Azərbaycanlının əsir aldığı italyan, fərari komandan: arvadbaz duçenin həyatı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Azərbaycanlının əsir aldığı italyan, fərari komandan: arvadbaz duçenin həyatı - FOTOLAR

O, bir çox uğurları ilə ilklərə imza atmışdı. İtalyan diktatoru Benito Mussolininin karyerasının ən uca zirvəsi faşist hakimiyyətinin sükanı idi. Lakin digər həmkarları kimi, onun da hökmranlığının ömrü uzun olmadı. Çünki bu idarəçilik zorakılığa, diktaturaya, zəif ölkələrin torpaqlarını qəsb etməyə yönəlmişdi.

Publika.az Benito Mussolininin həyatı və diktator fəaliyyəti ilə bağlı bəzi yaddaqalan və maraqlı məqamları təqdim edir.

4 yaşında oxumağı bacaran, müəllimə mürəkkəb atan şagird

Benito Amilkare Andreo Mussolini 1883-cü ildə Varano di Kosta kəndində sadə ailədə dünyaya göz açmışdı. Atası savadsız olsa da, ölkədə baş verən ictimai-siyasi proseslərlə maraqlanırdı. Müəllimə işləyən anası da Mussolinini istiqamətləndirməyə çalışırdı. Bu səbəbdən, valideyni İtaliyanın gələcək rəhbərinin də diqqətini ölkədə baş verən proseslərə cəlb edə bilmişdi. Onun atası Alessandro XX əsrin əvvəllərində Avropada tüğyan edən siyasi xəstəliyin – solçuluq ideyalarının təsiri altına düşdüyündən qatı sosialist idi.

Solçu baxışlı atasının təsiri altına düşmüş Mussolininin gələcəkdə sosialist kimi fəaliyyət göstərməsində, rus bolşeviklərinə marağının artmasında bu məqam mühüm rol oynamışdı. Dünyanın ilk faşist diktatorunun da solçu kimi yetişməsi atasının gərgin keçən həyatının təsiri altında baş verdi. Mussolininin təhsil görmüş anası onun tərbiyəsinə xüsusi diqqət ayırırdı. İtaliyanın gələcək duçesi artıq 4 yaşında oxumağı, 5 yaşında isə skripkada çalmağı bacarırdı. Gəlirləri az olsa da, ailə başçısı övladlarının təhsil almasına xüsusi olaraq çalışırdı.

Ata-anası Benitonu xüsusi təhsilli məktəbə qoydular. Lakin xaraktercə adamayovuşmaz olan yeniyetmə burada öz yoldaşları ilə yola getmir, tez-tez dava salır, xasiyyətindəki bütün naqislikləri büruzə verirdi. Onun bu cür idbar xarakteri nəinki gimnaziya yoldaşları, müəllimləri, hətta valideynləri üçün də problemlər yaradırdı. Heç kimlə yola getməyən Benito sinif yoldaşına bıçaq, müəlliməsinin üzünə mürəkkəb atmışdı...

Bununla belə, o, Bolonya Universitetini əla qiymətlərlə bitirdi.

Lenin: "Bəs Benito hanı? Niyə onu itirdiniz?"

Hər şey çılğın gəncin 17 yaşına qədəm qoymasından sonra başladı. Əsrin əvvəllərindən etibarən siyasətlə maraqlanmağa başlayan Benito insanlara bərabərlik, ədalətli cəmiyyət vəd edən solçu ideyalarını böyük həvəslə dəstəkləyirdi. O, Sosialist Partiyasına üzv yazılaraq, solçuların əsas təbliğat orqanlarında bir sıra məqalələrlə çıxış etməyə başladı. Təbliğat məsələlərində aktivlik nümayiş etdirirdi. Təhsilini bitirən Benito solçuların siyasi təşkilatlarının yerli şöbələrindən birinə üzv oldu.

Xarakterindəki kobudluqlara, dözülməzliyə baxmayaraq, Mussolini əslində qorxaq idi. Həmkarları və dostları Adolf Hitlerdən, Fransisko Frankodan fərqli olaraq, hərb sənətini sevmirdi. Hətta hərbi xidmətdən də yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Buna görə İsveçrəyə də qaçmışdı. Orada isə İtaliya hökumətinin sorğusu əsasında həbs olunmuşdu. Hərbi xidmətdən yayınmaq üçün başqa ölkələrdə keçirdiyi gənclik həyatı Benitonun solçularla əlaqələrini daha da sıxlaşdırırdı. Lakin əvvəl-axır hərbi xidmət keçmək lazım gəldi. Yeri gəlmişkən, hərbdən qorxan Benito da Birinci Dünya müharibəsində "iştirak" etdi. O, "döyüşlərini" qosputallarda və məzuniyyətlərdə keçirirdi. Yarım il ərzində cəmi 3 dəfə səngərdə olmuşdu. Bir dəfə səngərdə baş vermiş partlayış onun 4 əsgər yoldaşının həyatını məhv etdi. Amma tale Benitonun üzünə güldü, o sağ qaldı.

Benito solçularla görüşür, tez-tez təmasda olur, onlarla münasibətlərini qururdu. Belə şəxslərdən biri də rus bolşeviklərinin rəhbəri Vladimir İliç Lenin idi. Dünyanın ən böyük proletariat diktaturasının bərqərar olunacağı gələcək ölkə rəhbəri ilə siyasi tədbirlərdən birində görüşüb tanış olan Benito onun fikirlərini bəyəndi. O artıq təcrübəli siyasətçi kimi davranırdı. Mussolini kütləylə elə kütləvi informasiya vasitələrinin dilində danışır və xalqı elə onun öz sadə dili ilə özünə tərəf çəkirdi.

Həddən artıq özündən razı olan italyan sosialist hələ 18 yaşında siyasi tədbirlərdə çıxış edir, kütlənin diqqətini və sevgisini özünə cəlb etməyə çalışırdı. Benitonun bu fəallığını Lenin də yüksək qiymətləndirmişdi. Təsadüfi deyil ki, illər sonra Vladimir İliçlə görüşmək və solçuların beynəlxalq əlaqələrini müzakirə etmək üçün 1919-cu ildə Moskvaya yollanan italyanları qarşılayan proletariat rəhbəri "Bəs Benito hanı? Niyə onu itirdiniz?"- demişdi.

Sosialistlərlə Mussolinin yolçuluğu uzun olmadı. Əsrin əvvəllərində partiyaya üzv qəbul edilmiş emosional solçu 11 il sonra siyasi təşkilatdan xaric edildi. O, artıq kommunizmə qarşı barışmaz mövqe tutmuşdu. "Əgər mən italyan olsaydım, kommunizmə qarşı mübarizədə sona qədər Benito Mussolinini dəstəkləyərdim" – Britaniyanın baş naziri Uinston Çörçil bir qədər sonra belə deyəcək, sonra isə əlavə edəcəkdi: "Mussolininin arxasınca getsəniz, zamana qənaət etmiş olacaqsınız".

"Qaraköynəklilər", hakimiyyət zirvəsinə doğru...

Birinci Dünya müharibəsindən qalib qiyafəsində ayrılan İtaliya gözlədiyi qənimətlərə sahib ola bilmədi. Halbuki ölkə 700 mindən çox itki vermiş, 48 milyard pul göyə sovurmuşdu. İşsizlərin, var-yoxdan çıxmış vətəndaşların etiraz aksiyaları – nümayişləri ara vermirdi. Təkcə 1919-cu ildə hər gün ərzində 5-6 nümayiş keçirilməklə 1874 aksiya təşkil olunmuşdu.

İmperiyaları dağıdan müharibə İtaliyada daxili vəziyyəti gərginləşdirdi. Kəndlilər mülkədarların torpaqlarını mənimsəyirdilər. Daxili vəziyyət gündən-günə daha da pisləşirdi. Belə bir vaxtda hakimiyyət nümayəndələrinə, ölkə rəsmilərinə onları, əmlaklarını qoruya biləcək xüsusi dəstələr və etibarlı adam lazım idi. Belə bir şəxsi Benitonun simasında görürdülər. 1919-cu ilin martında "Mübarizə ittifaqı" – italyanca "Faşi de kombatimennto" adlandırılmış dəstələrin toplantısı keçirildi. Artıq Mussolini və tərəfdarları ciddi hərbi, terrorçu və siyasi qüvvəyə çevrilməkdə idi. Onlar nümayiş keçirən sadə vətəndaşlara qarşı müxtəlif mübarizə üsullarından istifadə edir, sosialistləri terror aksiyaları ilə susdurmağa çalışırdılar. Hakimiyyət nümayəndələri onların özlərini və əmlaklarını qoruyan, "qaraköynəklilər" adlandırılan faşist dəstələrini maliyyələşdirməyə, ona hərtərəfli dəstək verməyə başladılar. Bütün bunlar öz işini gördü – cəmi 2 il sonra Mussolinin xüsusi dəstələri öz sıralarında 370 min adamı birləşdirirdi. İndi bir çox hakimiyyət rəsmiləri "İtaliyanın inqilaba ehtiyacı var və bu, baş verəcək" deyən Benito ilə hesablaşmağa başlamışdılar.

Kardinal dəyişikliklərin zamanı çatmışdı. İtaliya sahibkarlarını yoxsulların, işsizlərin, sosialistlərin, anarxistlərin hər cür qəsdlərindən qoruyan faşist dəstələrinin ciddi siyasi təşkilata çevrilmək zamanı idi. Benitonun və tərəfdarlarının təklifi ilə keçirilən qurultayda faşist dəstələri birləşdirilərək partiyaya çevrildilər. Bundan bir neçə ay sonra Benito iddialarını açıq-aşkar ortaya qoydu: "Biz nəzərlərimizi Romaya yönəltmişik, İtaliyanı idarə etmək istəyirik. Biz nə uğrunda mübarizə aparırıq? Yalansız-filansız deyirəm - hakimiyyət uğrunda". O, beləcə ideyası olmayan insanların beyinlərini işğal etdi.

1921-ci ildə mayda Benitonu parlamentə seçdilər. Mussolininin nüfuzu daha da artdı. 1922-ci ilin oktyabrında Neapolda 40 min faşistin iştirakı ilə keçirilən toplantıda Romaya yürüş barədə qərar qəbul edildi. Vətəndaş müharibəsinin başlanmasından qorxan İtaliyanın o zamankı kralı "qaraköynəklilər"in qarşısını almaq təkliflərini rədd etdi. Mussolini xüsusi qatarla Romaya gəlirdi. "Qatarla Romaya gələndə özümü dünyanın ən xoşbəxt adamı hesab edirdim" deyən duçenin hakimiyyəti ələ keçirməsinə bir neçə saat qalmışdı. İtalyanlar bu hadisəni istehzayla "Vaqonda inqilab" adlandırdılar. Fərari - ölkə rəhbəri oldu.

Diktatura, "çoxlu toy – çoxlu əsgər deməkdir"

Hakimiyyəti ələ keçirən özündənrazı diktator İtaliyada güclü hərbi, terrorçu diktatura rejimi yaratdı. 1922-ci ilin dekabrında təsis edilmiş Baş Şura ölkənin idarəçilik sükanını əlində cəmləşdirdi. Yeni qanuna görə, duçe parlament qarşısında heç bir məsuliyyət daşımırdı. Terror və saxtakarlıq şəraitində keçirilən parlament seçkilərində faşistlər qanunverici hakimiyyəti də ələ keçirdilər. Ölkədə nümayişlərin keçirilməsi qadağan olundu. Bununla da sosialistlərin, habelə narazı kütlənin əl-qolu bağlandı. Cəmi 4 il sonra İtaliyada Benitonun tam hökmranlığı altında idarə edilən diktatura rejimi bərqərar olundu. Benito hər gün ölkədə sakinlərin kütləvi şəkildə idman hazırlıqlarının həyata keçirilməsini, gimnastikanın, dağ-xizək yarışlarının təşkilini tapşırdı. O özü də səhərlər dağ xizək yarışlarında iştirak edir, müxtəlif idman növləri üzrə fərqlənənləri təltif edirdi. Qadınlara şalvar geyinmək qadağan olunmuşdu.

Ölkədə kütləvi faşist toyları təşkil edilirdi: "Çoxlu toy, çoxlu əsgər, bu isə ordusunun sayı çox olan güclü dövlət deməkdir". O, 1870-ci ildən mövcud olan problemi həll edib, Roma papası ilə saziş imzaladı. Həftəsonu hamı hərbi məşqlərə cəlb edildi. İşsizlərin sayı 500 mindən 120 minə qədər azaldı. O zamanlar Avropada məşhur olan "London Times" yazırdı: "İtaliya heç vaxt belə güclü olmamışdı".

Mussolini 1924-cü ildə SSRİ ilə müqavilə imzaladı. 1933-cü ildə isə SSRİ ilə dostluq və əməkdaşlıq, neytralitet sazişini rəsmiləşdirdi. "Əbədi müqavilə olmur, gec-tez bütün sənədlərə baxılır" – görünür, bu sözləri deyəndə o, SSRİ ilə imzaladığı müqaviləni pozacağını nəzərdə tutmuşdu.

Benito İtaliyada iqtisadiyyata dövlət nəzarətinin artırılmasına nail oldu. Sənayenin, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atıldı. Beləcə, diktatura rejiminin bərqərar olduğu İtaliya dirçəldi. İndi italyanları növbəti ağır sınaqlar – İkinci Dünya müharibəsinin ağır günləri gözləyirdi.

Hitlerin qorxub çəkindiyi yeganə insan

Duçe əvvəllər alman faşistlərinin bəzi addımlarını bəyənmirdi, Hitlerlə münasibətləri heç də yaxşı deyildi. 1936-cı ildə Hitlerin Almaniyaya rəsmi səfər təklifini rədd etdi. 1937-ci ildə bu, düz 5 dəfə təkrarlandı. Nəhayət, o, Berlinə səfər edərək, "İtalyan faşizmi dostunu tapdı və onunla sona qədər birlikdə addımlayacaq" deyə bəyanat verdi.

Bundan əvvəl isə Hitler "bizə lazım olan bu italyanı niyə ələ keçirmirik?" demişdi. İndi alman füreri məqsədlərinə nail olmuşdu. Mussolini Hitlerin 1936-cı ilə qədər qorxub-çəkindiyi yeganə rəhbər idi.

Hitlerin Avropanı işğal etməsinə qarşı çıxan duçe sonradan Çexoslovakiya torpaqlarının Almaniyaya bəxş edilməsini rəsmiləşdirən Münhen sazişində iştirak etdi. Dünya ağalığı iddiasında bulunan Hitlerin Polşa torpaqlarına soxulması İngiltərə və Fransanın Almaniyaya müharibə elan etməsi ilə nəticələnəndə, sentyabrın əvvəllərində Benito italyanlar qarşısına çıxdı: "Fransa və İngiltərənin ölkəmizdəki səfirlərinin diqqətinə çatdırılıb ki, İtaliya onlara müharibə elan edir". Roma sakinləri duçenin bu çıxışını bəyənərək, onu alqışlarla qarşıladılar. Halbuki tərsinə olmalıydı. Benitonun müharibəyə qoşulması italyanlara 350 min hərbçinin ölümü hesabına başa gəldi.

O, alman fürerinin Rumıniyanın neft mədənlərini ələ keçirməsi xəbərini qəzetdən oxuyub qəzəbləndi: "Hitler öz addımlarını mənə onlar fakta çevrildikdən sonra deyir. Bundan sonra o da mənim addımlarım, o cümlədən Yunanıstana hücumum haqda qəzetlərdən oxuyacaq". Lakin Benito Yunanıstanı işğal edə bilmədi.

1941-ci ildə hitlerçilər SSRİ torpaqlarını tapdayanda da o, Hitlerin yanında yer aldı. Mussolini 22 iyun səhərinə qədər Hitlerin SSRİ-yə hücum edəcəyinə inanmırdı.

İtalyanlar almanlarla bir sıra əməliyyatlarda çiyin-çiyinə vuruşurdular. Öz növbəsində isə Hitler Benitonun əsgərlərinin Afrikadakı ağır günlərində onlara hərbi dəstəyini əsirgəmədi. Alman qoşunlarının SSRİ-dəki ilk uğursuzluqlarını görən Benitonun "Müharibənin SSRİ bölümü bitib, bu ölkənin məğlubedilməzliyi onun ərazisinin böyüklüyü və qoşunlarının sayı ilə məlumdur. Biz ingilisləri bitirməliyik" deyərək, uzaqgörənlik etdi. Ancaq Hitler onu eşitmədi.

Müharibəni sevməyən ölkə sakinləri "uzaq Rusiyanın hansısa diyarında Hitler uğrunda öldürülmək italyanların nəyinə lazımdır?" sualını verirdilər.

Cəbhələrdəki məğlubiyyət səbəbindən 1943-cü ildə onu həbs edib, Ponço adasına sürgün etdilər.

Lakin Benito burda çox qalmadı. Hitlerin şəxsi göstərişi ilə sentyabrın 12-də, saat 13:30-da Otto Skortseni adaya desant çıxardı. Mussolininin "Atəş açmayın, qan tökülməsini istəmirəm" deyə kövrəlməsi onun siyasətdən bezdiyini göstərirdi. Sentyabrın 15-də Benitonu Hitlerlə görüşdürdülər. "Mən siyasətdən bezmişəm, biz məğlub olmuşuq. Xalq bizi bağışlamayacaq" deyən Mussolinin sözləri isə Hitler üçün əhəmiyyətsiz idi.

Hitlerin tapşırığı ilə həyata keçirilmiş xüsusi əməliyyat nəticəsində əsirlikdən azad edilmiş Mussolini italyanların dəstəyindən məhrum olduğundan, almanların hərbi dəstəyi ilə İtaliyanın şimalında qurulmuş oyuncaq dövlətə rəhbərlik edirdi.

Onun 17 ildə İtaliyada qurduğu iqtisadiyyat 3 il ərzində dağıldı.

Alman həmkarı duçenin bütün məsləhətlərini qulaqardına vururdu. Hitlerin özündənrazılığı və hərbi, siyasi, taktiki səhvləri hər iki diktatora baha başa gəldi.

Zərif, gözəl qadınlarla seks, Allahın eşitdiyi qarğış

Özünə həddən artıq vurğun olan Benito hələ gənc yaşlarından qadınlara xüsusi marağı ilə seçilirdi. Onun sevgi macəralarının, intim görüşlərinin sayı-hesabı bilinmirdi. Gənc Rakeli isə o, həqiqətən sevirdi. Qızın valideynləri övladlarını ona verməkdən imtina etdikdə Mussolini hədə-qorxuya keçmişdi: "Tapançamda 7 gülləm var, 6-nı sizə, 1-ni isə özümə vuracam". Bundan sonra valideynlər qızlarının Benito ilə evlənməsinə razılaşdılar.

Jurnalist fəaliyyəti ilə məşğul olan Mussolini mətbuatın kütlələrə təsirinə xüsusi önəm verirdi: "Əlimdə qələm, cibimdə tapança var deyə heç kimdən qorxmuram". O, "Avanti"nin baş redaktoru olduqdan sonra qəzetin satış tirajı 5 dəfə artdı. Burada Marqarito Çarfati ona necə yazmaq, çıxış etmək, hətta necə geyinmək lazım olduğunu öyrətdi. Benito ona da tamah saldı. Digər italyanlar kimi çılğın olan Mussolininin onunla sonradan sevgi münasibətlərinə çevrilmiş dostluq əlaqələri Benitonun yüksəlişinə təkan verdi. Marqarita onu həddən artıq sevir, gəncə diqqət və qayğı göstərirdi. Onun Benitoya qarşı münasibətlərinin Mussolinin hakimiyyət zirvəsindən kənarda olarkən yaranması qadının təmənnasız sevgisindən xəbər verirdi. Lakin Benito onunla yox, Dalserlə evləndi. Çarfattinin Benitoya yaxşılıqları əvəzsiz qalmadı – Mussolini ölkədən 12 min yəhudini qovanda Çarfatti də deportasiya olunanların arasındaydı.

Arvadbaz duçe daha sonra Dalseri də əvvəlki qadını Rakellə dəyişdi. Mussoliniyə bir neçə övlad bəxş etmiş Rakel onu ömrünün sonuna qədər sevdi. O, Mussolini öldürüləndən sonra da ömrünün sonlarınadək ərinin ruhuna dualar edirdi.

Lakin zərif, gənc və gözəl qadınların həvəskarı olan Benito bu dəfə Klara adlı qadına maraq göstərməyə başladı. Sonuncu sevgilisi Klara Petaççi də Mussolini kimi mənasız əyləncələrə maraq göstərirdi. Onların arasındakı kəskin yaş fərqi vardı – 32 il. Üstəlik, duçenin həyatına çox sonra gəlmişdi. Rakel ərinin növbəti dəfə əlindən alınmasına qarğışla cavab verdi. Üzünü gənc və gözəl Klaraya tutub, "Sən Milanda – Pyaçço Lorettoda, fahişələr meydanında asılacaqsan" dedi.

Nə qədər qəribə də olsa, Klaranı illər sonra elə həmin meydanda da asdılar.

1945-ci ilin aprelində antifaşist blokunun üzvləri İtaliyanın ayrı-ayrı şəhərlərini bir-bir ələ keçirəndə Benito aradan çıxmaq istədi. O, 200 almanla sərhədi keçmək niyyətində idi. Faşist leytenantı duçeni maşının ban yerində gizlətdi. Onlar Komo gölünü keçməyə çalışırdılar. Aprelin 27-də onu əsgər paltarında gizlədilər. Bundan əvvəl isə Klara Petaççiyə sərhədi keçmək təklif edilmişdi, amma o, çox sevdiyi Mussoliniyə görə bundan imtina etdi.

Lakin partizanlardan biri xarici görkəmini dəyişərək Klara Petaççi ilə birlikdə aradan çıxmaq istəyən duçeni tanıdı. Aprelin 28-də, axşam saat 16:10-da onların hər ikisini güllələdilər. Partizanlar İtaliyanı İkinci Dünya müharibəsində fəlakətə sürükləmiş faşist diktatoru öldürüb, onların meyitlərini Milanda Pyaçço Lorettoda (Mussolinin arvadı Rakelin Klaraya qarğış etdiyi yerdə) meydanda asdılar. Bu həmin Milan idi ki, bir vaxtlar faşistlərin orda əzəmətli toplantısı keçirilmişdi. Yeri gəlmişkən, Benito Mussolini həbs etmiş partizanlar arasında azərbaycanlı döyüşçü də vardı. Bu, cəsur pulemyotçu Vilayət Hüseynov idi.

Beləcə, İtaliyada 30 illik diktatura dövrü başa çatdı.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm