• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qayınananın qəlbini fəth etməyin yolları

  • Maraqlı
  • 9 Mart 2015 06:43
  • 634 Baxış
Qayınananın qəlbini fəth etməyin yolları

Gəlin-qayınana arasındakı münasibətlər qədim dövrlərdən bəri mübahisələrlə müşayiət olunur. Bu münaqişələr çox vaxt kiçik söz-söhbətlər üzərində yaransa da, boşanma və ailələrin bir-birlərinə düşmən olması ilə nəticələnə bilir. Həm bir evdə yaşayan gəlin-qayınanalar, həm də ayrı evlərdə yaşayanlar, demək olar ki, eyni problemlərlə üzləşirlər.

Mütəxəssislər gəlin-qayınanaların yola gedə bilməmələrinin 2 əsas səbəbi olduğunu düşnürlər:

1.İki tərəfin də eqoist davranması

2.Öz sözlərinin keçərli olmasını istəmələri

Belə ki, qayınana illər sərf edərək böyütdüyü oğlunun "el qızı" dediyi gəlininin sözü ilə durub-oturmasını qəbul edə bilmir. Gəlin isə həyat yoldaşının ana diqtəsi ilə hərəkət etməsini qəbuledilməz hesab edir. Gəlin ilə qayınananın yola gedə bilməməsindən isə bütün ailə üzvləri zərər görür. Bura qayınana və gəlinin ondan daha çox diqqət və sevgi görmək üçün yarışdıqları kişi də daxildir. Belə ki, kişi anası ilə həyat yoldaşı arasında qalır. Kimə dəstək olacağına qərar verə bilmir. Həyat yoldaşının tərəfini tutduqda anası inciyir, əksinə hərəkət etdikdə isə, həyat yoldaşı ilə böyük problemlər yaşayır.

Əgər evdə uşaq varsa, gəlin-qayınana mübahisələri ən çox onlara zərər verir.

Ailə və uşaq təhsiliylə əlaqədar müxtəlif araşdırmalar edən Prof. Dr. Məmməd Akıllı Aydın gəlin və qayınanalar arasında hansı səbəblərdən mübahisələr yarandığını aydınlaşdırmağa çalışıb.

Gəlinlər və qayınanalar niyə dolana bilmirlər?

1.Gəlinlər ön mühakimələrlə hərəkət edirlər. Ailə qurmadan öncə qonşulardan, qohumlardan eşitdikləri əsasında qayınanasını tanıdığını zənn edən gəlin əvvəlcədən soyuq davranaraq gələcək mübahisələrin əsasını qoyur.

2.Qayınanalar gəlinlərini öz qızları kimi görmürlər. Bu da gəlinin soyuq və məsafəli davranmasına səbəb olur. Qayınana gəlini ev işlərinə məhkum olan xidmətçi kimi görməməlidir. Hörmət görmək üçün hörmət etmək lazımdır.

3.Qayınanalar oğullarını paylaşmaq istəmirlər. Bəzi ailələrdə uşaqlar elə yetişdirilir ki, onlar təkbaşına qərar verməkdə çətinlik çəkirlər. Çünki çox vaxt həmin uşaqların əvəzinə anaları qərar verirlər. Onların böyümələri və yetişkin insan olmaları heç nəyi dəyişmir. Anası ilə belə münasibəti olan oğlan evləndikdə ana gəlini özünə rəqib kimi görür. Artıq oğlunun onun diqtəsi ilə hərəkət etmədiyini görəndə əsəbləşib özündən çıxır. Bəzən istədikləri məntiqsiz də olsa, öz fikirlərini yeritməkdən vaz keçmir.

4. İki nəfər arasında qalmalı olan bəzi məsələlərin ailələrlə paylaşılması da, problemlərə səbəb ola bilir. Cütlüklər arasında yaranan problemlər öz aralarında həllini tapmalıdır. Ən kiçik problemi belə ailə üzvləri ilə müzakirə etmək çıxılmaz vəziyyət yarada bilər. Həmçinin, gəlinlə qayınana da problemlərini öz aralarında həll etməlidirlər. Qayınana gəlinin anasına şikayət etməməli, gəlin də evdə olanları anasının ovcuna qoymamalıdır. Belə davranışlar gəlinin yuvasının dağılması ilə nəticələnə bilər.

5. Ailələr arasında sərhədlərin müəyyənləşdirilməməsi böyük problemlərlə nəticələnir. Belə ki, yeni evlənən bəylə gəlinin artıq ailə olduqları qəbul edilməlidir. Maddi mövzularda, uşaq böyütmək və digər sahələrdə öz qərarları olmalı və böyüklər bu qərarlara hörmət etməlidirlər. Təbii ki, təcrübəni bölüşmək və məsləhət vermək olar, ancaq müdaxilə etmək yolverilməzdir.

Evliliklərin sağlam təməl üzərində qurulması və uzun illər davam edə bilməsi üçün ailələrin dəstəyi böyük əhəmiyyət daşıyır. Xüsusilə də, qayınanalara bu mövzuda çox iş düşür. Belə ki, gənc cütlüyə hər an dəstək verilməlidir. Onlar çətinliklərə düşdükdə məsləhətləşə biləcəkləri və onlara kömək əlini uzadacaq bir ailəyə sahib olduqlarını hiss etməlidirlər. Ancaq yerli-yersiz müdaxilə işləri korlaya bilər. Gəlin və ya oğul məsləhət və kömək istəmədiyi təqdirdə onlara zorla müdaxilə etmək olmaz.

Ailələrlə münasibətlərin sevgi və hörmət çərçivəsində davam etməsi üçün həm qız, həm də oğul anaları təkcə öz uşaqlarını deyil, onun qurduğu ailənin də xoşbəxtliyi üçün çalışmalıdırlar.

Gəlin və kürəkənlər isə öz ailələrinə göstərdikləri hörmət və dözümlülüyü yoldaşlarının da ailələrinə hiss etdirməlidirlər.

Qayınana ilə gəlin eyni evdə yaşadıqda hansı çətinliklər baş verə bilər?

Hər bir ailənin öz evi olmalıdır. Yeni gəlin və bəy öz evində yaşamağın çətinliklərini görməli, öz qərarlaırnı verməyi bacarmalıdırlar. Xüsusilə, evliliyin ilk illərində cütlüklər birlikdə daha çox zaman keçirməli və bir-birlərini daha yaxından tanımalıdırlar. Ancaq bəyin ailəsi ilə yaşamalı olduqda cütlük bir-birlərinə daha məsafəli davranmalı olur. Bu da yeni evlənənlərin özlərini ailəli kimi hiss etmələrinə mane olur. Onlar bir evdə yaşayan və ancaq gecələr bir-birlərinə sevgidolu baxışlarla baxa bilən insanlara çevrilirlər. Gəlin özünü yeni ailə quran qadın kimi yox, öz evindən sürgün edilib yad ailədə yaşamalı olan kiçik qız kimi hiss edir. O, necə hərəkət etməli olduğuna, hansı yeməyi bişirəcəyinə və ya evi nə vaxt təmizləyəcəyinə qərar verə bilmir. Kişi isə evin oğlu obrazından çıxıb ailə başçısı olmaqda çətinlik çəkir. Normal ailələrdə belə müşahidə olunan bu vəziyyət gəlin ilə qayınana arasında münasibətlərin kəskin olduğu ailələrdə çıxılmaz hal alır.

Qayınanaların uşağa baxması doğrudurmu?

Əvvəlcədən qeyd etdiyimiz kimi, gəlinlə qayınana arasındakı problemlər uşaqlara mənfi təsir edir. Onun yanında edilən mübahisələr uşağın psixologiyasını poza bilər. Bundan başqa, ana ilə qayınananın uşağa verdikləri tərbiyə də fərqli ola bilir. Qayınanalar, adətən, keçmiş qayda-qanunlarla hərəkət etməyi xoşlayırlar. Ancaq gəlinlər müasir elmin təsdiq etdiyi məsləhətlərlə hərəkət edirlər. Həmçinin, uşaq xəstələndiyi zaman ana onu həkimə aparmaq və bahalı dərmanlarla problemi həll etməyə çalışır. Nənə isə xalq təbabətinə üstünlük verir. Bu tip hallarda hər zaman ananın istəyi nəzərə alınmalıdır. Çünki qayınana öz analıq funksiyasını yerinə yetirib, artıq analıq vəzifəsi gəlinin işidir. O, öz uşağını istədiyi kimi yetişdirməlidir. Təbii ki, gəlinə məsləhət vermək olar, ancaq o, məsləhətə qulaq asmırsa, bundan incimək lazım deyil.

İşləyən analar üçün övladlarına nənənin baxması çox yaxşıdır. Çünki nənə uşağa həm yaxşı baxacaq, həm də öz sevgisni verəcək. Bir dayə bunu edə bilməz. Ancaq yenə də qeyd edək ki, ana evdə olmayanda qayınana uşağa yemək yedizdirərkən və ya onun qızdırmasını aşağı salmaq istəyərkən gəlinin təlimatlarına əməl etməldiir.

Mütəxəsislər uşağa qoyulan qadağaların da bütün ailə üzvləri tərəfindən dəstəklənməsini uyğun görürlər. Məsələn, ana uşağa konfet, şokolad kimi şəkərli qidaları yeməyi qadağan edibsə, qayınana öz bildiyində inad edib uşağa bu qidaları verməməlidir. Əks halda, uşaq qadağaları ciddi qəbul etməyəcək və dəcəllik edəcək.

Gəlini ilə yola getmək istəyən qayınanalara məsləhətlər:

Gəlinin başqa bir ailədə yetişdiyini və insanların hər birinin fərqli xarakterlərinin olduğunu nəzərə almalısınız. Gəlin fərqli xüsusiyyətlərə malik ola bilər, ancaq bu, onun pis və ya anormal olduğunu göstərmir. Gəlin düşdüyü ailəyə dərhal öyrəşməyə bilər, çünki o, robot deyil.

Oğlunuz sizin əşyanız deyil. Ona görə də, onu itirməkdən qorxmayın. O, yetişkin bir insandır. Özünü müdafiə edə bilir, sizin onu həyat yoldaşından qorumağınıza ehtiyacı yoxdur.

Gəlininizi qızınız kimi görməlisiniz. Onun səhvləri ola bilər, bu, normaldır. Səhvlərini başqalarının yanında gəlininizin üzünə vurmamalı, onu təhqir etməməlisiniz.

Oğulunuzun ayrı bir ailə həyatının olduğunu qəbul etməlisiz. Onlar ehtiyac hiss etmədikcə, müdaxilədən çəkinməlisiniz.

Gəlininizi sevməyə məcbur deyilsiniz, ancaq ona hörmət etməli və güvənməlisiniz.

Gəlininizlə probleminizi öz aranızda həll edin. Problemi oğlunuza hiss etdirməyin.

Gəlininizə xitab edərkən sevimli və şirin ləqəblərdən istifadə edin.

Qayınana ilə mübahisə etmək istəməyən gəlinlərə məsləhətlər:

Qayınananız, əlbəttə, sizin öz ananız deyil. Ancaq o da, öz ananız kimi, hörmətə layiqdir.

Həyat yoldaşınızın öz anasından məsləhət alması normaldır. Onu anasına qısqanmayın.

Qayınanıza "ana" deyə xitab etmək məsləhətdir.

Özünüzü qayınananızla müqayisə etməməlisiniz. Çünki həyat yoldaşınızın həyatında rollarınız çox fərqlidir.

Qayınananız ilə yaşadığınız problemlər evliliyinizə mənfi təsir etdiyi kimi, isti münasibətlər də evliliyinizə müsbət təsir edəcək.

Bəylər, diqqət!

Həyat yoldaşınızı və ananızı bir-biriylə müqayisə etməyin.

Hər ikisini sevdiyinizi hiss etdirin.

Həm həyat yoldaşınızı, həm də ananızı dinləyin, onları anladığınızı hiss etdirin. Sonra günah kimdədirsə, bunu təklikdə ona izah edin.

Bir-birləri haqqında dedikləri müsbət fikirləri ən qısa zamanda qarşı tərəfə çatdırın. Biri-birinin mənfi düşüncələrindən isə xəbərləri olmasa, yaxşıdır. Bir sözlə, qoca qarılar kimi dedi-qodu etməyin və söz çatdırmayın.

"Ana, mən gəlib səni görmək istəyirəm, amma gəlinin istəmir", kimi cümlələr qurmaq gəlin-qayınana münasibətlərini daha da kəskinləşdirə bilər.

Rollarınızı qarışdırmamalısınız. Ananızın yanında övlad, həyat yoldaşınızın yanında isə ər olmalısınız. Hər iki qadına hörmət etməyi bacarmalısınız.

Yeni qurduğunuz ailənin rəisi sizsiniz. Odur kİ, məsuliyyətinizin fərqində olmalı və ailə sirlərini ananızla belə bölüşməməlisiniz.

Gəlinlə qayınana arasında münaqişələr baş verdikdə kişi həmişə arada qalır. Mütəxəsislər bu zaman kişinin obyektiv qərar verməsini doğru hesab edirlər. Yəni, kişi münaqişənin səbəbini öyrənməli və günah kimdədirsə, onunla danışıb məsələni həll etməlidir. Məsələnin iç üzünü öyrənmədən, anasının və ya həyat yoldaşının tərəfini tutmamalıdır. Anası ilə həyat yoldaşının bir-birlərinin arxasınca danışmasına icazə verməməli, belə hallarda xəbərdarlıq etməlidir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR