• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Xruşşovu qorxuya salan tədqiqat və ya Atlantlar kimdir? - ARAŞDIRMA

  • Maraqlı
  • 27 Yanvar 2015 12:00
  • 3 636 Baxış
Xruşşovu qorxuya salan tədqiqat və ya Atlantlar kimdir? - ARAŞDIRMA

Dünya xalqlarının əfsanə, mif, nağıl və əsatirlərinə əsasən, qədim dövrlərdə planetdə Tanrılar kimi qüdrətli insan irqi yaşayıb. Bu xalqı titanlar adlandırırlar. Demək olar ki, dünyanın bir çox din və inanclarında bu barədə məlumat var. Bu, uydurmadır, ya həqiqət?

Mütəxəssislərin fikrincə, bu uydurmalarda həqiqət payı çoxdur. Çünki aralarında okeanlar və dənizlər olan müxtəlif xalq və qəbilələrin müəyyən mif və əsatirləri sözbəsöz təkrarlanır. Bunun izahı nədir? Eyni zamanda, bütün xalqların miflərində az qala dünyanı məhv edə biləcək dəhşətli faciələr haqda mövcud, tamamilə eyni məlumatları necə izah etmək olar?

Tibetdə də, Skandinaviya ölkələrində də titanlar haqda çoxsaylı əfsanələr var. Bu əfsanələrə əsasən, azman insanların (söhbət titanlardan gedir) sahib olduğu elmin səviyyəsinə müasir dünya heç bu gün də çata bilməyib. Məsələn, Atlant insanlara astronomiyanın sirlərini açıb. Buna görə də o, Tiotiukanı çiynində saxlayan pəhləvan obrazında təmsil edilib. Onun arxeoloji cizgiləri Günəş sisteminin quruluşu ilə üst-üstə düşür. Burada Uran və Plutonu simvolizə edən iki məbəd var. Alimlər bu barədə ancaq XX əsrdə məlumata sahib ola biliblər. İncilə əsasən, titanlar qanların qarışması nəticəsində, yəni dünyada yaşayan qızlarla Tanrı övladlarının nikahından əmələ gəliblər.

İncildən başqa, dünya xalqlarının miflərində və mifləşdirilmiş yunan tarixində də titanlar barədə mənbələr var. Titanlar haqqında çoxsaylı məlumatlara əsasən, bir çox məsələlərə aydınlıq gətirmək mümkündür. Məsələn, əfsanəyə görə, titanlar qəribə gücə malik idilər. Bu gücün hesabına Stounhenc, Tanrılar Şəhəri, Misirdə Sfinks, Teotiukan və başqa nəhəng abidələr meydana çıxdı. Baalbəy terrasında üç nəhəng blok var. Bu bloklardan birinin çəkisi 700 tondur. Bloklar bir-birinə qəribə dəqiqliklə sıxışdırılıb, onların arasında bir millimetr məsafə var. Bu, müasir inşaat texnikası üçün də çox çətin tapşırıq sayılır. Qədim dövrdə isə, belə bir bloku yerindən tərpətmək üçün 40-50 min insanın gücü lazım imiş.

Dünyanın müxtəlif xalqlarının azman insanlardan bəhs edən mif və əfsanələrinin olması təsadüfi deyil. Çox güman ki, bu əfsanələrin təməlində nəsildən-nəslə ötürülmüş real faktlar dayanır. Söhbət, boyu 5 metrə çatan azman insanlardan gedir. Qədim tarixi sənədlərdə uzaq keçmişdə nəhəng insanların yaşadığına dair müxtəlif sübutlar var. Azmanlar barədə məlumata Pavsaniyanın kitablarında da rast gəlmək mümkündür. Sront çayının dibindən uzunluğu 5.5 metrə çatan insan skeletinin çıxarılması barədə tarixi məhz Pavsaniya yazıb. Orta əsrlərə aid "Tarix və tamahkarlıq" kitabında isə 4 metrlik insan skeleti barədə məlumat var. Bu skelet Kamberlenddə tapılıb. Maraqlısı odur ki, skelet hərbi libasda olub. Onun yaxınlığında isə nəhəng balta və qılınc tapılıb.

XIX əsrdə yaşamış amerikalı hakim Uest arxeoloji qazıntılarla maraqlanırdı. O, Missuri meşələrində qəbir kurqanları tapır. Qəbirlərin içində nəhəng insan sümükləri var. Məsələn, bu skeletlərdən birinin alt çənə sümüyü adi insan çənə sümüyündən iki dəfə böyükdür.

İrlandiyada isə XIX əsrin sonlarına doğru hündürlüyü 4 metrə çatan mumiya tapılıb. Bu tapıntı hər kəsə məlum oldu və Mançester, Dublin və Liverpulda təşkil edilən sərgilərdə bir çox insan 4 metrlik insan skeletini gördü.

Bundan başqa, Əfqanıstanın Kabul şəhəri yaxınlığında yerləşən bir kənddə qədim dövrdən qalma 5 daş fiqur var. Fiqurun biri normal ölçüdə, digəri 6, üçüncü 18, dördüncü 38, beşinci fiqur isə 54 metr hündürlükdədir. Bu heykəllərin yaranma tarixi, mənşəyi barədə yerli sakinlər heç bir məlumata malik deyillər. Onların fikrincə, heykəllər kəndi mühafizə edirlər.

Əfsanələrə inansaq, Yer planetində əvvəllər titanların yaşamadığı bölgə yoxdur. Böyük Britaniyanı ziyarət edən turistlərin əksəriyyəti Stounhencdə yerləşən iri tikililərə baxmaq istəyir. Tikili çəkisi 100 ton olan daşlardan inşa edilib və cənubi İngiltərədə yerləşir. Böyük Britaniyada bu səpkidən bir neçə tikili olsa da, onlar bu qədər böyük ölçülərə sahib deyillər. Abxaziyanın Adıgey əyalətində 4 mindən çox dolmen (daş dövrünə məxsus tava daşlarından ibarət sərdabə) kompleksi var. Onların ümumi sayı 10 minə qədər hesablanıb.

Qədim əfsanələrə əsasən, Qafqaz dağlarında yerləşən nəhəng dolmenlər titanlar tərəfindən inşa edilib. Bu barədə kifayət qədər nağıl və əsatir mövcuddur. Bəzi əfsanələrə əsasən, əsrlər öncə burada amansız müharibələr gedib. Bu müharibələr titanlarla Tanrılar arasında baş tutub. Müharibə zamanı azmanlar müdafiə olunmaq üçün daş tikililər inşa etdilər. Alimlər bu versiyaya şübhə ilə yanaşırlar. Amma tikililərin hündürboylu, azman insanlar tərəfindən inşa edildiyi barədə dəlillər mövcuddur. Onlar həm içəridən, həm çöldən istehkama bənzəyir. Çox güman ki, bu dolmenlər hərbi istehkam rolunu oynayıb. Bəlkə də, dini ayinləri icra etmək üçün nəzərdə tutulub. Daş plitələr bir-birinə ideal formada birləşdirilib. Müasir inşaatçılar hər zaman bu tip keyfiyyətli iş nümayiş etdirə bilmirlər. Ən qəribə dolmen Neksis dağında yerləşən Aylı adlandırılan tikilidir. Bu tikili Г obrazlı bloklardan ibarətdir. Bu tikilinin necə inşa edildiyi barədə alimlər heç bir məlumata sahib deyillər. Yerli əhali üçün dolmenlər Yer və Səma arasında əlaqələndirici zəncir rolunu oynayır. Dolmenlərə baxmağa gələn hər bir sakin daşlara söykənərək, enerji yığır.

Beləcə, bəzi qədim məxluqlar nəhəng daşları yerləşdirmək, onları çox dəqiqliklə birləşdirmək üçün yüksəksəviyyəli texnologiyaya sahib olublar. Bu tikililərin arxitekturası müasir mütəxəssisləri heyrətə gətirir. Bu zaman belə bir məntiq ortaya çıxır ki, bəşəriyyət bir neçə min il əvvəl mövcud olmuş hansısa böyük sivilizasiyanı unudub. Sadəcə, müxtəlif xalqların əfsanələrində bu sivilizasiya barədə məlumatlar qalmaqdadır.

Gelencik rayon sakini Pavelin sözlərinə görə, Xruşşov dönəmində arxeoloqlar onun yaşadığı kənddə iri sümüklər tapıblar. Alimlər orta əsrlərə aid qəbiristanlıqda qazıntı apardıqları zaman bu sümüklərə rast gəliblər. Bu hadisədən dərhal sonra ekspedisiya Moskvaya qayıtdı. Tapılan sümüklər məhv edildi və arxeoloqlar bir daha kəndə qayıtmadılar. Bu, Nan Madolda baş verən hadisə ilə çox oxşardır. Elmə Nan Madol bölgəsi 1585-ci ildən məlumdur. Amma bununla belə, Sakit okeanın Venesiyası adlandırılan Nan Madol barədə bu günə qədər də alimlər heç bir izahat verə bilmirlər. Ölçülərinə görə tikili Misir piramidalarından heç də geri qalmır. Mərcan riflər üzərində 92 ada inşa edilib. Adalardan ən böyüyü dəniz səviyyəsindən 8 metr hündürlükdə yerləşir. Qüllə və divarların inşa edildiyi daşların çəkisi 500 tondan çoxdur. Bu günə qədər də milyonlarla ton daşdan liman, qala inşa etmək, kanallar açmağın kimə lazım olduğunu heç kəs bilmir. Alimlər bu adaların mövcudluğunu unutmağa çalışırlar. Çünki daşların yaşını müəyyən etmək, demək olar ki, mümkünsüzdür.

Okeaniyanın yerli sakinləri Nan Madolu inşa edən nəhənglərdən bəhs edirlər. Alimlər bu məsələyə şübhə ilə yanaşsalar da, azman insanların qalıqları tapılıb. Məşhur arxeoloq Erirx fon Deniken XX əsrin 60-cı illərində arxeoloqlardan ibarət ekspedisiya tərəfindən adalarda çox nəhəng insan sümükləri tapıldığını yazırdı. Arxeoloji qazıntılar çox qısa müddətə dayandırıldı. Müəllifin iddiasına əsasən, sümüklər torpağa basdırıldı və araşdırmalara son verildi. Eyni hadisə Qafqaz dağlarında da baş verdi.

Müasir araşdırmalar "klassik" tarixin əleyhinə olan və onunla ziddiyyət təşkil edən kifayət qədər faktlar ortaya qoyur. Bu səbəbdən bir sıra alimlər tarixi yenidən yazmaq lazım olduğu barədə iddialarla çıxış edirlər. Bu ziddiyyətli faktlar arasında əl ilə inşa edilmiş Misir Piramidaları, 200 tonluq daşlardan inşa edilmiş Maçu-Pikçu məbədi, Baalbəyin inşa edildiyi 500-800 tonluq daş plitələr də var.

Qədim Misir xalqlarının etiqadına əsasən, fironların ilk sülaləsi azmanlar irqindən əmələ gəlib. Onlar dəniz vasitəsilə Misirə gələrək, təbabət elminin təməlini qoyublar və misirlilərə piramida inşa etmək barədə məlumatlar ötürüblər.

Yunan əfsanələrinə əsasən, azmanlar planetdə Uran Tanrısının qanından əmələ gəliblər. Onlar arasında ən məşhuru Antey olub. Antey məğlubedilməz sayılırdı. Çünki o, daim anası Geya ilə əlaqə saxlayırdı. Anteyi məhv etmək üçün onun ayağını torpaqdan üzmək lazım idi. Bu işin öhdəsindən isə Herakl gəldi. Yunan xalqlarının nəhəngləri və Tanrıları qohumluq əlaqəsinə sahibdirlər.

Məsələn, Prometey adlı titan yerli sakinlərə oddan istifadə etməyin yolların öyrədib. Təpəgözlər isə, metallurgiyanın sirləri barədə məlumat veriblər.

Qədim Roma alimi Pliniy təpənin uçurulduğu zaman boyu 20 metrə çatan nəhəng insan skeleti görüldüyünü yazıb. O, bu nəhəngi Orion adlandırıb.

Filostrat adlı qədim filosof da Efiopiyada boyu 16 metrə çatan insan skeleti gördüyü barədə yazıb.

Tailand mifologiyasına görə, qədim insanlar nəhəng ölçülərə malik olub. Skandinaviya xalqları isə, xristianlığa qədər ilk insanların çox hündür, dağ boyda olduğuna inanırdılar. Azman insanların bir çoxu ölkənin qərbində, Tul adasında yaşayırmış.

XVI əsrdə yaşamış tədqiqatçı Syes de Leon nəhənglərin hücumu barədə yazır. Müqəddəs Yelena adası sakinləri isə bu hücuma şahid olub. Əfsanəyə əsasən, gəmilərlə üzüb gələn azmanlar bir gecə ərzində Tiuanako adlandırılmış məbədi inşa ediblər.

Qədim hind eposu "Ramayana"da Ramaya qarşı çıxan nəhənglərdən bəhs edilir. Meymuna bənzəyən Xanuman adlı nəhəng, insanları müdafiə edərkən, doğma yoldaşlarına qarşı müharibəyə qalxıb.

Nəhəng insanların mövcudluğunu arxeoloji qazıntılar da təsdiq edir. Bu günə qədər Peru, Meksika, Tunis, Texas, Pensilvaniya, Suriya, Filippin, Mərakeş, İspaniya, Gürcüstan, Okeaniya adalarında azman insanlara aid sümüklər tapılıb.

2008-ci ildə Avstraliyada antropoloqlar 67 mm uzunluğu, 42 mm eni olan diş tapıblar. Alimlərin rəyinə görə, bu diş hündürlüyü 7.5 metr, çəkisi 370 kq olan insana məxsusdur. Karbon analizi isə dişin 9 milyon il əvvələ aid olduğunu aşkar edib.

Norveçli səyyah Tur Heyerdal uzun müddət Pasxa adasındakı nəhəng tikililəri araşdırıb. Onun fikrincə, bu tikililər Mu qitəsinin sakinləri tərəfindən inşa edilib. Tikintinin məqsədi daim artan sudan qorunmaq idi. Adadakı ronqo-ronqo adlı cədvəllərdə Mu adası sakinlərinin həyat fəaliyyəti əks edilib.

Peruda tapılan və ink mədəniyyətinə aid daş təsvirlər də bir çox məqamlardan xəbər verir. Bu təsvirlərə əsasən, bəzi xalqlar dinozavrlarla bir dövrdə yaşayıblar. Elm xadimlərinin fikrincə, bu dinozavrların nəsli 100 milyon il əvvəl kəsilib. Təsvirləri bir-biri ilə müqayisə edəndə qəribə bir tendensiya ortaya çıxır. İnsanlar və dinozavrlar, demək olar ki, bənzər proporsiyalara sahibdir. Bu məntiqə əsasən, dinozavrlar dövründə yaşayan xalqlar nəhəng olub.

Suriyaya təşkil edilən ekspedisiyanın rəhbəri Ernst Muldaşev tərk edilmiş qədim məbəddə iri insan ləpirinin izini tapıb. Ləpirin uzunluğu 90 sm, eni 45 sm-dir. Böyük barmağın uzunluğu 20, çeçələ barmağın uzunluğu isə 15 sm-dir. Bu ölçülərə əsasən, bu ləpir, boyu 10 metr olan insana məxsusdur.

Şərqdə Budda haqqında müəyyən məlumatlar var. Bu məlumatlara əsasən, Buddanın hündür boya və 40 dişə sahib olduğunu söyləmək olar. Eyni zamanda onun barmaqları arasında pərdə var idi. Bu təsvir atlantlara məxsusdur.

Arxeoloji qazıntılar davam edir. Amma tarixçilər hələ susur. Çünki deyəsən, dünyanın tarixini yenidən yazmaq, sirri açılmayan tikililər barədə daha ətraflı araşdırmalar aparmaq lazımdır.

Hikmət Həsənov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR