Stalinin qızının qaçırılmasından yararlanan SSRİ-nin birinci adamı – Andropovun SİRLİ HƏYATI
Bizi izləyin

Bilgi.az

Stalinin qızının qaçırılmasından yararlanan SSRİ-nin birinci adamı – Andropovun SİRLİ HƏYATI

Yuri Andropov XX əsrin ən qapalı siyasətçilərindən sayılır. Məsələn, SSRİ-nin birinci adamlarının bioqrafiyaları az qala günbəgün qeydə alınsa da, Andropov barədə sıravi vətəndaşlara çox az şey məlumdur. Onun rəsmi tətcümeyi-halında da yalnız partiya fəaliyyəti ilə bağlı bir-iki məqam işıqlandırılır. Bu da təsadüfi deyil - əsl DTK rəhbəri kimi o, qapalı adam idi. Üstəlik, onun həyatının bir çox məqamları qürrələnmək üçün əsas vermirdi.

Heç onun ölkəyə rəhbərlik etdiyi 15 ay barədə də geniş məlumat tapmaq asan deyil. O, yaşlı adamların yadında ölkədə qayda-qanun yaratmaq vədləri və bunun ardınca keçirilən milis reydləri ilə qalıb. Bu reydlər zamanı iş vaxtı hamamda, kinoteatrda və ya restoranda görünən şəxsləri saxlayırdılar. Yalnız ölümündən sonra onun bioqrafiyasındakı bəzi maraqlı məqamlar ictimaiyyətə məlum oldu.

Publika.az tanınmış tarixçi Roy Medvedyevin "Andropov" kitabından bəzi hissələri təqdim edir.

Siyasətə qədər

Onun uşaqlığı və gənclik illəri ilə bağlı az şey məlumdur. 15 iyun 1914-cü ildə hazırkı Stavropol diyarının ərzisində yerləşən Naqutskaya kazak stansiyasında çalışan dəmiryolçu ailəsində doğulub. Atası 1916-cı ildə dünyasını dəyişib. Anası ikinci dəfə ailə qurub, amma keçmiş ərinin ölümündən sonra o da çox yaşamayıb. Yurini atalığı böyüdüb. Amma yaşa dolduqca doğma valideynlərinin olmadığı evdə o da az-az görünməyə başlayıb.

On dörd yaşından müstəqil həyata atılıb. Əvvəl fəhləlik edib, sonra kinomexanik və teleqrafçı işləyib. 18 yaşında Volqa çayındakı gəmilərin birində matros olub. Yuri öz bosmanının məsləhətlətini qulağında həmişəlik sırğa edib: "Həyat yaş göyərtəyə bənzəyir. Sürüşüb yıxılmamaq üçün tələsmədən hərəkət et. Həmişə də ayağını qoymaq üçün yeri öncədən gözaltıla!"

1933-cü ildə o, Rıbinsk su nəqliyyatı texnikumuna daxil olub, amma oranı bitirəndən sonra yerli tərsanədə, komsomol təşkilatında çalışıb. Komsomola isə sonra, Mozdokda qəbul olunub. Repressiya illləri (1937–1938) onun "yuxarılara" doğru yolunu təmizləyib...

Artıq 1938-ci ildə 24 yaşlı Andropov Yaroslavl komsomol təşkilatının birinci katibi idi. Hündür, yaraşıqlı, bəlağətli nitqə malik bu gənc diqqəti üzərinə çəkməyi bacarmışdı. Hərdən Lubyankada onunla görüşən yazıçı Yekaterina Şevelyova hələ gəncliyində (1939) şeirlərindən birini ona həsr etmişdi. Andropov özü də şeir yazırdı, amma bu şeirlər heç vaxt mətbuata çıxmadı.

Hələ Rıbinskdə olarkən o, texnikum yoldaşı Nina Yengalıçova ilə evləndi, bu nikahdan olan uşaqlara valideynlərinin adlarını verdi – Yevgeniya və Vladimir. Amma beş ildən sonra ailə dağıldı – Nina yeni təyinat alan Yuri ilə Kareliyaya getmək istəmədi və hüquq təhsilinə davam etməyi üstün tutdu.

Atasız qalan Vladimirin həyatı ağır keçdi, o, tez-tez sənətini və yaşayış yerini dəyişirdi, atası ilə nadir hallarda görüşür və çox zaman məktublaşırdı. 1967-ci ildə atası Yuri Andropov DTK sədri olanda o, Moldova fabriklərinin birində fəhlə-mexanik işləyirdi. Vladimir heç zaman atasından yardım istəmədi, Andropov da, öz növbəsində, keçmiş ailəsinin "işinə qarışmamağı" üstün tuturdu.

Vladimir əsəb tutmalarından əziyyət çəkirdi, hətta o, bir neçə dəfə mühakimə də olunmuşdu, amma hökmü təxirə salmışdılar. Volodya tez-tez xəstələnirdi və o, 1975-ci ildə Moldovada dünyasını dəyişdi.

Həkimliyi seçən Yevgeniyanın isə həyatı daha uğurlu oldu, ərə getdi, Yaroslavlda həkim işlədi. Atası 1970-ci illərdə onu Moskvaya qonaq çağırdı, amma Andropov DTK məktəbinə qəbul olunmaq istəyən qız nəvələrinə kömək etmək istəmədi. Əsası da bu oldu ki, hər şeyə özü nail olub, buna görə də nəvələrinə yardım etmək niyyətində deyil.

Andropovun ikinci arvadı Tatyana Filippovna da komsomol təşkilatında çalışırdı. Onlar Kareliyada tanış oldular. Bu nikahdan İqor (sonradan diplomat olacaqdı) və İrina (1960-1980-ci illərdə jurnalist işləyirdi) adlı iki övlad dünyaya gəldi.

Böyük Vətən müharibəsi illərində Andropov alman və fin qoşunlarının işğal etdiyi Petropavlovskun da daxil olduğu Kareliyada partizan işinin qurulmasında fəal iştirak etdi. Elə bütün həyat boyu onu rahat buraxmayacaq ağır böyrək xəstəliyini də o, soyuq və nəmiş Kareliya diyarında qazandı.

1943-cü ildə o, Kareliya-Fin SSR KP MK-nın ikinci katibi postuna seçildi. Qarşıda isə onu ağır sınaq gözləyirdi: Beriya və Malenkovun təşkil etdiyi "Leninqrad işi" bütün şimal-qərbdə kütləvi repressiyalarla müşayiət olundu. O zaman əyalətin birinci katibi Kupriyanov idi (1939-ci ildən – red.), Andropov ona böyük hörmət bəsləyirdi, aralarında heç bir konflikt yox idi. Amma "Leninqrad işi"ylə bağlı təqiblər dalğası bura da gəlib çıxdı. İttiham üçün əsas tapmaq çətin deyildi: mərkəzdən gələn komissiya Kupriyanovu təsərrüfat cinayətlərində və tamahkarlıqda suçladı. Andropovun qarşısında iki yol vardı: Kupriyanovu müdafiə edib, onun taleyini bölüşmək və ya xəbərsiz olduğunu söyləyib susmaq. İkinci halda da onu cəza gözləyəcəkdi. Amma Yuri üçüncü yolu seçdi – alçaldıcı özünütənqid və Kupriyanovun ünvanına ittihamlara dəstək vermək. İki ay sonra sabiq birinci katib həbs olundu – ona 25 il iş verdilər. Altı il sonra Xruşşovun dəstəyi ilə o, bəraət alaraq azadlığa çıxdı.

Andropovu Moskvaya, Mərkəzi Büroya keçirdilər, amma o, MK-da çox qalmadı və tezliklə Xarici İşlər Nazirliyinə, sonra isə Macarıstan səfirliyinə işə (məsləhətçi-elçi) göndərildi. Bəzi versiyalara görə, Andropovun Moskvadan uzaqlaşdırılması Malenkovla aralarındakı intriqayla bağlı idi. Amma 1954-cü ildə Malenkovun mövqeləri zəiflədi, hadisələrə Molotovun təsiri artdı.

Macarıstanda isə vəziyyət gərgin idi, sovet hakimiyyəti əleyhinə nümayişlər başlamışdı. Andropov bu barədə deyirdi: "Sovet qoşunları ölkəni tərk etsə, sabah burada ABŞ və onların müttəfiqləri olacaq. Üsyançıların silahlı dəstələrini darmadağın etmək lazımdır və o zaman hər şey sakitləşəcək". Mikoyan və Suslov da eyni cür düşünürdülər.

Qanlı Budapeşt hadisələri Andropovun həyatında silinməz izlər buraxdı. O, yaxınlarıyla söhbətlərində xatırlayırdı ki, 1956-cı il, oktyabrın sonlarında səfirlik maşını gecə Budapeşt ətrafında atəş altına düşdü. Andropov hərbi attaşe və sürücüylə birgə səfirliyədək olan yolu piyada, iki saata qət etdi. O, kommunistlərin ağaclardan və teleqraf dirəklərindən asılmasını öz gözləriylə görmüşdü.

Bir dəfə Andropovun maşınını da gülləyə tutdular. Bu hadisə onun arvadında əsəb xəstəliyinin yaranmasına səbəb oldu və bu, ömrünün sonunadək davam edəcəkdi. Bütün bunlar Andropovun özündə də müəyyən psixoloji kompleks yaradırdı.

1957-ci ilin yazında Andropov Moskvaya qayıtdı. Bu ad həmin vaxt partiya məmurlarına çox az şey deyirdi. Amma XXII qurultaydan sonra onun nüfuzu artmağa başladı. Andropovu MK-ya üzv seçdilər. 1962-ci ilin əvvəlində isə o, MK katibi oldu. Plenuma onun namizədliyini təqdim edən Xruşşov qeyd etmişdi: "Andropova gəlincə, əslində, o, MK katibi funksiyasını çoxdan yetrinə yetirir. Buna görə də, görünür, yalnız bu halı rəsmiləşdirmək qalır".

Andropov teatr rejissoruna nə üçün hörmət edirmiş?

Andropov mədəniyyətlə maraqlanır, teatr, kino, ədəbiyyat xadimlərinə, rəssamlara xüsusi diqqət göstərirdi. Müsahibələrinin birində Lyubimov deyirdi: "Ölülər və dirilər" adlı ilk tamaşamdan sonra dostlarım mənim onunla görüşümü təşkil etdilər. O zaman MK katibi idi. Bizim uzun söhbətimiz oldu. Andropov sözünə belə başladı: "Bir ata kimi sizə minnətdaram". Mən bir şey anlamadım, soruşdum: "Nə üçün?" "Siz mənim uşaqlarımı teatra götürməmisiniz". Sən demə, onlar artist olmaq istəyirmişlər, yanıma gəlibmişlər. Ata-anaları dəhşət işərisində imiş. Çox gənc idilər, həqiqətən, uşaq idilər və mən onlara dedim ki, əvvəlcə institutu bitirmək lazımdır, indi olmaz... Onlar göz yaşı içərisində qayıtdılar – "amansız əmi imtina etdi, bizə uzun-uzadı mühazirə oxudu"... Buna görə də Andropovun hörmətini qazanmışdım".

MK kaitibi rəsm əsərləri ilə maraqlanır, avanqard janrını bəyənir, abstrakt əsərləri alırdı...

Baş katibin dostu, yoxsa düşməni?

Xruşşovla elə yaxın münasibətləri yox idi, buna görə də onun hakimiyyətdən uzaqlaşdırılması ilə bağlı planlardan da bu və ya digər dərəcədə xəbərdar deyildi.

1965-ci ildə Andropov, demək olar ki, hakimiyyətdən təcrid olunmuşdu. Brejnev onunla görüşmür, məsləhətləşmirdi.

Ölkədə yenidən baş qaldıran stalinçilərlə onların əleyhdarlarının açıq mübarizəsi başlamışdı. Andropov sonuncularla həmrəy olsa da, onları açıq şəkildə dəstəkləmirdi.

Baş katiblə münasibətləri yaxşılaşdırmaq üçün Andropov nə edəcəyini bilmirdi. O, hər yerdə "əziz Leonid İliçin" sağlığına təmtəraqlı tostlar deməyə başladı. Əlbəttə ki, bunu Brejnevə çatdırdılar. Andropov istəyinə nail oldu.

Andropov Brejnevin, Kosıginin, Şelepinin, Suslovun və başqalarının ətrafındakı heç bir qruplaşmaya qoşulmur, çox ehtiyatla davranırdı.

XIII qurultayda Andropov yenidən MK-ya üzv və kativb seçildi. İş əvvəlki idi, amma mühit dəyişmişdi. Əvvəlki "intellektual azadlıq" atmosferi yox idi. Andropov görürdü ki, ölkədə konservativ dönüş başlayıb. Amma buna qarşı çıxa bilmirdi. O, peşəkar siyasətçi və aparıcı partiya işçisi idi.

Yuri Andropov çox zaman əsəbi görünürdü. Onun ətrafı yavaş-yavaş dağılmağa başlayırdı.

DTK katibi

Böyük ehtimalla, Andropov özü də belə bir quruma rəhbərlik edəcəyini ağlına gətirmirdi. Onun Lubyankada 15 il işləyəcəyi isə ümumiyyətlə heç kəsin ağlına gəlməzdi.

1967-ci il mayın ortalarında KPMK Siyasi Bürosunun iclaslarının birində Semiçastnının SSRİ Nazirlər Şurası yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən götürülməsi barədə qərar qəbul edildi. Rəsmən bildirildi ki, Semiçastnı "yeni işə keçir". Doğrudan da, tezliklə onu Ukrayna SSR Nazirlər Şurasının sədr müavini təyin etdilər. Hərçənd, sədrin bir neçə müavini, o cümlədən iki birinci müavini vardı. Amma partiya təşkilatları arasında Semiçastnının "vurulması" ilə bağlı başqa, qeyri-rəsmi versiya dolaşırdı: onun Stalinmin qızı Svetlana Alliluyevanın qərbə qaçmasında və sovet kəşfiyyatının Qərbi Avropadakı iflasında əli olduğunu deyirdilər.

Keçmiş Politbüro üzvü və Ukrayna Mərkəzi Komitəsinin birinci katibi Pyotr Şelest xatirələrində yazır: "Moskvaya, Siyasi Büronun iclasına getmişdim. Gündəlikdə bri sıra vacib və qəliz məsələlər vardı... Qısa fasilə zamanı Brejnev yaxa cibindən hansısa vərəqi çıxardı, ona baxıb dedi: "Semiçastnını çağırın". Semiçastnı iclas zalına daxil oldu, hiss olunurdu ki, o, buraya nə ilə bağlı çağırıldığından xəbərsizdir, hamıya təəccüblə baxırdı, hətta sanki özünü itirmişdi... Brejnev elan etdi: "İndi isə Semiçastnı ilə bağlı məsələni müzakirə etməliyik". Semiçastnı replika atdı: "Nəyi müzakirə edəcəyik ki?" Brejnevdən cavab gəldi: "Başqa işə keçməyinizlə əlaqədar işinizdən azad olunmağınızla bağlı təklif var". Semiçastnı soruşdu: "Nə üçün? Heş kəs mənimlə bu mövzuda danışmayıb, belə yerdəyişmənin səbəbi mənə məlum deyil"... Ardınca Brejnevin kobud çığırtısı eşidildi: "DTK-nın işində çoxlu qüsurlar var, kəşfiyyat və agentura işləri yaxşı təşkil olunmayıb... Bəs Alliluyevanın qızı? O, necə Hindistana gedib, oradan da ABŞ-a uça bilərdi?"… Reaksiyalardan hiss olunurdu ki, Siyasi Büro üzvlərinin və MK katiblərinin çoxu məsələdən xəbərsiz idi. Mən ona təəccübləndim ki, bu qərardan əvvəl Semiçastnı ilə söhbət edən olmayıb".
Bununla belə, qərar yekdilliklə qəbul olundu.

Brejnev onun yerinə Andropovun namizədliyini təklif etdi, sonuncu özü də iclasda iştirak edirdi. Etiraz edən olmadı. Şelestin sözlərinə görə, bu hadisənin Andropovun özü üçün gözlənilməz olmadığı duyulurdu... Bununla belə, o dedi: "Bəlkə, bunu etmək lazım deyil? Mənim belə məsələlərdən başım çıxmır və bu çətin işi məninmsəmək mənimçün çətin olacaq".

Bu vacib yerdəyişmənin əsl səbəbləri isə rəsmi və qeyri-rəsmi versiyalardan çox fərqli idi. 1965–1967-ci illərdə Brejnev partiya və dövlətin yekdil lideri deyildi, çoxları onu müvəqqəti fiqur hesab edirdi. Nazirlər Şurasının sədri Aleksey Kosıginin təsiri çox böyük idi, o, təkcə iqtisadiyyat və təsərrüfat problemlərinin həllində baş rola iddialı deyildi, həm də bir çox xarici siyasət məsələlərində adamın sözü keçirdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Nikolay Podqornı, MK katibi Suslov və SSRİ Nazirlər Şurasının sədr müavinlərindən biri olan, sabiq DTK sədri Şelepin (1958–1961) arasında siyasi mübarizə gedirdi. Şelepin həm də Xruşşov zamanında yaradılmış partiya və dövlət nəzarəti xüsusi qurumuna rəhbərlik edirdi. Semiçastnı onun dostu idi, amma 1967-ci ilin mayında Şelepin xəstələndi və onu "appendisit" diaqnozu ilə təcili əməliyyat üçün Kreml xəstəxanasına yerləşdirdilər. Həmin vaxt Suslov, Kosıgin və Podqornı ilə bir araya gələn Brejnev Siyasi Büronun iclasında Semiçastının işdən zad olunması ilə bağlı qərar verdi. Xəstəxanadan çıxan Şelepin başa düşdü ki, o, təkcə xəstə appendiksdən məhrum olmayıb.

Beləcə, 19 may 1967-ci ildə, axşam, Siyasi Bsüronun iclasından dərhal sonra Suslovun, Kirilenkonun və Kapitonovun tərkibində olduğu KP MK komissiyası Lubyankada DTK-nın kollegiya iclasını çağırıb, onlara yeni sədri – Andropovu təqdim etdi.

Andropovun təyinatı onu ideoloji məsələlərdə özünə rəqib görən Suslova da sərf edirdi. Kosıgin də etiraz etmədi, sosialist düşərgəsində olan ölkələr, xüsusən də Çinlə iqtisadi əməkdaşlıq məsələlərində onların fikirləri çox zaman üst-üst düşmürdü. Bu, həm Şelepin, həm də Semiçastnı ilə münasibətləri gərgin olan Brejnev üçün də yaxşı variant idi. Andropov onunla dost deyildi, amma 1967-ci ildə onun başqa liderlərlə də yaxınlığı yox idi.

O zaman Semiçastının yerdəyişməsi və Andropovun təyinatı ziyalı dairələri və xüsusən də dissidentlər arasında müxtəlif yozumlara səbəb oldu. Heç kəsin Semiçastnıya yazığı gəlmədi. Hələ 1966-cı ildə yazıçılar Andrey Sinyavski və Yuli Danielin böyük etirazlara səbəb olan məhkəmə prosesindən sonra Moskvada söz-söhbət yarandı ki, guya Semiçastnı yüzlərlə, hətta minlərlə adamın həbsi üçün sanksiya tələb edib. Andropov haqqında isə ağıllı, intellektli və ayıq düşünən bir şəxs kimi danışırdılar.

Onu stalinçi hesab etmirdilər.

Hazırladı: Rəbiqə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm