• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Vətən xaininin nəvəsi: “Azərbaycanı xəritədə tapdım”

  • Maraqlı
  • 28 Fevral 2015 09:55
  • 1 074 Baxış
Vətən xaininin nəvəsi: “Azərbaycanı xəritədə tapdım”

Məhəllə cavanları və ağsaqqallarının boş vaxtlarını səmərəli keçirdiyi o qədər də böyük və səliqəli olmayan çayxanaya girdiyimdə məndən bir neçə ev aralıda yaşayan Yavər dayı verdiyim salama yerlərdən əleyk gəlincə öz iradını bildirdi:

"Sən ancaq o adamlardan yazırsan ki, danışıqlarından qaramat yağır. İnsanda bədbin hisslər oyadır. Rastına başqaları çıxmır ki?.."

Sualqarışıq iradında ərk də vardı. Çoxdan tanıyırdım və xətrini istəyirdim. Sözlərinin ucuna ip bağlamamaq olmazdı. Gülüşündə də bir əminlik vardı: məhəllədəki çayxanaya girəndə gənclərin ayağa durduğu bir yazarı tənqid edirdi axı.

Zarafata saldım:

- Yavər dayı, gəl otur, sənə nərddə bir master-klass keçim, öyrədim bunu necə oynamaq lazımdır. Yoxsa özün kimi qocaları yığıbsan başına zər tuta-tuta udursan.

Yavər dayı qımışır. Bilir ki, bu sözlərim onun nərd üzrə məhəllədə şəriksiz çempion olmasına işarədir. Yaş fərqimiz çoxdur - ən azından 30 yaş. Ömrünün 80-ci ilinin həndəvərindədir. Məcburi köçkündür. Gümrahdır. Uzun müddət Qazaxıstanda yaşayıb.

- Öyrənibsən? – nərd oyununda bir neçə dəfə məni udub axı, cavabı başqa cür ola bilməzdi.

Stul çəkib otururam. Onun barmaqlarının ucunda zəri oynatmasında da bir özünəməxsusluq var. Zərlər elə bil bu barmaqlar üçün yonulub, elə rahat "nəfəs alır", oynanılır ki...

- Yavər dayı, bu dəfə sənə elə mars verəcəm ki, 3-cü dəfə qaçqın düşəcəksən.

Zərlər barmağının ucundan sol əlinin ovcuna "sürüşür" və nərdin "açıq qapısından" içəri atılır.

- Mənim təcrübəm çoxdur. Lap balaca vaxtımdan qaçqın olmuşam. Dütdülü... – deyib, xırda-xırda gülür, - fağır olmuşam…

- Görüm səni fağır ilan vursun, - bunu Yavər dayının rəqibi, həm də həmkəndlisi Sadıq kişi deyir. Bizim məhəllədə köçkünlər çoxdur. Yavər dayı ona fikir vermir:

- Gözümü küləkqarışıq qum qoymadı tez açılsın. Ona görə də adamları tanıya bilmirəm. Yoxsa, gəlib bu urvatsızla üz-üzə oturmazdım ki…

Bilirəm ki, düz demir. İstəyir onun adam tanıyan olduğunu da dilə gətirsinlər, bu keyfiyyəti də danışılsın.

- Anamın qucağında olmuşam, bizimkilər ora sürgün olunanda. Amma mənə elə gəlirdi ki, elə oradır vətənim. Atamın, anamın söhbətlərinə qulaq asıb xəritədə Azərbaycanı tapmışdım. Hər gün xətkeşlə Qazaxıstana qədər olan məsafəni ölçürdüm, - bu sözləri o, o vaxt dedi ki, Sadıq kişini udub, nərdin qapağını ehmalca bağlamışdı, çayını udumlamağa hazırlaşırdı; mən də fürsəti fövtə verməyib ona: "Ağsaqqal, gəl danış, sənin də taleyini yazım", - dedim.

Hər kəs, əlbəttə ki, əsas da məhlənin cavanları stolumuzun başına toplaşdı. Yavər dayı sözün qədrini bilən adamdır, heç tələsmir, aramla danışır, sanki ehtiyat edir ki, sözləri tələsik desə, eşidilməz, sürüşüb yerə düşər:

- Hə, böyüdüm, məktəbə getdim. Ali təhsili Daşkənddə aldım. Qayıtdım Qazaxıstana. Almanlardan alman, özbəklərdən özbək dilini öyrəndim. Qazax, rus dilləri isə dogma Azərbaycan dilindən sonra ən yaxşı bildiyim dil idi. 56-cı ildə Azərbaycana gəlişimizə icazə verdilər. Amma gec gəldik. İndi nəvələrimin nənəsi olan qarı tələbə idi. Gözlədim, institutu qurtardı, ailə qurduq. İki oğlum da oldu. Sonradan, 1965-ci ildə gəldik. Atam, anam, qardaşlarım isə əvvəl gəlmişdi.

Söhbətinə diqqəti görüb bir az da rahatlanır.

- Bu günün qəhrəmanı sənsən, Yavər dayı, - deyirəm.

Yavər dayının söhbəti qış gecəsinin nağılına bənzəyirdi.

- Anam həmişə Azərbaycanda qoyduqları ev-eşiyin həsrəti ilə yaşamışdı. Azərbaycana gəldikdən sonra Qazaxıstandakı yurd-yuvanın xəffətini çəkdi. Heç nədən, səhralıqda cah-cəlal, bağ-bostan yaratmışdılar. Atam isə içindəkiləri heç vaxt dilinə gətirməzdi. Bütöv, dözümlü kişi idi. Qardaşılarımdan ən çox özüm oxşamışam ona. Anam deyirdi ki, Azərbaycan bizi doğması kimi qarşılamadı. Ara-sıra yuxarılara yazırdılar ki, bəs "kulak"ın ailə üzvləri, Sovet hökumətinin düşmənləri gəlib. Çək-çevir olanda dədəmin orden-medallı pencəyini əyninə geydiyini hər kəs deyirdi. Azərbaycana gec uyğunlaşdıq. Həm də sürgün olunanda bizim ailə 3 nəfər olub, mənimlə. Dayılarımı, xalalarımı, onların ailələrini demirəm, özümüzü nəzərdə tuturam. Babamla nənəmi, iki dayımı Sibirə yollamışdılar. Qocalar öləndən sonra, dayılarım uşaq evində yerləşdirilib.

Soyumuş çayını stolun altına, beton döşəməyə tökür. Anında stəkanına çay süzülür.

- O basabasda anam 6 uşaq da doğmuşdu. Atam sürgün olunmalarının qisasını anamdan almışdı. Arvadda sağ can qoymayıb qalsın, gündüz bostanda işlətməyi az deyilmiş rəhmətliyə…

Qırıq-qırıq gülür, sonra aydınlıq gətirir:

- Axı anam bəy qızı olmuşdu. Atamı bəyənmişdi, ərə gəlmişdi. Baxmayaraq ki, atam yeni hökumətin tərəfində olub, qaçaqlarla döyüşüb, komsomol imiş. Ana babama görə də sürgün olmuşuq da. Atama deyiblər ki, boşa arvadını, amma kişi əsil kişilik nümunəsi olub, anamı tək qoymayıb.

- Tək qoysaydı, bacın qardaşın olmazdı? – Sadıq kişinin zarafatları heç də yerinə düşmür.

Yavər dayı ona tərəf heç çevrilmir də:

- O dədə mənimdir, heç vaxt anamı buraxmazdı, bilirdi ki, ölümə gedir. Buraxsaydı da, dinc durmazdı, evlənərdi burda. Amma anam atamsız yaşamazdı. O, bəy qızı idi, bütün nəsli ilə üz-göz olub dədəmi bəyənmişdi. Atam anamı boşasaydı da, sizin tayfadan qız almazdı, dədəm sənin dədən kimi deyildi, kişi adam idi. Sürgündə olanda könüllü olaraq müharibəyə gedib. İki zəmbil orden-medalla qayıdıb. Sənin dədən isə, özün deyirdin ki, baldırına at yalı yeridib, çürüdüb ayağını müharibədən yayınıb. Elə indiki kimi, mənim 3 nəvəm "afçerdi", amma sənin iki nəvən maşın alveri edir.

Səsindəki qəzəbi, siqaretinin tüstüsündə boğmaq cəhdi alınmır. Kişinin ovqatı təlx olub.

Yavər dayını buna görə çox istəyirəm də... Sözü şappıltı ilə çırpır yiyəsinin üzünə. Gözünü də qırpmır. Yaşına görə də çox çevikdir. Kimsə:

- Əmi, söhbətini elə, maraqlıdır, - deyə müraciət edir.

Sadıq kişi yenə də onu sancmaq istəyir:

- Kaftarlaşıb e, nə əmi? Onun baba çağırılan vaxtıdır.

Yavər dayı bu dəfə acı-acı gülür. İlk dəfə deyil bunların əks cəbhədə durduqlarını görürəm. Səhərdən axşama didirlər bir-birini, amma həmişə də bir yerdədirlər. Ayrılmaz dostdular, sanki. Eyni rayonun eyni kəndində doğulublar. Sadıq Yavər dayı anasının qucağında sürgün olunan ildən 13 il sonra doğulub.

Əlavə çay gəlir. Cavanlardan birinin sifarişidir. Yavər dayı zarafat edir:

- Çayı əzizlərin içsin…

Gülüşürük. Bəziləri gülüşünü Yavər dayının xoşuna gəlməsi, digərləri isə Sadıq kişini qəzəbini daha da büruzə verməsi üçün hesablayıb.

- Məni Azərbaycana bağlayan çox şeylər oldu. Qazaxıstanda melorasiya mühəndisi kimi işə başladım. Uğurlarım çoxunu qane etmədi. Adi mühəndislikdən raykomun təlimatçısı vəzifəsinə qədər yüksəldim. Amma burunladılar məni. Azərbaycanlının belə yüksəlməsi qarışıq millətlərin içində asan olmadı. Elə qazaxlar da yola vermirdilər. Açıq, üstüörtülü "çıx get vətəninə" deyirdilər. Gəldim. Burda da "vətən xaininin" nəvəsi olduğuma görə mənə göz verirdilər, işıq yox. Amma bacarıqlı idim deyə yüksəlirdim. İndi pensiyadayam. Nərddə Sadıq kimiləri yoluram.

- Yavər dayı, burda nə deyirdilər axı?

- Çox şey. Elə şey var heç demək də olmur. Amma hər şey qaydasına düşdü. Bax bu Sadıq mənim işçim idi. İki dəfə mən dedi ki, haqqımda danos yazırlar. Sağ olsun, xəbərdarlıq edirdi, həmin çatışmazlığı aradan qaldırırdım. Amma sonradan bildim ki… Nə isə, elə çay içəcəyik?

Cavanlar tez əl-ayaq eləyir. Yavər dayı əlini gödəkçəsinin iç cibinə aparır. Bir 20 manatlıq çıxarır.

- Bu, Sadıqla mənim payım, üstünü düzəldin, bir-iki araq, sosika, göy-göyərti, turşu alın gəlin, - deyir.

Sadıq incikdi. Yavər dayının "nə isə"si xoşuna gəlməyib. Yavər dayı yenə qımışır:

- Ay Sadıq, axı sən yoldaşlarınla bir yerdə oturub danos yazırdın, sonra da mənə deyirdin, bu axı kişilikdən deyil. Ya ora işləyəydin, ya da mənə. Sən hər iki cəbhədə vardın.

Arada pərtlik yaranıb. Yavər dayı heç fərqinə də varmır.

- Yenə də sağ olsun. Kəndə ermənilər girməzdən bir-iki həftə qabaq gecə gəldi bizə. Dedi, arvad-uşağı çıxart, kənd alınacaq. İnanırsız, ürəyimdən keçirtdim ki, bu düz ola bilər. Axı görmüşəm iki tərəfə işləməyini. Dedim, yəqin erməni ilə də əlaqə yaradır, sonra da gəlib həqiqəti deyir. Amma elə deyildi. Oğlanları, nəvələri vuruşurdu. İki nəvəsi şəhid oldu. O uşaqlar da bizlərdən idi. Anaları bacım qızı idi, bizim tərəfə çəkmişdi. O biri nəvələri barıtın iyini hiss edən kimi qaçdılar şəhərə.

Artıq süfrə hazırdır. Yavər dayı, ilk babəni Sadıq kişinin şərəfinə içməyi təklif edir. Axırda Sadıq kişi içdi. Yavər dayı yenə də sancdı:

- Pislər olmasa, yaxşıları tanımaq olmur. Ona görə də aramızda onlara yer verməliyik…

Yavər dayı həmin gün Sadıqın adını tutub çox zarafat etdi… Görəsən, həqiqətən zarafat edirdi?!

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR