Dəlilikdən dönən detektiv yazar: Dünyanın arxeoloji muzeyləri ona borcludur - - FOTO
Bizi izləyin

Maraq dünyası

Dəlilikdən dönən detektiv yazar: Dünyanın arxeoloji muzeyləri ona borcludur - - FOTO

Qadınlar gözləməyi bacarmır, bunu yadda saxlayın...

“Geri qayıtmağın mümkün olmadığını anladım. Heç geriyə dönüb baxmaq da olmur. Həyat birtərəfli hərəkəti olan küçədir...

Qadınlar gözləməyi bacarmır, bunu yadda saxlayın...

Əgər sirri iki nəfərdən artıq insan bilirsə, o zaman bu, sirr deyil”.

12 yanvar 1976-cı ildə məşhur ingilis yazıçısı Aqata Kristi dünyadan köçüb. Bir çox insanlar onun detektivləri ilə böyüyüb. Detektiv yazar ömrünün 86 ilini, necə deyərlər, milçəyi belə incitmədən keçirib. Halbuki bu qadın öz əsərlərində onlarla günahsız insanı qətlə yetirərək o dünyaya göndərib. “Bizim tərcümə” layihəsi Aqata Kristinin həyat yolu, karyerası və sevgisini təqdim edir.

“Belə bir deyim var ki, ölülər barədə ya pis, ya da yaxşı şey danışmalısan. Məncə, bu ağılsızlıqdır. Lakin həqiqət həmişə həqiqət olaraq qalır. Əgər ölüdən söz düşübsə, yaxşısı budur ki, heç danışmayasınız. Axı siz ölüdən çox, dirilərin xətrinə dəyə bilərsiniz”.

Aqata Kristini (o zaman soyadı Miller idi – müəl.) uşaqlıqda dərrakəsiz qızcığaz hesab edirdilər. Lakin bu, ona qarşı valideyn sevgisini azaltmırdı. Aqata bacı və qardaşlarından fərqli olaraq daha ölüvay idi. O, sadəcə, deyilənləri edir, tez-tez çaş-baş qalır, utanır və kəkələyə-kəkələyə danışardı.

Qızcığaz heç məktəbdə də fərqlənməzdi. Onun üçün dərslər cansıxıcı və mücərrəd idi. Ona görə də Aqata məktəbə getməyi lüzumsuz hesab edərdi. Qızcığazın əlindən bir iş gəlmir, dərslərini yaxşı oxumurdu. Valideynləri buna “çarə” tapır: Aqatanı ərə verməyə hazırlamaq...

Lakin ərə verilmək üçün də qız bir sıra “elmlərə” yiyələnməli idi: əl işi, musiqi və rəqs. Bu sadalanan keyfiyyətlər azlıq təşkil edirdi. Çünki gələcək ərinlə yazışmaya da böyük önəm verilirdi. Aqatanın xətti isə bərbad idi. O hətta ömrünün sonunda - məşhur yazıçı olduqdan sonra da çox kobud qrammatik səhvlərə yol verirdi...

Aqatanın oyunları da özünəməxsus qəribəliyi ilə seçilirdi. O, valideynlərinin aldığı oyuncaqlardan imtina edərək, saatlarla bağda halqayla oynayardı. Lakin bir gün dayə təklikdə qalan Aqatanın öz-özü ilə danışdığını gördü. Daha dəqiq desək, qız özü ilə yox, hansısa bir gözəgörünməz məxluqla danışardı. Aqata evdə pişiklərlə söhbətləşər, bağda isə ağaclarla salamlaşıb, dünən axşam baş verənləri onlardan soruşardı...

Nənəsi ilə onun ən sevimli oyunu “cücə” adlanırdı. Oyunun məğzi ondan ibarət idi ki, gözdən əlil nənə Aqatanı cücə ilə səhv salaraq bişirməli idi. Belə ki, nənə Aqatanın əl-ayağını səliqə ilə kəndirləyər və onu mətbəxə aparardı. Sonra isə sobanı yandırıb yemək bişirmək üçün qazan asardı. Qazana ədviyyat əlavə edərək bıçağı itiləyərdi... Aqata isə bu vaxtı nəfəsini dərərək ən son məqamı gözləyərək qışqırardı:

- Nənəcan!!! Bu ki mənəm, Aqata!!!

- Oy, həqiqətən də, bu sənsən, - nənə təəccüblənərək deyərdi. - İşə bir bax! Tamamilə kor olmuşam. Az qala, səni bişirəcəkdim.

Oyunu kimin düşündüyünü unutmuşdular. Əsas o idi ki, nənə nəvəsini qucağına alana qədər bu, hər dəfə bir ayin kimi təkrarlanardı. Aqatanın oynadığı oyunlar arasında ən qorxulu və məzəli oyun “Böyük Bacı” idi. Oyun, həqiqətən də, Aqatanın böyük bacısı Mec tərəfindən kəşf olunmuşdu.

Mec ağıldankəmlikdən əziyyət çəkirdi. Onu çox sonralar vəfat edəcəyi dəlixanaya yerləşdirdilər... Uşaqlıqda isə Aqata hər zaman böyük bacısı tərəfindən “ixtira olunan” hekayələrə gözləri bərələ halda qulaq asardı. Mecin iddiasına görə, onun əkiz bacısı vardı, digər qız Mecdən batıq səsi ilə fərqlənirdi. Sonra isə Aqata böyük bacısının əlindən tutaraq deyərdi:

- Qoy o, bura gəlsin.

- Gələcək, - Mec deyərdi.

Bir gün sonra səhər tezdən Aqatanın qapısı döyülür, naməlum şəxs boğuq səslə deyirdi:

- Aqata, əzizim, qapını aç. Bu, mənəm, böyük bacın.

Aqata qorxudan elə qışqırırdı ki, evdə hamı təşvişə düşərək onun otağına hücum çəkirdi. Onlar Mecin üstünə şığıyaraq, Aqatanı qorumağa çalışırdılar. Mec isə deyirdi:

- Axı bunu o özü istədi...

“Heç kim insanı dəyişmək iqtidarında deyil”

Aqata, göründüyü kimi, heç də dərrakəsiz uşaq deyildi. Onun astagəlliyi, pəltəkliyi və situasiyaya vaxtında reaksiya bildirə bilməməsi kəmağıllıqdan irəli gəlmirdi. Bütün bunların arxasında təhlükəli səbəblər dayanırdı. Sanki onun şüuru gerçəklik və dəlilik arasında olan qara zolaq arasında dayanardı. O, bütün gücü ilə dəliliyə doğru gedirdi. Aqata daim çalışırdı ki, gerçək dünya ilə əlaqələrini itirməsin...

O, sirli dünyasında itməmək üçün yazmağa başladı. O dövrdə (Aqata 1890-cı ildə doğulub) qadınlar arasında yazarlar az deyildi. Lakin onlar, adətən, sevgi, ailə haqda yazardılar. Bəs detektivlər necə? Soyuqqanlılıqla qətlə yetirən qatil, onun hər addımı haqda araşdırma, qətlin üstünün açılması... Bunları, görəsən, hansı qadın yaza bilərdi?

Aqatanın 23 yaşı vardı və o, Arçi Kristi ilə nişanlı idi. Lakin Birinci Dünya müharibəsi başladı. Arçi ön cəbhəyə yollandı, Aqata isə doğma Torki şəhərində açılmış hospitalda işləməyə başladı. Bütün nüfuzlu ailələrin qızları hospitalda işə düzəlmək istəyirdi. Amma qanlı bint və kəsilmiş yara görən qızların elə yerindəcə ürəyi gedərdi. Aqata isə işləmək üçün qaldı...

Aqata gerçək dünyada qalmaq və ətrafda baş verənləri anlamaq üçün kifayət qədər böyük qız idi. Bu qanlı bintlər, fəryadlar, dəhşətlər həqiqi idi. Hər gün qanla üzləşən Aqata beynindən bir fikri çıxara bilmirdi: müharibədə Arçini hər an qətlə yetirə bilərlər. O, artıq hiss edirdi. Bir az da belə davam etsə, Aqata qara xətti keçib aşağıya yuvarlanacaq. Lakin o, ayaq üstündə dayanmalı idi. Bu zaman 23 yaşlı qız köməyə məntiqini çağırdı. Onun üçün detektiv romanından daha yaxşı sığınacaq hara ola bilərdi ki?

Ölümə səbəb zəhər oldu – ilk romanın baş qəhrəmanı asanlıqla doğuldu. Baş qəhrəmanın xarici görkəmi kimi maraqlı adı da olmalı idi. Bəlkə, Herkules? Yox, onun fransızsayağı görkəmi var. Qoy olsun Erkül. Fransız? Daha dəqiq desək, belçikalı. Torki şəhərinə Belçikadan çoxlu qaçqınlar köç edib. Soyad? Yaxşı, qoy olsun... Puaro!..

Arçi xəstəliyinə görə hərbidən tərxis olundu. Onlar evləndilər və Londonda yaşamağa başladılar. Aqata pul üçün yazmağa başladı. Nəticədə, onlar şəxsi ev və maşın aldılar. O, artıq qara xətdən uzaqlaşmışdı və gerçək dünyanı dərk edirdi. Amma bu zaman bədbəxt hadisə baş verdi: Aqatanın anası vəfat etdi. Aqata doğma şəhərinə qayıdaraq anasının tərk edilmiş evində boş otaqlarda gəzişirdi. Kaş Arçi indi onun yanında olaydı. Axı o, indi Londonda bizneslə məşğuldur...

Bir dəfə Aqata çek yazarkən qəfil bir şey oldu... Birdən-birə o, öz adını belə yada sala bilmədiyini dərk etdi. Sonrakı hadisələr isə lap dəhşətli idi. Sən demə, Arçi Londonda işlə yüklənməyib. O, sadəcə, qaraşın Nensi Nil ilə tanış olub. Bir müddətdən sonra əri bunu Aqataya dedi və onlar boşandılar.

“Kişilər şöhrətpərəst məxluqlardır.

Öz iradəsinə qarşı sevməyə vadar edilən kişinin nifrətindən güclü nifrət tanımıram.

Sevən kişi yazıq məxluqa çevrilir.

Kişilərin arvadları haqda həqiqəti danışması təhlükəsiz deyil. Maraqlıdır ki, arvadlar ərləri haqda sakitliklə həqiqəti danışa bilirlər”.

1926-cı il, dekabrın 3-ü... Aqata Kristi maşının sükanına oturaraq xadiməyə tezliklə qayıdacağını deyir. Lakin səhəri günü onun atılmış maşını yolun kənarında aşkar edilir. Məşhur yazıçını İngiltərənin bütün künc-bucağında axtarmağa başlayırlar. Dalğıclar, polislər və könüllü insanlar isə Aqatanın axtarışına çıxır.

Aqata sanki növbəti romanının süjeti kimi yoxa çıxmışdı. Onu təsadüfən hansısa bir sanatoriyada aşkar etdilər. O, başqa ad altında yaşayaraq bütün prosedurlardan keçirdi. Yazıçının sanatoriyaya köçməsi Aqatanın keçmişini xatırlamaq istəyindən, amma bunu edə bilməməyindən irəli gəlirdi. Bacısı Mec isə onu görməyə tələsirdi. Mec otağın qapısına yaxınlaşaraq dedi:

- Aqata, əzizim! Mənə bax! Mən ki sənin böyük bacınam!

- Böyük bacı? - Aqata qaşqabağını sallayaraq xatırlamağa çalışdı. O, çaşqınlıq içində dodaqaltı “böyük bacı” deyərək təkrar etdi.

Aqata düz bir il gerçəkliklə əlaqəsini bərpa edə bilmədi. Nə ərini, nə qızını, nə də bacısını tanıyırdı. Özünü müxtəlif adlarla adlandırırdı. Hipnoz və müalicə kursu nəticəsində, xoşbəxtlikdən, Aqata gerçək həyata qayıda bildi...

“Hadisələrin 99 faizində qadınlar özlərini səfeh aparır. Lakin hadisələrin 100 faizində qadınlar kişilərdən hiyləgər olur”.

Bundan sonra Aqata özü xilas olmaq üçün səy göstərməyə başladı. Bu xəstəlikdən sonra o, bir daha yazmadı. Aqata, sadəcə olaraq, həyatda qalmağa çalışırdı. O hətta xoşbəxt də olmaq istəyirdi. 1930-cu ildə yazıçı xanım ikinci dəfə ailə həyatı qurdu. Onun budəfəki seçimi özündən 14 yaş gənc olan arxeoloq tələbə idi. Hamı bu izdivacı dəlilik hesab edirdi. Onlar isə düz 46 il birgə ömür sürdülər. Aqatanın əri Maks Mellouen İraqda kurqanları araşdırardı. Aqata isə onu müşayiət edərdi. O, yerin tərkindən çıxmış 2 min yaşı olan keramik eksponatları təmizləməklə məşğul idi. Məhz Aqatanın sayəsində dünya muzeylərində sərgilənən arxeoloji tapıntılar günü bu günədək nümayiş olunur.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm