Bir mahnıya qurban gedən bəy oğlu: Xudu Məmmədovun dayısının FACİƏSİ
Bizi izləyin

Bilgi.az

Bir mahnıya qurban gedən bəy oğlu: Xudu Məmmədovun dayısının FACİƏSİ

Yetmiş illik sovet rejimi Azərbaycan xalqının təkcə azadlığını, istiqlaliyyətini deyil, insanların sərbəst düşüncələrini, azad yaşayıb yaratmaq arzularını da buxovladı. Müstəqil düşüncəli bəzi yaradıcı şəxslərin üzləşdikləri repressiv tədbirlər ötən əsrin 30-cu illərinin ikinci yarısı ilə yekunlaşmadı. Mütərəqqi fikirli aydınlara qarşı repressiv addımlar sonralar da təkrarlandı. El şairi, xanəndə, istedadlı bəstəkar və tar ifaçısı İskəndər Novruzlunun (İngilis Hacı oğlu Qasımov) acı həyat hekayəsi milyonlarla insanın üzləşdiyi vəhşətin yalnız bir damlasıdır.

İskəndər bəyin qardaşı oğlu Hacı Qasımov Publika.az-a bu bəxtsiz şairin enişli-yoxuşlu həyat dramından danışdı:

- Əsl adı İngilis olan İskəndər Novruzlu (Qasımov) 1917-ci ildə Ağdam rayonunun Novruzlu kəndində bəy ailəsində anadan olub. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra atamla əmim ata-analarını, mülklərini, var-dövlətlərini itiriblər. Onların böyük bacıları Şirin xanım professor AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya, elmləri doktoru Xudu Məmmədovun anasıdır. Xudu müəllim atamın, İskəndər bəyin doğma bacısı oğludur. Atam həmin vaxtlar kolxoza üzv olduqdan sonra komsomola daxil olub. Lakin komsomolun hər iclasında bəy oğlu olduğuna görə onu tənqid etməyə, söz atmağa başlayıblar. Atamı üçmərtəbəli evdə yaşamaqda günahlandırırdılar. O, 1933-cü ildə elə bir həddə çatıb ki, evə gələrək üçüncü mərtəbəni uçurdub. Səhər ona xəbər veriblər ki, səni həbs edəcəklər.

Bu səbəbdən iki qardaş Bakıya yollanır. Onlar paytaxtda kirayədə qalırlar. İskəndər Novruzlu filarmoniyada işləməyə başlayır: "Atam Məhəmməd Qasımov isə Meşə-Sənaye Texnikumunda təhsil alır. 1935-ci ildə atam təcrübəyə göndərilir. Lakin əmimi və atamı təqib edən adamlar onları burada da rahat buraxmırlar. Həmin şəxslər qardaşların kirayə qaldığı evə gəlirlər. Ev sahibi əmimi gizli şəkildə qaçırdıb, dəniz vağzalına aparır və gəmiyə mindirir. Amma İskəndər hara gedəcəyini demir. Atam rayondan geri qayıdanda evlərinin dağıdıldığını görür. Evin sahibəsi ona bildirir ki, qardaşın İngilisi (İskəndər bəyin əsl adı belə imiş) öldürməyə gəlmişdilər. Atam əmimin yerini soruşsa da, bu barədə xəbər öyrənə bilmir. Sadəcə onu bildim ki, gəmiyə minib harasa getdi".

1939-cu ildə Məhəmməd Qasımova imzası məlum olmayan teleqram gəlir. Teleqramda bildirilir ki, səni filan ünvanda gözləyirəm: "Atam əvvəl aldığı iki teleqrama inanmasa da, üçüncü teleqramı aldıqda "bu dünyada bircə qardaşım qalmışdı, onu da itirdim, bundan sonra nə olacaq?" – deyə Gəncəyə yollanır. O, Gəncəyə gələrək teleqramda qeyd edilən ünvanı tapır. Həmin ünvanda kübar ailənin yaşadığını görür. Qapını orta yaşlı qadın açır. O, evə daxil olanda qardaşını burda görür. Uzun müddət bir-birlərindən ayqı qalmış qardaşlar mehribancasına görüşürlər. İskəndər bəy bildirir ki, mən Aşqabada getmişdim. Aşqabad filarmoniyasında solist kimi çalışıram. Özümlə bir qız gətirmişəm, istəyirəm məni evləndirəsən. 1939-cu ildə atam onların toyunu edib yola salır".

Böyük Vətən Müharibəsi qardaşlar arasına ayrılıq salır. Döyüşlərdən birində yaralanan İskəndər Novruzlu qəlpəni ömrünün sonuna qədər başındakı damarlar arasında gəzdirib: "Böyük Vətən müharibəsində iştirak edən İskəndər bəy Aşqabaddakı işini davam etdirir. Əmimin Aşqabadda iki oğlu və iki qızı dünyaya gəlmişdi. Onun həyat yoldaşı həkim işləyirdi. 1948-ci ildə həmin şəhərdə zəlzələ baş verdi. Həmin günlərdə əmim Bakıda imiş. Zəlzələ zamanı onun bir qızı Nailə və iki oğlu - Rövşən, Nizami dağıntılar altında qalaraq dünyalarını dəyişiblər. Əmim geri qayıdanda övladlarını itirdiyindən xəbər tutur. Buna görə də həyat yoldaşına geri qayıtmağı təklif edir. Deyir ki, mən daha Aşqabadda qala bilmərəm, gəl Azərbaycana köçək. Lakin qadının anası buna razılıq vermir. İskəndər bəy orda yaşaya bilmir. O, 1948-ci ilin sonlarında Ağdama qayıdır, bizə gəlir. Hərdən Aşqabada gedib-gəlirdi".

İskəndər Qasımov yaradıcılığını davam etdirməyə başlayır. O, şeir yazır, tarda gözəl mahnılar ifa edirdi: "Habelə toylarda tarzən kimi iştirak edirdi. Bir gün onu Novruzlu kəndinə klub rəhbəri təyin etdilər. Tarçalan Rüstəmlə, Novruzludan qarmonçalan Məhiş Abdullayevlə toylara gedirdi".

Hacı Qasımov əmisi ilə bağlı bir sıra maraqlı xatirələri indi də unutmayıb: "Evimizin qarşısında üzüm çardağı vardı. Həyətimizdə böyük alça ağacı bitmişdi. Yaz aylarında bülbül daim onun budaqlarına qonub cəh-cəh vurardı. Əmim adəti üzrə tarını götürüb mahnı ifa edirdi. İnanın ki, İskəndər bəy sevdiyi mahnını tarda ifa edəndə bülbül ona yaxın ağaclardan birinin budağına yaxınlaşıb susur, cəh-cəh vurmurdu. Elə ki, İskəndər bəy ifasını yarımçıq saxlayırdı, onda bülbül cəh-cəh vurmağa başlayırdı. Bu hal dəfələrlə təkrarlanırdı".

Xudu Məmmədov Moskvada təhsil alarkən İskəndər Qasımov tez-tez ona baş çəkər, bacısı oğluna oxumağın faydalarından danışarmiş: " O, bir dayı kimi hər zaman Xudu müəllimlə maraqlanırdı. İskəndər bəy Şuşaya, Qarabağa tez-tez gedirdi. Şuşanın Mədəniyyət Evində işləyən Abdulla adlı tarçalan vardı. Həmin tarzən müğənni Zöhrə Abdullayevanın babasıdır. İskəndər bəy Abdullaya deyir ki, bulaq üstdə bir qız görmüşəm və ona mahnı bəstələmişəm. Hətta qızı da Abdulla bəyə göstərir. Həmin xanımın adı Surə idi. İndi müğənni Zöhrə Abdullayevanın oxuduğu "Qarabağın maralı" mahnısı belə yarandı".

Hər şey 1957-ci ildə Ağdama Monqolustandan nümayəndə heyətinin gəlişindən sonra başlayır. İskəndər bəyin dünyadan vaxtsız köçməsinə səbəb "Ağdam" mahnısı olub: "İskəndər bəyə tapşırırlar ki, öz yaradıcılığını nümayiş etdirmək üçün sən də nəsə hazırla. O, "Ağdam" mahnısını bəstələdi. İskəndər bəy mahnını təqdim edəndə yüksək vəzifəli şəxslərdən biri inad edir ki, bu mahnının bəstəkarı kimi mənim adım qeyd olunmalıdır. Lakin İskəndər bəy onun bu təklifi ilə razılaşmır. Həmin səbəbdən əmimi həbs edirlər".

İskəndər bəy sovet rejiminə qarşı nifrəti ilə seçilən şəxslərdən olub. El şairinin, haqsızlıqla üzləşən bəstəkarın ömrünün vaxtsız sona çatmasına səbəb də elə üzləşdiyi sonuncu haqsızlıq olur: "İskəndər Qasımov 1958-ci ilin mayında Şuşa həbsxanasında vəfat etdi. Həkim əmimə tapşırmışdı ki, bahar fəsli qan qaynayan dövrdür. Bu fəsildə oynamaq, atılıb düşmək qətiyyən olmaz. Çünki belə olduqda onun başındakı damarlar arasında olan qəlpə tərpənə, bu isə fəsadlar verə bilərdi. Elə belə də oldu. O, məhbəsdə dünyasını dəyişdi. Məzarı isə Novruzlu kəndindədir. Kəndimiz isə ermənilərin işğalı altında olduğundan İskəndər bəyin məzarı da düşmən tapdağı altına qalıb".

İskəndər Novruzlunun qardaşı oğlu 1972-ci ildə atası Məhəmməd bəylə birlikdə əmisinin yadigarlarını tapmaq niyyəti ilə Aşqabada gedir. Soraqlaşa-soraqlaşa İsgəndər Novruzlunun həyat yoldaşı Sona xanımı və böyük qızı Natella xanımı tapır: "Atam 23 gün orda qaldı. İlin sonunda isə mən özüm məzuniyyətə çıxıb Aşqabada getdim. Həmin vaxt onun qızı Natella xanım məktəb müdirəsi işləyirdi. Həyat yoldaşı Sona xanım isə tibb sahəsində çalışırdı. Biz əmimin xanımını və qızını Ağdama, Novruzluya gətirmək istəsək də, onlar şair-bəstəkarın vəfatı xəbərini eşitdikdən sonra Qarabağa gəlmək fikrindən daşındılar. Əvvəllər onlarla əlaqəmiz vardı. Lakin onlar ünvanlarını dəyişdilər deyə sonradan əlaqəmiz kəsildi. Yenə onların axtarışı ilə məşğuluq".

Hacı Qasımov əlavə etdi ki, əmisinin bir sıra əlyazmalarını özündə saxlayır. Lakin təəssüf ki, onların arasında itib batanlar da çoxdur: "Onun həbsxanada iki qalın dəftər əlyazması varmış. Amma həmin əlyazmaların kimdə olmasını bilmirik. Bu səbəbdən də dəftərlər itib. İskəndər bəyin həbsxana yoldaşları arasında Tacir Şahmalıoğlunun atası da varmış. O, İskəndər bəylə eyni vaxtda dustaq həyatını yaşayırmış. Təəssüf ki, həmin şəxslə görüşə, əmimin əlyazmalarının aqibəti haqda heç nə öyrənə bilmədik".

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm