• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

MÖCÜZƏ: Allahın işinə qarışan adam - FOTOLAR

  • Maraqlı
  • 16 May 2015 21:12
  • 5 189 Baxış
MÖCÜZƏ: Allahın işinə qarışan adam - FOTOLAR

Volf Qriqoryeviç Messinq SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti idi.

Publik.az "Bizim tərcümə" layihəsində Messinqin yaxın dostunun dilindən danışılan hekayəni təqdim edir.

Uzun müddət Messinqlə dostluq edən Aleksandr Lunqin danışıb:

""Moskva" mehmanxanasının vestibülündə anam qeyri-adi görkəmli, tanımadığı bir insanla üz-üzə gəldi. Naməlum kişi anama yaxınlaşıb qəribə aksentlə danışdı: "Ay qız, adın nədir? Nəyə görə burada oturmusan, kimi gözləyirsən?".

Anam kinostudiyanın direktoru ilə görüşün təfərrüatlarını həmin kişiyə danışdı. Kişi isə birdən-birə qışqırdı: "Yox! Bunların heç biri baş tutmayacaq! Nə kino, nə də səyahət olmayacaq!".

Kişi sağollaşmadan liftə doğru getdi. Bu hadisə 1941-ci ilin iyununda baş vermişdi, bir neçə gündən sonra isə müharibə başladı...

Messinqin meyitinin yarılacağından xəbər tutan anam məni dərhal xəstəxanaya sürüklədi. "Bizim borcumuz Messinq fenomenin dəqiqliklə tədqiq edilməsinə yönlənməlidir"- anam deyərdi. Meyitin yarılmasına tam vaxtında gəlib çıxdıq. Bütün gözləntilərin əksinə olaraq Messinqin beyin kütləsi standart idi və orta statistik insanın beynindən seçilmirdi. Lakin mən bu beynin nələrə qadir olduğunu dəfələrlə görmüşdüm...

Anam Tatyana Lunqina mən doğulmazdan əvvəl Messinqlə tanış olmuşdu. Hələ məktəbdə oxuyarkən anam "Artek" düşərgəsi haqda filmə çəkilmişdi və məktəblilər arasında parlayan ulduz hesab olunurdu. Yeni kino təklifləri özünü çox gözlətmədi və ona Daşkənd kinostudiyasından zəng gəldi. Rejissor ona görə paytaxta gəlib "Moskva" mehmanxanasında görüş təyin etdi. Rejissoru mehmanxananın vestibülündə gözləyərkən anam orada təsadüfən Volf Messinqlə qarşılaşıb. Messinq həmin mehmanxanada yaşayırdı. Anam onu tanımadı və qorxdu. Anamla bir qədər söhbət etdikdən sonra onun rejissorla görüşə bilməyəcəyini və əvəzində də, kinoya çəkilə bilməyəcəyini dedi. Elə də oldu. Nəyə görəsə, rejissor anamla görüşmədi.

Bu hadisənin üstündən 20 il keçdikdən sonra anam foto müxbir kimi Gürcüstana yola düşdü. Həmin vaxt isə Messinq Gürcüstanda qastrol səfərinə gəlmişdi. Anam bu insanın istedadı haqqında çox eşitmişdi. Anam onun tamaşasında iştirak etmək üçün bilet aldı. Anam onun təcrübələrində iştirak etmək istəyirdi. Lakin Messinq anamla işləməkdən imtina etdi, çünki onun dediklərinə görə anamı tanıyırdı və o, seansları yalnız tanımadığı insanlarla apara bilərdi. O, bütün bunları şübhələr yaratmamaq üçün edirdi. Anam isə Messinqin bu qərarından çox təəccübləndi! Axı Messinq anamı 20 il bundan qabaq hələ qız ikən görüb və necə yadda saxlaya bilərdi? Sabahı gün anam və Messinq mehmanxananın restoranda qarşılaşdılar. Messinq onunla sanki 20 ilin dostu kimi danışırdı. Messinq anama həyat yoldaşı Aida Mixaylovanı təqdim etdi. Qadın çox mehriban, sakit və zərif səsli idi (Aida yeganə insan idi ki, ərinin əsəb keçirdiyi vaxt sakitləşdirə bilər və onu pis auradan çıxarırdı). Onlar üçlükdə Tbilisi küçələrində gəzişib söhbət etdilər...

Moskvaya qayıdanda anamı Messinqin ailə üzvü kimi qəbul etdilər. Volf Messinq anama öz həyatı haqqında danışardı, anam isə onun hər sözünü yazardı. Messinqin "Özüm haqqında" avtobioqrafik kitabında anamın əlyazmalarından da istifadə olunub. Messinqin ölümündən sonra anam "Volf Messinq-tapmaca insan" adlı kitab nəşr etdirdi.

Mənə gəldikdə isə o insanı uşaqlıqdan görmüşəm və etiraf edim ki, ondan çox qorxurdum. Messinq tüklü çalağana oxşayırdı: qəribə, ifadəli, aksentinə görə heç bir sözünü başa düşə bilmirdik. Qısası, bizim bir çox qohumlarımız ondan qorxurdu. Hər hansısa tədbirimizdə Messinqin də iştirak edəcəyindən xəbər tutduqda tanışlarım deyərdi: "Mən onunla eyni stolda oturmaqdan qorxuram! O ki mənim nə düşündüklərimi biləcək!". Messinq bir dəfə mənə etiraf etmişdi: "İnsanlar onların fikirlərini oxuya biləcəyimdən qorxur.

Messinqin fikirləri oxuması haqqında belə bir hadisə baş vermişdi: SSRİ-nin əməkdar artisti Aleksandra Panova qonşuluğumuzda yaşayırdı. O, Messinqlə bizdə yox, tam fərqli yerdə üz-üzə gəlmişdi. Müharibə vaxtı Panova qardaşının itkin düşdüyünü və güman ki, ölməsi haqqında məktub almışdı. Qastrolların birində Panova cibində həmin məktubla mehmanxanının pilləkanları ilə düşürdü. Messinq isə təsadüfən həmin pilləkanla yuxarı qalxırdı. Birdən Messinq onun qarşısında dayanıb dedi: "Onlara inanmayın, o, tezliklə qayıdacaq!". Və getdi. Yarım ildən sonra Panovanın qardaşı qayıtdı, oğlan yaralı idi. Əsas o idi ki, cəbhədən qayıtmışdı. Panova ömrünün sonuna kimi Messinqi çar və Allah hesab edirdi.

Messinqdə spontan işartılar olardı. Həmin vaxt o, məsələn, qatarda, restoranda və ya küçədə təsadüfi insanın qarşısını kəsib ona öncəgörməlik edərdi. Yadımdadır, bir dəfə Messinq Nijni Novqorod şəhərinə "putyovka" almışdı. Onu yerli rəislərdən biri təşkil etmişdi. Beləcə, həmin rəis bizi görməyə gəldi və özü ilə qızı Nataşanı da gətirmişdi. Sakitcə oturub söhbət edirdik və adəti üzrə Messinq danışmaq əvəzinə daha çox qulaq asardı. Qəfildən Messinq qonaqlara tərəf çönüb dedi: "Nə olur olsun onun getməyinə imkan vermə!". Rəis karıxmış halda Nataşaya dedi: "Yaxşı, yaxşı. Nataşa bir həftə burada qalacaqsan!". Nataşa isə ağlamağa başladı. Sən demə o, dostunu görmək üçün Qara dəniz sahillərinə getməyə hazırlaşırmış. Onun başına nə gələcəyini soruşmaq isə əbəs yerə idi.

Bir dəfə isə anam ağır əməliyyat keçirmişdi, Messinq onu ziyarət etmək üçün xəstəxanaya gəlmişdi. Dəhlizdə söhbət edən zaman anam dedi: "Qorxuram ki, xəstəxanadan sağ çıxmayım". Messinq anama dedi: "Səninlə hər şey yaxşı olacaq. Amma dəhlizin başındakı oğlanı görürsən? Bax, o buradan sağ çıxmayacaq". Anam ona etiraz etdi: "Siz nə danışırsınız? O, hələ gəncdir, idmançıdır və xəstəxanadan çıxmağına az qalıb." Messinq: "Bunu sənə Volf Qriqoryeviç demir, Messinq deyir!". Onun belə bir müqəddəs ifadəsi vardı. Sanki Volf Qriqoryeviç və Messinq tamamilə ayrı-ayrı insanlar idi. Həmin oğlan doğrudan da bir həftədən sonra öldü...

Messinq öz evində tamamilə ayrı insana çevrilirdi. O, uşaq kimi köməksiz olurdu. Bir gün onlarda oturub çay içirdik. Volf Qriqoryeviç məyus halda stəkanına baxıb şikayət etdi: "İroçka...". İraida Mixaylovna (Aida Mixaylovanın böyük bacısı idi və Messinq ailəsi ilə yaşayırdı ) onun çayına qənd atıb qarışdırdı. Sonra isə stəkanı Messinqin qabağına çəkdi. İraida bacısı Aidanın ölümündən sonra Messinqə böyük bacılıq edirdi və evin bütün işlərini öz öhdəliyinə götürmüşdü.

Messinqdə polyak tərbiyəsi, avropasayağı adətləri vardı. Messinq qadınlara nəzakətlə davranardı, restoranda hər dəfə çay pulu verməkdən məmnun olardı. Lakin Messinq özünə qarşı edilən hər hansı bir hörmətsizliyi qəbul edə bilmirdi. Bir dəfə Volf və arvadı Aida mədəniyyət işləri üzrə nazir müavinin qəbuluna yazılmışdı. Messinq ailəsi otağa daxil olanda müavin heç onlara əhəmiyyət vermədən telefonla danışırdı. Volf Messinqin müavinin bu ədəbsizliyindən əsəbləşirdi və çıxıb getməyə hazırlaşırdı. Aida isə həmişəki kimi onu sakitləşdirməyə çalışırdı. Telefon dəstəyini yerə qoyan müavin başını qaldırıb onlara dedi: "Belə, sizə nə lazım idi?". Aida bu ədəbsizliyi zarafata qoyaraq abu-havanı düzəltməyə çalışdı: "Oy, centlemen kimi bizə əyləşməməyə yer göstərməyəcəksiz?". Aidanın müavinlə nəzakətlə danışmasına tab gətirə bilməyən Messinq dedi: "Aidoçka, sən bu KEÇMİŞ nazir müavininə niyə ağız açırsan?". Otağın sahibi qızardı. Messinqin ailəsi otaqdan çıxdı. Bir həftədən sonra həmin adam vəzifədən uzaqlaşdırıldı. Görəsən bu nə idi? Olacaq hadisəni öncədən görmək ya hərəkətlərə təsir etməklə hadisəni dəyişmək? Heç kim bunu deyə bilməz...

Filologiya fakültəsindən İva ilə tanış olmuşdum. Bir gün onunla Messinqgilə qonaq getmişdik. İva Çexoslovakiyadan idi və Messinqi daha çox cadugər, sehrbaz kimi tanıyrdı. Sözün düzü, qız ona heç inanmırdı da. Həmin günü çay içərkən İvanın beynindən fikirlər keçdi: "Onun rəflərində nə qədər lazımsız şeylər var. Ona bu qədər heykəlciklər nəyinə lazımdır?". Messinq ona diqqətlə baxıb dedi: "Onlar hədiyyədir". İva təəccübləndi və gözlərini aşağıya sallayıb fikirləşdi: "O qədər köhnədirlər ki, tullasa ondan yaxşı olardı". Messinq gülümsədi: "Onlar mənim üçün dəyərlidir". Onlar bax belə danışırdılar-İva düşünür, Messinq isə cavab verirdi.

Tibb universitetində oxuyarkən anatomiya kafedrasının professoru Qavrilovun məndən zəhləsi gedirdi. Mən onu çox qıcıqlandırırdım. İmtahana bir ay qalmış mənə dedi: "Lunqin, imtahanı sizdən mən götürəcəm!". O, kəskin səs tonu ilə əslində mənə hədə-qorxu gəlirdi: "Lunqin, səni universitetdən qovduracam".

Anam narahatçılıq keçirdiyim üçün Messinqə müraciət etdi. Messinq özünün balaca fotosunu mənə uzadıb dedi: "Cibinə qoy. İmtahan vaxtı auditoriyaya daxil olanda şəkilimə bax və de: "Volf, mən səninləyəm".

İmtahan günü bütün bədənim əsirdi. Messinq düzdür, öncəgörəndir, lakin Qavrilovun qarşısını heç nə kəsə bilməzdi. Dəhlizdə dayanıb öz növbəmi gözləyirdim. Qavrilov dəhlizə çıxıb mənə baxıb dedi: "Lunqin, unutmayın, imtahanı mən götürəcəm!". İçimdə hər şey alt-üst oldu. Qrup yoldaşlarım məni sakitləşdirməyə çalışırdı: "Saşa, qorxma hər şey yaxşı olacaq!". Bu vaxt məni imtahan otağına çağırdılar. Bir qədər kənara çəkilib cibimdən Messinqin fotosunu çıxartdım və onun tapşırdığı kimi edərək auditoriyaya daxil oldum. Otaqda Qavrilovun stolunun yanında oturan müəllimə mənə baxıb dedi: "Lunqin, hazırsız? Buyurun!". Müəllimin qarşısında oturub suallara cavab verdim və 4 aldım. Dəhlizdə gözləyən tələbələr məni əhatəyə aldı.

Bu vaxt Qavrilov qapıda peyda oldu:

- Lunqin, nəyə görə gəlib imtahan vermirsiz?.

- Mən artıq imtahanı vermişəm, - deyə qiymət kitabçamı ona uzatdım.

Qiymət kitabçasına baxan Qavrilov gözləri hədəqəsindən çıxmış halda otağa qayıtdı.

Maraqlısı odur ki, bir neçə dəqiqə bundan qabaq imtahan verəndə o, məndən bir neçə metr aralıda oturmuşdu. Həmin an mən sanki onun üçün mövcud deyildim, məni görmürdü...

Praqada 69-cu ilin qışı çox sərt keçdi (Lunqin artıq İva ilə evli idi və Praqada yaşayırdı. İva ilk övladını dünyaya gətirirdi) və tərslikdən də doğum klinikasında işıqlar keçmişdi. Generatoru qoşduqdan sonra yenicə ana olan İvaya bir neçə tikiş qoyuldu. O, dözülməz ağrılara tab gətirməli idi. Bu vaxt İva Messinqin "Volf, mən səninləyəm" kəlməsini xatırladı. Arvadımın sözlərinə görə, bu kəlmədən sonra sanki onun bədənindən bütün ağrılar qeybə çəkildi. İva və mən Moskvaya qayıtdıqda ilk növbədə Messinqə baş çəkmək qərarına gəldik. Messinq İvaya baxıb dedi: "İva, sən nəyə görə məni belə gec çağırdın? Gərək əvvəlcədən kömək istəyəyədin".

Messinq çox siqaret çəkərdi. Nəticədə, damarlarında tıxanma yaranmışdı və ömrünün sonunda çətinliklə yeriyirdi. Əməliyyata razılıq verdi, lakin reabilitasiya dövrünü zəif aparılması onu məhv etdi. Çünki əməliyyatdan sonra Messinq pnevmaniya oldu. Təəssüf ki, o, hələ 5-10 il də yaşaya bilərdi...

Anam öz pulu ilə ona qəbirüstü abidə tikdirdi".

Tərcümə: Nərmin

Xəbər lenti

DAHA ÇOX XƏBƏR