İşdə uğur qazanmağın inanılmaz SİRRİ: DOSTUNUZ VARSA...
Bizi izləyin

Maraq dünyası

İşdə uğur qazanmağın inanılmaz SİRRİ: DOSTUNUZ VARSA...

Həyatda nail olduğumuz bütün uğurların arxasında dostlarımızın da layiqli yeri var. Araşdırmalar sübut edir ki, gündəlik qayğısı, daimi işi olan insanlar dostları ilə ünsiyyətə çox vaxt sədd çəkirlər. Psixoloqlar düşünür ki, dost dediklərimiz doğum günlərimizdə, həyatımızda baş verən əlamətdar hadisələrdə, ailədaxili və iş problemlərində yanımızda olan insanlardır.

Publika.az xəbər verir ki, onların fikrincə, məhz bu insanlar bizim fiziki və psixoloji durumumuza təsir etmək gücünə malikdirlər. Yəni, dostluq nəinki psixoloji halımıza, həmçinin orqanizmimizin fəaliyyətinə müsbət təsir edir. Məsələn, daimi əhatəsi olan insanlar bir sıra xəstəliklərə tutulmaq riskindən azaddırlar və bu ünsiyyət ölüm təhlükəsini iki dəfə azladır.

Araşdırmalar zamanı bəlli olub ki, təəssüf hissimizin mənbəyində daha çox sevgi və iş münasibətləri durur. Mayk Morrison və Kay Estüdün 1300 nəfərlə apardıqları sorğu əsasında bəlli olub ki, insanların kədərinə səbəb olan əsas amil münasibətlərdəki uğursuzluqdur. Ən pisi isə insanların tənhalıqdan əziyyət çəkmələridir. Bu siyahıda dostluq münasibətlərinə görə təəssüflənənlər səkkizinci sırada yer alır. Belə çıxır ki, dostları itirmək qorxusu bizi sevgilimizdən ayrılmaqdan daha az maraqlandırır. Səbəb isə dost anlayışının daim dəyişməsidir. Yəni biz bu gün işimizi dəyişsək, tədricən əhatəmizi dəyişməyi də gözə alırıq. Lakin əsl dostluq münasibətləri hər birimizin həyatında kifayət qədər azdır. Doğrudur, sosial şəbəkələrdə dost siyahımız yüzlərlə, hətta minlərlə insandan ibarət ola bilər. Lakin tutaq ki, yeni mənzilə köçərkən onların hamısından yardım istəyəcək qədər səmimiyikmi? Yaxud, hamısının doğum günü yaddaşımızdadırmı?

Araşdırmalar həmçinin göstərir ki, 30 il əvvəl insanların səmimi dostlarının sayı daha çox idi. İlbəil bu göstərici azalaraq, mənəviyyatımıza da mənfi təsir edir.

Unutmaq olmaz ki, həyatımızdakı dostlarımız karyeramızda irəliləməyimizə də təkan verirlər. Belə ki, onların varlığı bizi işimizdə daha məhsuldar və pozitiv edir. Odur ki, dostluq əlaqələrimizi möhkəmləndirmək üçün səy göstərməliyik. Araşdırmalar zamanı həmçinin bəlli olub, ki, kişilər dostluqda qadınlardan daha məsuliyyətsiz və unutqan olurlar. Lakin bu göstərici ölkəmizdə yəqin ki, əksinədir.

Doğrudur, zaman keçdikcə dostlarımızla ümumi maraqlarımız azala bilər. Lakin mütləq hamımızın sevdiyi mövzular da var. Məsələn, hansısa xörək, yaxud filmdən zövq ala bilərik. Bu da həftə sonları bir yerə toplaşmaq üçün əsas bəhanə ola bilər. Çağdaş insanın əsas problemlərindən biri də başqa ölkəyə köçən zaman ürəyini sıxan tənhalıqdır. Məsələn, Nyu-Yorkda doğulub, böyüyən biri, işləmək üçün Sinqapura köçərsə, təbii ki, ünsiyyət problemi yaşayacaq. Bu durumda onlayn münasibət köməyimizə çatsa da, real həyatımızda görüşüb, söhbətəşə biləcəyimiz yaxınlarımıza ehtiyac duyuruq. Başda da qeyd olundu ki, karyeramızda uğur qazanmaq üçün bu münasibətlərə sadəcə möhtacıq. Çünki arxalanacağımız dostlarımızın olması bizə ruh yüksəkliyi və sağlam həyat bəxş edir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm