• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bakıda Stalini “mühafizə edən” ailə, 64-cü ilin soyuducusu, əsl sovet evi - FOTOLAR

  • Maraqlı
  • 2 Mart 2015 10:00
  • 7 094 Baxış
Bakıda Stalini “mühafizə edən” ailə, 64-cü ilin soyuducusu, əsl sovet evi - FOTOLAR

Dünyanın sonuncu nəhəng imperiyası SSRİ-nin ən uzunömürlü diktatoru İosif Stalin iyirminci əsrin tarixinə qanlı diktator kimi düşdü. Repressiyalarla, ən qəddar üsullarla milyonlarla insanın taleyini alt-üst etmiş Yer üzünün ən böyük kommunistinin cinayətləri onun ölümündən sonra üzə çıxdı. Məlum oldu ki, vaxtilə hər kəsin "yoldaş Stalin" adlandırdığı İosif Vissarionoviç əslində yoldaşlığa qarşı qəddar cinayətlərə imza atıb. Amma bütün bunlara baxmayaraq, elə indinin özündə bir sıra insanlar hələ də Stalini sevir, ona rəğbət bəsləyirlər. Bakının Zirə qəsəbəsində yaşayan Məmmədovlar ailəsi ölümündən 62 il keçməsinə rəğmən, bugünkü gün də ona rəğbət bəsləyirlər. Ailə üzvləri Stalinin heykəlini öz həyətlərində saxlayırlar. Ötən əsrin 60-cı illərinə aid bir sıra məişət avadanlıqlarını da saxlayan əsl sovet ailəsi digər mühafizəkar cəhətləri ilə də seçilir.

Publika.az Məmmədovlar ailəsi, habelə sovet evi ilə bağlı digər maraqlı məqamları təqdim edir:

"Abidəni qayınatam Yədulla Məmmədov gətirmişdi"

Evin xanımı Zümrüd Məmmədova deyir ki, 1983-cü ildən yaşadığı bu evə ayaq basdığı ilk gündən həyətdə diktatorun kiçik abidəsini görüb: "Heykəl bura Stalin dünyasını dəyişməmişdən əvvəl gətirilib. Onun ölümündən uzun müddət keçməsinə baxmayaraq, abidəni hələ də həyətimizdə qoruyub saxlayırıq. Zirənin bütün sakinləri bilirlər ki, burada Stalinin abidəsi var. 32 il əvvəl bu evə gəlin köçmüşəm. Mən bura gələndə Stalinin heykəli həyətdəydi. Sonradan öyrəndim ki, abidəni həyətə qayınatam Yədulla Məmmədov gətirib".

Onun sözlərinə görə, qayınatasının ənənəsini həyat yoldaşı davam etdirir: "Sonradan həyat yoldaşım heykəl üçün xüsusi altlıq düzəltdirdi. Qayınatam 1976-cı ildə dünyasını dəyişdi. Onun vəfatından sonra həyat yoldaşım Ruhulla Məmmədov Stalinin heykəlini həyətdə saxlayıb mühafizə etməyi qərara aldı. Heykəli təmizləyib rənglədik. Ruhulla abidənin altlığını hördü, ətrafına güllər düzdü. İşinin çox olmasına baxmayaraq, o, indi də abidəyə qayğı göstərir, qulluq edir. Stalinin heykəlinin tozlanmasına, abidənin rəngini dəyişməsinə imkan vermir".

Zümrüd Məmmədovanın özünün də qulluq göstərdiyi kiçik heykəl hər tərəfdən örtülmüş çardağın altına qoyulub. Bu isə onu günəş şüalarının təsirindən və tozdan qoruyur. Üstəlik, həyətdəki şənlik, toy mərasimlərində hamı kimi Stalinin heykəli də "bəzənir": "Üç oğlum, bir qızım var. 3 il bundan əvvəl övladlarımın toy mərasimləri oldu. Həyat yoldaşım ənənəsinə sadiq qalıb, heykəli yenidən rənglədi. O, demək olar, hər il ənənəsini davam etdirir. Həyat yoldaşım Azərbaycan Kommunist Partiyasının sadiq təəssübkeşi, tərəfdarıdır. Rusiyanın bir sıra telekanallarında Stalinin həyatı ilə bağlı sənədli filmləri izləyir".

"...əmisi gəlib dedi ki, heykəli həyətdən götür"

Zümrüd Məmmədovanın sözlərinə görə, diktatorun heykəlinin həyətdə saxlanılması ilə bağlı Zirənin heç bir rəsmi qurumu, hər hansı struktur onlara irad bildirməyib: "Xatırlayırsınızsa, iyirmi dörd il bundan əvvəl, yəni sovet hökuməti dağılanda paytaxtda və Bakı kəndlərində heykəlləri məhv etməyə başladılar. Sovet xadimlərinin abidələrini dağıtdılar. Amma həyat yoldaşım belə addım atmadı. 7-8 il bundan əvvəl isə Ruhullanın əmisi gəlib dedi ki, heykəli həyətdən götür, gəlib irad bildirərlər. Lakin həyat yoldaşım ona etiraz etdi. Dedi, mən heykəli oğurlamamışam ki...Atamdan qalan abidədir".

Zümrüd Məmmədova özü də hərdən Stalinin "qulluğunda durur": "Evin xanımı kimi mən də bayramlardan öncə otaqları, həyətimizi təmizləyib sahmana salanda Stalinin də heykəlini silir, təmizləyirəm. Onun həyatını əks etdirən filmləri də izləyirəm. Əvvəllər də Stalinlə bağlı kinolara həvəslə baxırdım".

Azərbaycan Kommunist Partiyasının üzvləri 9 mayda, habelə solçular üçün əlamətdar olan digər günlərdə Məmmədovlar ailəsinin həyətini ziyarət edirlər. Onlar həyətə gələrək, Stalinin heykəlinin önünə güllər düzürlər. Ötən il 21 dekabrda Stalinin doğum günü qeyd edilib. Habelə oktyabr inqilabının ildönümü də anılıb. Solçular ənənəvi günlərdə məhz İosif Stalinin abidəsinin saxlanıldığı həyətə toplaşırlar. Bayram günlərində həyətdə xüsusi mərasim düzənlənir. Zirədə solçular çoxdur.

Zümrüd Məmmədova bildirdi ki, bir müddət bundan əvvəl əcnəbi telekanallardan birinin jurnalistləri də onların həyətinə gələrək, burada Stalinin heykəli haqda çəkilişlər aparıblar və xüsusi süjet hazırlayıblar. Rusiyadan ölkəmizə səfər edənlər isə əvvəllər yollarını Zirədən salardılar.

"Moskviç", köhnə "Zil Moskva", əsl sovet evi...

Zümrüd Məmmədovanın qayınatası Yədulla Məmmədov sürücü işləyib. Ömrünün sonuna qədər solçu olaraq qalan əsl kommunist sovet dövrünün əsas brendlərinə sahib imiş. O, həmin vaxtlar populyarlaşmış, 1964-cü il istehsalı olan "Moskviç"i təmir etdirib sürürmüş: "Moskviçin bəzi kağızlarını bu yaxınlarda zibil yeşiyinə atdım. Stalinin pərəstişkarı olan qayınatam avtomobilini bəzəməkdən zövq alırdı. Bu səbəbdən maşın kəndin ən gözəl maşını hesab olunurdu. Lakin sonralar "Moskviç" köhnəldiyindən təmirə ehtiyac yarandı. Bu səbəbdən avtomobili satmaq qərarına gəldik".

Yeri gəlmişkən, Ruhulla Məmmədovun özü də hal-hazırda atasının yolunu davam etdirir. O, ictimai nəqliyyatda çalışır, sürücü işləyir.

Qeyd edək ki, əsl sovet ailəsi təsəvvürünü yaradan bu evdə nostaljı yaşayış tərzi yalnız 1964-cü ilin istehsalı olan soyuducu ( yeri gəlmişkən, "Zil Moskva" soyuducusu hələ də işlək vəziyyətdədir-müəl.), eləcə də Stalinin heykəli ilə yekunlaşmır. Zümrüd Məmmədovanın sözlərinə görə, ailə üzvləri 51 ildir istifadə etdikləri köhnə soyuducunu yenisi ilə dəyişmək, yaxud atmaq fikrində deyillər.

Bu evdə habelə sovet dövründən qalmış şkaf, Yədulla Məmmədovun öz əli ilə düzəltdiyi oturacaq, stol-stul, çarpayı, rəf, güzgü, köhnə üslublu qapı-pəncərə hələ də toxunulmamış qalır. Otaqlara daxil olduqda özünü ötən əsrin 60-70-ci illərində hiss edirsən. Yədulla Məmmədov bir vaxtlar otaqları sovet evləri üslubunda inşa etdirib. Hətta otaqlardan birinin içində pilləkən də qoyub. Ailə üzvləri pilləkənə də bu günə qədər toxunmayıblar. Otaqlarda sovet dövrünün bəzi fotoları, təqvimləri hələ də qalmaqdadır.

Bir sözlə, mühafizəkarlığı ilə seçilən Məmmədovlar ailəsi 2015-ci ildə də 1964-cü ildəki kimi yaşayırlar. Köhnə avadanlıqlar, məişət əşyaları, ən əsası Stalinin kiçik heykəli ilə...

Anar Tağıyev

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR