SSRİ-nin ən gənc qadın naziri - - FOTO
Bizi izləyin

Maraq dünyası

SSRİ-nin ən gənc qadın naziri - - FOTO

O, Azərbaycan Ali Sovetinin deputatı, Sumqayıt Şəhər Sovetinin deputatı və bir çox ictimai işlərdə də çalışıb.

SSRİ-nin ən gənc xanım naziri olmuş Nəbibə Həsənova haqqında yazıdan sonra oxucular bir çox məqamlarla maraqlanmaq istədilər. Faktların azlığından bəzi məsələlərə aydınlıq gətirməmişdik. Sonradan Nəbibə xanımın özü ilə görüşüb bəzi detallara aydınlıq gətirdik. Həqiqətən də bu xanım çox məhsuldar, aktiv bir ömür yolu keçib.

Hazırda təqaüddə olan 83 yaşlı sabiq nazir Modern.az saytının əməkdaşı ilə söhbətində fəaliyyəti ilə bağlı bəzi məqamlara qısaca aydınlıq gətirdi:

“1955-ci ildə təhsilimi başa vuraraq Moskva Yüngül Sənaye Texnologiya İnstitutunun təyinatı ilə Azərbaycan Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən ixtisasım üzrə Əli Bayramov adına Tikiş fabrikinə mühəndis-mexanik vəzifəsinə işə götürüldüm. Orada yaşayış yeri verilmək şərti ilə əmək fəaliyyətimə başlayaraq 3 aydan sonra baş mühəndis təyin olundum. Ev əvəzinə isə fabrikin həyətində yaşayan bir neçə ailə ilə bizim kadrlar şöbəsinin yerləşdiyi 15 kvadrat metrlik otağı boşaldıb mənə verdilər. Fabrik iki növbəli işləyirdi. Odur ki, axşam növbəsi qurtarana qədər işdə olurdum. Tələbə vaxtı Moskva, Leninqrad və başqa şəhərlərə praktikaya gedəndə bu fabriklərin iş texnologiyaları ilə tanış olduğum üçün Əli Bayramov adına fabrikdəki işin təşkili, işçilərin fəallığı zəif olduğundan, ən əsası mütəxəssis rəhbər praktik tikiş tikmək bilgisindən başqa heç bir texnoloji üsulları tətbiq etmək səviyyəsində olmadığı üçün plan yerinə yetirilmirdi. Ona görə məcbur olub Moldovanın Tiraspol şəhərində yerləşən Tikiş fabrikinə ezamiyyətə getdim. Bir həftə onların tətbiq etdikləri metodu-itkisiz biçim üsulunu öyrənib öz fabrikimizdə tətbiq etdim. 1956-cı ilin axırına kimi bütün göstərişləri yerinə yetirərək, 2 milyon əlavə gəlir əldə edə bildik. Beləliklə, 1955-ci ildən 1961-ci ildə qədər burada çalışdım. Bundan sonra rəhbərlik və dövlətimiz işimi yüksək qiymətləndirərək məni 1961-ci ildə Azərbaycan Yerli Sənaye və Məişət Xidmətləri Nazirliyinə nazir müavini təyin etdi. 2 ildən sonra, yəni 1963-cü ildə isə nazir vəzifəsinə təyinat aldım. O vaxtı Moskvada əsas jurnalların birində dərc edilən şəklin altında yazılmışdı: “SSRİ-nin ən cavan 29 yaşlı qadın naziri Nəbibə Həsənova”.
1968-ci ilin noyabrında isə Azərbaycan Nazirlər Sovetinin ticarət şöbəsinin müdiri təyin edildim.



1971-ci ildə Volodarski adına Tikiş fabrikinin müdiri rəhmətə gedəndən sonra 4 ay o fabrikə müdir təyin etmədilər. O vaxtkı nazir rəhmətlik Sadıq Rəhimovun təkidi ilə məni Mərkəzi Komitənin bürosuna dəvət etdilər. Bundan sonra nazirliyin kollegiya üzvü və Volodarski adına fabrikin müdiri təyin edildim. O sahə üzrə mütəxəssis olduğum üçün etiraz edə bilmədim. Fabrikin işi ilə tanış olandan sonra 1955-ci ildə Əli Bayramlı adına fabrikdəki vəziyyətlə burada ikinci dəfə rastlaşdım. Beləliklə, mənə tanış olan məsələləri çox çətinliklərlə yerinə yetirdim.

1974-cü ildə nazir Sadıq Rəhimov məni dəvət edərək Sumqayıtda Üst Trikotaj fabriki tikdirdiyini bildirdi. Məni də ora müdir göndərmək istəyirdi. Dedi ki, “fabrikin tikintisi hələ başa çatmayıb. Bu məsələ ilə özüm məşğul olacağam. Sən isə təşkilati işlərlə məşğul olmalısan. Ölkənin hansı şəhərində belə bir fabrik varsa, gedib öyrənə bilərsən”. Amma ölkədə heç yerdə elə bir fabrik yox idi.

Məni Riqaya ezamiyyətə göndərdi. Bir müddət oranın təcrübəsini öyrənəndən sonra ölkəyə qayıdıb fabrikin tikiş işləri ilə məşğul oldum. Heyf ki, iki aydan sonra sevimli nazirimiz Sadıq Rəhimov rəhmətə getdi. Allah ona rəhmət eləsin! Ölkəmiz üçün çox işlər görmüş bir şəxsiyyət idi.



Sonra bizə Bakı şəhər Partiya Komitəsinin rəhbəri olan Nəsrulla Nəsrullayevi nazir təyin etdilər. 1976-cı ildə fabriklə tanışlıq zamanı Nəsrulla Nəsrullayev məni aparatda işə götürmək istəyini bildirdi. Əlbəttə, etiraz edə bilməzdim. Aparatda bir idarəmiz var idi, 3 istiqamətdə çalışırdı. Bütün yüngül sənayenin mallarını realizə edən bir idarə idi. Məni ora rəisi müavini təyin etdi. Beləliklə, 1976-cı ildən 1989-cu ilə qədər nazirliyin aparatında çalışmalı oldum”.

Nəbibə Həsənova təqaüdə çıxandan sonra vaxtını nəvələrinə, nəticələrinə həsr edib: “İki oğul nəvəmin birinci sinifdən onuncu sinfə qədər dərslərinin repetitoru oldum. Demək olar ki, ikinci dəfə orta məktəbi qurtarmış oldum. Nəvələrimin beşi də - dördü oğlan, biri qız - 189 saylı orta məktəbi bitiriblər”.

Nəbibə Həsənova Azərbaycan Ali Sovetinin deputatı, Sumqayıt Şəhər Sovetinin deputatı və bir çox ictimai işlərdə də çalışıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm