• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bədənini peşəsinə qurban verən, cazibədarlığı ilə Hitlerin diqqətini çəkən qadın agentlər

  • Maraqlı
  • 30 Yanvar 2015 15:44
  • 2 057 Baxış
Bədənini peşəsinə qurban verən, cazibədarlığı ilə Hitlerin diqqətini çəkən qadın agentlər

Casusluq, kəşfiyyat fəaliyyətilə məşğul olmaq çətin və təhlükəli peşə olduğundan bu işin məsuliyyətini daha çox güclü cinsin nümayəndələri – kişilər öz üzərinə götürürlər. Lakin tarixə nəzər saldıqda cəsurluqda kişilərdən heç də geri qalmayan qadın casusların da olduğunu və kifayət qədər uğur qazandıqlarını görmək mümkündür.

Publika.az-ın mövzu ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, qadın casusların bir çoxu agentlik etdikləri ölkələrin taleyini dəyişib, bir sıra mühüm kəşfiyyat xarakterli bilgilərin vaxtında ünvanına çatdırılmasına nail olublar. Peşəkarlıq səviyyəsinə görə bəzi məqamlarda hətta kişiləri belə üstələyən qadın "çekist"lər güclü xarakterə sahib olmaqla yanaşı, lazımi anda işvə-nazla rəqiblərini zərərsizləşdirməyi, zəruri informasiyanı əldə etməyi bacarırlar. Yəni onlar kişilərin istifadə etdiyi üsullarla yanaşı, gözəlliklərilə qurbanlarını məhv etməyə nail olurlar. Sizə təqdim edəcəyimiz dünyanın ən məşhur, peşəkar qadın casusları bir çox əməliyyatlarda xidmət etdikləri ölkələrə uğur qazandırıblar.

Beləliklə, əsl adı Marqareta Zelle olan "Mata Hari" ləqəbli qadın casus Birinci Dünya müharibəsi illərində rəqqasə kimliyi altında Almaniyanın xeyrinə fəaliyyət göstərib. Mata Harinin adı Malayziya, İndoneziya, Sinqapur və Bruneydə geniş yayılmış malay dilindən tərcümədə "şəfəqin gözü" mənasını verir.

Qeyd edək ki, Birinci Dünya müharibəsinin ilk illərində almanların xeyrinə casusluq edən Matanın fəaliyyəti fransızların diqqətini cəlb etdiyindən onlar cazibədar qadını "verbovka" etməyə başladılar. Beləliklə də, Fransa Zelleyə ikitərəfli çalışmağı təklif etdilər. Mata vəziyyətin qəlizləşdiyini gördükdə hiylə işlədərək üzdə özünü fransızlarla razılığa gəlmiş kimi göstərməyə başladı. Təbii ki, Fransa ona güvənmirdi. Bu səbəbdən də fransızlar onu sınaqdan keçirmək qərarına gəldilər. Mataya verilən tapşırığa görə o, Belçikadakı 6 fransız casusla əlaqə qurmalı, onların topladığı məlumatları lazımi yerə çatdırmalı idi. Fransızların etimadını qazanmağı bacaran Mata bu dəfə də peşəkarlıq nümayiş etdirdi və onun səyi nəticəsində Belçikadakı 6 Fransa casusu almanlar tərəfindən yaxalanıb güllələndi.

Barəsində məlumat verəcəyimiz növbəti qadın casus isə Avstriyada doğulmuş Kraliça Stephaniye Culianna von Hohenlohedir. O, Almaniya və ABŞ üçün agentlik edib. Almaniya aristokratiyasının yaxşı təhsilli, varlı və gözəl kraliçası - Culianna 1930-cu ildə London elitasında keçirdiyi müddət ərzində İngilis dövlət rəsmiləri arasında özünə yaxşı əlaqə qurmağa müvəffəq olub. Cazibədarlığından və füsunkar bədənindən səxavətlə istifadə edən Culianna bir müddət sonra Hitlerin diqqətini çəkib və onun üçün casusluq etməyə başlayıb.

İkinci Dünya müharibəsi sona çatdıqda artıq Londonda qalmaq onun üçün təhlükəli idi. Odur ki, özünü İngiltərədə çıxılmaz vəziyyətdə hiss edən Culianna ABŞ-a yerləşmək məcburiyyətində qaldı. Bir müddət sonra o, ABŞ-da Hitler haqda çap edilən kitabın işıqüzü görməsində fəal iştirak edib.

Elizabet Bentley adlı casus isə ABŞ-da doğulsa da, Sovet İttifaqının xeyrinə casusluq edib. O, İkinci Dünya müharibəsi illərində Amerikadakı ən müvəffəqiyyətli sovet qadın agenti olub. Elizabet faşistlər haqda ən gizli bilgiləri heç kimin ağlına gəlməyən üsullarla Sovet İttifaqına göndərib. Sevgilisi öldükdə və Sovet İttifaqı ilə əlaqələri kəsildikdə o, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə təxminən, 150 sovet casusunun adını verdi. Bununla da o, həmkarlarını deşifrə etdi.

ABŞ-da dünyaya gələn Lona Cohen də Sovet İttifaqının xeyrinə agentlik edib. Hətta o, Kommunist Partiyasının ən fəal üzvlərindən olub. Müharibədən sonra isə Lona həyat yoldaşı ilə birlikdə Londona köçüb və İngiltərə ordusu ilə bağlı önəmli məlumatları Sovet İttifaqına ötürən casus şəbəkəsi formalaşdırıb. Bir müddət sonra onun casusluq fəaliyyəti ingilislər tərəfindən müəyyənləşdirilib və Lona 20 il müddətinə azadlıqdan məhrum edilib. İki ölkə arasında agentlərin dəyişdirilməsi nəticəsində o, yenidən Sovet İttifaqına qayıtmağa müvəffəq olub və o, medalla təltif edilib.

Fransada dünyaya göz açan Violette Szabo adlı casus isə eyni vaxtda həm İlgiltərə, həm də Fransa üçün çalışıb. Violettenin zəkası və gözəlliyi qısa müddətdə onu yaşayan əfsanəyə çevirir.

Parisdə doğulan, lakin sonradan İngiltərəyə köçən Szabo ərinin vəfatından sonra yalnız ingilis kəşfiyyat orqanları üçün agentlik edir. O, əməliyyatların birində almanlarla üz-üzə gəlir. Əsir düşmək fikrində olmayan Szabo sonadək mübarizə aparır və həmin döyüşdə əsir düşür. Almanlar onu Ravensbruk əsir düşərgəsinə aparır. Lakin Violette əsirlikdə belə faşistlərə meydan oxumağa davam edir. Bu isə nasistləri özündən çıxarır və o, 1945-ci ildə 23 yaşında edam edilir.

ABŞ-da dünyaya göz açan Virjiniya Hall Amerika, İngiltərə və Fransa casusu kimi bir çox uğurlu əməliyyatlara imza atır. Məhz onun sayəsində müharibə illərində Fransa əhəmiyyətli qələbələrə nail olub.

Bir müddət sonra İspaniyaya köçən Hall orada ABŞ agentlərilə əməkdaşlığa başlayır. 1930-cü ildə ayağının birini itirir, bununla da karyerasına yekun vurur.

Əslən polşalı olan Kristina Skarbek İngiltərə agenti olub. O, İkinci Dünya Müharibəsinin ən bacarıqlı casusu kimi xarakterizə olunur. Kristina Polşa, Fransa, Misir və Macarıstandakı əməliyyatları ilə ingilislərə misilsiz xidmət göstərib. O, yeganə qadın agentdir ki, Almaniyanın əsir düşərgəsindən 2 ingilis casusunu qaçırmağı bacarıb. Bundan sonra onun adı dillər əzbəri olub.

Müharibədən sonra isə həm öz ölkəsi, həm də xidmət etdiyi dövlətlər Skarbeki lazımsız əşya kimi bir kənara atdılar. O, 1952-ci ildə öldürüldü.

Əslən Yeni Zelandiyadan olan Nensi Vake eyni vaxtda həm öz ölkəsi, həm də İngiltərə, ABŞ, Fransa və Avstraliya üçün agentlik edib. İkinci Dünya müharibəsi başladığı vaxtda o, Fransada nəşr olunan qəzetlərin birində müxbir kimi fəaliyyət göstərirdi. Almanlar onun başına milyonlar qoymuşdu.

Nensi zahirən incə, zərif xanım kimi görünsə də, əslində fiziki cəhətdən tam hazırlıqlı idi. Onun yalın əllə alman əsgərini öldürməsi bunun bariz sübutudur. Savaşdan sonra 5 ölkə Nensini İkinci Dünya müharibəsinin ən böyük qadın casusu elan etdi.

Danimarkada doğulan Brita Tot adlı casus İsveç kral ailəsinin nümayəndəsi ilə ailə həyatı qurub. 10 il sonra İsveçlə Danimarka arasında müharibə başladıqda Brita öz ölkəsinin xeyrinə agentlik edir. Tot ən zəruri bilgiləri Danimarkaya ötürdüyü üçün İsveç kralı 8-ci Çarles tərəfindən ağır şəkildə cəzalandırılır. Belə ki, o, xüsusi olaraq işgəncə üçün hazırlanmış divarda uzun müddət asılı vəziyyətdə saxlanılır. Lakin bir qədər sonra əfv olunur və Danimarkaya deportasiya edilir. Brita ömrünün sonunadək öz ölkəsində yaşayır.

İngiltərə əsilli casus Melita Norvud isə Sovet İttifaqı ilə əməkdaşlıq edib. İngiltərədə dövlət məmuru olan Melita Nüvə Araşdırma Mərkəzində aparılan gizli tədqiqatlarla bağlı əlinə keçən bütün məlumatları Sovet İttifaqına ötürüb. O, uzun müddət özünü deşifrə etmədən fəaliyyət göstərməyi bacarsa da, 1960-cı ildə bir səhvi ucbatından agent olduğunu bildirdi. Bununla da, ingilislərin qəzəbinə tuş gəldi.

Gördüyünüz kimi, bütün bunlar bir daha onu deməyə əsas verir ki, zərif cinsin nümayəndələri olmalarına baxmayaraq, bəzi qadınlar ən təhlükəli peşələrdə belə, kişiləri üstələməyi bacarırlar.

Vazeh Bəhramoğlu

Xəbər lenti

DAHA ÇOX XƏBƏR