Birinci Dünya Müharibəsini də gördü, "facebook"u da - 3 əsr yaşayanlar - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Birinci Dünya Müharibəsini də gördü, "facebook"u da - 3 əsr yaşayanlar - - FOTO/VİDEO

Klarine Hudon – amerikalı qadın 1906-cı il doğumludur. 110 yaşı var. Amma nə bir ağrısı var, nə də hansısa narahatlığı. Üstəlik çox böyük həvəslə seçkilərdə də iştirak edir. Yaşamaqdan doymadığını deyən Klarin onu da əlavə edir ki, həyat dalaşıb küsülü qalmaq üçün çox qısadır. Və o, ömrü boyunca heç kimə qarşı içində qəzəb gəzdirməyib. Elə bu da onun uzunömürlü olmasına səbəb olub. Hər halda özü belə deyir.

Yasutaro Koide – yaponiyalı uzunömürlü. O, dünygaya gələndə yazıçı Jan Pol Sartr hələ doğulmamışdı. Bəstəkar Üzeyir Hacıbəyovun hələ 18 yaşı vardı. Məhəmməd Əmin Rəsulzadə isə hələ yenicə qəzetlərdə əsər çap etdirirdi. 1903-cü ildə dünyaya göz açmış Koide belə sağlam qalmasını spirtli içki və siqaretdən uzaq olmaqda görür. "Hər şey normasında gözəldir deyən" ağsaqqal, bu il 112 yaşında dünyadan köçdü.

Cerəlin Təali – 104 yaşına qədər boulinq oynayıb və 116 il ömür sürüb. Bizim kitablardan oxuduqlarımıza canlı şahidlik edib. Ceralin nənə ömrünün 116-cı ilində qol qaldırıb oynayırdı da. Həyat eşqi bu qədər bol olsa da, o da həyatdan köçdü.

19-cu əsrin axırlarında Amerikada dünyaya göz açmış Suzanna Muşat Cons da dünyanın ən yaşlılarından olub. Öz həmvətəni olan yazıçı Ernest Heminqueylə həmyaşıddır. 117 yaşında vəfat etdi. 3 əsr yaşamağı bacaran Suzanna açıqlamalarında bildirirdi ki, uzun ömür sürməyin əsas sirri az düşünüb, çox iş görməkdən ibarətdir.

Yaponiyalı Misao Okava da 117 il bu dünyada qalmağı bacarıb. Qadın 117 yaşını qeyd edərkən deyib ki, uzunömürlü olmasına baxmayaraq, həyat ona çox qısa görünür və o heç ölmək istəmir. İstəməsə də, bu sözlərindən 2 həftə sonra öldü.

Amerikalı Gertrud Veaver də 117 il ömür sürdü. Gündə 3 dəfə ət yediyini bildirən Gertrud onu da əlavə etmişdi ki, həftədə 3 dəfə, bacara bildiyi qədər idmanla məşğul olur.

Amma bu yaş heç də ölümcül deyil. Məsələn, italiyalı Emma Morano 117 yaşındadır və hələ ki, sağdır. Ölkəsi 1915-ci ildə 1-ci dünya müharibəsi zamanı Almaniyaya qarşı yaradılmış Antanta hərbi blokuna qoşulanda, Emma 16 yaşlı yeniyetmə xanım idi və Birinci Dünya Müharibəsini canlı şahidlərindəndir. "Belə uzun ömür yaşamağınızın sirri nədədir?" - deyə soruşanda, Emma adətən bunu 2 şeylə bağlayır. Dediyinə görə, o, illərdir hər gün iki ədəd çiy yumurta və 100 qram çiy ət yeyir. Axşama tərəvəz şorbası onun üçün əvəzolunmaz yemək növüdür.

Amerika afrikalısı Rebeka Lanier bir neçə il əvvəl 119 yaşını təntənəli surətdə qeyd edərək, dünyanın diqqətini çəkib. Qadın uzun ömrünün əsas səbəbini inanclı olmasıyla izah edib. "Allaha inanın, onu sevin – hər şey arzuladığınız kimi olacaq" – deyib.

Niquen Ti Çu – Vyetnamın Hoşimin şəhər sakini. 2015-ci ildə dünyanın ən yaşlı adamı hesab olunurdu. Maraq üçün bir müqayisə aparaq: o, dünyaya gələndə, görkəmli şairimiz Abdulla Şaiq hələ 13 yaşındaydı, Cəfər Cabbarlı isə hələ doğulmamışdı. Görün tarixin hansı qatlarından "facebook" əsrinə qədər gəlib çıxa bilib. Nəvə, nəticə və kötücələrinin sayı 100-ü keçən Niquen nənə 123 yaşında həyatla vidalaşdı. Amma yaxınları deyir ki, öldüyü günə qədər heç bir xəstəlikdən əziyyət çəkməyib. Özü isə uzunömürlü olmasının sirrini həmişə təbəssüm etməsində və təbiətlə sıx əlaqədə olmasında görürdü.

Meksikalı Leandra Bekera da əzrayılı özünə uzun müddət yaxın buraxmayıb. 1887-ci ildən bu yana dünyadan ikiəlli tutan Leandra xanım keçən il 128 yaşında vəfat edib.

İndi isə 1884-cü ilə yollanırıq. İngilis bioloq Çarlz Darvin 2 il idi ki, vəfat etmişdi. Türkiyədə və Azərbaycanda isə iki siyasi lider – İsmət İnönü və Məhəmməd Əmin Rəsulzadə dünyaya göz açmışdılar. Onlarla eyni ildə Braziliyada kəndli ailəsində bir oğlan uşağı da doğulub. İnönü də, Rəsulzadə də tarixin daş yaddaşına köçdülər, amma braziliyalı Joao Coelyo de Souza hələ də yaşayır. 132 yaşı var. Ona yaşadığı bölgədə “Tanrının unutduğu adam” ləqəbini veriblər. Coelyo deyir ki, uzun ömür nə qidalanma, nə də həyat tərziylə bağlıdır. Bu, sırf genetik məsələdir.

Və nəhayət, Mbah Goto hal-hazırda dünyanın ən yaşlı adamlarından biri hesab olunur. “Biz onu görmək istəsək, hara gedək” deyə soruşursunuzsa, yolunuzu İndoneziyanın Cava əyalətinin Sragen şəhərindən salın. Mbah baba öz yaşını dəqiq xatırlamır. Amma dediyinə görə, 1880-ci ildə hollandların açdığı şəkər zavodu vardı. Zavodun açılışına o da getmişdi və onda hardasa 10-12 yaşlarındaydı. Bu ipucundan yararlanaraq belə müəyyən ediblər ki, ağsaqqal təxminən 1870-ci il doğumludur. Tarixə nəzər salırıq: Fransa-Prusiyya müharibəsi, Viktor Hüqonun qocalığı, 3-cü Napoleon Bonapart hakimiyyəti və s. Təsəvvür edə bilirsiniz? Görün adam tarixin hansı dərinliklərindən bu günə kimi sağ qalıb. Əgər deyilənlər doğrudursa, Gotonun 146 yaşı var. Gözləri kiçilib çuxura düşsə də, yeriməsi çətinləşsə də, bədəni solub əldən düşsə də, o, təbiətin qanunlarına və tarixin keçmişinə inad yaşamağa davam edir. Hətta, arada güc tapıb torpaq üzərində işlə də məşğul olur. Torpağın altına getməyə isə tələsmir. Deyilənə görə 24 il öncə özünə qəbristanlıqda bir yer alıb hazır saxlayıb. Amma özündən qat-qat kiçikləri ora yola saldı, özü isə getmək bilmir ki, bilmir. 4 dəfə evlənmiş Goto həyat yoldaşlarını, uşaqlarını və qardaşlarını çoxdan itirib. Qocalsa da, əyilməyən bu dözümlü palıdın indi yeganə təsəllisi qol budaqları və yarpaqlarıdır. 14 nəvədən 17 nəticəsi var.

(arb tv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm