• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Qan qrupunu söylə, xarakterini deyim - MARAQLI

  • Maraqlı
  • 20 Fevral 2014 11:13
  • 1 435 Baxış
Qan qrupunu söylə, xarakterini deyim - MARAQLI

İnsanın xarakterinə bələd olmaq üçün onun hansı qan qrupuna mənsub olduğunu bilmək yetərlidir. Düzdür, bu vasitə ilə insanı bütövlükdə tanımaq mümkün deyil. Ancaq bu yolla insan xarakterinin ümumi cizgiləri haqqında məlumat əldə etmək olar.

Dünyanın ən ağıllı xalqlarından biri sayılan yaponlar bu yanaşmaya böyük üstünlük verirlər, vətəndaşların işə qəbulu zamanı işçinin hansı xarakterə sahib olmasını müəyyənləşdirmək üçün bu vasitədən də istifadə edirlər. Həmçinin Amerika Birləşmiş Ştatlarında bir çox şirkətlərdə xüsusi mütəxəssislər işə qəbulla bağlı müraciət edənlərə bu metodu tətbiq edirlər.

Maraqlıdır, bəs görəsən qan qrupları xarakterimiz haqqında nə deyir?

1-ci qan qrupu olan insanlar daxilən güclü, iddialı, mübariz olurlar. Onlar yeniliyə can atmaqları, təşəbbüskarlığı, lider olmaq istəkləri ilə fərqlənirlər. 1-ci qrup qan daşıyıcıları güclü xarakterə malik olmaqla yanaşı öz maraqlarını həyata keçirmək üçün bütün enerjilərini sərf etməyə hazırdırlar. Məğlubiyyətlə barışmayan bu kəslər üzdə sakit görünsələr də daxilən çılğın olurlar, ən kiçik haqlı tənqidi belə qəbul edə bilmirlər. Bu qrupa aid olan kişilər sevgilərində də iddialıdırlar. Onlar üçün ən maraqlı qadınlar o kəslərdir ki, həmin xanımlar ətrafdakılar üçün əlçatmaz sayılır. Tez ünsiyyət qurmaq bacarıqları olduqlarından tez də istədiklərinə nail ola bilirlər. Bu qrupa aid olan qadınlar isə cəlbedici və mehriban olmaları ilə yanaşı olduqca qısqancdırlar.

2-ci qan qrupu olan insanlar olduqca ünsiyyətcil, istənilən şəraitə tez uyğunlaşmağı bacaranlardır. Sakitliyi sevən bu qrup insanlar ümumi işin xətrinə tez razılığa gəlirlər. Hər hansı bir xoşagəlməz hadisədən yaranan incikliyi üzdə göstərməsələr də onu daxilən ağır qəbul edirlər. Bütün daxili hisslərini gizlədərək yalnız təbbəssüm ifadə etmək istəyən 2-ci qrup qan daşıyıcıları stressə və depressiyaya yaxın olanlardır. Onlar həmçinin ədalətli olmağa, düzgün yaşamağa üstünlük verirlər. Bu qrupdan olan kişilər utancaqlıqları ilə fərqlənirlər. Onlar öz məhəbbətlərini adətən baxıçları ilə ifadə edirlər. Özlərindən yaşca böyük qadınlara üstünlük verirlər. O cümlədən bu qrupun xanımları da utancaq olurlar. Onlar ailəcanlı, öz həyat yoldaşlarına sadiq və mehribanlıqları ilə fərqlənirlər.

3-cü qan qrupu olan insanlar açıq və nikbindirlər. Daha çox macəraları sevən bu insanlarən əllərinə həyat tərzini dəyişmək imkanı düşəndə bu şansı əldən vermirlər. Sağlamlıqlarına xüsusi diqqət yetirən bu qrup insanlar iş nə qədər vacib olsa da istirahətlərinə vaxt ayırmağı bacarırlar. Onlar hisslərini gizlətmirlər, bütün məsələləri açıq müstəvi üzərində həll etməyi daha məqbul sayırlar. 3-cü qrup qan daşıyıcıları həssasdırlar, onlar mənasız məşğuliyyətlərdənsə insanlara kömək etməyi, sevinc və dərdlərinə şərik olmağı özlərinə mənəvi borc sayırlar. Bu qrupa aid olan kişilər qadınlara çox meylli olurlar. Onlar xanımları dilə tutmağı, ürəklərinə girməyi ustalıqla bacarırlar. Bu qrupun qadınlarında isə özünəgüvənlik daha çox özünü biruzə verir. Onlar kişilərin sədaqətinə və etibarına çox da inanmırlar.

4-cü qan qrupu olan insanlar ətrafdakıları özlərinə tez cəlb etməyi bacaranlardır. Bu insanların əsas məqsədi həyatda mümkün olan hər şeyi əldə etməkdir. Bir çox hallarda hisslərini cilovlaya bilməyən bu qrup insanlar gözlənilməyən və qəfil hərəkətləri ilə fərqlənirlər. 4-cü qrup qan daşıyıcıları öz iradələrinə tabe ola bilmirlər, öz istəklərinin quluna çevrilirlər. Hər şeyin birdən-birə əldə olunmasının mümkünsüzlünü qəbul edə bilməyən bu insanlar nəticədə mənəvi cəhətdən əziyyət çəkirlər. Bu qrupa aid olan kişilər intim münasibətdə fəaldırlar və özlərini bu sahədə əvəzolunmaz sayırlar. O cümlədən ağıllı və hiyləgərdirlər. Bu qrupun qadınları tələbkar və özlərinə qarşı diqqətlidirlər. Onlar özlərinə həyat yoldaşı seçərkən ən xırda məsələlərə belə həssaslıqla yanaşırlar.

Damarlarınızda hansı qrupun qanını daşımağınızdan asılı olmayaraq çalışın ki, səmimi, mehriban, doğmalarınıza və cəmiyyətimizə gərəkli insan olasınız.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR