Qarabağın məşhur motal pendiri necə hazırlanır? - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Qarabağın məşhur motal pendiri necə hazırlanır? - - FOTO/VİDEO

Qarabağ motal pendiri özünəməxsus hazırlanma qaydası və dadı ilə digər pendir növlərindən seçilir. Qaldıqca yetişən və daha da dada gələn Qarabağ motal pendiri həm doyumlu olur, həm də rahat həzm olunur. Bəs görəsən, motal pendiri necə hazırlanır?

Ağcabədi rayonu Avşar kənd sakini Gözəl Abdullayeva Azərtac-ın müxbiri ilə söhbətində bildirib ki, motal pendirini əsasən dağda olanda düzəldirlər.

Pendirin hazırlanma qaydasından danışan G.Abdullayeva deyir ki, qoyunun dərisi bütöv soyulur, duzlanaraq qurudulur. Bir müddət sonra dəri yuyulub yenidən qurudulur. Dərinin qolları iplə möhkəm bağlanır. Motal pendiri hazırlamaq üçün qoyun və ya keçi südü süzülür, sonra qursaq mayası ilə mayalanır. Mayalanmış süd torbaya tökülür, acı suyu çıxsın deyə üstünə ağır daş qoyulur. Pendir doğranır, duzlanır və 10 gün saxlanıldıqdan sonra motala yığılır. Bu zaman motalın tüklü tərəfini ikiqat tənziflə örtmək lazımdır. Pendirin bərkiməməsi və dadlı olması üçün motala dələmə də əlavə edilir. Ağzı bağlanan motalı uzun müddət saxlamaq da mümkündür.

Gözəl nənə bildirir ki, hər il yay fəslini Qarabağın gözəl yaylağında keçirərdilər: “Dağların ətri, kirşanı, laləsi... ən gözəl xatirə kimi yaddaşımda həmişə qalacaq. Göy çəməndə yuxa salar, cincilim yığıb kətə bişirərdik. Nehrə yağını kətənin, motal pendirini isə yuxanın, ya da isti təndir çörəyinin arasına qoyub ləzzətlə yeyərdik. O zamanlar dağa gedənlərin demək olar ki, hamısı motal pendiri düzəldərdi. Payızda dağdan arana qayıdanda motalları özümüzlə gətirərdik”.

Hazırda motal pendirinin hazırlanması ilə məşğul olanlar çox olmasa da, əsrlərdən gələn bu ənənə xalqımız tərəfindən yaşadılır və gələcək nəslə ötürülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm