• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gözəl qadın və körpə əti yeyən çağdaş Hanniballar – FOTOLAR

  • Maraqlı
  • 26 Mart 2015 12:18
  • 4 656 Baxış
Gözəl qadın və körpə əti yeyən çağdaş Hanniballar – FOTOLAR

Müasir dövrdə bu sözü dilə gətirməyin özü belə qorxulu, iyrənc səslənir. Söhbət hanniballardan – insan ətini yeyən cinayətkarlardan gedir. Təsadüfi deyil ki, dünyanın bir sıra regionlarında yerləşən ayrı-ayrı ölkələrdə bununla bağlı aşkarlanan cinayət işləri ən böyük qalmaqallarla, ağır cəzalarla nəticələnir.

Qeyd edək ki, qeyri - rəsmi məlumatlarda hal - hazırda mərkəzi və cənib - şərqi Afrikanın bir sıra ölkələrində, habelə İndoneziyada, Papua -Yeni Qvineyada, Malay adaları qrupunda, Braziliyanın meşəliklərində hannibalların olduğu bildirilir. Bir sıra xarici ölkələrin mətbu orqanları Yeni Qvineyadakı bəzi tayfalarda min illər əvvəl qəbul etdikləri ənənələrin mövcud olduğunu vurğulayırlar.

Publika.az hanniballarla bağlı araşdırmanı təqdim edir

Daş dövründən bu günə kimi

İnsan bədəninin bir hissəsinin, o cümlədən yanaqların, dilin, qolların ətinin yeyilməsi qədim daş dövründən mövcud olub. Sonrakı dövrlərdə bu adətlər tədricən aradan qaldırılsa da, insanlıq adına utanc gətirən belə hallar bəzi yerlərdə hələ qalmaqdaydı. Orta əsr yazıçılarının öz yazılarında insan ətinin yeyilməsi ilə bağlı məqamlara geniş yer vermələri hətta Avropanın özündə də hannibalların olduğunu göstərir.

Müasir dövrdə təhlükəli psixi xəstəlik və ağır cinayət əməli kimi qəbul edilən hannibalizmin mövcud olması tarixən bir neçə faktorla əlaqədar olub. Birinci səbəb bəzi qəbilələrin bu qəddarlığı ənənə kimi qoruyub saxlamaları, ikinci səbəb kütləvi aclıq, üçüncü səbəb isə bir sıra şəxslərin (o cümlədən ölkə başçılarının, diktatorların ) psixi xəstəlikləri ilə bağlıdır.

Dünyanın ayrı - ayrı yerlərində məskunlaşmış, indinin özündə də ibtidai icma quruluşunda yaşayan Yali, Vanautu və Karafai, Lippinq qəbilələrinin üzvləri insan ətlərini yeməklə qidalanırlar. Qəbilə başçısı tərəfindən ölüm hökmü cəzasını almış üzvün, habelə dünyasını dəyişmiş qohumlarının, eləcə də körpələrin ətlərinin yeyilməsi mərasimi bayram kimi qeyd olunur.

On doqquzuncu əsrin ikinci yarısından bu günə kimi son dərəcə gizli mövcud olan, hüquq sistemində ağır cinayət əməli kimi qiymətləndirilən hannibalizmə qarşı bir sıra tədbirlər görülsə də, onun kökünü birdəfəlik kəsmək mümkün olmadı. çünki görülən tədbirlərə baxmayaraq, bu qəbildən olan ağır cinayətlərə rast gəlinirdi. Özü də dünyanın qabaqcıl, kapitalizmin inkişaf etdiyi ölkələrdə. 1870 - ci ildə ABŞ - ın Kolorado ştatında həbs edilmiş Alfred Pakerin etirafları bütün sakinləri dəhşətə gətirdi – o , öz yoldaşlarının ətini yemişdi. Buna görə də ömrünün 40 ilini həbsxanada keçirməli oldu.

Sovet Rusiyasında kütləvi hannibalizm, "Qurd Cəbrayıl"ın xilaskarları

Amerikalıları hələ on doqquzuncu əsrdə dəhşətə gətirmiş hannibalizm XX əsrin ikinci onilliyində SSRİ - də, o cümlədən Rusiya, Ukraynada kütləviləşərək ictimai cinayət xarakterini aldı. 1921-1922 - ci illərdə sovet Rusiyasında gedən vətəndaş müharibəsi zamanı bolşeviklərin nəzarəti altında olan ərazilərdə kütləvi aclıq başladı. "Povoljye aclığı" adını alan bu qıtlıq 1921 - ci ilin yazında və bütövlükdə 1922 - ci ildə özünün pik nöqtəsinə çatdı. Cənubi Uralda, Volqaboyundakı aclıq daha böyük fəlakətləri ilə yadda qaldı. Sovet rəsmiləri aclığın, ərzaq qıtlığının ümumilikdə ölkənin 30 - dan artıq quberniyasında tüğyan etdiyini etiraf edirdilər. Bu bölgələrdə 89 milyondan çox insan yaşayırdı.

Bolşeviklərin cidd - cəhdlə ört - basdır etmələrinə, 28 milyon nəfərin ərzaqsız qaldığını demələrinə baxmayaraq, aclıq çəkənlərin sayı 41 milyon nəfərdən çox idi. İnsanlar bir-birlərinin ətini yeməyə başladılar. Hannibalizm geniş vüsət almağa başladı və insanların bir - birlərinin ətini yemələri halları çoxaldı. Buzulukada hannibalizmdə ittiham edilən ailənin 6 üzvü bir neçə insanı öldürərək bədənlərinin müxtəlif hissələrini yemişdilər. Ərzaq, çörək qıtlığı nəticəsində ümumilikdə 5 milyondan çox insan aclıqdan dünyasını dəyişdi. Bolşevik hökuməti aclığın qarşısını almaq üçün ilk dəfə kapitalist ölkələrindən ərzaq yardımı almağa məcbur oldu. Bolşevik Rusiyasının dəfələrlə etdiyi müraciətlərdən sonra bəzi dövlətlər, o cümlədən ABŞ bir neçə ay yubanmadan sonra nəhayət ki, bolşevik hakimiyyətinə yardım göstərdi.

Bu arada qeyd edək ki, tarixin ayrı - ayrı vaxtlarında soydaşlarımız da hanniballarla üzləşiblər. Hər birimizin dönə - dönə seyr etdiyi, yazıçı Elçin Əfəndiyevin "Ox kimi bıçaq" kino - povesti əsasında çəkilmiş "Arxadan vurulan zərbə" filminin mənfi qəhrəmanı "Qurd Cəbrayıl"ın real həyatdakı prototipi, 4 dəfə həbsxanadan, 1 dəfə məhkəmə zalından qaçmış "qanuni oğru" Cəbrayıl Əlibaxış oğlu Baxşıyevin öz cinayətinin ?əkilməmiş hissəsindən azad olması adam əti yeyən məhkumların hesabına olub.

"Qanuni oğru"nun övladı Xoşqədəm Cəbrayıloğlu Publika.az - a bildirdi ki, törətdiyi cinayətə görə Sibirdə cəza çəkən atası həbsxanadan qaçmağa müvəffəq olub: "Həmin vaxt həbsxanadan ümumilikdə 13 nəfər qaçmışdı. Aralarında bir qadın da vardı. Atam onlara deyib ki, gəlin pərakəndə qaçaq ki, tutulanda hamımız ələ keçməyək. Buna görə məhkum yoldaşlarından ayrılır. 12 nəfər uzun müddət birlikdə yol gəlirlər. Həmin məhkumlar yüz min kilometrlərlə ölçülən yollarda bir-birlərini öldürüb ətlərini yeyirlər. Beləcə, 12 nəfərdən cəmi 1- i sağ qalır. Həmin şəxs gəlib öz vətəninə çatdıqda deyir ki, bütün yoldaşlarım kimi "Qurd Cəbrayıl" da yolda öldü. Qazamatda həbsini başa vuran şəxslərdən biri, atamla dost olmuş keçmiş məhkum bu xəbəri qohumlarımıza çatdırır. Bu hadisə 1927- ci ildə baş vermişdi".

"Qurd Cəbrayıl"ın da yolda aclıqdan öldüyünü və onun ətinin adamyeyənlər tərəfindən yeyildiyini zənn edən hüquq - mühafizə orqanlarının əməkdaşları həbsxanadan qaçmış Cəbrayıl Baxşıyevin axtarışına xitam verirlər. Beləcə, məhkum hanniballar soydaşımızın cəzasının çəkilməmiş hissəsindən azad olunmasına və milis tərəfindən axtarışının dayandırılmasına səbəbkar olurlar.

Ət yeyən yaponlar, prezidentlər

Hannibalizm bəşəriyyətin ən qanlı savaşı sayılan İkinci Dünya Müharibəsində də geniş vüsət aldı. İnsan ətinin yeyilməsi hallarına xüsusən Yaponiyada çox rast gəlinirdi. Sonradan keçirilən məhkəmə proseslərinin sənədlərində də aydın oldu ki, ərzaqları bitən və ac qalan yapon əsgərləri işğal etdikləri ölkələrin dinc sakinlərini öldürərək onların ətini yeyiblər. Bu olmadıqda isə onlar öz əsgər yoldaşlarının ətini yeməklə bu əzabdan xilas olmağa çalışıblar. 1945 - ci ildə Tididzimada aşkarlanmış hannibalizm dəhşəti müharibənin sağ qalmış azsaylı veteranları tərəfindən bu günə kimi xatırlanır. Belə ki, səkkiz ABŞ təyyarəçisini öldürmüş yapon əsgərləri (onlar 30 nəfər idilər) düşmən hərbçilərinin bədənlərinin müxətlif orqanlarını yemişdilər. Onlardan beşi, o cümlədən mayor Matoba, general Tatibama, admiral Mori, kapitan İsi və hərbi həkim Teraki tribunalın hökmü ilə ən yüksək cəzaya layiq görülərək edam olundular.

İnsan ətlərinin yeyilməsi halları dünya müharibəsi ilə yekunlaşmadı. Belə ki, sonrakı lokal miqyaslı müharibələrdə hannibalizmlə bağlı faktlar əksini tapdı. Cənub - Şərqi Asiyadakı müharibələr haqqında araşdırmalar aparan jurnalist Neyl Devis 1960 və 1970 - ci il müharibələrində hərbçilərin öldürülmüş düşmən əsgərlərinin ətlərini yeməsina dair faktları ictimailəşdirdi. Hanniballar arasında Kamboca partizanları da vardı. Belə hallara adətən "qırmızı kxmerlər"in olduğu yerlərdə rast gəlinirdi. Sonrakı dövrlərdə hannibalizm daha çox Afrikanın ayrı - ayrı regionlarında baş verən müharibələrdə aşkarlandı. İkinci Konqo Müharibəsində, Syerra - Leonedə və Liberiyadakı vətəndaş müharibələrində insanlar bir - birlərini öldürməklə kifayətlənmir, həm də düşmənlərinin bədənlərinin əzalarını yeyirdilər.

Ötən əsrin 70 - 80-ci illərində məlum oldu ki, aclıq əzabından xilas olmaq üçün insan əti yeyənlərlə yanaşı, bu cür "qida"lardan sadəcə ləzzət alan ən təhlükəli hanniballar da varmış. Uqandanın prezidenti olmuş İdi Amin belələrindən idi. Öz - özünü "zati -ailələri" adlandıran, özünü ömürlük prezident, feldmarşal elan etmiş, "yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı" adlandırılan, Uqandanın fatehi, "Viktoriya xaçı", "Hərbi xaç", "Döyüş fəaliyyətinə görə" ordenlərinin sahibi" – deyə müraciət edilməsini tələb edən hannibal hökmdar Əl - Həci doktor İdi Amin hərbiçlərinə məsləhətlərində ac qalıb yeməyə heç nə tapmadıqda öz yoldaşlarının ətini yeməyi tövsiyə edirdi.

Düşmənlərinin, o cümlədən ona qarşı çıxmış zabitlərin ətini yemiş hannibal hökmdar onların başlarını soyuducuda saxlamağı sevirdi. Diktatorun özü insan əti yeməklə kifayətlənməyərək, bəzən insanları vəhşi heyvanlara, yırtıcılara yedirtməkdən də zövq alırdı. Sonradan məlum oldu ki, diktator abort olunmuş körpələrin ətini delikates sayırmış. O, habelə gözəl qadınların döşlərini yeməkdən həzz alırmış.

Mərkəzi Afrika Respublikasının prezidenti olmuş Bokassa da təkcə arvadlarının deyil, ölkəsində ayrı - ayrı vaxtlarda yoxa çıxmış ağ bədənli qadınların ətlərini yeməkdən zövq alırdı. Bokassanın da ən çox xoşladığı insan əti qadın döşləri idi. Sonradan hakimiyyətdən devrilən hannibal hökmdarın sarayında axtarışlar aparıldıqda burada xeyli insan əti aşkarlandı. Çoxsaylı arvadlarını öldürüb ətlərini həzm - rabedən keçirən Bokassa üçün ən gözəl delicates insan əti idi. O, sözündən çıxan, əmrinə tabe olmayan insanları bəzən özü qətlə yetirərək onların ətini bişirib yeyirdi. Hannibal diktator uşaqların da ətini ləzzətlə həzm - rabedən keçirirdi.

İnsan ətini yeyən müəllimlər, tələbələr, jurnalistlər

Təəssüf ki, hannibalizmlə bağlı faktlar yaxın onilliklərdə üzə çıxdı. İnsan əti yeyənlərin arasında tələbələrdən tutmuş ali məktəb müəllimlərinin olması bəşəriyyəti rüsvay edən bu cinayət hallarının olduğunu göstərirdi. 1981- ci ildə Parisin Sorbonna Universitetində ingilis ədəbiyyatından təhsil alan İssey Saqava burada 25 yaşlı holland qızla tanış olur. O, qızla ünsiyyətini genişləndirdikdən bir qədər sonra tələbə həmkarını öldürərək, onun bədəninin ayrı - ayrı hissələrini tədricən yeməyə başlayır. Hannibalın olduqca varlı atası Fransa qanunlarından istifadə edərək övladının Yaponiyaya ekstradisiyasına nail ola bilir. İssey Saqava bir neçə il sonra ölkəsində azalığa çıxır. Hətta ölkəsində insan ətini yeməsi mövzusunda bir neçə bestseller yazır və bunları qəzet səhifələrində dərc etdirir.

2000 - ci illərin əvvəllərində Almaniyanın Rotenburq şəhərində qeyri - adi hadisə baş verdi. Belə ki, 2001- ci ilin martında Armin Mayves adlı şəxs internetdə hannibal məzmunlu axtarış verərək, "öz xoşu ilə ölmək istəyən" 18 - 15 yaşlı oğlan axtardığını elan etdi. İnsan əti yemək arzusunda olduğunu açıq - aşkar elən edən bu homoseksual şəxs Bernd Brandes adlı şəxsi öldürüb, onun ətini hissə - hissə yeməyə başladı. Hannibalın bu əməli aşkarlandıqda o, 8 il yarım azadlıqdan məhrum edildi. Lakin Almaniya Federal Məhkəməsi sonradan hannibalın məhkəmə qərarına yenidən baxaraq, Mayvesi ömürlük azadlıqdan məhrum etdi.

2007 - ci ildə Qətərin paytaxtı Dohada Asiyadan gəlmiş dörd emiqrantın həbs edilməsi bütün ölkəni silkələdi. Məsələ burasındadır ki, polis tərəfindən saxlanılmış şəxslərin orqanizmləri onların yedikləri insan orqanlarına kəskin reaksiya vermişdi. Səhhətlərində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət etmiş hannibalları rentgen müayinəsindən keçirmiş həkim pasiyentlərin mədələrində insan barmaqlarının olduğunu müəyyən etdikdə dərhal polisə üz tutmuşdu.

2009 - cu ildə Sankt-Peterburqun Kosmonavt prospektindəki evlərdən birində iki gənc 11- ci sinif müəlliməsini vannada boğaraq onun ətini qızardılmış kartofla yeməyə başlayırlar. Onların qətlə yetirdikləri müəllimənin bədəninin qalıqlarını sellofan torbalara yığaraq onu zibil qutularının içinə atırlar. Cinayət əməlləri aşkarlanan hanniballar bu əməllərinə guya ac qalmaları ilə haqq qazandırırlar. Lakin istintaq hannibalların nəinki imkanlı şəxs olduqlarını, hətta musiqi qruplarından birinin rəhbəri olduqlarını, üstəlik, müəllimədən də əvvəl bir yeniyetmə qızı da qətlə yetirdiklərini müəyyən edir.

Bundan bir il sonra Bredford universitetinin 40 yaşlı müəllimi Stiven Qriffets Lids şəhərinin Yorkşir qraflığında qandallandı. Sən demə, universitet müəllimi 2009 - 2010- cu illərdə elekrik avadanlıqlarının köməyi ilə 3 fahişəni qətlə yetirərək onların ətini yeyibmiş.

2011- ci ildə Holland aparıcıları canlı efirdə bir - birilərinin bədənlərinin orqanlarını yeməyə başladılar. Böyük çətinliklə qarşısı alınan bu hadisə sonradan bir neçə dəfə izlənilən süjetlərdən oldu.

2012- ci ilin iyulunda ABŞ - da hannibalizmlə iki bağlı xoşagəlməz hadisə aşkarlandı. Məlum oldu ki, Rudi Yudcin adlı şəxs küçələrdə yatan evsiz sakinlərdən birinin üzünü yeyib. Polislər onu güllələməli oldular. Daha sora Mayamidə də hannibal aşkarlandı. Tüfeyli Brendon De Leon xüsusi dəmir bağlanmış dişlərini polis nəfərinə qıcayaraq onları yemək istədi.

Qeyd edək ki, dünyanın ən məşhur hannibalları bunlardır: - Amerikada silsilə hannibal cinayətləri törətmiş Cefri Damer (seksual zəmində 17 nəfərin ətini yeyib), Albert Fiş (15 nəfərin ətini yeyib), ekspedisiya üzvü, öz yoldaşının ətini yemiş Filipo Çappi (İtaliya Respublikasına xidmətlərinə görə ali zabit ordeninə və digər ali mükafatlara layiq görülmüşdü), habelə Rusiyada bir neçə dəfə ayrı - ayrı adamların ətini yemiş Aleksandr Spesivçev (ona insan ətini yeməkdə anası da kömək edirdi), Vladimir Nikolayev, Aleksey Sukletin (7 nəfərin ətini yeyib), qazax Nikolay Cumaqaliyev (9 qadını öldürərək ətlərini yeyib), həbsxanadan iki dəfə qaçmış, acından ölməmək üçün məhkum yoldaşlarının ətini yemiş irland, insan ətini çox sevən Aleksandr Pirs.

Dünyada bir sıra məşhur şəxslər, o cümlədən ispan Pedro de Valdiviya, italyan üzgüçü Covanni de Verraçano hanniballar tərəfindən yeyilib.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR