• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyədə tapıntı: 100 metr dərinlikdə 20 min adamın yaşadığı qədim MƏSKƏN - FOTOLAR

  • Maraqlı
  • 30 Mart 2015 12:59
  • 1 983 Baxış
Türkiyədə tapıntı: 100 metr dərinlikdə 20 min adamın yaşadığı qədim MƏSKƏN - FOTOLAR

Türkiyənin Kapadokya ərazisində bu ölkənin ən böyük qədim yeraltı şəhəri aşkar edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir zamanlar bu yaşayış məskənində minlərlə insan sığınacaq tapıb. Belə ki, antik şəhərdə nə az, nə çox - 250-dən çox yeraltı sığınacaq mövcuddur.

Sığınacaqların vulkan püskürməsi nəticəsində əmələ gəldiyi ehtimal olunur. Tarixin qədim dövrlərinə aid olan qədim yeraltı şəhər tikinti işləri aparılarkən aşkarlanıb. Hazırda arxeoloqlar qədim insan məskəni ilə bağlı araşdırmalara başlayıblar. Bu səbəbdən də yeraltı şəhərin üstündə aparılan tikinti işləri dayandırılıb.

Mütəxəssislərin sözlərinə görə, bu məskən 20 min adamı yerləşdirmək imkanına malik böyük şəhər olub. Nevşəhir universitetinin geofiziklərinin qənaətincə, qədim şəhərin ümumi sahəsi ətraf sığınacaqlarla birlikdə 4 milyon kvadrat metrdən artıqdır. Yeraltı insan məskəninin dərinliyi də kifayət qədər böyükdür - 100 metrdən çox.

Maraqlıdır ki, qədim şəhər bir zamanlar özünü təmin edən bir sıra komplekslərlə, o cümlədən su kanalları ilə təchiz edilib. Bütün bunlar qədim dövrdə insanların uzun müddət həmin yaşayış məskənindən istifadə etdiklərini göstərir. Arxeoloqların araşdırmaları zamanı məlum olub ki, qədim şəhərin güclü mühafizə sistemi mövcud imiş. Belə ki, bir zamanlar yerin altında yaşamış qədim sakinlər onların şəhərləri üçün təhlükə yarandıqda yerin altından çıxaraq şəhərin giriş hissələrini böyük daşlardan ibarət xüsusi örtüklərlə bağlamaqla, onları gözləyən təhlükədən xilas olublar. Onlar təhlükə sovuşana qədər yığdıqları azuqə ehtiyatlarından istifadə ediblər.

Arxeoloq Murad Gülyaz yeraltı şəhərin sahəsinin çox böyük olduğunu vurğulayaraq, onun ərazisinin hələ dəqiq müəyyənləşdirilmədiyini bildirib. Şəhər merinin sözlərinə görə, yeraltı tapıntı Kapadokyanın mirvarisinə çevriləcək. Artıq yerli hakimiyyət orqanları qədim yeraltı şəhərin turizm obyektinə çevrilməsi ilə bağlı planlarını açıqlayıblar. Onlar burada dünyanın ən böyük qədim dövr parkını inşa edəcəklərini, onun turistlər üçün otellərlə, rəsm qalereyaları və muzeyi ilə təmin olunacağını açıqlayıblar. Qədim şəhərə səfər etmək üçün xüsusi marşrutlar yaradılacaq.

Qeyd edək ki, Kapadokyada aşkarlanmış yeraltı şəhərin yerləşdiyi ərazidə bir müddət əvvəl də digər yeraltı insan sığınacaqları aşkarlanmışdı. Qazıntılar zamanı burada xeyli abidə üzə çıxmışdı.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR