• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yıxılmış Stalinə Qarabağ atı təklifi, yayda əlcək taxmış əsgərlər – Qırmızı Meydandakı paradın sirləri – FOTOLAR

  • Maraqlı
  • 24 İyun 2015 11:36
  • 1 595 Baxış
Yıxılmış Stalinə Qarabağ atı təklifi, yayda əlcək taxmış əsgərlər – Qırmızı Meydandakı paradın sirləri – FOTOLAR

Çoxlarımızın 9 May faşizm üzərində Qələbə Günü, hərbi paradla bağlı bilgilərimiz əslində natamamdır. Məsələ burasındadır ki, 1945-ci il mayın 8-dən 9-na keçən gecə faşist Almaniyasının qeyd-şərtsiz təslim olmasından sonra nə mayın 9-da, 10-da, nə də həmin ayın sonrakı günlərində Qırmızı Meydanda hər hansı qələbə paradı, hərbi keçid təşkil olunmayıb. Alman faşizmi üzərində möhtəşəm qələbə paradı məhz bu gün – iyunun 24-də keçirilib. Özü də həmin təntənəli mərasimdə Azərbaycanla da bağlı maraqlı məqam mövcuddur.

Publika.az Qırmızı Meydandakı qələbə paradı ilə bağlı ən yaddaqalan, tarixi məqamları təqdim edir:

SSRİ Ali Baş Komandanı İosif Stalin Qırmızı Meydanda Qələbə paradının keçirilməsi haqda qərarı almanların sonuncu hərbi birləşmələrinin mayın 13-də təslim olmasından sonra verdi – mayın ortalarında. Mayın sonlarında isə bu qərar rəsmiləşdirildi. Hərbçilər parada hazırlıq üçün ondan 2 ay vaxt istəsələr də, Stalin 30 günlə kifayətlənməyi məsləhət gördü. Paradda sıravi addımla keçmək üçün cəbhədəki hərbi əməliyyatlarda fərqlənmiş döyüşçülər Moskvaya gətirildi. Qəribə idi, 4 il cəbhədə böyük döyüş təcrübəsi keçmiş bu qəhrəmanlara gənc əsgərlər kimi sıravi addımlamağı öyrədirdilər. Moskvadakı "Bolşeviçka" fabrikində onlar üçün yeni hərbi geyimlər sifariş verildi.

Paradı Ali Baş Komandan Stalin qəbul etməli idi. Özü də atın üstündə. Lakin 1941-ci il noyabrın 7-də olduğu kimi, 1945-ci ilin iyununda da o, atın belində Qırmızı Meydanda görünməkdən imtina etdi. Bunun isə maraqlı tarixçəsi var. Qırmızı Meydana at belində daxil olmaq üçün bir neçə gün hazırlaşan SSRİ rəhbəri gözlənilmədən çıxılmaz vəziyyətə düşür. Belə ki, mindiyi at onu yerə yıxır. Xoşbəxtlikdən, Ali Baş Komandan ciddi xəsarət almır. Buna görə generallardan biri Ali Baş Komandana Azərbaycandan xüsusi seçmə (Qarabağ) at gətirilməsini təklif edirlər. Lakin Stalin bu təklifdən və ümumiyyətlə, paradı at belində qəbul etməkdən imtina edir. Bu səbəbdən paradı marşal Jukov Rokosovskidən qəbul edir. Parada hazırlıq zamanı iki atın şıltaqlığından qorxuya düşmüş Jukov paradı Rokosovskidən qəbul etdikdən sonra atdan düşüb tribunaya qalxır və mindiyi heyvanın onu meydanda yerə yıxmamasına işarə ilə öz adyuntantına astadan "Şükür Allaha, yaxşı qurtardıq" – deyir.

40 min hərbçinin iştirak etdiyi təntənəli mərasimin maraqlı məqamları bununla yekunlaşmır. Meydana alman faşistlərinin 200, o cümlədən Hitlerin şəxsi bayrağı gətirilir. Əvvəldən planlaşdırıldığı kimi, onlar mərasim zamanı yerə atılmalı və yandırılıb məhv edilməli idi. Lakin düşmənə nifrəti hələ də soyumayan sovet əsgərləri faşist bayraqlarına və digər rəmzlərə əlləri ilə toxunmaqdan imtina edirlər. Buna görə də onlar əllərinə əlcək geyinirlər (sonradan həmin əlcək faşist emblemlərinə toxunulduğu üçün yandırılır).

Paradın digər maraqlı məqamı meydandan keçən əsgərlərin paradı izləyən ABŞ, İngiltərə, Fransa dövlət nümayəndələrini, diplomatları aşağılamalarından ibarətdir. Belə ki, Stalinin, Kalinin, Molotovun, Jukovun dayandığı tribunanın qarşısından keçən hərbçilər çiyinləri üzərindən onlara baxaraq keçid edirlər. Lakin gəlib xarici nümayəndələrin qarşısından keçdikdə başlarını yana çevirərək irəliyə baxırlar. SSRİ rəhbərliyi bununla əcnəbi diplomatlara "siz 3 il ikinci cəbhəni açmadınız, lakin biz yenə qalib gəldik" – mesajını verirlər.

Paradla bağlı təqdim edəcəyimiz daha bir maraqlı məqamı həm də tarixin ironioyası adlandırmaq olar. Belə ki, həmin dövrdə sovet kino sənayesi yetərincə inkişaf etmədiyindən, rəngli çəkilişlər həyata keçirilmədiyindən SSRİ kinematoqrafçıları Almaniya üzərində qələbə paradını almanların xüsusi kamerası ilə, "ABA" lentləri ilə tarixin yaddaşına yazdılar.

Stalin 1945-ci il iyunun 24-dən sonra Qırmızı Meydanda qələbə paradının keçirilməsini qadağan etdi. Bunun səbəbi isə indiyədək məlum deyil. Yeri gəlmişkən, Stalinə generallisimus rütbəsi 24 iyun paradından bir gün sonra verildi.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR