Azərbaycanın ən gözəl 5 dağı - - FOTO
Bizi izləyin

Maraq dünyası

Azərbaycanın ən gözəl 5 dağı - - FOTO

Zəngin təbiətə malik Azərbaycan ərazisində 80-ə yaxın dağ var. 4466 m hündürlüyə qədər ucalan Bazardüzü zirvəsi Azərbaycanın ən yüksək nöqtəsidir. Ölkə ərazisinin 60 faizə qədərini isə dağlıq ərazilər tutur.

Publika.az Azərbaycanın ən gözəl 5 dağını təqdim edir:

1. İlandağ

İlandağ Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşir və hündürlüyü 2415 metrdir. Vulkan mənşəli dağın yamacları sıldırımlıdır. Qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunub və onu yarıb keçərkən bərk yırğalanıb, bu zaman Nuh peyğəmbər deyib: "İnan, dağdır”. Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər. Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşüb. İlandağ zirvəsinin formasına görə Haçadağ da deyirlər. İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür.

2. Şahdağ

Qusar rayonu ərazisində yerləşən Şahdağ zirvəsinin hündürlüyü 4243 metrdir. Bu dağ adının yaranması haqqında xalq rəvayətlərinin birində deyilir ki, keçmişdə Şah dağının başında bir şah öz ailəsi və adamları ilə yaşayırmış. Şahın oğlu yatır, yuxuda gözəl bir qız görür və ona vurulur. Səhər oğlan yuxusunu atasına danışır və həmin qızı tapıb onunla evlənəcəyini bildirir. Şah, arvadı, vəzirlər, vəkillər oğlana xahiş edirlər ki, o, bu fikrindən daşınsın, lakin oğlan sözündən dönmür. Oğlan vilayətlərin birində qızı tapır və ürəyini ona açır. Qız da oğlana ilk baxışdan vurulur. Lakin qız həmin vilayətdə başqa bir oğlana nişanlı olur. Oğlan belə qərara gəlir ki, qızı həmin vilayətdən qaçırsın. Qızla vilayətdən çıxhaçıxda padşah bundan xəbər tutur və atlılar oğlanla qızın arxasınca düşürlər. Oğlan qızı öz vilayətinə gətirib ata-anasına təhvil verir, özü isə dağın başına çıxıb qoşunun gəlməsini izləyir. Oğlan qoşuna ox atıb onlardan bir neçəsini öldürür. Qızın nişanlısı oğlanı dağın başında görür və ürəyini nişan alır. Ox oğlanın ürəyinə sancılır və ölür. Qızın nişanlısı heç kimin xəbəri olmadan otağa girir, bir ox da qızın ürəyinə sancır. Oğlunun ölümünü şaha xəbər verirlər. Elə həmin vaxtdan da dağın adı "Şah dağı” qalır. Lakin toponimik araşdırmalardan məlum olur ki, dağ adının mənşəyi tamamilə başqa bir faktla əlaqədardır. Tədqiqatçılara görə, bu oronimə yüksək, uca, hündür dağ olmasına görə Şah dağ, yəni "dağların şahı”, "ən yüksəyi” deyilib.

3. Tufandağ

Baş Qafqaz silsiləsində yerləşən dağın hündürlüyü 4205 m-dir. Yerli əhalinin məlumatına görə, bu ad dağda tez-tez şiddətli külək, çovğun, tufan qopması ilə bağlıdır.

4. Kəpəz dağı

Kəpəz dağı Kiçik Qafqazda, Göygöl rayonunun ərazisində, Ağsu çayının mənbəyində yerləşir. Hündürlüyü 3066 m-dir. Cənub yamacı nisbətən meylli, şimal yamacı dik və uçurumludur. Güclü zəlzələlər nəticəsində Kəpəzdə bir neçə dəfə uçqunlar olub. Uçqun materialları Ağsu çayının məcrasını kəsərək dağ gölləri olan Göygöl və Maralgölü əmələ gətirib.

5. Bazardüzü

Bazardüzü zirvəsi Azərbaycanın ən hündür nöqtəsidir və hündürlüyü 4466 metrdir. Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində yerləşir. (seyyah.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm