Heydər Əliyevin dayısı qızı: “Həyatımız göründüyü qədər asan keçməyib” - - FOTO
Bizi izləyin

Maraq dünyası

Heydər Əliyevin dayısı qızı: “Həyatımız göründüyü qədər asan keçməyib” - - FOTO

Dövrün, zəmanənin keşməkeşli hadisələrindən keçən bu xanımın arxiv malı sayıla biləcək xatirələri var.

Həmsöhbətimiz Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva təkcə təbabət sahəsində yox, həm də ictimai-siyasi həyatda fəal işləri ilə seçilib.

Dövrün, zəmanənin keşməkeşli hadisələrindən keçən bu xanımın arxiv malı sayıla biləcək xatirələri var. O, həm də mərhum dövlət xadimi Heydər Əliyevin doğmaca dayısı qızıdır.

Zərifə Quliyeva ilə müsahibəni təqdim edirik.

- Zərifə xanım, bu yaxınlarda doğum gününüz idi. Ad gününüzü necə qeyd elədiniz?

- Doğum gününə xüsusi diqqət verən deyiləm. Məktəbdə oxuyandan, gənclik dövründən üzübəri o günü əlamətdar tarix kimi qeyd eləmirəm. Sadəcə ətrafımdakı insanlar, məni sevib istəyənlər təbrik edir. Hər ad günümdə görürəm ki, sən demə, məni kifayət qədər sevən varmış... Doğum günümü bu dəfə də kollektivlə sadə keçirdik, təmtəraq sevən deyiləm.

“BƏZİ TELEVEZİYA VERİLİŞLƏRİ VAR Kİ...”

- Koreya Şərq Təbabəti Klinikasının baş həkimisiniz. Bizim coğrafiyadan uzaq bir ölkənin xalq təbabəti əsasında müalicə necə aparılır?

- 11 ildir uğurla fəaliyyət göstərən klinikamız SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının tərkibindədir. Sırf Koreyaya aid şərq təbabəti ilə müalicələr aparırıq. Onu da vurğulayım ki, şərq təbabəti son illər Avropada da ciddi qəbul olunur və yayılır. Dünyanın hər yerində insanlar kimyəvi maddələrdən, məhlul və antibiotiklərdən uzaqlaşır. Min illər öncə insanlar çox sağlam olub, indi yaşayış dövrü elədir ki, gənclər arasında xəstəliklər, ölüm halları çoxalıb.

Bu baxımdan son illər dünyada şərq təbabətini daha çox qəbul edirlər. Klinikamızda metodlar çox fərqlidir, tibbdən geniş anlayışı olmayan insan da bu metodları və cihazları görəndə qavrayır ki, bu, orqanizmə ancaq təbii yolla təsir edir. Sanki orqanizm özünü özü ilə mübarizəyə hazırlayır. Şükürlər olsun, hələ bizdən narazı qalan olmayıb. Şərq təbabətinin oynaq və vətər ağrıları, əzələ dartılmaları, sinir sistemindəki pozğunluqlara çox keyfiyyətli təsiri olur.

İynəbatırma, maqnit, vakuum terapiyalarımız var. Müalicə Koreya dağları və meşələrindən yığılmış bitkilərdən hazırlanan natural dərmanlarla aparılır. Həmin bitkilər Koreyanın dünyaca məşhur Kyung Hee Universitetinə toplanır və lisenziyalaşmış dərman istehsalına başlanır. Bakıda xarici şirkətlərin əməkdaşları xəstələnən kimi bizim klinikaya üz tuturlar. Hesab edirəm ki, bu, şərq təbabətinə inamdan irəli gəlir.

- Tibbi personal yerli mütəxəssislərdir, yoxsa Koreyadan dəvət olunur?

- Klinikada həm yerli, həm də xarici mütəxəssislər çalışır. Koreyalı professorları müqavilə şərti ilə Azərbaycana dəvət edirik. Klinikamız böyük formatlıdır, sırf şərq təbabəti ilə məşğul olan mütəxəssislər Kyung Hee Universitetinin həkimləridir. Professorların klinikamıza dəvət edilməsi danışıqlar və böyük maliyyə hesabına başa gəlir. Həmin alimlər öz ölkələrinin sayılıb-seçilən mütəxəssisləridir. Onu da deyim ki, tibb müəssisəmiz biznes əsasında qurulmayıb. Klinikamızın mahiyyəti qazanc götürməkdən çox xalqa yardımdan ibarətdir.
Qiymətlərimiz də elə müəyyənləşib ki, hər kəsin əli bizə çatsın.

- Stasionar müalicə varmı?

- Yox, klinikamızda yalnız ambulator müalicə aparılır. Hər bir xəstə diaqnostik aparatlarla müayinədən keçəndən sonra professorun qəbuluna düşür, həkim təyinatlar verir. Qeyd edim ki, bütün cihazlar Koreyadan Kyung Hee Universitetindən gətirilib. Məsələn, xəstəyə bir gün iynəbatırma metodu tətbiq edilir, vakuum terapiyadan keçir, üstəgəl 3 günlük dərmanlar qəbul edir. 1-3-5-ci günlər xəstə 1-2 saat müalicədə olur, sonra evə yollanır. Sizi inandırım ki, çox müsbət nəticələr əldə edirik.

Qeyd etdiyim kimi, klinikanızda şərq təbabətindən başqa müalicə üsulları da tətbiq olunur. Koreya şərq təbabəti şöbə kimi fəaliyyət göstərir. Bizdə diaqnostik xidmətlər də var, ultrason müayinələr aparılır, Türkiyə dövlətində uzmanlıq almış həkimlər bizimlə çalışır, savadlı kardioloq, uroloq, endokrinoloq, terapevtimiz, bir sözlə, peşəkar həkim briqadamız var.

- Son vaxtlar xəstəliklərin artdığı fikirləri geniş yayılıb. Bəzi insanlar bunu hava şəraiti, bəziləri qida məhsullarının keyfiyyətsizliyi ilə əlaqələndirir.

- Düzdür, əvvəllər indikinə nisbətən xəstəliklər az olub. İnsanlar çox vaxt xəstəliyi hava şəraiti ilə əlaqələndirir, amma hər şeyi havanın üstünə yıxmaq da olmaz... Qida məhsullarına gəlincə, indi əvvəlkitək keyfiyyətli və təmiz qida məhsulları olmaya da bilər. Şükür Allaha, yollar açıqdır, biznes, bazar iqtisadiyyatı genişlənib, bunsuz ölkə dolana bilməz, dövlət gərək bazar iqtisadiyyatını genişləndirsin.

Bir şey də var ki, insan özünə daha çox diqqət eləməlidir. Gərək ələ düşən hər şeyi yeməsin, qidalanmasına fikir versin. Dövlət rəhbərimiz qida təhlükəsizliyi ilə bağlı sərəncamlar verib, komissiyalar yaradılıb, ölkəyə gətirilən məhsullara yüksək səviyyədə yoxlanış aparılır, hər bir qida yoxlanılır, lisenziyalaşır və sonra əhaliyə təqdim olunur.

Bir şeyi də qeyd edim. Bəzi televiziya proqramları var ki, insanlarda stress yaradır. Söz-sözü gətirdi, sinir xəstəliyinin artdığını dediniz, özəl kanallara baxsaq sanki ölkədə ağlaşmadan, xəstəlikdən başqa bir şey yoxdur. Çox üzr istəyirəm, cinayətkarlardan, narkomanlardan başqa yüksək savadlı, ağıllı, tərbiyəli gənclərimiz yoxdurmu? Bu verilişlər gəncləri də stressə salır. Məsələnin sağlamlıq tərəfinə də diqqət yetirmək lazımdır.

Bundan əlavə, özəl kanallara xarici ölkələrdə də baxırlar. Bizim o qədər gözəl, bacarıqlı gənclərimiz, böyük biliyə malik, alimlərimiz, yaradıcı qüvvələrimiz var ki, onlardan gözəl veriliş hazırlamaq olar. Bir dəfə görmədim ki, hansısa akademikin, dövlət xadiminin həyat tərzini efirdə nümayiş etdirsinlər, gənclər də baxın özünə örnək götürsünlər. İnsanları neqativə yükləyirlər. Belə şeylər cəmiyyətdə böyük stresslərə səbəb olur. İnsanları ağlatmağı, gənclərimizin fəaliyyətinin pis formada təqdim edilməsini xalqımıza yaraşdırmıram.

“İNDİ DƏ ATAMIN REJİMİNDƏ ÇALIŞIRAM”

- Bir balaca keçmişə ekskursiya edək, əvvəl deyəsən, jurnalist olmaq istəmisiniz... Amma Tibb İnstitutuna qəbul olmusuz, sonra da idarəetməyə keçmisiz. Necə yönəldiniz bu istiqamətə?

-Daha erkən dövrdən başlasaq, deyim ki, mən hərbçi ailəsində böyümüşəm, atam evdə də ciddi rejimi qurmuşdu. Anam atamın qoyduğu qayda-qanundan kənara çıxmazdı. Ailədə üç uşaq idik - qardaşım, bacım və mən. Səhər yuxudan durub dərsə gedəndə hamı səliqə ilə geyinib hazırlaşmalı idik. Kimsə səliqəsiz gözə dəysə, dərhal yenidən daranmağa göndərərdilər. Ən kiçik ştrixlərə belə diqqət edirdik.

Atam evə gələndə gözə görsənməməli idik, işdən gəlib yeməyini yeyib dincələndən sonra suallarımızı verməyə başlayırdıq. Atam çox məsuliyyətli işdə çalışdığı üçün anam bizim onu öz problemlərimizlə yükləməyə qoymurdu. Üçümüzün də birdən yanına getməyimizə izin verməzdi, bir-bir gedirdik. Biz o cür rejimdə böyümüşük. İndinin özündə də bu rejimlə çalışıram.

İşçilərim hər gün səhər tezdən məni işdə görürlər, hərdən deyirlər, belə baş həkimmi olar? Görünüb ki, baş həkim saat 12-də işə gələr. Artıq bu, mənim həyat tərzimə çevrilib, beynim maşın kimi işləyir. Axşam hamı işdən gedəndən sonra özüm təmizliyə nəzarət edib sonra çıxıram. Jurnalistikaya çox marağım olub, məktəbdə də həmişə aktiv olmuşam.

- Hansı məktəbdə oxumusunuz?

- Atam o vaxt Dövlət Təhlükəsizlik Komitəsi sistemində çalışırdı. Əvvəl Naxçıvanda rəis işlədi, sonra cənub bölgəsinə 6 rayon üzrə rəis göndərdilər. 5-ci sinifdən 11-ci sinfədək təhsilimi indiki Şirvan rayonunda davam etdirdim. Sonra atamı Bakının Nərimanov rayonuna rəis təyin elədilər, artıq o vaxt instituta qəbul olmuşdum.

Atam biz məktəbdə oxuyanda deyirdi, eybi yox, mən əziyyət çəkərəm, həftədə bir dəfə gəlib övladlarımı görərəm, amma məktəblərini dəyişməsinlər, bir məktəbdə oxusunlar.

Məktəb vaxtından jurnalistikaya həvəsim vardı, yazdığım inşalar da fərqlənirdi. Amma atamın bir istəyi vardı ki, övladlarımdan biri həkim olsun. Məndən fağırını tapmadılar (gülür). Düzdür, həyatda öz prinsipim olub, amma atamla anamın sözündən heç vaxt çıxa bilməmişəm. Atamın anasının adını daşıyıram.

Atam çox təmkinli idi, bir sözü çox deməzdi, həyatda nəyə nail olmuşamsa, ona borcluyam. Elə oldu, onun sözündən çıxa bilmədim, məktəbi qızıl medalla bitirmişdim, instituta imtahan verdim. 1969-cu ildə instituta qəbul oldum. Həmin il ölkədə mühüm dəyişiklik oldu, Heydər Əliyev Mərkəzi Komitənin sədri idi. Ölkə o zaman da batıb gedirdi. Heydər Əliyev hər dəfə ölkənin çətin vaxtlarında hakimiyyətə gəlib və onu yüksəklərə qaldırıb.

Balaca, arıq qız idim, imtahana girdim, böyük auditoriyada 15 professor, akademik əyləşib imtahan götürürdü. Dəhşət həyəcan keçirirdim.

- Tibb İnstitutunun rektoru kim idi?

- Rəhmətlik Zəhra Quliyeva... Çox gözəl insan idi. Bir epizodu da danışım, müəllimin adını deməyəcəyəm, amma ömrümün axırına kimi onu yadımdan çıxarmayacağam. Əgər o imtahandan “5” almasaydım, o biri imtahanları da verməli idim. Məktəbi qızıl medalla bitirmişdim deyə bir fəndən imtahan verməli idim, həmin il biologiya fənni seçilmişdi. Tam hazırlaşıb gəlmişdim.

Bilet çəkib danışdım, həmin professor qane olmadı, dedi ki, sualım var. Gördüm kənar suallar verdi, mən də “çekist” qızıyam axı, hiss elədim ki, məni çək-çevir etmək istəyir. Sonradan anladım ki, o, dövlət rəhbərliyinə əks-mövqedə dururmuş.

- Heydər Əliyevin dayısı qızı olduğunuzu bilirdi?

- Yox, heç kəs bilmirdi. 17 yaşım vardı, abituriyent kimi imtahan verirdim. O epizodu heç vaxt yaddan çıxara bilmirəm. 14 nəfər hamısı “5” yazmışdı, bircə o professor razı deyildi. Qayda da beləydi, həmin professor mütləq “5” qiyməti yazmalıydı ki, imtahandan keçim. Özümdə cürət tapdım, dedim “4” lə razılaşmıram. Heydər Əliyev hakimiyyətə gələndə qəbulda belə qayda qoyulmuşdu ki, kimin imtahandan narazılığı vardısa, komissiyaya müraciət edə bilərdi. Təsəvvür edin, dedim, bu stoldan durmayacağam, mən komissiya tələb edirəm. Sonradan özlüyümdə deyirdim ki, ay Allah, balaca canımla necə qəhrəmanlıq eləmişəm...

Xülasə, komissiya üzvləri gəldi, onların da 3 sual verməyə ixtiyarları vardı, bütün sualları cavabladım. Komissiya sədri dedi ki, “5” yazırıq, hələ yanına üstəgəl işarəsi də qoyuruq.

Aşağıda anam, qohumlarım məni gözləyirdi. Necə stress keçirmişdimsə, çıxanda hönkür-hönkür ağladım. Rəhmətlik anam dəli oldu, elə bildi kəsilmişəm. Qalmışam qıraqda, qeydimə qalmır, deyir necə oldu kəsildin, atana necə cavab verəcəksən? Dedim “5” almışam.

O PROFESSOR KİM İDİ?

- Sizi kəsmək istəyən professor kim idi?

- Allah can sağlığı versin, çox yaşlaşıb, amma adını demək istəməzdim. Bəlkə də onun inadı məndə hünər yaratdı. Ömrüm boyu hər şeydə müsbət şeylər axtarmışam. Mənə o qədər pislik edənlər olub ki. Onda da yaxşılıq axtarmağa çalışmışam.

Tibb İnstitutunda oxuyanda aktiv komsomolçuydum, komsomol katibi, qrup nümayəndəsi oldum. İçimdə jurnalistikaya sevgi yox olmurdu. 5 nömrəli klinik xəstəxanada həkim işləyirdim, rayon partiya komitəsinin işlərində o qədər fəal oldum ki, məni ideoloji şöbəyə baş təlimatçı götürdülər. Hər dövrün müsbət və mənfi cəhəti var. Amma o dövrdə mən məktəb keçdim, o məktəb məni indi hər yerdə başı uca edir. Rayon partiya komitəsində aldığım təcrübədən çox məmnunam. Dövlət rəhbəri Heydər Əliyev idi, ulu öndərimizin dövlət quruculuğu ilə bağlı elə ciddi proqramı vardı ki, bizim nəsil o proqramla yetişdik.

- Heç vaxt yazmadınız?

- Yazdım, çox yazdım. Referendum öncəsi, Milli Məclisə seçki qabağı, Xocalı soyqırımı, 20 Yanvar hadisələri ilə bağlı çoxlu məqalələrim dərc olunub. “Nicat günü” adlı kitabımda ulu öndərin xalq tərəfindən hakimiyyətə necə gətirilməsindən bəhs eləmişəm, çox hörmətli birinci xanımımız Mehriban xanımla bağlı məqalələrim var. Jurnalistika canımda qalıb. Həyatımda enişli-yoxuşlu yollar çox olub. Heç kəs deyə bilməz ki, həyat dümdüz, hamar yoldur...

- Hərçənd kənardan baxan elə düşünər...

- Düşünə bilərlər, amma çətinliyimiz çox olub. Atamı 65 yaşında itirdik, o vaxt çox gənc idik, həmişə ata-ana himayəsində olmuşduq. Anam evdar qadın idi, atam onu da çox əziz saxlamışdı.

- Ananız xəstəlikdən vəfat elədi?

- Bəli. Atam o qədər məsuliyyətli insan idi ki, gənc yaşlarından öz vəzifəsində irəliləmişdi. 1915-ci ildə Ermənistandan didərgin düşmüş insanlar Naxçıvanda məskunlaşmışdılar. Atam yolda ikən atasını, anasını itirmişdi. 5 yaşında uşağın qucağında ölmüşdü babam. Atam o köçü ağlaya-ağlaya danışırdı, deyirdi, atamı qucağımda itirdim. Qarın içində ayaqyalın əzab və müsibətlə Naxçıvana gəlib çıxıblar. Atam bibisinin himayəsində böyüyüb.

- Heydər Əliyevin anası İzzət xanımın?

- Hə. Allah rəhmət eləsin, İzzət xanımın 6-7 qardaşından yadigar qalan atam Rzaqulu olub, bir qardaşının oğlu sağ qalıb.

Atamın əmilərini qırğın vaxtı ermənilər öldürüb, yolda ölənlər, itənlər də olub. Yalnız atam bacısı ilə gəlib Naxçıvana çıxıb. O vaxt artıq İzzət bibigil də Naxçıvanda məskunlaşmışdılar. Atam gecə səhərə qədər vaqonlara yük daşıyıb, fəhləlik edib, gündüz məktəbə gedib. 24 yaşında artıq Naxçıvanda hərbi komissarın müavini olub. Sonra prokuror müavini kimi çalışıb. Öz zəhməti ilə vəzifələrə gəlib çıxıb. Fəallığına və savadına görə onu Naxçıvandan Dövlət Təhlükəsiz Komitəsinin akademiyasına göndəriblər. Oxuyub geri qayıdıb və o vaxtdan həmişə vəzifələrdə olub.

Çətin həyatını həm bizə dərs vermək, örnək olmaq üçün danışırdı, həm də o hadisələri yadından çıxarmırdı. Atam hamıya kömək edərdi. Rayonlarda işləyəndə katibin, polisin yanına gedən olmurdu, kimin nə dərdi vardı, atamın qəbuluna gəlirdi. Hansısa rayona getsəm, eşidəndə ki Rzaqulu kişinin qızıyam, məni çox hörmətlə qarşılayırlar. Bu, tarixdir, heç vaxt da deməmişəm, soruşduğunuz üçün danışdım.

Hərdən anam şikayətlənirdi ki, nə olub, yenə kim sənin qanını qaraltdı? Atam qayıdırdı ki, yanıma şikayətə gələn adam göz yaşı içində olanda öz uşaqlarımı düşünürəm. Mən həyatda olmayanda birdən uşaqlarım kiminsə yanına gedər, müsbət cavab almaz, göz yaşı axıdar. Daim uşaqlarımı fikirləşirəm ki, elə ad qoyum gedim, övladlarım kiminsə qabağında ağlamasın. Bu söz həmişə qulağımızda qalıb.

Mən də, bacım-qardaşım da kimsə nədəsə kömək istəyirsə, əlimizdə ixtiyar varsa, yardım etməyə çalışırıq. 1994-cü ildə metro partladılanda dövlət zərərçəkənlərə kömək edirdi. O vaxt dövlətin zəif vaxtı idi, Heydər Əliyev ölkəni güclə ayağa qaldırırdı. Bir qadın yanıma gəlmişdi, mən o vaxt Nəsimi rayon səhiyyə şöbəsinin müdiri işləyirdim. Ağlaya-ağlaya dedi ki, qızım təzə nişanlanmışdı, nişanlısı ilə birgə metroda həlak olublar. Bir ildir dünyasını dəyişiblər, amma onların qəbrinin üstünü götürə bilmirəm.

Düşündüm ki, bu məsələni özüm yoluna qoya bilərəmsə, niyə etməyim. Bunu reklam üçün demirəm, sadəcə bildirmək istəyirəm ki, ürəyimin yumşaqlığından, dərdli adamın yerinə özümü qoydum.

Öz maliyyə hesabıma həmin qadının övladının qəbir daşını düzəltdik, getdik, Yasin də oxutduq. Anadır, qoy ürəyi sakitləşsin, heç olmazsa, dərdini unutsun...

“ATAMLA HEYDƏR ƏLİYEV QOHUMDAN ÇOX DOST İDİLƏR”

- Mərhum Heydər Əliyevi ilk dəfə nə vaxt gördünüz?

- Uşaq vaxtı... Axı, biz yaxın qohumuq. Bir epizoddan bəhs edim, anamla atam danışırdı ki, sən doğulanda Heydər Əliyev rəhmətlik Zərifə xanımla təzə tanış olubmuş, nişanlanmaq üçün plan qururmuşlar, mən də 5-6 aylıq olmuşam. Onu da deyim ki, atamla Heydər Əliyev qohumluqdan əlavə yaxın dost idilər.

Atam Heydər Əliyevin dayısı idi, amma aralarında 9 yaş fərqi vardı, sirləri-sözləri bir idi. Atama böyük kimi hörmət edirdi, ondan məsləhət alırdı, yaxın sirdaş idilər. Heydər Əliyev çox göyçək oğlan olub, Naxçıvanda onu kimi yaraşıqda başqa gənc olmayıb, hündürboy, mavi gözlü, həmişə şıq geyimli. Küçədən gedəndə bütün Naxçıvan əhli ona tamaşa edirmiş.

Anam danışırdı ki, uşaqlara yaxın olmayan Heydər Əliyev bizə gələn kimi səni, yəni məni götürüb göyə atıb-tutur, deyirmiş “ay Zərişkam, Zərifiçkam mənim” (gülür). Deyir, biz də başa düşmürdük ki, sənə niyə bu qədər yaxındır, sonradan məlum olub ki, sevgilisinin adı Zərifədir. Heydər Əliyev uşaqların arasında həmişə mənə fərqli baxıb. Qohumlarla görüşəndə çoxlu söhbətlər edərdik, mən də çox danışan idim, hər şeydən suallar verirdim. Deyirdi, dayı, sənin qızın çekist olmalıdır. Sonra da Heydər Əliyevin məsləhəti ilə rayon partiya komitəsinə işləməyə getdim.

- 1980-ci illərdə?

- 1982-ci ildə Heydər Əliyev Moskvaya getdi, amma, əlbəttə, qohum-əqrəba görüşürdük. 1984-cü ildə məni Mərkəzi Komitədən çağırdılar, Ramiz Mehdiyevin qəbulunda oldum. Ramiz Mehdiyev cənablarına çox minnətdaram. O görüş mənə çox böyük təsir buraxdı. Böyük insandır, həmişə Heydər Əliyevlə çiyin-çiyinə işləyib, yaxın silahdaşı, dostu olub, dünyagörüşü çox genişdir. Onunla söhbətdən böyük qüvvə aldım. Təyinatımı Nizami rayon partiya komitəsinə verdilər və orada çalışmağa başladım.

1987-ci ildəsə mənə dedilər ki, vəzifədən çıxmalısan. Yadınızdadır, o vaxt ulu öndər öz ərizəsi ilə vəzifədən getmişdi. Heydər Əliyev çox uzaqgörən insan idi, bilirdi ki, Qorbaçovun apardığı ideoloji xətt iflasa gedir. O, 20 il sonranı görürdü ki, nə olacaq. Heydər Əliyev heç vaxt xəstə olmayıb, güclü orqanizmi vardı. Postunu öz ərizəsi ilə tərk elədi. Bilirdi ki, öz xalqına haçansa lazım olacaq.

20 Yanvar hadisələrindən sonra onun Moskvada keçirdiyi mətbuat konfransı insanlara ruh verdi, ürək verdi, xalqı ayağa qaldırdı. O hadisələr gözümün qabağındadır, Bakıda bir maşın işləmirdi, paytaxt ölü şəhərə çevrilmişdi. Yanvarın 22-də şəhidlər dəfn edildi, dəfnə qədər ölkə rəhbərliyindən heç bir bəndə nə başsağlığı verdi, nə də xalqa dayaq durdu. Öz aramızdı, Allahşükür Paşazadə də şəhidlər basdırılan gün millətin qarşısına düşüb dəfnə getdi. Mən 8-ci kilometr qəsəbəsindən, Nizami rayonundan Şəhidlər Xiyabanına piyada gəldiyimizi xatırlayıram. Böyük axın vardı, hər kəs şəhidləri dəfn etməyə gəlirdi.

Xalqın ağır günüdə Heydər Əliyevin mətbuat konfransı keçirməsi inqilabi hərəkət idi, cəsarətli addım idi. Xalq bildi ki, onun qeydinə qalan, arxasında duran böyüyü var. 1990-cı illərdə də Azərbaycanı parçalamaq istəyirdilər, kimi xanlıq, kimi quberniya qurmaq istəyirdi. Heydər Əliyev xalqın təkidi ilə Bakıya gəldi. Azərbaycanı odun-alovun içindən qaldırdı, hər sahədə - iqtisadiyyat, səhiyyə, təhsil, mədəniyyət, turizm, təsərrüfat, neft sektorunda inkişaf başladı. Azərbaycanın tarixi ulu öndərimizlə bağlıdır. Heydər Əliyev Azərbaycanın memarıdır. Möhtərəm prezidentimiz İlham Əliyev də bu ideologiyanı çox böyük uğurla aparır.

AYAZ MÜTƏLLİBOVUN TƏLƏBİ

- 1994-cü ildə sizin karyeranız hansı istiqamətdə davam elədi?

- Bayaqkı söhbətim yarıda qaldı, 1987-ci ildə rayon partiya komitəsinin katibi Rafiq Soltanov məni çağırıb dedi ki, işdən çıxmalısan. Aparatdan Ayaz Mütəllibovun tələbidir... O Mütəllibov ki, Nərimanov rayon partiya komitəsində 2-ci katib işləyəndə çox böyük cinayət işi vardı, atam onu bədxah işdən qurtarmışdı.

- Neçənci ildə?

- 1975-76-cı illərdə... Nəisə, Rafiq Soltanov dedi ki, Heydər Əliyevin qohumusan, işdən çıxmalısan. Dedim, Heydər Əliyevin adına görə işdən çıxıramsa, bu, mənim üçün şərəf və fərəhdir. Gənc idik, nə biləydik bir neçə il sonra Heydər Əliyev yenidən hakimiyyətə gələcək. Bir müddət işsiz qaldım. Həyat pislərlə əhatə olunmayıb, yaxşılar da var. Atamın yaxşılıq elədiyi bir insan vardı, heç bizim millətin nümayəndəsi də deyildi, yəhudi idi, Bakı şəhər Baş Səhiyyə İdarəsində işləyirdi. Mənə dedi ki, sənə kömək edəcəyəm. Söylədi ki, Keşlə maşınqayırma zavodunda Tibbi-sanitar hissənin müdiri vəzifəsi boşdur, orada işlə. Sevincimdən yerə-göyə sığmırdım. Çünki evdə anam, özümün bir oğlum və bacımın qızı mənim öhdəmdə idi, deyirdim dörd nəfər necə yaşayarıq?

Elə olurdu, zavod Moskva prospektində yerləşirdi, oradan evə - “Gənclik” metrosuna piyada gəlirdim, 20 qəpiyi avtobusa verməyə heyfim gəlirdi, deyirdim, evdə iki balaca uşaq var, onlara qoğal alıb apararam.

- 90-larda heç bir vəzifəyə getmədiniz...

- Yeni Azərbaycan Partiyasını yaradılanda mən də əlimdən gələn kömyi elədim. O vaxtki Moskva prospektində 20-dən çox zavod vardı, biz də fəhlələri müayinə edirdik. Təbliğat aparırdıq. Keşlə maşınqayırma zavodunda Yeni Azərbaycan Partiyasının özəyini təşkil etdik. Hazırda Azərbaycan Dəmir Yolları idarəsində Yeni Azərbaycan Partiyası yerli təşkilatının sədri Xeyrulla Hümbətov onda gənc idi, biz təşkilatlanmağa başladıq. Tibb Universitetində çalışan Məhbubə xanım, YAP Qadınlar Şurasının sədri olmuş Səyyarə xanımla Yeni Azərbaycan Partiyasının yerlərdə təşkilatını qurmağa yardım elədik. Zavodlara gedirdik, 2-3 nəfər razı olan kimi dərhal ərizəsini alırdıq.

Hətta bir dəfə mənə qəsd oldu. Zavoda işə gedəndə məni izləyirmişlər, qapıdan bayıra çıxanda zərbə endirdilər. 2-3 gün yatdım, Allah məni qurtardı, çox fəsadlar olmadı, sonradan bildim kimlərdir, arxasınca getmədim.

1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə rəhbərliyə gəldi, həmin ilin oktyabrında prezident seçkisi oldu, mən hələ zavodda çalışırdım. Heç vaxt vəzifə dalınca qaçmamışam. Bəlkə mənim yerimə kimsə olsaydı, vəzifə istəyərdi. Deyirdim, təki dövlətimiz güclü olsun, Heydər Əliyev işində olsun. Düşünürdüm, insanlara etibar yoxdur, birdən vəzifəyə gələrəm, sonra bir şey olar, Heydər Əliyevin adına söz gələr ki, hakimiyyətə gəlib qohumlarını rəhbər işə gətirdi.

Ümummilli liderimiz 1995-ci ildə qohumlarla görüşürdü. Soruşdu ki, Zərifə, hardasan? Dedim zavoddayam, YAP-la bağlı işi də qurmuşduq axı. 1 gün sonra Səhiyyə Nazirliyindən zəng gəldi ki, nazir sizi görmək istəyir. Çağırdılar ki, hansı müəssisədə istəyirsiniz, orada da çalışacaqsınız. Dedim, harada vakant yer olar, təyin edərsiniz. 1 ay sonra Nəsimi rayonunda səhiyyə şöbəsinin müdiri vəzifəsi boşaldı. Canımda hələ də qorxu vardı, 1 ay işə çıxmadım. Başçı Tahir Quliyev məni çağırdı, danladı ki, niyə işə getmirsən? Dedim qorxuram, vəzifəyə gedərəm, yenə birdən nə isə olar, deyərlər çıx. Güldü ki, tarix boyu heç vaxt elə şey ol bilməz. 11-12 il Nəsimi rayon səhiyyə şöbəsinin müdiri kimi çalışdım.

“YAŞIDIM, OĞLUM...”

- Bəlkə bu haqda danışmaq ağrılı olacaq, səhv etmiriksə, publisistik yazılarınızı mərhum oğlunuzun imzası ilə yazırsınız...

- Bəli, mənim taleyim enişli-yoxuşlu olub. Həyatımın mənası, gözümün işığı olan bir oğlum vardı... Orxanıma o qədər bağlı idim ki. 2004-cü ildə 29 yaşında onu itirdim, böyük faciələrdən keçdim...

Oğlum atamın xətti ilə dövlət təhlükəsizlik orqanlarında çalışırdı, sonra profilini dəyişdi, vergi sisteminə keçdi. Bakı şəhər departamentində baş müfəttiş vəzifəsində işləyirdi, çox mərhəmətli idi. Hansısa müəssisədə natarazlıq görürdüsə, deyirdi, gedirəm, qayıdacağam, o vaxtadək işləri səliqəyə salın. Biz həmyaş kimi görünürdük, mənə Zərifə deyə müraciət edirdi.

2004-cü il mayın 1-də təqdimat olmalı idi, işindəki uğurlara görə fəxri fərman veriləcəkdi, çox həyəcanlı idi, geyinib-keçinib evdən çıxmaq istəyirdi ki, təzyiqi qalxdı, bir saniyədə oğlumu itirdim... Oğlumu itirəndən sonra bütün fəaliyyətim dayandı, taleyimi qələmə aldım. 2 ildən çox hər gün yas içində oldum. Hər gün qəbristanlığa gedirdim, hər cümə axşamı ehsan verirdim. Uşaq evinə, qocalar evinə ehsan aparırdım.

Həyatımda iki dəfə ən faciəli vaxtım olub, həyatımla vidalaşmaq istəmişəm. Bir xanım var, ona mələk deyirəm, adını çəkmək istəmirəm, o insan hər dəfə məni ölümdən geri qaytarıb, həyata baxışımı dəyişib. İndi sağamsa, o xanımın sayəsində sağam. Son anıma qədər o xanıma borcluyam... (Teleqraf)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm