• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İmana gələn məşhurlar - FOTOLAR

  • Maraqlı
  • 26 Fevral 2015 12:05
  • 2 168 Baxış
İmana gələn məşhurlar - FOTOLAR

Onlardan bəzisi kino, bəzisi musiqi, bəzisi də podium dünyasının məşhurları olub. Hətta aralarında taclı gözəllər, cəsur görüntüləri ilə tanınmış manekenlər və erotik filmlərdə oynayanlar da var. Ancaq günlərin birində yaşadıqları dəbdəbəli həyatla vidalaşıb, mənəvi dünyaya sığınıblar. Özlərini tamamilə dinə həsr ediblər.

Publika.az həmin məşhurların siyahısını təqdim edir.

Hicab geyindikdən sonra özünə yeni həyat tərzi quran ralli iştirakçısı Burcu Çetinkaya "Söylemezsem Olmaz" proqramında qonaq olub. O, yaşadığı dəyişikliyi belə dəyərləndirib: "Həyatımdakı ifrat şeyləri düzəltməyi və səbir etməyi öyrəndim. İndiki ağlım olsa, döymə etdirməzdim. Döymə etdirdiyim vaxtlar çox gənc idim, bu barədə düşünməmişdim. Onsuz da, demək olar ki, silinib. Ancaq bu sildirmə prosesi 8 ildən bəri davam edir".

Burcu Çetinkaya İbrahim Tatlisəslə çəkdirdiyi şəkli "twitter" səhifəsində yayımlayıb. Hicab geyinmiş Çetinkayanın "twitter" profilindəki şəklini də dəyişməsi izləyicilərinin diqqətindən qaçmayıb. Məsələ ilə bağlı əlavə açıqlama verən Çetinkaya "Hicabla bağlı verdiyim qərar, sadəcə, öz mənəvi yolçuluğumla bağlı bir qərardır. Mən hələ də Burcu Çetinkayayam. Uzun illər öncə çıxdığım yolçuluq var. Sadəcə, bir addım da atmaq istədim. Həyatımda heç kimə qarşı qərəzli olmadım. Çılpaq gəzən bir insan Allaha məndən daha yaxın ola bilər, bunu mühakimə etmək mənim işim deyil. Bu qərarım, sadəcə, öz yolumla bağlıdır. Heç kimi keçmişdə necə mühakimə etmədimsə, indi də etməyəcəyəm. İnşallah, hamının qərəzli düşüncələri keçmişdə buraxıb, qəlblərə baxdığı günlər gələr" deyib.

Polşa gözəli seçildiyi 1998-ci ildən bəri Türkiyədə yaşayan Tatsyana Tsvikeviç 2002-ci ildə Türkiyə vətəndaşlığını, 2009-cu ildə isə müsəlmanlığı qəbul edib. O, qurduğu yeni həyatdan razıdır. Türkiyədə "Rus gəlin" filmi ilə tanınan və müsəlman olduqdan sonra Sədəf adını alan aktrisa "Aysha" jurnalına müsahibə verib. Tsvikeviç din dəyişdirmə prosesindən də danışıb. "Hər şey 5 il öncə özümə hesabat verməklə başladı. "Mən kiməm, nələr yaşayıram" deyə dalana dirəndim. Sonra qarşıma Nihat Hatipoğlu çıxdı. Onu dinləməyə başladıqdan sonra suallarımın cavabını tapdım. Həyatımda yeni bir səhifə açdım".

Müğənni Niran Ünsalın moda jurnalı olan "Aysha" üçün çəkdirdiyi hicablı şəkilləri uzun müddət gündəmdən düşmədi. Həyatı və gələcəyə dair düşüncələrini səmimi şəkildə açıqlayan sənətçi xoşbəxt olduğunu dilə gətirib: "Mən uşaqlarımı musiqi ilə yox, dua ilə böyütdüm. Oğlum Beranın hafiz olmasını istəyirəm. Təhsili üçün də xüsusilə İmam Hatip liseyini düşünürəm. Allahını, peyğəmbərini, kitabını tanısın. Uşaqlarıma "bismillah" deməmiş su belə vermirəm".

Kliplərdəki açıq-saçıqlığa qarşı mübarizə apardığını söyləyən Ünsal onu tənqid edənlərə cavab da verib: "Azadlığın adı çılpaqlıq olub. O cür açıq-saçıq kliplər mənim nə inancımla, nə də mədəniyyətimlə üst-üstə düşür. Qadınlar, kişilər yataqların üzərində, hovuzların içində - bu qədər də olmaz. Bir də buna sənət deyirlər. "Musiqi üçün soyunun" desəydim, alqışlanardım".

Altı illik həyat yoldaşı Burçin Terzioğlu ilə ayrılan Murat Yıldırım ikinci dəfə müqəddəs torpaqlara üz tutub. Keçən aylarda ümrəyə getdiyi xəbəri ilə gündəmə gələn məşhur aktyorun Qurban bayramında da Həcc ziyarətində olduğu ortaya çıxıb. Müqəddəs torpaqları ziyarət edib dini vəzifələrini yerinə yetirən Yıldırım qaldığı "Medine Oberoi Otel"də də fanatlarının rəğbətiylə qarşılaşıb. Murat Yıldırım yay aylarında ümrə ziyarətində belə görüntülənib.

Yeni ilə ümrədə girən Gülben Ergen 2015-ci ilin ilk günlərində Beşiktaşdakı Yahya Efendi türbəsini ziyarət edib.

Mövlud qəndili səbəbi ilə gəldiyi türbədə yarım saat qalan Ergen namaz qılaraq dua edib. Şəklinin çəkilməsindən narahat olan müğənni "İbadətin şousu olmaz. Burda danışmağımı gözləməyin" deyib.

Evləndikdən sonra işini buraxan Türkiyə Manekenlik Kraliçası Tuğçe Güderin də hicab geydiyi ortaya çıxıb. 5 il öncə Uğur Karas ilə evlənən və bir oğlu olan Tuğçe Güder bir müddət öncə Yalovaya köçmüşdü. Məşhur maneken hicab geyinməyi ilə bağlı "Kimlər üçünsə deyil, Allah üçün örtündüm" deyib. Afrika əsilli Güder, ailəsi tərəfindən uşaq evinə atılmış, oradan da bir ailəyə övladlığa verilmişdi.

Aparıcı İpek Tanrıyer ümrəyə gedib. Ümrə ziyarətindən izləyicilərinə tez-tez məlumat verən Tanrıyer şəkil paylaşmağı da yaddan çıxarmayıb.

Keçmiş TRT spikeri Serra Karaçam da örtünüb. Məşhur spiker bu qərarının arxasında yatan səbəbləri də "Ala" jurnalına danışıb.

İmam Hatip liseyindən məzun olduğunu söyləyən Karaçam universitetə girmək üçün şəkil çəkdirdiyi zaman ağlayaraq başını açdığını dilə gətirib. Serra Karaçam örtünməyə qızı doğulduqdan beş ay sonra qərar verdiyini söyləyib. Daha öncə də örtünmək istədiyini qeyd edən Karaçam "Uşaq olunca, misal üçün, yataqdan yıxılır, başına bir şey gəlir, amma Allahın onu davamlı qoruduğunu gördükcə şükür etmə hissim artdı. Öz məsuliyyətimi və təşəkkürümü daha ciddiləşdirmə istəyi dəqiqləşdi içimdə. Birdən onsuz da fikirləşdiyim şeyi etməyə qərar verdim" deyib. Karaçam baş örtüsünün sənəti baxımından avantaj və ya dezavantaj olmasını istəmədiyini qeyd edib. Karaçamın bu qərarı sosial mediada da böyük əks-səda yaradıb.

Keçən il Eda Taşpınarla münasibətini bitirən milli sörfinq ustası Bora Kozanoğlu ümrəyə gedib. Sonuncu dəfə "Merhaba Hayat" serialında çəkilən idmançı izləyicilərinə ümrə haqqında məlumat verib. Ümrə ziyarətindən paylaşdığı şəkillərin altına "Kainatın ən müqəddəs və ən təmiz yeri Kəbədən salam olsun! Uca yaradan hər kəsə nəsib etsin!" qeydini yazıb.

İntizar da Həcc borcunu vermək üçün müqəddəs torpaqlara gedib. Uzun illər ekranlarda görünməyən müğənninin Məkkədə olduğunu isə izləyicilərinə sənətçi dostu Mustafa Ceceli bildirib. "twitter"də İntizarın müqəddəs torpaqlarda çəkilmiş şəklini "İntizar Həccdən hamınıza sevgisini göndərdi" yazaraq paylaşıb.

İvana Sert oğlu Ateşlə gəzərkən çəkilib. "Quran oxuyuram. Bir anda, bir gündə müsəlman ola bilməzsən. Din dəyişdirmək üçün zamana ehtiyac var" deyib. "En Büyük Show" adlı proqramda aparıcılıq edən Sert jurnalistlərin "Müsəlman oldunuz?" sualına "Tam olaraq olmadım" cavabını verib.

"Lale Devri"nin yaraşıqlı oyunçusu Tolgahan Sayışman qatıldığı bir televiziya proqramında haqqında heç kəsin bilmədiklərini ilk dəfə açıqlayıb. Kenan Erçetingözün apardığı "Yüz Yüze" proqramında iştirak edən Sayışman ailəsi ilə bərabər ümrəyə getdiyini söyləyib. Gənc oyunçu "bacardığım qədər dini inancımı yaşamağa çalışıram" deyib. Mənəviyyat və inancın onun üçün çox əhəmiyyətli olduğunu bildirən Sayışman namaz qıldığını söyləyib və "Bu barədə çox danışmağı sevmirəm" deyərək sözlərini bitirib.

Bir vaxtlar televiziya ekranlarının tanınmış simalarından olan illüziyaçı Magic Necmi də mənəviyyata üz tutanlardandır. Uzun müddətdir ortalarda görünməyən Necmi Yıldırım bir televiziya proqramına qonaq olub. Proqramda İsmailağa camaatına qatıldığını söyləyən keçmiş illüziyaçı həyatında əsaslı dəyişikliklər etdiyindən və məsləhətlə evləndiyindən danışıb. Cübbəli Ahmet Hocanı dinlədikdən sonra həyatında ciddi dəyişiklik etdiyini söyləyən və evində televizor olmadığını deyən Necmi Yıldırım "Beləliklə, həyat yoldaşımla uzun-uzun söhbət etmə fürsətimiz olur, Allah Ahmet xocanı başımızdan əksik etməsin" deyib.

"Athena" qrupunun solisti Gükhan Özoğuz "Vogue Fashions Night Out" tədbiri çərçivəsində İstinye Parkda diceylik edib. Beş vaxt namaza başladığı söylənilən müğənni bu barədə danışmaq istəməyib: "Bunlar həssas mövzulardır. Bu mövzularla gündəmdə qalmaq istəmirəm. Məsələnin fərqli şəkildə anlaşılmasından qorxduğum üçün bir şey demək istəmirəm".

Televiziya ekranlarının sevimli aparıcılarından İkbal Gürpınar da içindən gələn səsə qulaq asıb imana yönələn məşhurlardandır. Bir müddət əvvəl ümrəyə gedən Gürpınar orada hicab geyinməyə qərar verib: "Dördüncü dəfə ümrəyə getdim. Daha öncə başımı bağlamaq fikrim yox idi. İşimə görə bunu edə bilməyəcəyimi düşünürdüm. Kəbədə namaz qılarkən içimə bir səs doldu. İçimdəki səs "örtünməlisən" dedi".

Gürpınar qatıldığı bir televiziya proqramında "başını bağlayaraq özünü reklam etdiyi" barədə iddialara da göz yaşlarına boğularaq cavab verib. İlk evliliyinə qədər başı örtülü olduğunu söyləyən Günpınar "Keçmiş həyat yoldaşımın istəyi ilə başımı açdım" deyib. Gürpınar İmam Hatip liseyindən məzun olduğunu da eyni proqramda söyləyib.

1980-ci illərin ən yaraşıqlı simalarından biri də Reha Yeprem idi. 1986-cı ildə "Aydan Adan" və "Sema German" agentliklərində manekenliyə başlayıb. 1987-ci ildə "Hürriyyət" qəzetinin "Kelebek" komandasının təşkil etdiyi yarışmada kino kralı seçilərək peşəkar aktyorluq həyatına başlayıb. Çoxlu sayda reklamlara çəkilən Reha Yeprem eyni zamanda 18 il manekenliklə birlikdə defilə dərsləri verib. Uğurkan Erez ilə birgə 5 il media moda fəaliyyəti çərçivəsində fashing show və xoreoqrafiya işi ilə məşğul olub. 50-dən çox defiləyə xoreoqraf kimi imza atıb. Bir vaxtlar Gönül Yazar ilə yaşadığı özəl münasibəti ilə gündəmə gəlib. Aralarında Hülya Avşarın da olduğu bir çox məşhurla açıq-saçıq səhnələrin olduğu filmlərə çəkilib. Ancaq daha sonra o da həyat tərzini dəyişdirib. 1996-cı ildə məntiqdən kənar sirli hadisələrdən bəhs edən "Sır Kapısı" proqramına aparıcılıq etməyə başlayıb. Yeprem eyni zamanda "Samanyolu" xəbər departamentində 2 il boyunca səhər 07:00 – 09:00 saatları arasında canlı yayımda "Merhaba Yenigün" proqramında da aparıcılıq edib.

Leyla Sayar "Yeşilçam"ın 1960-cı illərinə möhürünü vuran ən gözəl ulduzlardan biri idi. 1940-cı ildə dünyaya gələn aktrisa "Yıldız" jurnalının təşkil etdiyi artist yarışmasında uğur qazanıb. 1958-ci ildə kino aləminə daxil olub. Bir müddət Ankara Dövlət Teatrında təhsil alan Sayar 1957-ci ildə "Üç Garipler" filmi ilə kinoya ilk addımını atıb. Ardından "Duvaklı Göl", "Dertli Irmak" kimi filmlərə çəkilib. "Yeşilçam"ın bir dövrünə damğasını vuran ən gözəl qadınlardan biri olan Sayar şəxsi həyatı ilə də həmişə diqqət mərkəzində olub. Xüsusilə də Muzaffer Tema ilə yaşadığı qalmaqallı münasibət dövrünün maqazin xəbərlərinin əsas mövzusuna çevrilib. 20-yə yaxın filmdə baş rolda çəkilən cütlük sonradan evlənib. Ancaq Tema eşqbazlığından qurtula bilməyindən, cütlük ayrılmalı olub.

Tema ABŞ-a gedərək bəxtini Hollivudda sınamaq istəyib. Ancaq istədiyini əldə edə bilməyib geri qayıdıb. Həmin vaxt Leyla Sayar da özünə başqa yol seçib. Sayar dövrünün məşhur kazino sahibləri olan Hasan Ekesi və Hasan Boranın təkidi ilə o illərdə bir çox kino ulduzunun etdiyi kimi səhnəyə çıxıb. İşi rəqqasəlik etmək olub. Kudret Şandıradan bir həftə dərs alıb və rəqqasə kimi kazino səhnəsinə çıxıb. Ancaq şansı gətirməyib. Səhnədə rəqs etmək filmlərini heyranlıqla izləyənlərin xoşuna gəlməyib. Əslində, onun görmək istədiyi iş kameraların qarşısına keçib filmə çəkilmək idi. "Yeşilçam"a qayıdan zaman isə artıq kino sektoru dəyişmişdi. Aylarla ona uyğun rol verilməsini gözləyib. Ancaq gözlədiyi xəbər gəlməyib. Bundan sonra özünü dinə həsr edib. Artıq tanrıya yaxın idi, onsuz da qazanıb yığdığı pul ona bəs edəcəkdi. Həyatını tamamilə yenidən qurub. Televizorda çəkildiyi filmlər nümayiş olunduğu vaxt kanalı dəyişdirəcək qədər dəyişib.

Toktay bir vaxtlar podiumun ən çılğın manekeni idi. Özəl həyatını belə kameraların qabağında yaşayırdı. Ancaq bir gün həyatının eşqi iş adamı Ali Rza Özderici ilə tanış oldu və həyat yolu başqa məcraya düşdü. İlk sürpriz Toktayın evlənməsi oldu. Sonra ilk uşağını dünyaya gətirdi. Daha sonra da ümrəyə gedən Toktay dəbdəbəli həyatdan uzaq sadə həyat yaşayır.

Bir vaxtlar maqazin dünyasında məşhur olması istisna olunmaqla milyonlarla anadan heç bir fərqi yoxdur. Toktay indi həyatını həyat yoldaşına və iki uşağına həsr edib.

Yaşar Alptekin 1980-cı illərin gənc siması idi. O dövrdə hələ 20 yaşlarında olan Alptekin qısa podium təcrübəsindən sonra özünü kamera qarşısında görüb. Bir neçə il öncə haci olan Alptekin qələmə aldığı "Namazla Yeniden Doğdum" adlı kitabının təqdimatında belə deyib: "Mən boz idim. Rəbbim tozumu aldı, ağappaq oldum. Keçmiş həyatıma dönməkdən qorxuram."

Engin Noyan həyat yoldaşı Eser Noyan ilə birlikdə oxuduğu mahnılarla tanınırdı. Bir müddət apardıqları şou proqramla barələrində çox danışılmışdı. Ancaq Engin Noyan bir gün həyatını tamamilə dəyişərək özünü dinə həsr etdi. Noyan bir məclisdəki söhbətində "həyatımın böyük hissəsini Quransız yaşadım. Nə qədər qaranlıq və çürümüş bir dövr yaşamışam".

"Yeşilçam"ın bir dövrünə damğasını vuran məşhurlardan biri də Necla Nazırdır. Ferdi Tayfurla uzun sürən münasibəti ərəfəsində hicab geyinib. Heç kimin təzyiqi altında olmadığını, Allaha inancından ötrü örtündüyünü söyləyib. İllər boyu bu qərarından çəkilməyib. Ancaq Tayfur ilə olan münasibəti bitdiyi zaman yol ayrıcı qarşısında qalıb. Hicablı olduğu üçün heç kimin ona işə götürmədiyini söyləyən Nazır "çörək pulu qazanmaq üçün" başını açıb. Nazır düz 20 il sonra başını açıb. Ancaq yenidən örtünüb.

Bir müddət həbsxana həyatı yaşayan Tuğba Özay dəmir barmaqlıqlar arxasında olarkən dinə sığınıb. Özay yaxınlarına dini kitablar oxumağa və namaz qılmağa başladığını söyləyib. Həmin dövrdə Özayın Ramazan ayının ilk günü həbsxana yoldaşlarına iftar yeməyi verdiyindən bəhs olunub. Özay daha öncə də tez-tez hicab defilələrinə çıxıb. Özay həbsxanadan çıxdıqdan sonra yeni həyata başlayıb. İtalyan sevgilisi ilə evlənib, sakit həyat tərzini seçib.

Həbsxana təcrübəsi yaşayan başqa bir məşhur da Deniz Sekidir. Onun da həbsxanada qaldığı müddətdə dinə yaxınlıq duyduğundan bəhs olunub. Dəmir barmaqlıqlar arxasında qaldığı müddətdə Sekinin dini kitablar oxuduğu vəkili tərəfindən açıqlanıb.

Ateist kimi tanınan Cem Karaca da sağlığında "acılara qatlana bilmək üçün" dinə sarıldığını söyləmişdi. Anası Toto Karaca ilə bağlı söylədiyi "Təsadüfən xristian oldu" sözləri ilə dartışma yaratdı. Karaca dinə yönəlməsinin əsas səbəbinin ölkə xaricində olduğu vaxt atasını, döndükdən sonra da anasını itirməsi ilə bağlı olduğunu söyləmişdi. Unudulmaz mahnıları ilə yadda qalan Karaca 2004-cü ildə dünyasını dəyişib.

Alternativ metal qrupu "Korn"un gitaraçısı olan Brayn Hid Velç 3 il öncə "dini oyanış" yaşadığını söyləyərək qrupdan ayrılmışdı. Velç Kaliforniyadakı bir radioya verdiyi açıqlamada "Korn ilə yaxşı dostlarıq. O adamları sevirəm, onlar da məni sevir və mənim üçün sevinirlər" demişdi. Qrupun səsləndirdiyi "aqressiv" musiqi haqqında isə o belə söyləmişdi: "Qəzəb yaxşı bir şeydir. Uşaqlar Kornu dinləmək istəyirlərsə, buna bir şey deyə bilmərəm. Ancaq qəzəbdən sonra xoşbəxtlik var" demişdi. Bədəninin hər yeri döyməli olan Welchin özünü İsa təsvirlərinə bənzətməsi diqqət çəkmişdi.

İllərlə çəkildiyi serialdan ayrıldıqdan sonra yoxa çıxan aktyor Anqus T. Cons tanınmaz halda üzə çıxıb.

Hələ 10 yaşında ikən baş rollardan birini canlandırmağa başladığı "And a half Men" serialından keçən il ayrılan artıq bambaşqa bir həyat tərzi yaşadığını söyləyib. Keçən yay uzatdığı saç və saqqalı ilə kameralara yaxalanan 20 yaşlı Cons Hyustonda yayımlanan "KHOU" adlı televiziya kanalına müsahibə verib. Sonuncu dəfə serialın hər bölümü üçün 350 min dollar qazanan və dünyanın ən çox qazanan yeniyetmə ulduz səviyyəsinə gələn aktyor serialdan ayrıldıqdan sonra başqa bir həyat yaşadığını söyləyib. Gənc aktyor Ceyk Harper obrazını canlandırdığı serialdan "şəxsi və dini" səbəblərdən ayrıldığını söyləyib. Cons artıq Koloradoda yaşayır. Təhsilini davam etdirir və World Harvest Outreach kilsəsində işləyir. Özünü tamamilə kilsə fəaliyyətinə həsr edən Anqus T. Cons kilsəyə gələnlərə öz hekayəsini danışır.

Serialda çəkildiyi vaxtda özünü "ikiüzlü, riyakar" hiss etdiyini söyləyən Cons dünyada diqqət çəkilməsi vacib olan problemlər olduğunu da əlavə edib. Aktyorluğa dönüb-dönməyəcəyi ilə bağlı suala "İncildən bəhrələnmiş ssenarilərə çəkilmiş filmlərdə oynaya bilərəm" cavabını verib.

Gənc aktyor 2012-ci ildə çəkildiyi "Two and a Half Men" haqqında "Bu serial iyrəncdir. Artıq izləməyin" deyib. Cons "KHOU" kanalına verdiyi müsahibədə bu sözlər üçün üzüldüyünü, ancaq söylədiklərinin də arxasında durduğunu qeyd edib. Anqus Cons 2003-cü ildə "Two and a Half Men" serialında Con Krayer və Çarli Şinlə birlikdə oynamağa başlayıb. Şinin filmdən ayrılmasından sonra da bir müddət Eşton Kuçerlə birgə kamera qarşısına keçib.

Aydan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR