• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Başı başqa bədənə köçürüləcək pasiyentdən açıqlama - FOTOLAR

  • Maraqlı
  • 9 Aprel 2015 22:10
  • 2 355 Baxış
Başı başqa bədənə köçürüləcək pasiyentdən açıqlama - FOTOLAR

Dünyada ilk dəfə olaraq baş transplantasiya əməliyyatını keçirəcək Valeriy Spiridonov Rusiyanın Vladimir şəhərində yaşayır. 30 yaşlı proqramçı onurğa əzələ atrofiyasından əziyyət çəkir. Spiridonov əməliyyat haqda düşündüklərini və planlarını xarici mətbuatla bölüşüb.

Publika.az həmin fikirləri və əməliyyat gedişatını təqdim edir.

Başın başqa bədənə köçürülməsi əməliyyatı 2017-ci ildə italyan neyrocərrah Sercio Kanavero tərəfindən həyata keçiriləcək. O, bu xəbəri hələ 2015-ci ilin fevral ayında bəyan edib. Lakin onun bu bəyanatı bir sıra alim və həkimlərin tənqidinə məruz qalıb. Kanaveronun metodu elmdə əldə edilmiş nailiyyətlər üzərində gerçəkləşəcək. Belə ki, hələ 1970-ci illərdə meymunun başı digər bədənə köçürülməsi əməliyyatı həyata keçirilib. Meymun yeni başı ilə 9 gün yaşaya bildi, çünki bədənin immun sistemi onun üçün yad olan orqanı qəbul edə bilmədi.

Spiridonov və Kanavero "Skype"la əlaqə saxlayır və əməliyyata hazırlıq işləri görürlər. Kanaveronun sözlərinə görə, əməliyyat onurğa əzələ atrofiyasından əziyyət çəkən insanlar üçün yararlı olacaq.

Onurğa əzələ atrofiyası zamanı insanda hələ erkən yaşlardan əzələ inkişafı dayanır. Bu xəstəlikdən əziyyət çəkən uşaqların 50 faizi heç bir il belə yaşaya bilmir. Lakin Spiridonov 30 yaşa kimi yaşayaraq universitet bitirməyə də vaxt tapıb. Bununla belə, belə bir bədənlə qocalana kimi yaşama ehtimalı sıfıra bərabərdir.

Spiridonov 2 il əvvəl professorun internetdə tədqiqatını oxuduqdan sonra onunla əlaqə saxlayıb. Bu vaxta qədər onlar elektron poçtla əməliyyatın risk və perspektivlərini müzakirə edib. Spiridonovun ailəsi onu bu yolda dəstəkləyir. Düzdür, əməliyyatdan onun sağ çıxa bilməyəcək riskini də dərk edirlər.

Spiridonovun bədən donoru isə sağalmaz baş beyin xəsarəti alan insan və ya ölüm cəzasına məhkum olmuş məhbus ola bilər.

Əməliyyatın dəqiq vaxtını müəyyən etməzdən əvvəl Kanavero maliyyə yardımı, həkim və tibb bacısından ibarət 150 nəfərlik heyət tapmalıdır.

Kanavero və Spiridonovun növbəti addımı 2015-ci ilin yayında Annapolisdə (ABŞ) keçiriləcək neyrocərrah konqresində çıxış etməkdir.

Spiridonov çox riskli və ölümlə nəticələnə biləcək əməliyyat haqqında bunları deyib: "Mənim qərarım qətidir və fikrimi dəyişmək niyyətim yoxdur".

Verdinq-Hoffman xəstəliyindən əziyyət çəkən Spiridonov ölməmişdən öncə yeni bədəndə yaşamaq istədiyini deyib.

Spiridonov: "Mən qorxuram? Əlbəttə, qorxuram. Lakin bu təkcə qorxu deyil, həmçinin də maraqdır. Siz həm də başa düşməlisiniz ki, mənim başqa seçimim də yoxdur. Əgər mən bu şansdan istifadə etməsəm, mənim taleyim çox pis yekunlaşacaq. İldən-ilə mənim vəziyyətim daha da pisləşir".

36 saat davam edəcək əməliyyatın qiyməti nə az, nə çox - 12 milyon dollardır.

Həkimin sözlərinə görə, həm pasiyent, həm də donorun onurğa beyni eyni anda bədəndən ayrılacaq. Başın bədəndən ayrılması üçün lazer ülgücdən istifadə ediləcək. Sonra isə pasiyentin başı donorun bədəninə yerləşdiriləcək. Bədən və başın birləşdirilməsində Kanaveronun "sehrli tərkib" adlandırdığı polietilen qlikol yapışqan maddəsindən istifadə ediləcək. Polietilen qlikol onurğa beyinin hər iki ucunu bədənə birləşdirəcək.

Əzələ və qanın bərpa olunması üçün əməliyyatdan 4 həftə əvvəl pasiyent koma halına salınacaq. Bu zaman onun bədənində qan hərəkəti dayandırılacaq ki, baş və bədən bir-birinə birləşib sağala bilsin.

Xəstə komadan oyadıldıqda isə o, öz simasını hiss edə biləcək və həmişəki səsi ilə danışa biləcək. Güclü immunosupressiyalar bədən tərəfindən başın "rədd edilməsinin" qarşısını alacaq.

Həkim əməliyyatın uğurla bitəcəyinə əmindir. Spiridonov xarici mətbuata verdiyi müsahibəsində deyib: "Bədənimi güclə tərpədirəm. Hər dəqiqə köməyə ehtiyacım olur. 30 yaşım var və nadir insanlardanam ki, bu xəstəliklə düz 20 ildir yaşayıram. İnkişafım uşaqlıqdan dayanıb. Onurğa sütunum deformasiyaya uğradığından hərəkət edə bilmirəm. Əgər nəyinsə edilməsini istəyirsənsə, onda sən özün onda iştirak etməlisən. Əməliyyatın qorxulu olmasından xəbərim var. Bununla belə, əməliyyatda nəyinsə səhv gedə biləcəyinə şübhə edirəm. Bunun başqa kiminsə üzərində aparılacağını görmədən öləcəyimdən qorxuram. Bu ideyaya çoxlu güc sərf edilib, ona görə də geriyə çəkilmək artıq gecdir. Həmçinin bu ideya sanki astronavtika elmi kimidir. Kosmosa insan göndərməzdən əvvəl 300 müxtəlif ssenari cızılmışdı. Plan baş tutmadı, lakin əvvəl-axır astronavtlar kosmosa göndərildi. Çünki 301-ci ssenari baş tutmuşdu".

Kompyuter elmlərini oxuyan Spiridonov müsahibəsində özü haqqında da danışıb: "16 yaşımda atamı avtomobil qəzasında itirdim. O, polkovnik- leytenant idi. Ona görə də, erkən yaşlardan ailəmi saxlamaq məcburiyyətində qaldım. Anam uşaq reabilitasiya mərkəzində uşaq psixoloqudur. Özüm Vladimir Dövlət Universitetinin informasiya texnologiyaları fakültəsini bitirmişəm. Aktiv həyat tərzim var və ailə və gənclər üzrə məsələlərlə məşğul olan komitənin başçısıyam".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR