Bu gün saat 16:06-da qeyri-adi hadisə baş verəcək: “Florence” Yer üçün təhlükədirmi?
Bizi izləyin

Maraq dünyası

Bu gün saat 16:06-da qeyri-adi hadisə baş verəcək: “Florence” Yer üçün təhlükədirmi?

Azərbaycan Milli Elmlər Akademiyasının yaydığı məlumata görə, bu gün “Florence” adlı asteroid Yer kürəsinin 7 milyon kilometr yaxınlığından keçəcək. NASA astronomları asteroidin təhlükəsiz keçid edəcəyini bildiriblər.

N.Tusi adına Şamaxı Atrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdar Mikayılov Publika.az-a bildirdi ki, “Florence” indiyə qədər Yer kürəsinə bu qədər yaxınlaşan ən böyük asteroid olacaq:

““Florence” adlanan asteroid indiyə qədər bizə məlum olan Yerə yaxınlaşan asteroidlər içərisində ölçü etibarilə ən böyüyüdür. Ölçüsü 4 km-dən 5 km-ə qədər qiymətləndirilir. Sentyabr ayının 1-i, Bakı vaxtı ilə saat 16:06-da Yerə ən yaxın məsafədən keçəcək. 7 milyon kilometr o qədər də yaxın məsafə hesab edilmir, çünki müqayisədə 2029-cu ildə ölçüsü 300 metr olan “Apopis” adlanan asteroid yerə daha yaxın məsafədən keçəcək. Yaxınlıq məsafəsi 37 min kilometr kimi qiymətləndiriləcək. Yəni bu, Yer ilə Ay arasındakı məsafədən təxminən 10 dəfə daha yaxındır. Bu asteroid Yerə heç bir təhlükə törətməyəcəyi üçün, “Florence” adlı asteroidin də heç bir təhlükə törətməyəciyini demək olar. Yerə yaxınlaşma anı gündüz saatlarına düşdüyü üçün, günəş şüaları səbəbindən biz bunu müşahidə edə bilməyəcəyik. Asteroidin hərəkəti cənub-şərqdən başlayaraq, cənub-qərb istiqamətində davam edəcək. Hadisəni həmin an müşahidə etmək mümkün olmayacağı üçün, ya bir gün əvvəl ilkin yaxınlaşmaları, ya da bir gün sonra uzaqlaşma anını izləmək olar. Cənub istiqamətində gecə saatlarında daha yaxşı izləmək mümkün olacaq. Hər hansı bir təhlükəli vəziyyət baş verməyəcək”.

Qeyd edək ki, sözügedən “Florence” adlanan asteroid ilk dəfə 1981-ci ildə amerikalı astronom Şelte J.Bus tərəfindən kəşf olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm