Lənətlənmiş binalar – TÜKÜRPƏDİCİ FAKTLAR
Bizi izləyin

Bilgi.az

Lənətlənmiş binalar – TÜKÜRPƏDİCİ FAKTLAR

Nədənsə, insanların gördükləri ruhların əksəriyyəti qadın cinsinə aid olur. Bəlkə də, bu onunla bağlıdır ki, qadınlar kişilərə nisbətən daha emosionaldırlar. Uşaqlara, sevdikləri insanlara görə ölümün gözünə dik baxa bilir, özlərini qurban verə bilirlər. Bu emosiyalar elə güclü enerjiyə malik olur ki, hətta dünyalarını dəyişəndən sonra da onlar bu dünyada dolaşmağa davam edir.



Kitabxanada hadisə

Ötən əsrin 60-cı illərində Rusiyanın Kirov şəhərində belə bir hadisə olmuşdu. Şəhərin mərkəzi kitabxanasında işləyən xanımlardan biri axşam çağı növbətçi imiş. Qadın darıxdığından hərbçi olan ərinə zəng edir. Əri də həmin vaxt hərbi hissədə növbədə olduğundan ər-arvad ordan-burdan söhbət edirlər. Birdən qadın deyir ki, qulağına qapı cırıltısının səsi gəlir. Sonra qadından səs-səmir gəlmir. Hərbçi öz dostları ilə həyəcanlı halda arvadının iş yerinə gəlir. Onu kitabxananın otaqlarının birində huşsuz vəziyyətdə tapır.


Hərbiçilər qadını qorxudan şəxsi axtarırlar. Lakin heç kimi tapmırlar. Qadın ayılanda ərinə ruh gördüyünü anladır.


Kitabxanaçı qadınla əri məsələni araşdırmağa başlayırlar. Məlum olur ki, illər əvvəl məhz burada faciə baş verib. Kitabxanada işləyən qadınlardan biri evli kişi ilə sevgi yaşayırmış. Kişi qadına öz arvadını boşayıb onunla evlənəcəyinə söz verib. Lakin vədinə əməl etməyib. Sonradan isə birdəfəlik arvadının yanına qayıdıb. Ayrılığa dözməyən kitabxanaçı intihar edib. Elə iş yerində. O vaxtdan onun ruhu Kirov Şəhər Mərkəzi Kitabxanasının dəhlizlərində dolaşır.



Qanlı kotlet

Saratovda isə Moskva və Svoboda küçələrinin kəsişməsində yerləşən qədim binanın yanından isə insanlar hələ də ayaq saxlamadan keçməyə üstünlük verirlər. Üçmərtəbəli, dəbdəbəli, əzəmətli arxitekturaya malik bina XX əsrin əvvəlində milyonçu Yaximoviçin sifarişi ilə tikilib. İnqilabdan sonra Yaximoviç ağqvardiyaçılara qoşuldu. Onun sonrakı taleyi haqda məlumat yoxdur.


Böyük Vətən Müharibəsi başlayanda həmin binada Avqusta Abaturova və Pelageya Klyukina adlı iki qadın yaşayırdı. 1942-ci ildə həmin qadınlar Saratov bazarında şıdırğı alver edirdilər. Şəhərdə aclıq və səfalət hökm sürürdü. Ərzaq çatışmırdı. Olan-qalanlar ön cəbhəyə göndərilirdi. Arxa cəbhədəkilər isə aylıq talonlarla verilən azuqələrə möhtac idilər. Belə bir zamanda Avqusta və Pelageya bazarda ətli peraşki satırdılar. Bişirdiklərini piştaxtaya qoymaqla satılmağı bir olurdu. Arada satmağa dadlı kotletlər də gətirirdilər. Müştərilər bu iki qadının piştaxtası qarşısında uzun növbələr yaradırdılar. Eyni vaxtda şəhərdə kiçikyaşlı uşaqlar itkin düşməyə başladı. Milis əlindən gələni edirdi. Ancaq uşaq oğrularını tapmaq mümkün olmurdu.


Bir gün Avqustanın evinin yanından keçən qonşular dəhşətli qışqırıq eşitdilər: "Xalacan, öldürmə, öldürmə məni. Bıçaqdan qorxuram..."

Qonşular milis çağırdı. Onlar binanın zirzəmisinə girdikdə dəhşətli mənzərə ilə qarşılaşdılar. Avqustanın əlində qanlı bıçaq vardı, yerə isə boğazı kəsilmiş kiçikyaşlı oğlan uşağının meyiti sərilmişdi. Bir qədər aralıda Pelageya başqa bir uşağı doğrayıb ətini tikə-tikə doğrayır, kotlet hazırlayırdı.


Həm milis, həm də qonşular donub qalmışdılar. Bu məqamdan istifadə edən qatil qadınlar aradan çıxdılar. Lakin az keçmiş həbs olundular. Məhkəmə onları mühakimə etməyə macal tapmadı. Qatil qadınları məhbus yoldaşları elə müvəqqəti saxlama kamerasındaca boğdular. Faciənin baş verdiyi binada isə indiyədək heç kim yaşamağa ürək etmir. Ağlayan uşaq səsləri bura köçən sakinləri az qala dəli edir. Dəhşətli səslərdən vahiməyə düşənlər qısa müddət ərzində binanı tərk edirlər.



Monastır


Oxşar binadan Tulada da var. Bu qədim binada Oktyabr inqilabınadək qadın monastırı yerləşib. Deyilənə görə, nikahdankənar hamilə qalan cavan qadınları bu monastıra göndərirmişlər. Monastırda isə rahibələr belə "günahkarların" başını qırxır, onlara dəhşətli əziyyətlər verərək, kustar üsulla hamiləliyi pozurmuşlar. Belə abortdan sonra əksər qızlar elə masadaca dünyasını dəyişirdi. Binadan indiyədək qadın çığırtıları, körpə uşaqların ağlaşması səsləri gəlir. Şəhər sakinləri deyir ki, bu yer lənətlənib. Binanın yanından keçən yolda avtomobil qəzaları digər yerlərə nisbətən daha çox olur. Odur ki, tulalılar binanın həndəvərindən belə keçməyə qorxurlar.



İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm