.

Qlenn "ən yaxşı geyimli ulduz" siyahısına başçılıq etməklə yanaşı, həm də ən pis zövqlü ulduz siyahısındadır. Qlenn qırmızı xalıya çıxmağı sevmir. O, qırmızı xalıya geyiniləcək geyim seçiminin verdiyi əzaba, sonsuz sayda kostyumların əyində ölçülübb-biçilməsinə nifrət edərdi. Gündəlik həyatında isə onu şəxsi personajlarının geyimləri xilas edirdi. O, geyimləri təkcə nostalji hissə görə qoruyub saxlamırdı...

Dəhliz. Pilləkan. Yenə də dəhliz. Qapı. Yenə qapı. Nəyə görəsə, Qlenn bu gün əşyalara baxmaq arzusuna düşüb. Sadəcə olaraq, əlini ipək və məxmərə toxundurmaq istəyirdi. Güzgüdə özünü seyr etmək. Xatırlamaq...

... Geyimlərin saxlandığı ağzı kip bağlanmış sandıq. Adətən, Qlenn onun ağzını açmamağa üstünlük verir. Sandığın ağzını açmaqla Qlenn nağıllar aləminə düşmür. Əksinə, sandıq onu qaranlıq və əzazil uşaqlıq illərinə aparan yoldur. Sandığı açaraq əlinə götürdüyü ipək parçalı, zərli düyməli geyim. Paltar özündə yaxşı xatirələri təcəssüm etdirmirdi və ona görə də, Qlenn artıq onu saxlaya bilməzdi. Əlinə aldığı paltar sanki çirkin bir ayaqqabını xatırladırdı. Qlenn bütün bunlara necə də nifrət edirdi... Ondan canını qurtarmağa da yeri yox idi.

Qlennin anası üçün "şopinq" sözü qadağan olunmuşdu və utancverici idi. Hər mövsümdə Qlenn yalnız bir paltar alardı. Qlenn paltarı nimdaş olana qədər geyinməli idi. Tərslikdən də paltarın keyfiyyəti əla çıxırdı. Bir neçə ildən sonra Qlenn o günləri xatırlayaraq gülürdü: paltarı daşımaq daha çətin idi, nəinki, paltarsız böyümək...

İndiyədək Qlenn Klouz uşaqlıq illərini xatırlamağı sevmir. Yox, əgər kənardan baxsan, ona həsəd aparmaq olar. Axı onun ad-sanlı nəsli vardı. Qohumları arasında şahzadə Diana, ABŞ prezidenti Qrantdan tutmuş, amerikalı aktrisa və model Bruk Şildsə kimi daha kimlər vardı...

Qlenn Amerikaya gələn ilk ingilis nəslinin nümayəndəsi olması ilə də fəxr edə bilərdi. Sonra nə ilə fəxr edə bilərdi? Afrikanın ekzotik ölkəsi olan Konqoda böyüyüb boya-başa çatması ilə? Nə gözəl! Qlennin atası Konqo prezidenti Mobutu Sese Sekonun şəxsi həkimi işləyirdi! Yeganə və təkrarolunmaz Uilyam Klouz sanki göydən göndərilmiş bacarıqlı mütəxəssis idi...

Lakin bundan başqa o, sektanın fəal üzvü idi. Hələ İkinci Dünya müharibəsi zamanı Qlennin valideynləri "Mənəvi silahlanma" adlı təşkilatın yaydığı ideyaların içində batmışdı. Afrikada sekta böyük təsirə malik idi. Klouz ailəsi sektanın ən sadiq tərəfdarı olduğu üçün, onların övladları da avtomatik olaraq onun qayda-qanunlarına əməl etməli idi. "Mənəvi silahlanma" təşkilatının ideyaları gün kimi aydın idi: korrupsiyaya bulaşmış dünyanı ideya yolu ilə təmizlik, sevgi, düzgün yola çəkmək. Əlbəttə, bunun üçün minillik adətləri çökdürə bilən yeni bir din yaradılmalı idi. Sektada qalmaq üçün hər gün mənasız tövbələr etməli idin. Qlenn orada nə qədər mənəviyyatı sınmış insana rast gəldi! O, daxili aləmini açmamağa və şəxsi arzularını içində məhv etməyə başladı.

Onun xarici görünüşü də çox narahatlıq doğururdu. İyirmi yaşında Qlenn belə bir qərara gəldi ki, o, çox çirkindir. Nə yeni saç düçümü, nə də kosmetika bu faktı inkar edə bilirdi. Brodvey teatrında aktrisalığa yenicə addım atanların xarici görkəminə "ilişərdilər" və sözün düzünü deyərdilər. Ona görə də Qlenn başı yuxarı olmağı öyrənməli idi. "İlahi, qızım, sən məgər basketbolçusan? Bu nə iri çiyinlərdir, əzizim?" "Özünü transseksual şoularda sınamaq istəmirsən? Sənin ki tam kişi bədənin var, oraya isə beləsi lazımdır". "Necə də maraqlı üz siman var. Əzizim, burun əməliyyatı haqda düşünmüsən?" Qlenn dəfələrlə belə təhqiramiz iradları eşidirdi.

Hər gecə özünə güzgüdə baxıb köks ötürürdü. Bəli, onun bədən formasında qadınlıq yox idi. Saçları nazik, alnı iri, gözləri xırda və dərin basılmış, burnu uzun... Amma Qlenn nəyə görəsə bilirdi ki, aktrisa olmaq üçün ona xarici görünüş gərək deyil.

Sonra isə məlum oldu ki, onu gözəl sayan kişi də varmış...Qlenn bu xəbərdən elə sevindi ki, heç düşünüb daşınmadan ona ərə də getdi. Onların nikahı qısamüddətli, uğursuz və gülünc idi. Nikah 4 il yaşadı. Qlenn Klouz və Kebot Ueyld cütlüyü ayrıldı ki, 10 ildən sonra ortaq yoldaşlarının toyunda bir-birini görsünlər. O zaman Qlenn aktrisa, Kebot Ueyd isə müğənni idi. Onlar qucaqlaşdılar və pilləkəndə oturub söhbət etmək üçün qonaqlardan aralandılar. Onlar bir-birinə mehriban və qəmgin baxışlarla baxırdı. Sonra isə Kebot onun üçün məxsusi hər hansı bir mənasız serenada oxudu və beləliklə də, onlar həmişəlik ayrıldılar...

...Qlenn əlinə Norma Desmond obrazı üçün geyindiyi ziyafət paltarını götürdü. Rahat, dəbdəbəli və ətirli..."Bulvar Sanset" tamaşası Qlennə ən yaxşı qadın aktrisa mükafatını gətirdi. Ümumiyyətlə desək, teatr Qlenni kinematoqrafiyadan tez tanıyıb və qiymətləndirib. Brodvey teatrı Qlenni hissə-hissə ifşa edirdi: əvvəlcə Qlennin səsi ortaya çıxdı (bir müddətdən sonra Qlenn Klouz Nyu-Yorkda keçirilən illik beysbol yarışında himni ifa edəcək). Sonra isə onun özünəməxsus xarici görünüşü var. Qlenn sanki buqələmundur. O, şəkildən-şəklə dəyişərək gah çirkin, gah da gözəlçə roluna girir. Bütün bunlar qrim hesabına baş vermir, xeyr. Hər şey hərəkətlərlə baş verir. O, Brodveyə yeni forma gətirmişdi.

Elə Brodveyin sayəsində Qlenn bir daha öz görkəminə görə kompleksə düşmədi. Və bundan sonra özünə əminliyi qaytaran Qlenn bir daha ona aşiq olan və onu gözəl hesab edən kişiyə aldanaraq ərə getmədi. 4 il aktyor Len Kari ilə münasibət, ikinci evlilik biznesmen Ceyms Marlasla 4 il izdivac və bir daha 4 il prodüser Con Stakomla münasibət və Stiv Birslə nişanlanmaq... Lakin Qlenn işini nə qədər ehtiyatlı tutsa da, nişanı toya çevrilmədi. Qlenn "dördillik dövrü" zarafata salırdı. Lakin Qlenn münasibətlərin belə tezliklə qırılmasına görə daxilən əziyyət çəkirdi. Bəlkə, o tilsimlənib? Bəlkə də, ona xoşbəxt olmaq qismət deyil? Qlennin 40 yaşı olarkən prodüser Con Starkdan Enni adlı qızını dünyaya gətirir. Qızını özü tərbiyə edəcəyinə qərar verir. Və bu qərarına görə də heç zaman peşman olmadı. Qızı onun yeganə etibar edəcəyi insan idi. O, "Enni ilə bütün dünyaya qarşı" devizi altında tək yaşamağa üstünlük verirdi.

...Qlenn əlinə Aleks Forrest obrazının sviterini götürdü. Bu obraz üçün daha kimlər dəvət olunmamışdı? Filmdə zərif qollu sviteri bədheybət qadın daşımalı idi. Süjetə görə, dəlisov Aleks öz sevgilisini qətlə yetirməli idi. Ən əsası isə, Qlennin filmdəki tərəf müqabili Maykl Duqlas idi.

Mayklla filmdə çəkilmək heç də rahat deyildi. Yox, narahatçılıq açıq səhnələrə görə deyildi. İş ondadır ki, uzaq keçmişdə Maykl onunla birlikdə məktəbdə oxuyub. Qlenn filmdə başgicəlləndirən ehtiraslı qadın obrazını canlandırmalı idi. Lakin hər dəfə onu gülmək tuturdu. Gülməyini boğmaq üçün Qlenn bir qədəh "marqarita" içməli olurdu. Bununla belə, film Qlennə ifritə və qatil adının damğasını vurdu.

- Hər şey mənim xarici görünüşümə görədir. Sözün düzü, mən heç lirik qəhrəman da deyiləm. İnsanlar məni ikiüzlü, hissiyyatsız iblisanə qadın kimi qəbul edir. Məni görüşə dəvət etmək istəyən kişi bu haqda düz 3 dəfə düşünüb-daşınmalı olur... Hər halda, görüşə çağırarkən belə, onun beynində "Təhlükə!" siqnalı yanır.

Qlenn sandıqdan markiza de Metey obrazının geyindiyi zərxara geyimini çıxardır. O, bir qədər fikrə dalır. Axı həmin filmin çəkilişləri zamanı aktrisa ikinci ərindən boşanmaq üzrə idi.

- Mən heç zaman kişi olmaq istəməzdim. Bu varlıqlara çox yazığım gəlir: onlar həyata heç uyğunlaşa bilmirlər! Qayğıkeş və etibar edəcəyim insana rast gəlmək istərdim. Eyni zamanda da o insan şəxsi azadlığımı əlimdən almamalıdır. Təəssüf ki, bunların ikisi eyni zamanda mümkün deyil,- Qlenn deyərdi.

Budur, Qlenn "101 dalmatin" filmindən olan qəddar və itlərə qarşı amansız olan Kruellanın kostyumunu əlinə götürür. Kruella onun tam əksi idi, axı Qlenn ömür boyu itləri sevib. Lakin Qlenn öz obrazının öhdəsindən o qədər mükəmməl gəlib ki, hətta çəkiliş zamanı itlər ona nifrət də edirmiş.

Qlenn sandıqdan sonuncu kostyumu çıxardı. Petti Hyuz. Bu kostyum ona xoş xatirələr gətirir. Qlenn Klouz vəkil Petti obrazını canlandıran zaman üçüncü əri 58 yaşlı Devid Şou ilə tanış olur. Qlenn Devidə bəslədiyi hisslərdən qorxuya düşdü, onu yenidən vahimə basdı. Bəlkə, yenə də səhvə yol vermiş oldu...

- Başa düşürsən, evlilikdə mən iradəmi itirirəm. Hərdən fikirləşirəm ki, biz tamamilə fərqli insanlarıq. Bəlkə də, heç evlilikdə kişi və qadın hər zaman birlikdə yaşamamlıdır da. Əks halda, birgə yaşayarkən insanlar mübahisə edir və ailədə kimin başçı olduğunu aydınlaşdırır. Mənə belə səs-küy lazım deyil.

Devid onun dediklərini anlamadan sakitcə qulaq asaraq Qlennə evlilik təklifi etdi. Qlenn isə bir neçə saniyə öncə dediklərininin əhəmiyyətinə varmadan "hə" dedi. Devidlə onun həyatı tamamilə dəyişdi. Onun daxili monoloqları əri ilə edilən dialoqa çevrildi.

İndi Qlennin hər şeyi var. Qızı, ailəsi, şan-şöhrəti, 3 "Toni", 3 "Emmi" və 2 "Qızıl qlobus" mükafatı. Qısası, 67 yaşlı Qlenn Klouz hələ indi-indi özünü əsl qadın kimi hiss etməyə başlayıb...

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR