Nostradamusun xüsusi siyahısı: Xatın, Xirosima, Xocalı, incidilən ruhların şəhərləri - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Nostradamusun xüsusi siyahısı: Xatın, Xirosima, Xocalı, incidilən ruhların şəhərləri - FOTOLAR

"Qəzəbli insanlar hədlərini aşacaqlar. Müharibələr elə həddə çatacaq ki, təkcə insanlar deyil, kəndlər, şəhərlər də dağıdılacaq. İnsanlar bir-birlərinin qisasını kəndlərdən və şəhərlərdən alacaqlar. Dağıdılıb yerlə yeksan olmuş, sakinləri öldürülmüş, özləri "qətlə yetirilmiş" kəndlər, şəhərlər tarixə qovuşacaq. Bu, insanlıq tarixinin ən acı səhifələrindən biri olacaq" – XVI əsrdə yaşamış fransız astroloqu, məşhur görücü Mişel Nostradamusun Fransa kralı II Henriyə ünvanladığı məktublarda gələcək əsrin dağıdıcı müharibələri çox aydın əks olunub.

"Atəş, qəribə qurğular böyük dağıntılar törədəcək" deyən astroloq bu öncəgörmələrdə ötən əsrdə baş vermiş bəşəriyyətin ən qanlı müharibələrini nəzərdə tutub. Publika.az Nostradamusun "qətlə yetirilmiş" şəhərlərlə bağlı öncəgörmələrinin izahını təqdim edir:

"Cəllad" generalın qətlinə görə Lidiça və 5000 çexin məhvi

Hitlerin sevimli ali rütbəli zabitlərindən biri, "yəhudi məsələsi"nin həllində mühüm rol oynamış qəddar zabit, Bohemiya və Moraviyanın rəhbəri Reynhard Qeydrixin Çexiyada yaratdığı qanlı rejim, günahsız insanların məhvi həm mühacirətdə olan çex, həm də Britaniya rəhbərliyini ciddi narahat etdiyindən onlar SS polis generalını aradan götürmək qərarını verdilər. Britaniyanın baş naziri Uinston Çörçilin yaratdığı Xüsusi Əməliyyatlar İdarəsində yüksək hərbi təlim görmüş sui-qəsdçilər Praqada 1942-ci ilin mayında faşist zabitinə hücum edərək onu yaraladılar. Reynhard Qeydrix aldığı xəsarətlər nəticəsində iyunun 4-də dünyasını dəyişdi. Hitlerin bu əməliyyata reaksiyası amansız oldu. Generalın dəfnindən dərhal sonra fürer Praqadan 20 kilometr məsafədə yerləşən Lidiça yaşayış məskəninin yerlə-yeksan edilməsi barədə göstəriş verdi. Şaxtaçıların yaşadığı qəsəbədə xüsusi vəhşiliklə həyata keçirilən əməliyyatı iyunun 10-da könüllülərdən ibarət yeddinci SS diviziyası başladı. Faşistlər yaşayış məskənini mühasirəyə alıb, heç bir sakinin oranı tərk etməsinə imkan vermədilər. Lidiçanın yaşı 15-dən yuxarı olan bütün kişi sakinləri (174 nəfər) güllələndi. Aralarında 4 hamilə qadının olduğu 172 qadın əvvəlcə kənd məktəbinə yerləşdirildi. Hamilə qadınlar Qeydrixin müalicə edildiyi xəstəxanaya yerləşdirildilər. Onlara qarşı zorakılıq tətbiq edildi və hamiləlikləri pozuldu. Digər qadınlar isə faşist düşərgələrinə sürgün olundular. Onlardan 60-ı düşərgələrdəki ağır şərait, aclıq və xəstəlik üzündən dünyalarını dəyişdi. Lidiçanın 105 azyaşlı sakinindən 82-si SS zabiti Adolf Eyxmanın göstərişi ilə faşist düşərgələrində zəhərli qazla məhv edildi. Hitlerin Lidiçanın bütün kişi sakinlərinin yerlərindəcə məhv edilməsi, qadınların faşist düşərgələrinə aparılması, Lidiçanın yerlə-yeksan edilməsi barədə əmri uğurla icra edildi. Bütün Avropada "cəllad" ləqəbi daşıyan Reynhard Qeydrixin öldürülməsi çex xalqına 5000 günahsız insanın faşistlər tərəfindən məhv edilməsi hesabına başa gəldi.

Çexiyanın faşist işğalından azad edilməsindən bir qədər sonra, 1945-ci ildə Lidiçada bu faciənin günahsız qurbanlarının xatirəsini əbədiləşdirən muzey yaradıldı. 82 uşağın xatirəsinə ucaldılmış abidə hal-hazırda da qalmaqdadır. Hal-hazırda Latın Amerikasında, ABŞ-da, habelə Avropanın bir sıra ölkələrində Lidiçanın adını daşıyan küçələr mövcuddur. Yeri gəlmişkən, 4 il əvvəl respublikamızda da küçələrdən birinə Lidiça adı verilib, Aşağı Ağcakənddə məhv edilmiş Lidiça qurbanlarının xatirəsinə abidə ucaldılıb. Bir sözlə, Lidiça tarixə dağıdılmış, qətlə yetirilmiş yaşayış məskəni kimi düşdü.

Ruhların incidildiyi Xatın, gizlədilən müəmma, sirli ölüm

Mişel Nostradamusun bəzi yaşayış məskənlərinin dağıdılacağı haqda öncəgörmələri öz məktublarında "iyrənc fahişəliyin və tükürpədici mənəviyyatsızlığın mövcud olacağı" kimi xarakterizə etdiyi SSRİ-nin, o cümlədən Belarusun Xatın kəndinə də aiddir. Bu arada qeyd edək ki, Xatın təkcə barəsində söhbət açacağımız 1943-cü ilin mart faciəsinə yox, bundan əvvəlki qırğına da şahidlik edib. 1939-cu ildə SSRİ diktatoru İosif Stalinin əmri ilə məhv edilən polyak zabitləri məhz burada güllələnmişdilər. Başlarından güllə yarası almış yüzlərlə günahsız zabitin SSRİ rəhbərinin göstərişi ilə öldürülməsi yalnız 1993-cü ildə sübuta yetirildi. Rusiya prezidenti Boris Yeltsin Stalinin polyak zabitlərinin öldürülməsi barədə əmrinin surətini Polşanın prezidentinə təqdim etdi.

Hərfi mənası Belarus dilində "ev" mənası verən Xatın polyak faciəsinə şahidlik etməsindən 4 il sonra öz sakinlərinin faciəsini seyr etdi. 1943-cü ilin martında faşislərin xüsusi təyinatlı dəstə üzvlərinin burada məhv edilməsi nasistlərin qəddar cəza üsuluna əl atmaları üçün bəhanə oldu. Faşistlər bir neçə hərbçinin öldürülməsinə Xatının 149 dinc sakininin məhvi ilə cavab verdilər. Halbuki kənd sakinlərinin faşist əsgərlərinin öldürülməsində iştirakı və xəbərləri yox idi.

Faşist komandanlığının göstərişi ilə sakinləri kəndin kolxoz sarayına topladılar. Saraya xeyli ot gətirib onun ətrafına benzin tökdülər. Faşistlərin niyyətini başa düşüb qaçmaq istəyənlər yerlərindəcə güllələndilər. Saraya doldurulmuş insanlar arasında çoxuşaqlı ailələr də vardı. Məsələn İosif və Annanın nikahı ilə qurulmuş ailənin 9, Noviçkiy ailəsinin isə 7 uşağı yandırılmaq üçün saraya doldurulmuşdu. Tərcüməçi polis Lukoviç benzinə od vuraraq sarayı yandırdı. Saray köhnə olduğundan tez alışdı. Alov hər yeri bürüdü. Onun içinə doldurulmuş günahsız sakinlər diri-diri yandırıldı. Faşistlər alovun əzabına dözə bilməyib çölə çıxan sakinləri pulemyotla güllələdilər. İçəridə yandırılan 149 sakindən 75-i yaşı 15-dən aşağı olan mülki vətəndaşlar idi. Yanan saraydan möcüzə nəticəsində qurtulmuş iki qız Mariya Fedoroviç və Yuliya Klimoviç qaçıb başqa kənddə gizlənsələr də, həmin kənd də almanlar tərəfindən yandırıldığından Xatının şahidləri burada həlak oldular. Saraya doldurulmuş sakinlərdən 7 yaşlı Viktor Jelobkoviç və 12 yaşlı Anton Baranoviç sağ qaldılar. Viktor anasının onu öz paltarının altında gizlətməsi sayəsində sağ qalmışdı. Alovun istisinə və tüstüyə dözə bilməyən Anton saraydan çıxıb qaçmaq istəyərkən faşist əsgəri tərəfindən ayağından güllə yarası aldı. Alman əsgərləri onu ölmüş bildiklərindən orada qoyub çıxıb getmişdilər. "Qətlə yetirilmiş" kəndin canlı şahidinin faciəli aqibəti isə bu günə kimi müəmmalıdır. Belə ki, Anton Baranoviç ömrünün sonuna kimi – 1969-cu ilin dekabrına qədər Xatında qəddarlıq etmiş polislərin adların açıqlamaqdan və həqiqəti deməkdən çəkinmirdi. O, faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılış mərasimindən bir neçə ay sonra müəmmalı şəkildə həlak oldu. Anton Baranoviçin ölümü sirli olaraq qalır.

Daha 3 uşaq - Volod Yaskeviç, bacısı Sona və Saşa Jelobkoviç də möcüzə nəticəsində sağ qalmışdı. Xatın faciəsinin 56 yaşlı şahidi, bədəninin bir hissəsi yanmış İosif Kaminskiy bir də gecə yarısı, faşistlər kəndi tərk etdikdən sonra özünə gəldikdə başqa bir müsibəti yaşadı – o, meyitlərin arasında can verən oğlunu tapmışdı. Yeniyetmə atasının qolları arasında can verdi. Hal-hazırda Xatın kəndində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidədə övladını qolları arasına almış ata heykəli məhz İosif Kaminskiyin prototipidir. Kənddə olmazın vəhşiliklərini törətmiş cəlladlar Xatını tərk edərək yaxınlıqdakı meşədə 30 partizana və 20 mülki vətəndaşa divan tutmuşdular. Beləcə, Xatın da yerlə yeksan olunaraq Nostradamusun vurğuladığı yaşayış məskənlərinin siyahısına düşdü.

26 il sonra kənddə faciənin günahsız qurbanlarının xatirəsinə abidə ucaldıldı.

Modern Fransada xarabalıq, azadlıqda gəzən cinayətkarlar

Mişel Nostradamusun dörd əsr əvvəl xəbərdarlıq etdiyi faciələrin bir qismini elə onun öz ölkəsi yaşadı. Hal-hazırda Fransada onilliklər öncə mövcud olmuş, sonra isə faşistlər tərəfindən yerlə-yeksan edilmiş Oradur-syur-Qlan adlı yaşayış məskəninin xarabalıqları var. Fransızlar bu kəndi bərpa etməyərək onu gələcək nəsillərə keçmiş müharibənin abidəsi kimi qoruyub saxlayırlar. Köhnə avtomobillər, tikiş maşını, dağıdılmış evlərin divarları, kilsə, saray, məktəb 1944-cü ildəki kimi toxunulmaz olaraq qalır. Bu mənada Oradur-syur-Qlan hələ də bərpa edilməyib.

1944-cü ilin yayında, Normandiyada ikinci cəbhə aşıldıqda fransız partizanları anti-hitler koalisiyası hərbi qüvvələrinə dəstək üçün öz əməliyyatlarının miqyasını genişləndirdilər. Partizanlara yerli sakinlər, mülki əhali böyük dəstək verir, onların faşistlərin əlinə keçməmələri üçün əllərindən gələni edirdilər. İyunun əvvəllərində reyxin SS diviziyasının qərargahına Oradur-syur-Qlan yaşayış məskəninin fransız partizanlarına dəstək vermələri haqqında gizli məlumat daxil oldu. Oradur-syur-Qlan da Lidiçanin aqibətini yaşamalı oldu. İyunun 10-da səhər faşist batalyonu kəndi mühasirəyə alaraq, onun bütün sakinlərini zorla yaşayış məskəninin mərkəzinə topladılar. Onlar Oradur-syur-Qlanın bütün kişi sakinlərini balaca saraya yığıb güllələdilər. Bundan sonra isə onların meyitlərini yandırdılar. Ümumilikdə 199 nəfər faşistlər tərəfindən vəhşicəsinə məhv edildilər. Kəndin yalnız 5 kişi sakini möcüzə nəticəsində qaçıb xilas ola bilmişdilər. Nasistlərin insanlıq adına utanc gətirən əməlləri bununla yekunlaşmadı. Kilsəyə doldurulmuş 240 qadın və 205 uşaq yandırıldı. Bu qəddarlıq nəticəsində yalnız bir köməksiz qadın sağ qala bilmişdi. 19 nəfər sakin isə bu qəddar aktdan öncə, faşistlərin Oradur-syur-Qlanı mühasirəyə almalarından əvvəl qaçıb canlarını qurtara bilmişdilər. Oradur-syur-Qlan tamamilə yerlə-yeksan edildi.

Partizanlar da cavabsız qalmadılar. Onlar bir qədər sonra faşstlərin bəzilərini ələ keçirib güllələdilər, meyitlərini isə yandırdılar. Oradur-syur-Qlanda olduğu kimi...Lakin fransızlar "qətlə yetirilmiş" kəndin altını üstünə çevirmiş 200 faşistin 28-nin məhkəmə qarşısına çıxarılmasına bir də 9 il sonra nail ola bildilər. Almaniya Demokratik Respublikası digər qatilləri Fransaya verməkdən imtina etdi. Cinayətkarlardan yalnız 20-i özlərini müqəssir saydılar. Fransa parlamentinin 1958-ci il amnistiya qərarı ilə bütün qatillər azadlığa çıxdılar. Oradur-syur-Qlanda qadınlara, qocalara və uşaqlara qarşı həyata keçirilmiş qanlı əməliyyat barədə əmr vermiş general Heyns Lammerdinq məhkəmə cəzasından yaxa qurtarmaqla 1971-ci ildə öz əcəli ilə dünyadan köçdü. Faciəni reallaşdırmış tağımın komandiri Hayns Bart yalnız 1983-cü ildə məhkəmə qərarı ilə ömürlük azadlıqdan məhrum edildi. Lakin o da cəzasını sona qədər çəkmədi – Bart 14 il sonra səhhətindəki problemlərlə əlaqədar azadlığa buraxıldı.

Xirosimo, Naqasaki və Xocalı

6 avqust 1945-ci ildə səhər saat 8:15-də ABŞ-ın "Enola Qey" V-29 bombardmançı təyyarəsi Xirosima şəhərinə atom bombası atdı. Atom hegemonluğunu bütün dünyaya, o cümlədən SSRİ-yə nümayiş etdirən Pentaqonun insanlığa zidd bu addımı nəticəsində şəhərdə 140 min insan partlayış anında, habelə sonrakı aylarda məhv edildilər. ABŞ-ən digər bombardmançı təyyarəsinin hədəf seçdiyi Xirosimoda isə 80 min insan həlak oldu. Öldürülənlərin böyük əksəriyyəti mülki vətəndaşlar, dinc insanlar idi.

Hərbi cinayətkarların insanlığa qarşı qanlı əməlləri nəticəsində günahsız insanların məhv edilməsi, kəndlərin yer üzündən silinməsi, Mişel Nostradamusun təbirincə desək, yaşayış məskənlərinin "qətlə yetirilməsi" prosesi əsrin sonlarında da davam etdirildi. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıya hücum edən erməni və rus hərbi birləçmələri bu yaşayış məskəninin 613 dinc sakinini qanlarına qəltan etdilər. Lakin yerlə yeksan olunmuş Xocalı faciəsinin dəhşətləri, eləcə də nəticəsi Lidiça, Oradur-syur-Qlan, Xatın kimi faciələrlə müqayisədə daha ağırdır. Çünki digər soyqırımları ilə müqayisədə bu faciə elan olunmamış müharibə şəraitində baş verib. Üstəlik, adlarını sadaladığımız kəndlərdən, məhv edilmiş yaşayış məskənlərindən fərqli olaraq Xocalı hələ də düşmən tapdağı altındadır.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm