• USD 1,7008 0,00% EUR 2,0296 -0,23%
    • GBP 2,3031 -0,29% RUB 0,0295 +0,34%

Ən qəribə evliliklər - FOTOLAR

Ən qəribə evliliklər

Azərbaycanda da olduğu kimi, hər yerdə toy insan həyatında ən əhəmiyyətli günlərdən biri hesab edilir. Lakin bu hər zaman belə olmur. Bəzən evlənmək istəyənlər özlərinə qeyri-adi həyat müqabili seçirlər. Məsələn, Melburn sakini öz televizoru ilə evlənib. Bu yaxınlarda isə, Hindistanda qadın it ilə evləndirilib.

Publika.az dünyada baş verən ən qeyri-adi toy hekayələrini təqdim edir.

İtlə evlənənlər

Hindistanda ənənəvi nikahlar barədə qərarı gənclərin yerinə valideynləri verir. Elə keçən həftə tilsimə düşdüyü deyilən 18 yaşlı Manqli Mundu evsiz küçə iti ilə evləndirilib. Hətta it toy məclisinə avtomobildə gətirilib. Toyda 70 qonaq iştirak edib. Güman olunur ki, itlə qızın nikahı tilsimi qıra biləcək.

2007-ci ildə 18 yaşlı Selva Kumar 10 yaşlı itlə evləndirilib. Məqsəd isə Selvanı çoxsaylı xəstəliklərdən xilas etmək olub. 18 yaşında oğlan yuxarı və aşağı nahiyələrin iflicini keçirdib və qulağı kar olub. Yerli astroloq isə oğlanın xəstəliyinin səbəbini tapıb: o, uşaqlıqda 2 iti qəddarcasına öldürüb. Tilsimdən can qurtarmaq üçün oğlan itlə evləndirilməliymiş.

9 yaşlı Karnamoni Handsanı artıq dişinə görə itə ərə veriblər. Diş ətindən çıxan artıq diş o qədər heyrətlə qarşılanıb ki, "cadunu" təmizləmək üçün onu itə ərə vermək qərarına gəliblər.

"Mənim ağacım ol"

Hələ 2012-ci ildə Hindistan kütləvi informasiya vasitələrində məşhur hind aktrisası Ayşvariya Rayın gözdəymədən canını qurtarmaq üçün ağacla evləndiyi yazılmışdı. Lakin sonradan Ayşvariya bu xəbəri təkzib etdi. Əbəs yerə demirlər ki, od olmasa, tüstü çıxmaz.

Hind inancına görə, astroloq oğlana və ya qıza gələcək həyat yoldaşını bədbəxt hadisə gözlədiyini deyərsə, o zaman gənci ağacla evləndirirlər, guya ağac bütün fəlakəti üzərinə götrürür. Sonra isə ağacı kəsib, tam arxayınlıqla istədiyin adamla evlənirsən.

Ağacla evlənmək ənənəsi təkcə Hindistanda yayılmayıb. Hələ 2013-cü ilin sonlarında Argentinada aktyor və hüquq müdafiəçisi Riçard Torres də ağacla evlənib. Toy məclisində qohum və dostlar iştirak edib. Hələ bu azmış kimi, bəy "gəlini" öpüb və ona gül verməyə də cəhd edib. Sonradan isə Torres hərəkətini izah edib. O, sadəcə, diqqəti ekologiyaya yönləndirmək istəyib.

Qəddar məhəbbət

Qeyri-ənənəvi nikahlar adətən diqqət cəlb etmək və reklam məqsədi güdür. KİV-də dəfələrlə at, keçi, ilan, pişik və hətta delfinlə evlənənlər haqda məlumat verib. Lakin sevgi üzərində qurulmuş qeyri-ənənəvi toylara da rast gəlmək mümkündür. 2013-cü ilin iyununda məşhur modelyer Karl Laqerfeld sevimli pişiyi Şuppetlə evlənmək istədiyini deyib. Onun niyyəti həyata keçmədi. Amma elə bir məqamı qeyd edək ki, onun evində saxladığı pişiyə çəkdiyi xərc bir ərin arvadına xərclədiyi puldan qat-qat çoxdur.

Daş-divar

Cənubi Koreyalı Li Cin-Qyu qucaqlamaq üçün öz balışı ilə evlənib.

Pensilvaniyadan olan Emi Volf adlı qadın 2009-cu ildə "1001 Nacht" attraksionuna ərə gedib. Kilsə orqan ifaçısı, işsiz qalmış Emi 10 ildir ki, bu yelləncəyə vurğun olduğunu etiraf edib. Bu müddət ərzində o, bu attraksionda 3 min dəfə yellənib. Sevən qadın deyib: "Mən bu attraksionu bir qadın öz ərini sevdiyi qədər sevirəm. İnanıram ki, bundan sonra bizi heç nə ayıra bilməz".

Digər amerikalı Erika Eyfel (qız soyadı LaBri – red.) 2007-ci ildə Eyfel qülləsi ilə nikah bağlayıb. Onun etirafına görə, əvvəllər o, bu hissləri Berlin divarlarına qarşı da yaşayıb.

Ölü gəlin

Əbəs yerə toylarda "ölüm bizi ayırınca" kəlməsi işlədilmir. Tailandın 28 yaşlı sakini Çadil Deffi öz sevgilisi Sariney Kamsuk ilə 10 il müddətində görüşüb. Gənclər hətta toy gününün tarixini də müəyyən ediblər. Lakin qız toya bir neçə gün qalmış avtomobil qəzasına düşərək həlak olub. Çadil toyu təxirə salmamaq qərara gələrək sevgilisinin cansız cəsədi ilə qeyri-rəsmi toy mərasimi keçirdib. O, eyni zamanda həm ər, həm də dul olub.

Çinin Quandun əyalətində gəlin koma vəziyyətində nikaha daxil olub. Lu Lay və onun sevgilisi Zi Tsintzinlə bir neçə il müddətində görüşüblər. Gənclər evlənməyə hazırlaşıb və hətta birgə yaşamaq üçün ev də alıblar. Toya hazırlaşarkən qız qəfildən xəstələnib və təcili xəstəxanaya yerləşdirilib. Lakin xəstəxanaya gedən yolda qız komaya düşüb. Sonradan isə qızın beyni fəaliyyətdən qalıb. Lakin oğlan toyu saxlamaq istəməyib. Onların toyu xəstəxanada baş tutub. Toy məclisində qohumlar və yaxın dostlar iştirak edib. Toydan bir neçə saat sonra qızın süni nəfəs aparatı söndürülüb.

Nura

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>